Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanı tərəfindən müvafiq layihəyə dair razılıq verilməsi və ya verilməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.
Razılaşdırılma haqqında məlumat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur.
Normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə baxılmır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktının layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Normativ hüquqi aktların layihələrinin məcburi hüquqi və məcburi linqvistik ekspertizası aparılmalıdır. Həmçinin normativ hüquqi aktların layihələrinin sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir.
Normayaratma orqanının və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş digər dövlət orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.
Misal üçün, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan hüquqi aktların layihələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə ekspertizasının rəyi əlavə edilməklə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Normativ hüquqi aktın layihəsinin, Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.