III FƏSİL
Nadir şahın xarici siyasəti
Nadir şahın dünyada görkəmli sərkərdə kimi tanınmasında onun xarici siyasət sahəsində əldə etdiyi uğurların mühüm rolu olmuşdur.
Nadir şahın xarici siyasət sahəsində ilk addımı tacqoyma mərasimindən sonra Osmanlı dövlətinə nümayəndə heyəti göndərməsi ilə bağlıdır. Bu nümayəndə heyəti Osmanlı dövlətinə Nadirin şah seçilməsini xəbər verməklə yanaşı, sülh bağlamaq üçün beş əsas tələbləri irəli sürmüşdü.
Bunu Nadir şahın ilk uğuru kimi qəbul etmək olar. Çünki Nadir şahın hakimiyyətə gəldiyini, Səfəvilər dövlətinin varlığına son qoyulduğunu Osmanlı dövləti bu müqavilə ilə təsdiq etmişdir, keçmiş Səfəvilər dövlətinin Nadir şahın yaratdığı dövlətin tərkibinə daxil olduğu, bu ərazilərdə Nadir şahın hökmranlığı da bu müqavilə ilə dolayı yolla tanınmışdır.Nadir şah Qəndəhara yürüşə hazırlaşdığından bu sülh müqaviləsini imzalamaqla o, dövlətin qərb sərhədlərinin təhlükəsizliyini təmin etmiş və Osmanlı dövləti tərəfindən ola biləcək hər hansı hücumun qarşısını almışdı.
Nadir şah özünü şah elan edənə qədər keçmiş Səfəvilər dövlətinə daxil olan əraziləri yenidən birləşdirmək və mərkəzləşdirmək adı altında müharibə aparmış və buna demık olar ki, nail olmuşdusa, hakimiyyətə keçdikdən sonra onun apardığı müharibələr işğalçılıq xarakteri daşımışdır. Keçmiş Səfəvilər dövlətinə daxil olmuş ərazilərdən yalnız Qəndəharı Nadir şah ələ keçirməmişdir. Sahlığı əldə etməsi isə onu heç də bütün Səfəvilər hüdudlarına sahib olmaq və hətta fatehlik müharibələri aparmaq fikrindən çəkindirməmişdir. Əksinə, ölkənin mütləq hakiminə çevrilməsi dövlətin bütün potensialının hərbi planların daha yaxşı həyata keçirilməsi, qüvvələri daha yaxşı səfərbər etmək imkanı qazandırdı. Hətta Muğan düzündə olarkən belə, Nadir şah Qəndəhara yürüş etmək planlarını götür-qoy etmiş, məsləhətləşmələr aparmışdı. Şah seçildikdən sonra onun qarşısında duran ən mühüm məsələ Qəndəharın ələ keçirilməsi və Hindistana yürüşün hazırlanması idi.
Nadir Qəzvində olan zaman diqqət çəkən məsələlərdən biri Rusiya ilə Osmanlı dövləti arasında yeni münasibətlərin formalaşması idi. Nadir şahın Osmanlı ilə razılaşma imzalayaraq Osmanlıya yaxınlaşması Rusiya tərəfindən heç də müsbət bir hadisə kimi qarşılanmamışdı. Çünki Rusiya Nadir şahdan Osmanlıya qarşı istifadə etmək ümidində idi, bu razılaşma isə onun planlarını pozmuşdu. 1736-cı ilin 28 mayında Rusiya Osmanlı dövlətinə qarşı müharibə elan etdikdə Nadir şah bitərəflik müvqeyində durdu. İki dövlətin başının bir-birilə müharibəyə qarışması ölkənin şimal və şimal-qərb sərhədləri ilə bağlı narahatçılığını da aradan qaldırmış oldu. Bu həm də Nadir şaha imkan verdi ki, Qəndəhara, oradan da Hindistana planladığı yürüşləri rahatçılıqla başa çatdırsın.
Nadir şah vaxtilə Səfəvilər dövlətinin tərkibinə daxil olmuş Bəhreynin qaytarılması ilə bağlı da fikirləşirdi. Belə ki, şah sultan Hüseynin dövründə bu ərazi Şeyx Cabbar tərəfindən Səfəvilərdən alınmışdı. Bəhreyni ələ keçirməyə birbaşa dəryabəyi Lətif xan başçılıq etmişdir. Mart və aprel aylarında keçirilən əməliyyat zamanı Bəhreyn qarnizanı güclü müqavimət göstərsə də, Lətif xanın təşkil etdiyi hücumun qarşısını ala bilməmişdir. Nadir şahin əmri ilə Bəhreyn Fars bəylərbəyliyinin tərkibinə qatılmışdır.
Qəndəhar şəhəri və vilayəti 1736-cı ildə gilzayi əfqanlarının vaxtilə İsfahanı ələ keçirmiş Mahmud Gilzayinin qardaşı oğlu Hüseyn Gilzayinin nəzarəti altında idi. O, müstəqil bir şah kimi öz adına xütbə oxutmuş və sikkə vurdurmuşdu. Qəndəharı ələ keçirməyə böyük əhəmiyyət verən Nadir şah yürüşə başlamağa əmr verir.
Nadir şah Qəndəhara yürüşə hazırlaşdığı zaman Osmanlı sarayında onun elçisi Əbdülbaqi xan sülh danışıqları aparırdı. Ancaq Nadir şahın irəli sürdüyü təkliflər heç də Osmanlı dövlətinin ürəyincə deyildi, xüsusilə, Nadir şahın Cəfəri təriqəti ilə əlaqədar irəli sürdüyü təklif-cəfəriliyin beşinci sünni məzhəbi sayılması və Kəbədə bu məzhəbə məxsus bir yerin tanınması təklifi ciddi müzakirəyə səbəb olmuşdu. Nəticədə, Osmanlı dövləti bu məsələ ilə bağlı maddələr olmayan sülh müqaviləsi bağlamağa razılaşmış və əldə olunan sülhə görə, əsrlərin dəyişdirilməsi, səfirlərin göndəilməsi, həccə ziyarətdə əfşarlardan bir əmirhacın olması Osmanlı dövləti tərəfindən qəbul olunmuş, Osmanlı dövləti ilə Əfşar dövləti arasındakı sərhəd xətti 1632-ci ildə bu dövlətlər arasında imzalanmış müqavilədə öz əksini tapmış sərhəd xətti əsas götürülmüşdür.
Nadir şah Qəndəharı rahatlıqla ələ keçirmək üçün Bəlucistandakı qiyamı yatırmaq və Bəlx hakimini də özünə tabe etmək istiqamətində addımlar atmışdı ki, onlar Qəndəhara kömək edə bilməsinlər.
Nadir şah Əbərqu-Kerman-Bəm-Sistan marşrutu üzrə Qəndəhara doğru hərəkət etməyi qərara aldı və 80 minlik qoşunla 1736-cı ilin 21 noyabrında Qəndəhara dogru hərəkətə başladı.1
Dekabrın sonlarında Nadir şah Kermana çatdı, bir neçə gün istirahətdən sonra yoluna davam etmiş və Sistan-Qəndəhar sərhədini adlamaqla 1737-ci ilin fevralın ortalarında əfqan qüvvələri tərəfindən qorunan Kemik qalasına yetişdi. Burada əfqanlar Nadir şaha müqavimət göstərmək istəsələr də, bu uğursuz oldu.
Nadir şah Ərdəndab çayı sahilində bir neçə gün düşərgə salmağa qərar verdi.Bu zaman Hüseyn Gilzayinin qüvvələri ona hücum edib onu məğlub etmək istəsələr də, Yunis xanın Hüseyn gilzayinin gözündə yüksəlmək üçün Nadir şahın düşərgəsinə birinci və təkbaşına hücum etməyə qərar verməsi sonda əfqanların məğlub olması ilə nəticələnmişdi.
Bundan sonra Nadir şah Qəndəhara doğru hücumu davam etdirdi.qəndəhar ətrafına əvvəlcə Nadir şahın oğlu Nəsrulla Mirzənin qüvvələri gəlmişdilər.Qəndəhar ətrafında Nadir şah düşərgə salmış,burada Novruz bayramını da qeyd etmiş, daha sonra Qəndəhara daha yaxın olan Sorxeye-şir mətəqəsində düşərgə salmışdı.Nadir şah Qəndəhar ətrafında evlər, bazarlar tikdirərək düşərgəni şəhərciyə çevirmişdi.Nadirin əmri ilə Qəndəhar şəhəri elə mühasirəyə alınmışdı ki,demək olar ki, oraya girmək və oradan çıxmaq mümkün deyildi.Onlar qalanım təchizat yolunu da kəsmişdilər.Beləliklə də, Qəndəhar qalasının tam mühasirəsi təşkil edilmişdi.Buna baxmayaraq, muhasirə uzun çəkmişdi.Buna görə də, Nadir şah onun ətrafındakı böyük və kiçik qalaları da ələ keçirə bilmişdi.
Qəndəharın mühasirəsi 11 ay çəkmişdi.Bunun səbəbi Qəndəhar qalasının güclü olmasını, əfqanların nəyin bahasına olursa-olsun onu Nadir şaha təslim etmək istəməmələrini və s. idi.Bunun başqa səbəblərini irəli sürənlər də var.
Qəndəhar qalasına hücumun tarixi haqqında müxtəlif fikirlər olsa da, Qəndəhar üzərinə son hücumun 1737-ci ilin sonlarında olduğunu deyə bilərik.Qəndəhar qalasına qəti hücum zamanı Hüseyn Gilzayi özü də sərkərdələri ilə birbaşa qalanın müdafiəsinə qoşulmuşdu.Ancaq Nadir şahın qüvvələri onların müqavimətini qırdılar və qalanı ələ keçirdilər.Nadir şah Hüseyn Gilzayini bağışlayaraq onu Mazandarana göndərdi, Qəni xanı Qəndəhara yeni hakim təyin etdi.Musa xan isə Qəndəharın eşikağası oldu.Həm Qəni xan, həm də Musa xan Nadirə sədaqətli olan əbdali əfqanlarından idi.
Qəndəhar qalasını ələ keçirməklə Nadir şah Səfəvilər dövlətinin parçalanmış olan ərazilərinin son hissəsini də geri qaytardı və bununla da, Səfəvilər dövlətinin ən qüdrətli dövrlərində onun tərkiibinə daxil olmuş əraziləri öz hakimiyyəti altında birləşdirmiş oldu.
Nadir şahın hərbi yürüşləri içərisində Hindistana yürüşü bütün cəhətləri ilə diqqəti daha çox cəlb edir.Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir.İstər şimaldakı əbdali tayfaları, istərsə də cənubdakı gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi hakimiyyətin möhkəmlənməsinə maneçilik törədirdilər.Nadir şah əfqanlarının hücumunun qarşısını birdəfəlik almaq,onları yerində oturtmaq istəyirdi, ancaq əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb Hindistan ərazisində sığınacaq tapa bilirdilər.Qəndəhar yürüşünün əvvəlində Nadir şahın təqib etdiyi əfqanların bir hissəsi Hindistan sərhədini keçərək, özlərini təhlükədən xilas etmişdilər.Nadir şah taxta çıxan zaman Hindistan padşahının yanına elçi göndərmiş, ondan bu ölkənin daxilində sığınacaq əldə etməsinə imkan verməməyi ondan xahiş etmişdi.Daha sonra Nadir şah Məhəmməd şah Gürganiyə göndərdiyi məktubunda da Qəndəharı tutduğu zaman oradan qaçan əfqanların Hindistan ərazisinə doğru geri çəkilməsinə yol verməməyi və sərhədlərin bağlanmasını təklif etmişdi.Məhəmməd şah Gürgani, ilk baxışda, bunu qəbul edən kimi görünsə də, həqiqətdə isə o, sərhədin bağlanması və əfqanların Hindistan ərazisinə daxil olmasının qarşısının alması üçün heç bir tədbir görməmişdi.
Qəndəhar yürüşü zamanı Nadir şah yenə də bu məsələnin həll olunması ilə bağlı Hindistana Məhəmməd xan Türkməni elçi kimi göndərmişdi.Ancaq Qəndəhar fəth olunmuş, amma səfir hələ Hindistan şahının cavabını gətirməmişdi.Onun qayıtmasını gözləmədən Nadir şah 1738-ci ilin mayında Hindistana doğru yürüşə başlamışdı.
Con Hanvey də elçilərin Məhəmməd şaha apardığı məktublara cavab verilməməsini, elçilərdən birinin öldürülməsini Nadir şahı Hindistana yürüşə təhrik edən səbəb kimi təsvir etməsinə M.Süleymanov öz əsərində yer vermişdir.1
Tarixçilər arasında Nadir şahın Hindistana yürüşü ilə bağlı müxtəlif fikirlər mövcuddur.Bunun səbəbini Moğol imperatorluğunun zəifləməsində görənlər də az deyil.Belə ki, L.Lokkart əfqan qaçqınlarının qarşısını almaq üçün Nadir şahın tələblərinin bir bəhanə olduğunu qeyd etməklə yanaşı, ölkənin yoxsullaşdığı, xəzinənin boşaldığı bir vaxtda gələcək hərbi yürüşlər üçün mənbə axtarılıb tapılmasını Nadir şahın Hindistana yürüşünün əsas səbəbi kimi göstərmişdir.2 M.Süleymanov isə bu yürüşün səbəbini Nadir şahın fatehlik arzusu ilə əlaqələndirmişdir.1 Göstərilən bu amilləri Hindistana yürüşə təhrik edən səbəblər kimi müəyyən mənada qəbul etmək olar.Ancaq onların hər hansı birinin üzərində yekdillik nümayiş etdirmək də düzgün olmaz.Çünki bu arqumentlərdən hər hansı biri təkbaşına bu qədər böyük diqqətlə hazırlanmış bir yürüşün əsas və yeganə səbəbi ola bilməzdi.
Hindistana yürüş, heç şübhəsiz, Nadir şahın ən böyük hərbi yürüşü idi və Nadir şah buna çox yaxşı hazırlaşmışdı.Belə ki, həm ordunun təchizatını yaxşılaşdırmış Hindistandakı daxili vəziyyət haqqında kifayət qədər məlumat toplamışdı.Bu dövrdə Moğol imperatorluğunun zəifləməsi və tənəzzül dövrünə qədəm qoyması da Nadir şahı həm bu yürüşə həvəsləndirmiş, həm də onun qələbə çalmasını asanlaşdırmışdı.Nadir şahın Hindistanın malik olduğu var-dövləti ələ keçirmək istəmədiyini də deyə bilmərik.Çünki Nadir şah hələ yenicə dövlət yaratmışdı və bu dövlətin maliyyə imkanları zəif idi.Hindistanın xəzinəsi hesabına bu çatışmazlığı rahatca aradan qaldırmaq olardı.Hindistan kimi əlverişli coğrafi mövqedə yerləşən geniş bir ərazinin ələ keçirilməsi Nadir şahın yaratmış olduğu dövlətin ərazisini genişləndirməklə yanaşı, onun nüfuzunu, şöhrətini də artırmış olardı.Yəni,Hindistanın işğalı dövlətin həm siyasi, həm də iqtisadi cəhətdən mənafeyinə çox uyğun idi.Onu da qeyd etmək lazımdır ki, Nadirə kimi hakimiyyətdə olmuş hökmdarların əksəriyyəyində yeni ərazilər hesabına öz dövlətinin ərazisini genişləndirmək və öz hakimiyyətini daha geniş ərazilərə yaymaq meyllərinin şahidi oluruq ki, bu cəhət Nadir şahda da var idi.
Hindistana doğru hərəkətə başlamazdan əvvəl Nadir şah qoşuna ümumi baxış keçirmiş və qoşunlar üç sütunda hərəkətə başlamışdılar.M.Süleymanov Nadir şahın bu zaman 100 minə yaxın ordusu olduğunu qeyd etmişdir.2 Nadir şah Hindistana doğru şimal-şərq marşrutunu seçmişdi.Ordu bu marşrutla Qəndəhardan şimala,Kabula yetişməli,sonra isə oradan yenə cənub istiqamətində Cəlalabad-Pişavər və Lahor yolu ilə hərəkətlərini davam etdirməli idi.
Nadir şahın qoşunları Nadirabaddan Qəzniyə doğru hərəkətə başladılar.Qoşunların ilk dayanacağı Qəzninin 6 fərsəngliyində yerləşən Qarabağ məntəqəsi oldu.Bunu eşidən Qəzni hakimi Kabula qaçdı.Bununla da, Qəzni, əslində, Nadir şaha hər hansı bir müqavimət göstərmədi, yalnız onun ətrafındakı bəzi tayfalar və həmçinin, əfqanlar müqavimət göstərsələr də, onların qarşısı alınmışdı.
Dostları ilə paylaş: |