1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti. Bakıda fəhlə hərəkatlarının belə geniş vüsət aldığını görən hökumət dairələri burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmaq qərarına gəldilər və buna nail də oldular. İlk partlayış Bakıda başladı. 1905-ci il fevralın 6-da Bakıda ermənilərin azərbaycanlılara qarşı başlanan soyqırımı 9-dək davam etdi. Bakıda 3 gün sürən bu qırğın 20-21 fevralda İrəvanda, may ayinda Naxçıvanda, iyulda Qazaxda təkrarlandı.
Çarizm milli qırğınlarla bərabər inzibati tədbirlərə də əl atdı. Çar hökuməti Azərbaycanda repressiyaları gücləndirmək üçün fevralın əvvəlində Bakıda fövqəladə vəziyyət elan etdi. Çar II Nikolay 1905-ci il fevralın 26-da “Qafqazda tezliklə sülh və sakitliyi yaratmaq üçün ” yenidən Qafqaz canişinliyinin bərpa edərək İ.İ.Vorontsov-Daşkovu təcili şəkildə Qafqaz canişini kimi bölgəyə göndərdi. Bu təcrübəli və şovinist siyasətçi özünü guya Qafqazdakı bütün millətlərin qoruyucusu kimi göstərməyə cəhd etsə də, əslində ancaq ermənilərə havadarlıq edirdi və Rusiya imperiyasını “Parçala, hökm sür!” siyasətini bölgədə böyük məharətlə həyata keçirirdi. Onun bölgədə ilk işi Qafqazda Rusiyanın dayağı olan ermənilərlə dostluq münasibətlərini təzələmək oldu. Vorontcov-Daşkov Qafqazdakı hadisələri uzun müddətli və geniş miqyaslı bir siyasi vəziyyət kimi qiymətləndirirdi. O, hər zaman türklərə, o cümlədən azərbaycanlılara qarşı ermənilərdən başlıca qüvvə kimi istifadə etmək tərəfdarı idi. Çara göndırdiyi məxfi məktublarda da öz mövqeyini sərgiləyən ermənilərin himayəçisi Vorontcov-Daşqov hələ I Pyotrun vaxtından ermənilərin Rusiyaya olan sədaqətini xatırladırdı və məsləhət görürdü ki, erməniləri himayə etsin. Müharibə zamanı onlardan Osmanlı sultanlığına arxadan zərbə endirmək və yaşadıqları əraziləri rus ordusunun hərb meydanına çevirmək üçün istifadə etməyi tövsiyyə edirdi.
Bu siyasətin nəticəsi idi ki, Azərbaycanın ən münbit torpaqlarında yerləşdirilən ermənilər Azərbaycan iqtisadiyyatinin inkişafından azərbaycanlılardan daha çox mənfəət (10 dəfədən artıq) əldə edirdilər. Onların aldığı neftli pay torpaqları azərbaycanlılarınkından 10 dəfə artıq idi, 167 neft şirkətindən əksəriyyəti xırda müəssisələr olmaqla cəmi 49 şirkət azərbaycanlılara məxsus olduğu halda, zəngin erməni ailələri 55 orta və iri şirkətin sahibi idilər. 1900-cu ildən etibarən Bakı quberniyasındakı 115 sənaye şirkətinin 29% ermənilərin, yalnız 18% Azərbaycanlıların idi. Şərabçılıq, balıq sənayesi, tütün istehsalı kimi gəlirli sahələr də ermənilərin əlində idi.
Belə iqtisadi uyğunsuzluq iş yerlərinin bölgüsündə də özünü göstərirdi. Yüksək vəzifə tutan ermənilər 25% təşkil etdiyi halda 70% azərbaycanlı dövlət idarələrində heç bir vəzifə tutmurdu və az maaşla fəhlə olaraq çalışırdı. XX əsrun əvvəllərində dünyanın tanınmış iş mərkəzlərindən birinə çevrilən və bir çox iş adamlarının axın etdiyi Bakıya 50 minə yaxın erməni də toplanmışdı. Azərbaycanın ən böyük ticarət mərkəzi olan Bakının iqtisadi həyatda əsas yeri erməni tacirləri tuturdu. Beləliklə, rus idarəçiliyinin himayəsi altında olan ermənilər getdikcə varlandıqca, azərbaycanlılar öz ölkələrində kasıblayırdılar. Ermənilər iqtisadi cəhətdən ölkənin ağası vəziyyətində idilər.Belə iqtisadi uyğunsuzluq və rusların hər zaman erməniləri himayə etməsi ermənilərlə azərbaycanlılar arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırdı və ermənilər rusların dəstəyinə və öz iqtisadi üstünlüklərinə arxalanaraq azərbaycanlılara qarşı qırğınlar törətdilər.
Siyasi təkilatlanma sahəsində də azərbaycanlılardan xeyli üstün olan ermənilərin bu dövrdə azərbaycanlılardan fərqli olaraq ifrat millətçi “Daşnaksütün” partiyası mövcud idi . Partiyanın məqsədi Şərqi Anadoludakı Osmanlı vilayətlərinin də daxil olduğu müstəqil bir erməni dövləti qurmaq idi. Rusiya ərazisinə köçməzdən əvvəl Türkiyə torpaqlarında terrorçuluq fəaliyyəti göstərən ermənilər Rusiyanın köməyilə Azərbaycan torpaqlarında yerləşdikdən sonra burada da fəaliyyətlərini davam etdirirdilər. Hətta bu işdə bəzən onlara qarşı çıxan çar məmurlarına qarşı da terror əməliyyatları törətməkdən çəkinmirdilər. Məsələn, Qafqazın baş valisi Georgi Qolitsın azərbaycanlılarla daha mülayim rəftar etdiyi üçün 1903-cü ildə erməni mil lətçiləri tərəfindən yaralanaraq Qafqazı tərk etməyə məcbur olmuşdu.
Beləliklə, ermənilər millətçi-şovinist və terrorçu Daşnaksütün partiyası ətrafında birləşdikləri halda azərbaycanlıların milli təşkilatları yox dərəcəsəndə idi. Buna görə də ermənilərin hücumları zamanı azərbaycanlılar təşkilatlanmamış, plansız və silahsız olaraq ermənilərə qarşı mübarizə apardıqları üçün ağır tələfat verdilər. Erməni terrorçularının qana buladığı kəndlərdə yüzlərlə, minlərlə müsəlman əhali (bura azərbaycanlılarla bərabər ləzgi, tat, dağ yəhudiləri və b. da aid idi.) həyatını itirdi. Ruslar bu vəhşiliklərin qarşısını ala biləcək durumda olmalarına baxmayaraq, erməniləri dəstəklədikləri üçün hadisələrə müdaxilə etmədilər.
1905-ci ilin yayında Azərbaycabda yenidən kütləvi çıxışlar artdı.Bir-birinin ardınca keçirilən tətillərin (1 may, 18 iyul, 16 avqust) təsiri altında Azərbaycabda inqilbi hərəkatın genişlənməsindən qorxuya düşən çar hökuməti yenidən ermənimüsəlman qırğını təşkil etdi. Qırğın Bakı, Gəncə, Şuşa qəzalarını və Azərbaycanın bir sıra rayonlarını əhatə etdi. 1906-ci ildə ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırımın yeni dalğası başlandı. Bakı, Yelizavetpol, İrəvan quberniyalarında qırğınlar törədildi.
Bu qırğının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilməsinə baxmayaraq dünya mətbuatında Azərbaycandakı soyqırım ermənilərin hər zamankı saxtakarlığı nəticəsində təhrif olundu və ermənilər zərərçəkən tərəf kimi təqdim edildi.