II FƏSİL
Nadir şahın daxili siyasəti
Nadir taxta çıxdığı ilk günlərdən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu.Belə ki, həmin dövrdə şiələrlə sünnilər bir-birlərinə nifrət edir, şiələr ilk üç raşidi xəlifəni: Əbubəkir, Ömər və Osmanı lənətləyirdilər.Nadir şah ölkədəki bu dini separatçılığa son qoymaq üçün şiə məzhəbini xeyli yumşaldaraq sünniliyə yaxın bir hala gətirməyə cəhd etdi və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin,həm də şiələrin hörmət bəslədiyi imam Cəfər Sadiqə bağlayaraq “Cəfəriyyə” adlandırdı (Onu da qeyd edim ki, İrandakı bugünkü məzhəb də budur və dünya şiələrinin ən böyük hissəsi cəfəridir).
Nadir bu sahədəki ilk addımını hələ şah seçilmədən əvvəl atmışdı.Belə ki, şah seçilmək üçün onun irəli sürdüyü şərtlər araında şiələrlə sünnilər arasındakı düşmənçiliyin aradan qaldırılması da vardı.Bu təklifin də qəbul olunması nəticəsində hakimiyyətə gəlmiş Nadir şah bu sahədə daha geniş tədbirlər keçirmişdi.
Ancaq o da qeyd olunmalıdır ki, Nadirin yaratmış olduğu dövlət dini yox,dünyəvi dövlət idi,yəni Səfəvilər dövlətindən fərqli olaraq bu dövlət dini ideologiya üzərində qurulmamışdı və dini cəmiyyətin idarə edilməsindən uzaqlaşdırılmış, dindarların dövlət işlərinin aparılmasına müdaxilələrinin qarşısı alınmışdı.Ruhanilərin səlahiyyətləri əhəmiyyətli dərəcədə ixtisar edildi və onlar dövlət təbəqələşməsində formal vəzifələrə çevrildilər.Dövlətdə baş molla vəzifəsini, eləcə də digər ruhani vəzifələri saxlansa da onlar əvvəlki səlahiyyətlərini itirdilər.Nadir şahın iradəsi dövlətin idarə edilməsinin nüvəsinə çevrildi.Onun dövründə ruhanilər dövlət aparatından məscidlərə çəkilməli oldular.
Nadir şah eyni zamanda ruhani mövqeyindən istifadə edib xalqın soyub-talanmasında iştirak edən,özünə sərvət toplayan dindarlara qarşı da kəskin mənfi münasibət bəsləmişdi.Məlumatlara görə, Nadir şah taxt-taca sahib olandan sonra yüksək məqamlara malik olan mollaları toplayıb onlardan topladıqları sərvətləri necə istifadə etdiklərini soruşmuş, onları dinlədikdən sonra əmr etmişdir ki, ruhanilərin var-dövləti dövlət xəzinəsi hesabına müsadirə edilsin.
Nadir şahın sünni və ya şiə məzhəbinə mənsub olması tədqiqatçılar arasında indi də müzakirə mövzusu olaraq qalmaqdadır.Belə ki, Nadir şahı iranlaşdırmaq istəyənlər onu şiə, qərb müəlliflərinin çoxu isə sünni hesab edirlər.Bu məsələdə yekdilliyin olmamasınin səbəbi onunla əlaqədardır ki, Nadir şah hər iki məzhəbə hörmətlə yanaşmış və bunlardan heç birini təqib etməmişdi.Hətta Nadir şah İmam Rza məscidi, Hz.Əlinin məqbərəsi, Kərbəla və Nəcəf müqəddəsləri kimi bir sıra şiə məqbərələrini abadlaşdırmışdır.
Qərb müəllifləri Nadir şahı etnik mənsubiyyətinə və bir də dini islahatlarla şiəliyi aradan qaldırmaq istəməsinə görə sünni hesab edirlər.Nadir şah hakimiyyətə yiyələndikdən sonra şiəliklə sünnilik arasındakı fərqi aradan qaldırmağa və Cəfəri məzhəbini şiəliyin əvəzində qəbul etdirməyə çalışmışdı.İmam Cəfər VI imam olmaqla şiə fiqhinin geniş təsvirini vermiş və onu sünniliyin dörd məktəbi səviyyəsinə qaldırmağa cəhd göstərmişdi.Nadir şah da bu məzhəbi qəbul etməklə onu sünniliyin beşinci məktəbinə çevirmək və onu ölkədə yaymaq istəyirdi.Bununla o, iki məzhəb arasındakı fərqin və ədavətin aradan qalxmasına nail olmağa çalışmışdır.
Fars müəllifinin əsərlərinə müraciət edən Mehman Süleymanov Nadir şahın şiə məzhəbini dəyişdirməyə cəhd göstərməsini tədqiqatçılar tərəfindən müxtəlif səbəblərini vermişdir.Bəziləri bunu Səfəvilərə ciddi zərbə vurmaq istəməsi,bəziləri Osmanlı dövlətinə hücum etmək istəməsi,digəri bütünlüklə islam dünyasında möhkəmlənməyə çalışmaq istəməsi ilə əlaqələndirirlər.1 Ancaq bunlardan hər hansı birini birmənalı qəbul etmək qeyri-mümkündür.Ola bilsin ki, Nadir şah islam daxilindəki parçalanmanı qəbul etmir, şiəliyin sünniliyə qarşı qoyulması ilə razılaşmırdı.Dini ayrı-seçkilyin mərkəzləşdirilmiş dövlətin yaradılmasında maneələrdən biri olduğunu da bilirdi və bunun qarşısını almaq üçün belə cəhd göstərmişdi.Osmanlı dövlətində də əsas dini təriqət sünnilik olduğundan Nadir şahın bu iki türk dövləti arasındakı ədavəti aradan qaldırmaq üçün belə bir təşəbbüs etdiyi barədə də fikirlər mövcuddur.Bildiyimiz kimi bu sahədə ilk təkliflər Muğan qurultayında irəli sürülmüşdü.Qurultaydan dərhal sonra Nadir şah Osmanlı sultanına da məktub göndərmişdi və Cəfəri təriqətini qəbul etdiyini bildirməklə bu məzhəbin də islamın qanuni məzhəblərindən biri kimi qəbul edilməsini xahiş etmişdi.Ancaq islam dünyasının xəlifələrindən biri sayılan Osmanlı sultanı bu təriqəti qanuni hesab etməmiş, Nadir şahın bu cəhdi boşa çıxmışdı.
Nadir şah ölümünə qədər Cəfəri təriqətinin rəsmiliyinin Osmanlı dövləti tərəfindən qəbuluna çoxlu cəhdlər göstərmiş,ancaq baş tutmamışdır.1746-cı ildə Osmanlı dövləti ilə bağlanan sülh müqaviləsində də bu məsələnin Osmanlı dövləti tərəfindən rəsmən qəbuluna dair heç bir maddəyə yer verilməmişdir.
Nadir şah ömrü boyu ölkə əhalisinin Cəfəri məzhəbinin qəbuluna nail ola bilmədi.Çünki bir neçə əsr ərzində ənənəvi olaraq insanların beyinlərinə kök salmış inancları birdən-birə dəyişmək elə də asan məsələ deyildi.Bunu üçün çox ciddi ideoloji təbliğat, güc və bir xeyli vaxt lazım idi.Bu məsələdə Nadir şahın qılıncına arxalanması da bir səmərə vermədi.Ancaq Nadir şah ömrünün sonunadək bu fikrindən əl çəkməmişdi.
Nadirin bu islahat cəhdinin həmin dövrdə nə qədər aktual olduğunu çar I Pyotrun göstərişi ilə “Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilaflarının yaxşı bir vasitə” sayılması da əyani şəkildə sübut edir.
Nadir şah Quranla yanaşı, İncilin və Talmutun da tərcümə edilməsinə göstəriş vermiş,bunun üçün xüsusi tərcümə qrupu da yaradılmışdı.Bu da Nadir şahın digər dinlərə və onlara etidaq edən insanlara olan münasibətinin necə olduğunu göstərən faktdır.
Nadir şahın bu islahatı həmin dövr üçün nə qədər aktual idisə əslində bu gün də o qədər aktualdır.Nadirin dini islahatı təkcə Azərbaycanın deyil, bütün İranın gələcəyi üçün böyük rol oynaya bilərdi, ancaq bu həyata keçmədi.Nadir şah dövrünə görə çox böyük cəhd etmişdi, bu islahat həyata keçsəydi, bəlkə indi sünnilər və şiələr arasında olan üstüörtülü ədavət aradan qalxa bilərdi.Ancaq insanların dünyagörüşlərində əsrlərlə qorunub saxlanılan dini ideologiyanın birdən-birə dəyişdirilməsi bu qədər qısa müddətdə qeyri-mümkün idi.Osmanlı dövlətinin bu məsələyə olan soyuq münasibəti də bu islahatın uğursuzluğuna səbəb olan digər mühüm səbəblərdən hesab olunmalıdır.
Nadirin daxili siyasətində ən mühüm istiqamətlərdən biri ölkənin mərkəzləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər idi.Nadirin siyasəti hələ hakimiyyətə gəlmədən öncə həyata keçirməyə başladığını da demək olar.Çünki o, hələ II Təhmasibin yanında xidmətə başlayandan etibarən Səfəvilər dövlətinin torpaqlarının yadellilərdən azad olunmasına çalışmış, nəticədə də keçmiş Səfəvi torpaqlarını geri qaytarmağa nail olmuşdur.Özü hakimiyyət başına keçdikdən sonra bir sıra islahatlar, tədbirlər həyata keçirmişdir ki, bunların da əksəriyyəti dövlətin mərkəzləşdirilməsinə xidmət etmişdir.
Nadir şah birləşdirmə və mərkəzləşdirmə siyasəti yeritsə də,bu siyasət şəxsi ədavət prinsipi əsasında aparıldığından təkcə ayrı-ayrı şəxslər və tayfa başçıları deyil, həmçinin bütöv bir xalq da əziyyət çəkirdi.Buna misal olaraq Nadir şahın şah seçilməsinə etiraz edən Gəncə və Qarabağın cavanşirlər, otuzikilər və kəbirli tayfalarından olan əhalinin kütləvi şəkildə Xorasana köçürülməsini, Gəncə bəylərbəyliyinə tabe olan məlikliklərin onun tabeliyindən çıxarılmasını və Gəncəyə tabe olan Qazax, Şəmşəddil və Borçalı mahallarının Kartli-Kaxetiya çarlığının idarəsinə verilməsini misal göstərmək olar.Nadir şah bir sıra ərazilərin əhalisini də başqa yerə köçürməklə cəzalandırmışdır.Məsələn o, Muğandakı güclü köçəri tayfaları neytrallaşdırmaq və zəiflətmək məqsədilə cənuba sürgün etdirmişdir.
Nadir şah özünün mərkəzləşdirmə siyasətinə həm də vilayətlərdə hökmranlıq edən nüfuzlu sülalələrdən olan xanları, köçəri və yarımköçəri zadəganları hakimiyyətdən uzaqlaşdıraraq ona müti olan tayfa əyanları ilə əvəz etməsini də aid etmək olar.Nadir öz dayaqları kimi qəbul etdiyi Xorasanın əfşar və kürd əyanlardan güclənənləri də özünə sadiq olan digər zəif tayfa əyanları ilə əvəz etmiş və XVIII əsrin 40-cı illərindən etibarən onların güclənməsinin qarşısını almaq üçün məqsədyönlü siyasət yeritmişdir.
Nadir şahın şiə ruhanilərinə məxsus iri torpaq sahələrini müsadirə edərək dövlət torpaqlarına qatmasını onların cəmiyyətdə mövqelərinin zəiflədilməsi və həmin torpaqların bir hissəsini sünni əhali arasında paylaması özünə yeni sosial baza formalaşdırmaq istəməsi kimi xarakterizə olunur.Bunun nəticəsində,bir sıra qızılbaş tayfa başçılarının torpaqları müsadirə olunaraq, dövlət torpaqlarına birləşdirilmişdi.Ancaq bu həmin torpaqların köhnə və yeni sahibləri arasında toqquşmalara, ədavətə səbəb olmaqla yanaşı, Nadirin bu siyasəti şiə ruhanilərini və tayfa başçılarını Nadirdən uzaqlaşdırmışdı.Bu son nəticədə Nadirin hakimiyyətindən narazı olan qüvvələrin ona qarşı birləşməsinə təkan verən amilə çevrildi.
Nadir şah idarə aparatında da islahatlar həyata keçirdi.Bir sıra ali vəzifələri o cümlədən baş vəzir-sədr əzəm vəzifəsini ləğv etmişdi.Dövlət dörd iri əyalətə bölünmüşdü: Azərbaycan (Gürcüstan, Şimali və Qərbi Azərbaycan, Qafqazın bütün iri malikanələri buraya daxil idi), İran İraqı, Xorasan və Fars.Hər bir əyalət və vilayətdə maliyyə işlərinə rəhbərlik etmək üçün mustoufil-məmalik təyin olunmuşdu. Mustofil-məmalik üzərində isə birbaşa nəzarət tətbiq olunurdu. Dövlət üçün daha çox strateji əhəmiyyət daşıyan və ordunun ehtiyaclarını ödəyəcək vilayətlərdə, xüsusən Şərq vilayətlərində quruculuq işləri aparılır,suvarma sistemləri bərpa edilir, yeniləri çəkilirdi.
“Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və əslində Azərbaycanı paytaxtı Təbriz, başçısı qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi.Şirvan hakimləri ən qədim çağlardan “Şirvanşah”adlanırdı. Nadir şah öz imperiyasında ondan başqa kimsənin şah adlanmasını qəbul etmədiyinə görə “Şirvanşah” ünvanını ləğv etdi.”1
Nadir şahın gördüyü ilk işlərdən biri də vergi toplanmasını qaydaya salmaq və dövlətin iqtisadi gücünü möhkəmləndirməsidir. Aydın vəzifə bölgüsü, ciddi nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artmışdı.
Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə Nadir şah uğurlu hərbi yürüşlər həyata keçirmək nəzərdə tutmuşdu. Lakin Hindistan və Orta Asiyaya edilmiş uğurlu hərbi yürüşlərdən əldə edilmiş qənimət və sərvət xalqın rifahı üçün sərf edilməmişdi. Nadir şah bütün əldə olunan sərvəti Kelat qalasında gizlətmişdi. O, əhalinin yaşayış səviyyəsini qaladırmaq məqsədilə onları üç il vergidən azad etsə də, 1743-cü ildəki uğursuz Dağıstan yürüşündən sonra xalqa etdiyi bu güzəşti ləğv etmiş və üç ilin vergisinin ödənilməsini tələb etmişdi. Vergilərin artırılması isə xalqın narazılığına səbəb olmuş və Nadirə qarşı çıxışların baş verməsi ilə müşahidə olunmuşdu. Bu çıxışların qarşısını güc yolu ilə almağa çalışan Nadir şah ölkənin təsərrüfatına bir daha zərbə vurmuş olurdu ki, bu da əhalinin vəziyyətini daha da ağırlaşdırırdı. Digər tərəfdən hərbi yürüşləri həyata keçirmək üçün də külli miqdarda maliyyə vəsaiti lazım idi. Nadir şah həmin vəsaitin əldə olunması üçün əhalidən renta şəklində yığılan vergini pul ilə əvəz edərək vəziyyətdən çıxmaq istəsə də, bu həmin dövr üçün dövlətdə formalaşmış sosial-iqtisadi və təsərrüfat münasibətləri şəraitində qeyri-mümkün idi. Çünki Nadirin dövlətinin əhatə etdiyi ərazilərdə əmtəə-pul münasibətləri hələ kifayət qədər inkişaf etmədiyindən belə bir tədbirin görülməsi vergini natura şəklində ödəyən kəndlilərin daha da var-yoxdan çıxmasına və müflisləşməsinə səbəb olmuşdu. Bu isə əhalinin Nadirə, eləcə də mərkəzləşmiş hakimiyyətə qarşı mübarizəyə qalxmasına zəmin yaratmış olurdu.
Nadirin daxili siyasəti onun həyata keçirdiyi tədbirlərin mənfi cəhətləri, son nəticədə, ölkədə bir sıra çıxışların baş verməsinə səbəb olmuşdu. Nadir şahın köçürmə və vergi siyasəti əhali tərəfindən, xüsusilə, narazılıqla qarşılanmışdı. Nadir şaha qarşı çıxışlar isə onun digər ərazilərə yürüşü zamanı, yəni onun ölkənin ərazisini tərk etdiyi zaman baş vermişdi. Məsələn: 1738-ci ildə Car və Talada üsyan baş vermiş, hətta Nadir şahın qardaşı İbrahim xan öldürülmüşdü.
Dostları ilə paylaş: |