XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun oyanması və milli hərəkat. Siyasi partiyalar. XIX əsrin sonlarından Rusiya ziyalılarının azadlıq ideyaları tədricən imperiyanin müstəmləkəsi olan Azərbaycabda da əks-səda doğururdu. Qabaqcıi Azərbaycan ziyalılarının milli mənlik şüuru, milli təfəkkürü formalaşmaqda idi.
XX əsrin başlanğıcında Rusiyada baş verən siyasi hadisələr nəticəsinda yaranan tarixi şərait ,xüsusilə də ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti Azərbaycan milli burjuaziysının da milli təfəkkürünün inkişafına mühüm təsir göstərdi. Hakim mövqedə olan rusların ermənilərə havadarlıq etməsi və azərbaycanlılara qarşı biganəliyi, erməni-daşnak partiyasının qaniçənliyi nəhayət azərbaycanlıları da təşkilatlanmağa vadar etdi.
Azərbaycanda XX əsrin əvvəllərində milli hərəkatin güclənməsinə iki əsas amil təsir göstərirdi: 1) Milli burjuaziyanın dəstəyi ilə müxtəlif təhsil ocaqlarında təhsil alaraq vətənə qayıdan Azərbaycan gəncləri milli demokratik hərəkatın yaranması və inkişafında böyük rol oynamağa başladılar. İxtisasa yiyələnməklə bərabər qabaqcıl Avropa ideologiyası ilə də tanış olan Azərbaycan ziyalıları milli özünüdərketmə, mənəvi dəyərlər, xalqın tarixi, etnik mənşəyi ilə bağlı məsələlərin araşdırılmasının zəruriliyini anladılar; 2) Çarizmin türk-müsəlman xalqlarına qarşı çevrilmiş milli müstəmləkə siyasəti nəticəsində milli hərəkatda “Milliyət və hürriyyət”, “Məşrutə və müsavat” ideyaları geniş vüsət aldı. M.Rəsulzadənin dediyi kimi, “Millət inanmağa başladı ki, istiqlal xaricində onun üçün əlavə Azərbaycan yoxdur”.
O dövrün milli ziyalilarımızın qabaqcıl nümayəndələrindən H.Zərdabi,
Ə.Hüseynzadə, Ə.Ağayev, N.Nərimanov, C.Məmmədquluzadə, M,Hadi, H.Cavid, Ü.Hacıbəyov, M.Ə.Sabir, A.Şaiq, Ə.Topçubaşov, F.Köçərli, M.Rəsulzadə və b. milli mətbuatdakı çıxışları xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynadı. Bu işdə H.Zərdabinin və M.Rəsulzadənin millətçilik və dövlətçilik, C.Məmmədquluzadənin demokratizm və Azərbaycançılıq ideyaları misilsiz rol oynadı. Türk dünyasının görkəmli ideoloqları İ.Qaspıralı, Ə.Hüseynzadə, Y.Ağçura oğlu, Ə.Ağayev və b.-nın türkçülüyə dair fikirlərində obyektiv olaraq Azərbaycanın milli müstəqilliyinin ümumtürk azadlığının tərkib hissəsi olduğu ideyası öz əksini tapırdı.
Lakin XX əsrin əvvəllərində ilk addımlarını atmağa başlayan Azərbaycan milli hərəkatının kifayət qədər təcrübəsi və elmi cəhətdən əsaslandırılmış konsepsiyası yox idi. Bu hərəkatın aparıcı qüvvəsi - formalaşmaqda olan milli burjuaziya və demokratik ziyalılar kifayət qədər yetkin deyildi. Ilk vaxtlar onlar öz mövqelərini şəhər özünüidarə orqanları, o cümlədən Bakı şəhər Duması və mətbuat vasitəsilə bildirməklə, Dövlət Dumasına şikayət ərizələri, imza toplama kompaniyaları ilə kifayətlənirdilər. Topçubaçov, Ağayev, Ziyadxanov, R.Şirvanski kimi Azərbaycan liberalları öz çıxışlarında müsəlmanların siyasi hüquqsuzluğu, onların ictimai-siyasi və mədəni-maarifçi fəaliyyətlərinin mıhdudlaşdırılması kimi problemlərə toxunaraq milləti oyanmağa, maarifçiliyin genişləndirilməsinə, xeyriyyə cəmiyyətlərinin yaradılmasına çağırırdılar. Azərbaycan ziyalıları obyektiv olaraq müstəmləkəçi imperiyanin əsarətindən qurtarmaq yolları axtarsalar da inzibati muxtariyyət haqda dəqiq proqramları yox idi. Onlar ilk vaxtlar Rusiya sosial-demokratlarının mövqeyində dayanırdilar. Hətta Azərbaycan ziyalılarının bəziləri S.M.Əfəndiyev, M.Ə.Əzizbəyov, M,Q.Mövsümov, Ə.Axundov RSDFP-nin üzvü idilər. Lakin M.Ə.Rəsulzadə, M.K.Mirqasımov, M.Hacıyev, A.Kazımov, M.H.Hacınski kimi bir çox qabaqcıl ziyalılar bolşeviklərin inzibati muxtariyyət yaratmaq kimi bəzi müddəalarına rəğbət bəsləsələr də bu partiyaya daxil olmayaraq 1904-cü ilin oktyabrında özlərinin müstəqil milli təşkilatlarını, müsəlman aləmində ilk sosial-demokrat “Hümmət” təşkilatını yaratdılar. Hümmətçilər 1904-cü ilin II yarısından 1905-ci ilin fevralınadək “Hümmət”, 1906-ci ilin dekabrından 1907-ci ilin martınadək “Təkamül”, daha sonra “Yoldaş” qəzetini nəşr etdilər. Bu işə M.Ə.Rəsulzadə, Ə.A.Axundov rəhbərlik edirdi. M.Hacinski, M.Rəsulzadə öz məqalələrində milli vəhdət, öz milli müqəddəratını təyin etmək hüququ uğrunda mübarizədə müsəlman xalqlarının birliyi ideyasını təbliğ edirdilər. Getdikcə tərəfdarları artan “Hümmət” təşkilatının artiq Bakıda deyil, Gəncə, Şuşa, Haxşıvan, Culfa, Tiflisdə , hətta Dağıstanda da şöbələri də fəaliyyət göstərirdi. 1905-ci ilin əvvəllərində Hümmət qrupuna iki bacarıqlı təşkilatçı da qatıldi. Bunlardan biri RSDFP-nin üzvü , təcrübəli inqilabçı olmuş mühəndis M.Əzizbəyov (1870-1918), digəri isə yazıçı və müəllim, eyni zamanda milli burjuaziyanin nümayəndəsi, xeyriyyəçi Z.Tağıyevin köməyilə Odessada tibb təhsili alan N.Nərimanov (1870 1925) idi. M.Rəsulzadənin “Hümmət”də fəaliyyəti təqribən 1909-1910-cu illərə qədər, yəni təqiblərə məruz qalaraq İrana mühacirət etməsinədək davam etdi. 1907-ci ildə Stolıpin irticası dövründə “Hümmət” təqiblərə məruz qaldığı üçün xeyli zəiflədi. N.Nərimanov, M.Sərdarov kimi bəzi liderlər həbs edildi, M.Rəsulzadə, M.Əbilov, D.Bünyadzədə kimi yüzlərlə qrup üzvü İrana sürgün olundu. Buna baxmayaraq 1909-cu ilin dekabr ayında Gəncədə toplaşan bir qrup hümmətçi yenə bir proqram hazırlayaraq söz, mətbuat, dil azadlığı, təhsil azadlığı, 8 saatlıq iş günü, torpağın kəndlilərə paylanması kimi tələblər irəli sürdülər. Lakin partiya zəiflədiyi üçün bu proqramın praktik yararı olmadı və partiya öz fəaliyyətini 1917-ci ilə qədər dayandırdı. Bəzi hümmətçilər isə RSDFP-nin sıralarında çalışmağa başladılar. 1911-ci ildə M.Əzizbəyov bu partiyanin nümayəndəsi kimi Bakı Dumasına seçildi. Azərbaycan sosialistləri milli mətbuatı canlandırmağa çalışaraq “Yoldaş” adlı həftəlik bir mətbu yayınına başlasalar da, 3 nömrədən sonra 1907-ci ilin iyulunda bağlandı. 1911-ci ildə D.Bünyadzadənin redaktorluğu ilə “Bakı” həyatı, daha sonra “Arı” jurnalları nəşr olunmağa başlasa da, onlar da qısa ömürlü oldular. Bunun səbəbi I rus inqilabının məğlubiyyətindən sonra xalqın sosializmə marağının azalması və hökumətin davamlı təqibləri idi.
Daşnakların yüksək səviyyədə təkilatlanmasına qarşı ayrı-ayrılıqda mübarizə aparan azərbaycanlı qruplar rus-erməni anlaşmasına qarşı birgə hərəkət etmək istəyilə 1905-ci ilin payızında Əhmədbəy Ağayevin başçılığı ilə Gəncədə “Difai” adlı təşkilat yaratdılar. “Difai”nin qurulması ilə Gəncə Azərbaycan milli hərəkatının əsas mərkəzinə çevrildi. Bu təşkilatın yeganə məqsədi azərbaycanlılara qarşı edilən haqsızlıqların və təcavüzlərin qarşısını almaq idi. Azərbaycan milli hərəkatının ilk nüvəsini təşkil edən “Difai” təşkilatı əhali arasında yaydığı gizli vərəqələrdə “erməni-müsəlman” qırğınında Rusuyani günahlandırır, ermənilərə havadarlıq edən çar hökumətinə qarşı çıxış edirdi. “Difai” əhali arasında yaydığı intibahnamələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlarda Rusiyanı günahlandırırdı. Beləliklə , Şeyx Şamil üsyanından bəri çarizmin heç bir ciddi müqavimətə rast gəlmədiyi Qafqaz bölgəsində “Difai” təşkilatı əsasən Rusiya imperiyasına qarşı çıxaraq çarlıq üsuli-idarəsi ilə mübarizəyə başladı. Onun ardınca Qafqaz xalqlarının birgə mübarizəsinə yönələn “Sosial Federalist Türk İnqilabi Komitəsi”, daha sonra “Difai”nin qurucuları arasına girəcək olan Rüstəmbəyov Gəncədə “Qeyrət” adlı təşkilat yaratdı. “Sosial Federalist Türk İnqilabi Komitəsi” buraxdığı gizli vərəqələrdə çar hökumətini müsəlmanların hüquqlarıni məhdudlaşdırmaqda, Bakıda millətlərarası toqquşmaların təşkil edilməsində, Qafqazdq köçürmə siyasətini həyata keçirməsində ittiham edirdi. Vərəqələrdə, həmçinin əsarətin ləğv edilməsi, hər bir millətin öz müqəddaratını təyin etmək üçün Qafqaz xalqlarının birliyinə, Federal Qafqaz uğrunda mübarizə aparan bütün qüvvələrin birləşdirilməsinə çağırışlar da öz əksini tapmışdı. Daha sonra bu fikirlər “Qeyrət” təşkilatının ideyalarında da təkrarlandı.
Çarlıq rejimi get-gedə daha dərin böhranlara məruz qaldıqca Azərbaycan liberalları daha sərt bəyənatlar verməyə və Rusiya müsəlmanlarının birgə fəaliyyəti istiqamətində mübarızəsini genişləndirməyə başlamışdı. Bunun nəticəsu olaraq 1905-ci il avqustun 15-də Nijni-Novqorodda I Ümumrusiya Müsəlmanları qurultayı toplandı. Qurultaya Krım, Şımali Qafqaz, Kazan, Ural, Türküstan və Sibirdən 150 nümayəndə qatıldı. Bu qurultayın keçirilməsinə rəsmi icazə alınmadığından nümayəndələr çar hökumətilə münaqişəyə girməmək üçün bir səyahət gəmisində toplanaraq içlaslarını keçirdilər. Konfransa rəhbərliyi Qasprinski, Topçubaşov, R.İbrahimov və sonralar pan-türkizmin liderlərindən birinə çevriləcək Yusif Ağçuraoğlu edirdi. Müzakirələrin əsas mövzusu müsəlman hərəkatının təşkilatlanma məsələsi idi. Müzakirələrin nəticəsi olaraq “Rusiya Müsəlman İttifaqı” və ya qısaca olaraq İttifaq yaradılması qərara alındı. “İttigaqın” qarşısına aşağıdakı vəzifələr qoyulmuşdu:
Ümumrüsiya müsəlmanlarının vahid bir hərəkat daxilində cəmləşməsi;
Millətlərin bərabər təmsil edildiyi Konstitusiyalı Monarxiyanın qurulması;
Ümumrusiya müsəlmanlarının və digər Rusiya xalqlarının qanun qarşısında bərabər hüququnun təmin edilməsi və müsəlmanlara ayrıseçkilik göstərən bütün qanunların ləğv edilməsi;
Müsəlmanların mədəniyyət və təhsil səviyyəsinin inkişaf etdirilməsi.
Bundan başqa qurultay Müsəlman İttifaqına rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaratmaq qərari aldı.Qurultayda Qaspıralı İsmayıl bəyin bütün türk birliklərinin iqtisadi-siyasi və mədəni cəhətdən inkişaf etməsi üçün tədbirlər görülməsi təklifi bütün türk nümayəndələri tərəfindən rəğbətlə qarşılandı.
İttifaqda cəmləşmiş Ümumrusiya siyasi qüvvələri Rusiya Dövlət Dumalarının bütün çağırışlarında müsəlman fraksiyasının əsasını təşkil etdi. Müsəlman parlament fraksiyası qanun layihələrinin işlənməsində, sorğuların hazırlanmasında hər zaman müsəlman qurultaylarının qərar və qətnamələrini rəhbər tuturdu.
1905-ci il dekabrın 4-də Azərbaycan burjuaziyasının kadetlərə rəğbət bəsləyən bir hissəsi İ.Hacıyev, Ə.Topçubaşov, K.SəfərƏliyev və b. Konstitusiyalı Demokratiya (kadet) partiyasının Bakı şöbəsini təşkil etmişdilər. Kadet proqramındakı konstitusiyalı monarxiya çərçivəsində parlament rejimi və digər sosial-iqtisadi islahatlarla bağlı məsələlər Ümumrusiya Müsəlman İttifaqının da proqramına uyğun gəldiyi üçün müsəlman ittifaqı kadet partiyası ilə birləşmək qərarına gəlmişdi. Kadetlərlə ittifaq məsələsi 1906-ci il 13-23 yanvar tarixləri arsında SanktPeterburqda keçirilən II Ümumrusiya Müsəlmanları İttifaqında rəğbətlə qarşılanaraq qəbul edildi.
III Ümumrusiya qurultayı yenə də Nijni-Novqorodda keçirildi və bu qurultay İttifaqın Ümumrusiya Müsəlmanlarını təmsil edəcək bir siyasi partiyaya cevrilməsi kimi mühüm bir qərar qəbul etdi. Kadetlərlə eyni platformada olan İttifaq əlavə olaraq öz proqramına müsəlmanlarla bağlı din bərabərliyi, yerli idarəçilik hüquqlqrinin genişləndirilməsi, yerli dildə təhsil azadlığı və s. məsələlər də daxil etdi.
1905-ci il 17 oktyabr Manifestindən sonra bir qrup Bakı liberalı kadetlərin Bakı şöbəsi ilə sıx əlaqədə olan Konstitusiyalı Müsəlman Partiyası yaratdı. Partiyanın proqramında Zaqafqaziyanin öz məclisinin (Seym) və milli idarəçilik qruplarının olduğu müstəqil bir bölgəyə çevrilməsi ideyası öz əksini tapmışdı. Dövlət Dumaları və Azərbaycanlı deputatların onların işində iştirakı. 17 oktyabr Manifestindən sonra çar hökuməti 1905-ci il dekabrın 11-də Rusiya Dumasına seçkilər haqqında yeni qanunlar qəbul edildiyini və seçki hüquqlarının genişləndiyini bəyan etdi.
Dövlət Duması öz işinə 1906-ci il aprelin 27-də başlamasına baxmayaraq Zaqafqaziyada, o cümlədən Bakı və Yelizavetpol quberniyalarında seçkilər 1906ci il mayın sonları üçün ancaq başa çatdı. Buna görə də I Dumaya seçilmiş 6 müsəlman namizəd –Topçubaşov, Ziyadxanov, Xasməmmədov, M.Əliyev, A.Muradxanov, Haqverdiyev parlament fəaliyyətlərinə gec başlamalı oldular. Azərbaycan deputatları imperiyanin müsəlman ucqarlarının 36 deputatını birləşdirən parlament fraksiyasına daxil oldu. Topçubaşov fraksiyanin bürosuna seçildi. Fraksiya hər bir millətin özünü idarə, muxtariyyət, ümumi icbari təhsil tərəfdarı olan kadetlərlə birgə hərəkət etmək qərarı aldı. Ümumiyyətlə, müsəlman fraksiyasının proqramı konstitusiya əsaslarına dayanaraq torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət , bütün imperiya ərazisində müstəqil vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipindən ibarət idi. Sonrakı dövlət dumalarında olduğu kimi I Dumada da müzakirələrin başlıca mövzusu aqrar məsələ idi. Dumada çıxış edən İ.Ziyadxanov aqrar məsələdə başlıca bəlanı çarizmin köçürmə siyasətində görürdü. İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşma barədə daxili işlər nazirliyinə yönəlmiş sorğu üzrə hazırladığı çıxışında isə İ.Ziyadxanov imperiya daxilindəki siyasi hüquqsuzluqdan narahatlığını bildirib qeyri millətlərə də ruslarla bərabər hüquq verilməsini tələb etdi və öz məruzəsində ali təhsilli azərbaycanlıların dövlət müəssisələrində vəzifə tuta bilməmələri, bəzi ali məktəblərin azərbaycanlı tələbələr üçün bağlı olması məsələlərinə də yer verdi.
Lakin müsəlman ucqarlarının deputatlarının böyük ümidlər bəslədikləri I Dumanın fəaliyyəti yarimçıq dayandırıldı. I Duma cəmi 3 ay fəaliyyət göstərə bildi və 8 iyulda car tərəfindən buraxıldı. Beləlikə də, I Duma çox qısa bir zamanda fəaliyyət göstərdiyi üçün azərbaycanlı vəkillər birada öz varlıqlarını tam olaraq hiss etdirə bilmədilər.
Dumaya seçkilər seçki qanununa edilən dəyişikliklər əsasında 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Lakin Zaqafqaziyadakı yeni seçki qanunları müsəlmanların xeyrinə olmamışdı. II Dumada azərbaycanlıları təmsil edəcək vəkillərin sayı cəmi 5 nəfər oldu: F.Xoyski, X.Xasməmmədov, İ.Tağıyev (milyonçu Z.Tağıyevin oğlu) Z.Zeynalov və “Şərqi Rus” qəzetinin keçmiş redaktoru M.A.Şahtaxtinski. Azərbaycan deputatları müsəlman parlament fraksiyasına , F.Xoyski və X.Xasməmmədov isə onun bürosuna daxil oldular. Fraksiyanin ayrıca kitabca şəklində nəşr olunmuş proqramında vətəndaşların hüquqları müəyyənləşdirilmiş, dövlət və dini quruluş, yerli özünüidarə, məhkəmə, xalq maarifi, maliyyə və dövlət iqtisadiyyatı, aqrar və s. məsələlər üzrə müddəalar şərh olunmuşdu. Bunlardan başqa, müsəlman fraksiyası dumada qadınların hüquq bərabərliyi, seçki hüququ barədə də məsələ qaldırdı. Lakin 1907-ci il 3 iyulda II Dumanin da buraxılması ilə müsəlman xalqlarının hüquqlarının müdafiəsi üçün dumaya bağlanan ümidlər yenə də boşa çıxdı.
Dumaya seçkilər haqda yeni qanun Rusiya milli ucqarlarının dumaya nümayəndə göndərmək hüququnu daha da məhdudlaşdırdi. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin əvvəlki dumaya 3 nümayəndə göndərmək hüququ var idisə, indi bütün bu quberniyalar birlikdə ancaq 2 nümayəndə seçə bilərdi. Nəticədə dumalar içərisində ən mühafizəkar olan III Dumada Zaqafqaziyanın müsəlman əhalisi tək bir nümayəndə -Xəlil bəy Xasməmmədovla təmsil edildi. III Dumada da Rusiya imperiyasını müsəlman ucarlarından olan deputatları
(8 nəfər) vahid parlament fraksiyasında birləşdilər.Fraksiya ana dili, ibtidai təhsil, Qafqazda zemstvo idarələrinin təsis edilməsi, vətəndaş və siyasi azadlıqlar, köçürmə məsələsinin qaydaya salınması kimi vacib məsələlərə münasibətini bildirilirdi.