DEVİANT DAVRANIŞ VƏ ONUN YARANMA SƏBƏBLƏRİ
Abdullayeva Turac Ələkbər q.
BDU-nun doktorantı
Deviant (kənara çıxan) davranış spesifik sosial hadisədir. Belə davranış cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında ifadə olunur. Deviant davranış anlayışı “normadan yayınan anlayış” kimi qəbul edilir.
Deviant davranış cəmiyyətdə rəsmi cəhətdən mövcud olan və formalaşan normalara uyğun olmayan insanın davranış formasıdır. Cəmiyyətdə deviant davranışın yaranmasına bir sıra amillər təsir göstərir. Məsələn, 1) Evdə, məktəbdən kənarda, küçədə və s formalaşan xoşagəlməz təsirlər sistemi, 2) Ailədə gənc nəslə verilən tərbiyədəki qüsurlar, səhvlər və.s.
Son illərdə yeniyetmələrdə davranış pozuntuları son dərəcə aktual problemə çevrilmişdir. Onların bəzi patoloji hal alan formaları, bizim dövrdə müşahidə olunan sürətli fiziki inkişaf və cinsi yetkinliklə şərtlənir. Müasir sosial həyat yarım əsr bundan qabaqkına nisbətən yeniyetmənin sinir sisteminə başqa cür təsir göstərir.
İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar layeqd yanaşırlar. Kənara çıxma halları qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi - ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər. Deviant davranışın digər bir növü var ki, bu zaman ətraf sosial mühit axlaq və hüquq normalarının pozulmasına laqeyq qala bilmir. Həmin davranışa müəyyən reaksiya özünü göstərir.
Kənara çıxan davranışı öyrənərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyəti nəticəsində baş verir.
Qeyd edək ki, hər cür kənara çıxma halını deviant davranış hesab etmək düzgün deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar. Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.
Kənara çıxmaların şərait və səbəblərini araşdırarkən bir məqama diqqət yetirmək lazımdır: bu, əhalinin müxtəlif qrup və təbəqələrinin mənafelərindəki ziddiyyətlərdir. Müasir cəmiyyət müxtəlif mənafelərin kəskinləşməsindən, toqquşmasından azad deyildir. Mənafe toqquşmaları ayrı-ayrı sosial təsisatların, sosial qrupların, cəmiyyətin və dövlətin qarşılıqlı fəaliyyəti prosesində meydana gələ bilər.
Meydana çıxan ziddiyyətlərin vaxtında həll olunmaması insanların şüurunda və davranışında müəyyən iz buraxır. Nəticədə əhalinin müxtəlif qrup və təbəqələri arasında bir çox mənfi hallar müşahidə olunur. Təsərrüfatsızlıq, maxinasiya təzahürlərini, rəhbərliyin maddi sərvətlərə laqeydliyini və s. görən adamlar rəsmi çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yolları, imkanları axtarırlar.
İdarəetmə işində yol verilən nöqsanlar, qüsurlar da mənfı hadisələrin mənbəyi ola bilər. Bunlar qanunsuzluğa, demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır.
Deviant davranışı izah edən bir sıra nəzəriyyələri qeyd etmək istərdim. Banisi Z. Freyd olan psixoanalizdə davranış pozuntuların əsas mənbəyi “O”– nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və“Fövqəl – Mən” – dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla (nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla) əlaqələndirib nəzərdən keçirirlər. Biheviorizm və neobiheviorizmin nümayəndələri B.Skinner, E. Torndayk, D. Uotson sübut edirlər ki, ətraf mühitinsanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanmaehtimalını müəyyən edir.
Nəzərə alaq ki, kənara çıxan davranışın bəzi formaları (məsələn, narkomaniya, fahişəlik, korrupsiya) üzərindən illər boyu aydın seçilən örtük götürüldü, onların təzahürləri, səbəbləri fəal müzakirə obyektinə çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davranışla səciyyələnən müxtəlif gənclər birliklərinə yönəldi. Bütün bunlar keçmiş SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması, müxtəlif sahələrdə ənənəvi əlaqələrin qismən və ya tamamilə qırılması, kənara çıxan davranış təzahürlərinə qarşı mübarizənin xeyli zəifləməsi fonunda baş verirdi.
XX əsrdə aparılan sosioloji tədqiqatlar göstərirdi ki, kənara çıxan davranış qrupları içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xususi diqqət tələb edən problemlərdəndir. Həqiqətən də sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o, ictimai həyata, necə deyərlər, əsaslı surətdə nüfuz edə bilmişdir.
Pedaqoq və sosioloqlara görə deviant davranışlı və alkoqolizmdən əziyyət çəkənlərin yenidən tərbiyə işinə ilk növbədə ailədən –yaşlı nəsldən başlamaq lazımdır.
Deviant davranışın digər qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssislərin fikrincə, XX əsrin 60-70-ci illərindəki «özünüsakitləşdirmə» mühiti cəmiyyətdə narkomaniyanın geniş yayılmasına səbəb olmuşdur.
Kənara çıxan davranışa cinayətkarlığın bütün növlərini aid etmək olar. Son dövrlərdə əhalinin ayrı-ayrı kateqoriyaları tərəfindən törədilmiş cinayətlərin təhlili göstərir ki, törədilmiş cinayətlər içərisində yetkinlik yaşına çatmayanlar tərəfındən və ya onların iştirakı ilə törədilən cinayətlər 2 dəfədən çox artmış, sərxoş vəziyyətdə törədilən cinayətlər isə təxminən bir o qədər azalmışdır.
Bir çox tədqiqatlar nəticəsində demək olar ki, mikromühit nəinki yetiyetmələrin hətta cəmiyyətin bir çox yaş qrupundan olan insanların deviant davranışına təsir göstərir. Bir sıra hallarda mikromuhitdə neqativ xarakterli təsəvvürlər, vərdişlər, ənənələr meydana gəlir.
Bir çox adamlar əsasən yeniyetmələr də öz peşəkar həyatında zorakılıqla rastlaşanda əziyyət çəkirlər, çünki bu onların şəxsi həyatının xoşagəlməz məsələləri ilə bağlıdır. Zorakılıqdan danışmaq mənəviyyatın, ideologiyanın və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Cəmiyyətdə yaranmış əsas normalara qarşı gedənlər deviant davranış etmiş hesab olunurlar. Bütün sosial fəaliyyətlər müəyyən qaydalarla idarə olunur, lakin bu qaydalar vaxt keçdikcə dəyişir. Sosioloqlar deviant davranışdan misallar gətirməli olurlar. Sonra isə şərait dəyişdikdə, deviant davranışın istiqaməti dəyişdirilir və ya müxtəlif şərhlər verilir. Digər problem ondan ibarətdir ki, fərdin ehtimal edilən deviant davranışı həmişə özlüyündə olduğu kimi müəyyən edilmir, belə ki, hərəkətlərin yaranması şəraiti müşahidəçini bu adamların davranışını hərtərəfli mühakimə etməkdən məhrum edə bilər.
Ədəbiyyat
-
F. Q. Vahidov, T. B. Ağayev Sosiologiya. Bakı:«Təknur» nəşriyyatı, 2008, 334 s.
-
Üç nöqtə.-2012.-25 dekabr.-S.-8
-
XII əsr –mülahizələr və düşüncələr. Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunan, gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. Bakı 2009.
Dostları ilə paylaş: |