Normativ hüquqi aktın yarımbəndi - abzasları özündə birləşdirə bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
Normativ hüquqi aktın abzası - yarımbəndin tərkib hissəsi olan, ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Abzasın mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
Normativ hüquqi aktın struktur elementləri:
Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma nəzərdə tutan digər akt maddələrə, digər normativ hüquqi aktlar, o cümlədən referendum aktı hissələrə bölünür. Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər struktur elementləri də ola bilər. Məcəllədə mündəricat verilməlidir. İri həcmli digər normativ hüquqi aktlarda da mündəricat verilə bilər.
Struktur elementləri ardıcıl və bütün normativ hüquqi akt üçün eyni qaydada nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli olan struktur elementləri istisna olmaqla, struktur elementləri mətnin birinci sətrinin əvvəlində (abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə) boş yer buraxılmaqla yerləşdirilir. Normativ hüquqi aktda maddənin hissəsinə, bəndinə və ya yarımbəndinə istinad edilərkən, onlar maddə adlandırılır.
Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə bilər. Məcəllələşdirilmiş normativ hüquqi aktın ümumi hissəsi aşağıdakıları əks etdirməlidir:
əsas müddəalar (prinsiplər, anlayışların tərifi, əsas təsisatlar);
ixtisaslaşdırılmış normativ müddəalar (prezumpsiyalar, preyudisiyalar);
yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və xüsusi hissənin normalarının istifadəsi üçün hüquqi əsas yaradan digər ilkin normativ müddəalar.
Məcəllələşdirilmiş normativ hüquqi aktın xüsusi hissəsi aşağıdakıları ifadə edən normaları əhatə edə bilər:
mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsü (qaydaları);
hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) növü və ölçüsü.
Normayaratma fəaliyyəti normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.
Zəruri hallarda normativ hüquqi aktda digər bərabər və ya daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların struktur elementlərinə istinadlara, habelə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin norma dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın normasının mənası dəyişdirilməməlidir.
Hüquq normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ hüquqi aktın struktur elementlərində həmin aktın başqa struktur elementlərinə istinad edilə bilər.
Normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.
Normativ hüquqi aktda cədvəllər, qrafiklər, xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar və s. göstərildikdə onlar əlavə formasında rəsmiləşdirilməli, normativ hüquqi aktın müvafiq struktur elementlərində isə həmin əlavələrə dair istinadlar olmalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl maraqlı dövlət orqanları ilə razılaşdırılmalıdır.
Dostları ilə paylaş: |