Dialektizmlər
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsasıdır,onun qida mənbəyidir, dil sistemi həlqəsindən kənarda deyildir» [45,187]. «Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş oluruq» [29,116].
Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, müəyyən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə etdikləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dialekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sabitləşmədiyini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə sözləri ilə ədəbi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümumxalq, canlı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hələlik müəyyənləşdirilməmişdir» [93, 214]. T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt sözlərinin işlənmə sərhədləri hələ kifayət qədər öyrənilməmişdir» [106,224]. Lakin buna baxmayaraq, milli ədəbi dilin formalaşması üçün bəzi sözlər dialektdən ədəbi dilə, bəziləri isə əksinə, ədəbi dildən dialektlərə keçir. Müşahidələr göstərir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funksiyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin daim yanaşı mövcudluğu onların lüğət tərkibinin qarşılıqlı şəkildə zənginləşməsini təmin edir» [106,124]. Beləliklə də, «bir tərəfdən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zənginləşdirir. Digər tərəfdən ədəbi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bunun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir» [ 23, 78-79].
Dialektizmlərin ədəbi dilin inkişaf edib zənginləşməsindən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi dilin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd etmək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, ondan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir» [71,216]. Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsərlər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə daxil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlədilmə lüzumuna malik olan dialektizmlər yazıçılar tərəfindən bədii ədəbiyyata gətirilir; bunlardan ümumxalq səciyyəsi qazananlar ədəbi dilin lüğət fonduna keçərək onu zənginləşdirir» [45, 187]. Ədəbi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üslubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt sözlərini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi dilə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o demək deyildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədəbi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, onları konkret olaraq müəyyən bir dialekt qrupuna aid etmək, canlı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dialektizmlərin ancaq müəyyən bir qismi ədəbi dildə işlənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi neologizmlərinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt sözlərinin ümumxalq koloriti qazanmağının, gizli üslubi imkanlarının üzə çıxarılmasının qanunauyğun nəticəsi kimi meydana çıxır» [71, 216-217].
«Ədəbi dil lüğətinin dialektlər hesabına inkişafında və zənginləşməsində, əsas etibarilə bu və ya digər dialektin əhatə etdiyi məhəldən yetişmiş şair və yazıçılar böyük rol oynamışlar» [ 22, 9].
«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan tapır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin verilməsində üslubi vasitələrdən birinə çevrilir» [67,82]. Bədii dilin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox işlənir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tərənnüm edərkən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə danışmaqla yanaşı, eyni zamanda daha çox personajların bir-biri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman surətlərin dilində dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haqda Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları canlandırmaq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məqsədəuyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir» [25, 89].
S.Ə.Cəfərov da Ə.M.Dəmirçizadənin fikri ilə razılaşaraq yazır: «...hər hansı bir rayonun və ya yaşayış məntəqəsinin həyatını daha real və qabarıq şəkildə vermək, əsərdə ayrı-ayrı surəti canlandırmaq üçün yazıçı o yerin və ya surətin mənsub olduğu şivə xüsusiyyətlərindən geniş istifadə edə bilər» [ 23, 80].
«Məhdud ərazi dairəsində anlaşılan dialekt sözləri bəzən həmin dairənin məişəti ilə, təsərrüfat sahəsi ilə, bəzən həmin dairədə yaşayanların tayfa mənsubiyyəti ilə, bəzən qonşuluğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əlaqədar olur» [25,87]. Sözsüz ki, belə bir şəraitdə yaşayan istər şair,istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt sözlərini işlədir. Bu həm sənətkarın fərdi lüğət fondunun genişlənməsinə səbəb olur,həm də əsərin ruhuna,obrazlarının dilinə məkan koloriti verir.
Bütün deyilənlər bir daha göstərir ki,dialektizmlər bədii əsərlərin dilinə heç də səbəbsiz deyil, müəyyən üslubi məqamlarla əlaqədar gətirilir və işlənir. Azərbaycanın müxtəlif bölgələrindən olub, canlı danışıq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektə məxsus söz və formaları müxtəlif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir amili də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funksional üslublarında üslubi çərçivə var və dialekt sözlərinin orada işlənməsi mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bütün üslubların elementləri, eləcə də dialekt sözləri burada işlənə bilir. «Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir» [62,28]. «Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu dairənin lüğət vahidlərindən [burada dialekt sözləri nəzərdə tutulur] istifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fərdiləşdirmək, zəngin sinonim cərgələr vasitəsilə fikri daha obrazlı ifadə etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazım idi» [55, 72]. Məhz bu cəhəti nəzərə alan N.Xəzri əsərlərində yerli koloritin bəzi səciyyəvi xüsusiyyətlərini daha qabarıq şəkildə oxucunun nəzərinə çatdırmaq üçün az da olsa, dialektizmlərdən istifadə etmişdir. Şairin əsərlərinin lüğət tərkibində təsadüf olunan dialekt sözləri aşağıdakılardan ibarətdir:
Ahıl [İsmayıllı, Şuşa] – qocalmış, yaşa dolmuş [adam, heyvan və s.]: Ahıl öküz cümə də işə gedə bilmir [ 9, 46]; Ahıllaşdın, qəlbən azca yaşlaşdın [124, 44].
Arı [Ağdam, Füzuli, Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz] – təmiz, saf. Aydan arıyam, sudan duruyam [Şahbuz]; Aydan arı, sudan duru [Qazax]; Aydan arı, günnən duru [Tovuz] [11, 25]. Bu məsəl eynilə N. Xəzrinin əsərlərində də öz əksini tapmışdır: Aydan arı, sudan duru demiş xalqımız [127, 38].
Qeyd edək ki,bu sözün Bakı,Xaçmaz dialektlərində eyni mənanı ifadə edən «ari» fonetik variantı da mövcuddur: Aydan ari, sudan duri [Bakı] [11, 26].
Azman [Bakı, Ordubad] – iri, çox böyük, nəhəng. Bakidə azman öylər tikilir [Bakı]; Atam bir azman keçi aldı [Ordubad]. Bu söz həm də Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qarakilsə, Şamaxı dialektlərində altıillik «qoyun», Ordubad, Zəngilan dialektlərində dördillik «qoyun», Ağdam, Borçalı dialektlərində qocalmış qoyun, keçi mənalarında işlənir [11, 32]. N.Xəzri əsərlərində isə azman sözü «nəhəng, iri» mənasında işlənmişdir:
Axı can üstdədir
bir azman ölkə [124, 73].
Boz [Bakı, Salyan] – həyasız. Boz adam utanmaz; Vəli çox boz adamdı [11, 62]. N. Xəzri də əsərlərində bu sözü hər hansı bir insanın üzünə utanmadan, çəkinmədən sərt şəkildə demək mənasında işlətmişdir: Yaman boz demisən, nə deyim sənə [127, 181]. Qazax dialektində qayaya boz deyirlər: Bozun altında yığışmışdıq.
Dinşəmax – Şəki dialektində qulaq asmaq mənasını bildirir. Bərdə,Cəbrayıl,Kürdəmir,Qax,Qazax,Tovuz dialektlərində bu sözün dinşəməx, Çəmbərək dialektində isə dinşiməx fonetik variantı mövcuddur: Qapı:n dalınnan diηşəyör bizdən qıyvat qırıllarmı? [Tovuz]; Qapının dalınnan diηşədim, çox şey eşitdim [Bərdə]; Diηşə, qör sağa nə deyiyəm [Qax] [11, 136]. N.Xəzri də öz yaradıcılığında bu sözün Çəmbərək dialektindəki variantından istifadə etmişdir: Cahan dinşiyibdir sirli küləyə [124, 41].
Gildir-gildir [Bakı, Gədəbəy, Kürdəmir, Salyan] – gilə-gilə,damcı-damcı.Uşağın gözünnən gildir-gildir yaş gəlir [Salyan] [11, 181]. Axdı gözlərindən yaş gildir-gildir [123, 85].
Harın – Şamaxı,Ağdaş,İsmayıllı dialektlərində ərköyün, naşükür [Sən harın adamsan, sə nolacağ], Qazax dialektində isə tənbəl, işə yaramayan mənalarında işlənir [9, 419; 10, 214]. Zadəganlar harınlaşır [124, 62]; Harınlıq evlər yıxıb [124, 87]. Cənub bölgəsində «harın» sözü var-dövləti hədsiz dərəcədə çox olan və bundan qudurub «gözləri ayağının altını görməyən» frazeoloji vahiddən çıxan məna çalarının ifadə etdiyi mənanı kəsb edir.
İrişmağ klassik ədəbi dilimizdə işlək fellərdəndir. Quba dialektində vuruşmaq, dalaşmaq mənasında işlənən bu söz Borçalı dialektindəki idəşməx [Ə:, nə idəşirsiηiz, gediη uşaxları gətiriη], bu söz də öz növbəsində Çəmbərək dialektindəki iddələşməx sözündən olub mənasız, yersiz mübahisə etmək mənasını bildirir: Ağa:rnan Veysəl bildirdən bəri çox iddələşir [10, 255]. Xaçmaz, Quba dialektlərində irişmağ sözü həm də yersiz, şit-şit gülmək mənasında da işlənir.–Adamın üzünə baxub irişmə [Xaçmaz]. Eyni zamanda bu sözün Meğri dialektində irişmax, Borçalı,Cəbrayıl,Gədəbəy [Nə:η irişeysiη,a bala,qoja-zad görmö:üfsənmi heş?],Goranboy, Hamamlı, İmişli, Qazax, Qarakilsə,Mingəçevir,Zəngilan dialektlərində irişməx fonetik variantları vardır [10, 260]. İrişmək hörmət deyil, səmimi söz hörmətdir [123,97]; Dövrəndə irişən paxıllar ki var; Daha olmayacaq öləndən sonra [124,85].
Karvanqıran – Füzuli,Qarakilsə,Qazax, Tovuz dialektlərində Zöhrə ulduzunun adıdır.Karvanqıran da ulduzdu [Qazax]; Karvanqıran gecədən doğur [Qarakilsə] [10,268]. O dan ulduzu yox, Karvanqırandır [126, 91].
Qarsa-qarsa – Bakı dialektindəki qarsalammağ sözündəndir. Lüğəvi mənası içi yaxşı bişmədən [üzü] yanmaq [çörəyə aiddir]. – Bu ki yaxşı pişmiyib, qarsalanıb [10,313]. Çökür ürəklərə od qarsa-qarsa [124, 57].
Qılıq – Şəki dialektində xasiyyət, rəftar mənalarını bildirən qılıx qılıq sözünün fonetik variantıdır. – Həsənin qılığı çox yaxşıdı; Qılığı pisdi, heş kəsnən yola getmir [9,135]. Həsrətəm xoş söhbət; Xoş qılıq üçün [123,19].
Ləngər – Qazax dialektində yeriş növünün adıdır. Bu ləngər yerişi kimnən örgənifsən? [10,363]. Gedir ləngər ilə, O asta-asta [123,58].
Sısqa – Qafan dialektində suyu az olan bulaq mənasında işlənən sızqa sözündəndir. Bızavları apar sızqadan su içsin [9,363]. Bir çaya döndüm ki,sısqa axıram [123,46]. Sısqa cənub zonasında narın yağan yağış mənasında işlənir. «Sısqa yağan yağış gec kəsər» atalar sözü də buradan yaranıb.
Şiv – Cəbrayıl dialektində qanqal, yemlik çıxarmaq üçün ucu şiş qarğı və ya kiçik ağac [çubuq] mənasında işlənən şibbix sözündəndir. Şibbiyim olseydı, yemlix yığardım [9, 468]. Şivlər kəsilmədi,əllər kəsildi [123,98]. Şiv-yeni pöhrələnmiş ağacların budağına da deyilir: Təzə şivlər əkmişəm.
Yengə–Kirovakan, Zaqatala dialektlərində qardaşın,əminin və dayının arvadı mənalarını bildirir:Mənim yengəm beş yaş mənnən böyükdü [9, 246]. Eyni zamanda həm ədəbi dildə, həm də ümumxalq dilində toyda gəlini müşayiət edən qadına da yengə deyilir. Məsələn; – Mübarək! – Deyərək; Yengə də süzdü [124, 226].
Yeyin–Ordubad,Quba,Şamaxı dialektlərində yaxşı mənasında yey // yeg // yegin fonetik variantlarında işlənir: Sənnən yeg olmasun, yaxşıdı [Ordubad]; Mənim bir dusdım vardi, sənnən yeg ulmasun Bakı şərində; Sənnən yegin ulmasun bir dusdum var mənün [Quba]. Bu sözün yegin forması Bakı, Quba dialektlərində tez, cəld mənalarında işlənir: Yegin ul, apar məni atoun yanına [Quba] [9,242-243]. Tərif atı yeyindir, qürur atı ceydaraq [124, 21].
Zivə – paltar sərilən ip mənasında Ordubad, Bakı dialektlərində istifadə edilir: Bizim yerdə paltarı yuyub zivəyə sərəllər [Ordubad] [11,563]; Yudu uşağının ağ köynəyini; Zivəyə sərməkçin eyvana çıxdı [124,108].
Göründüyü kimi, N.Xəzrinin dilində dialekt sözlərinin əksəriyyəti sadəcə sözü işlətmək xatirinə deyil, üslubun tələbi baxımından işlədilməsi ilə də səciyyəvidir. Çünki geniş anlayışa malik olan dialektizmlər dilə bədii əsərlər vasitəsilə daxil olur. Buna görə də dialektizmlərin işləndiyi əsas üslub bədii üslubdur və onlar yalnız bədii dildə özünə yer tapa bilir.
Dostları ilə paylaş: |