Normativ hüquqi aktın preambulası - normativ hüquqi aktın qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissədir. Preambulaya normativ göstərişlər daxil edilə bilməz.
Normativ hüquqi aktın bölməsi - fəsilləri özündə birləşdirən struktur elementidir. Bölmə rum rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
Normativ hüquqi aktın fəsli -maddələri özündə birləşdirən struktur elementidir. Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
Normativ hüquqi aktın maddəsi - hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni, nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin adı olmur.
Maddə olmayan normativ hüquqi aktda hissə- bəndləri özündə birləşdirə bilən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Hissə (maddədə hissənin nömrəsinin birinci rəqəmi maddənin nömrəsini təkrarlamaqla) ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Hissənin mətni sətri hərflərlə yazılır və nöqtə ilə tamamlanır. Normativ hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən əsasnamədə, nizamnamədə, qaydada və norma nəzərdə tutan digər aktda, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktında hissənin mahiyyətini əks etdirən, sətri hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən adı olmalıdır.
Normativ hüquqi aktın bəndi- yarımbəndləri özündə birləşdirə bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Bəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.