Müharibə illərində Azərbaycan sənayesinin vəziyyəti. Zaqafqaziyanın əvvəllcə hərbi əməliyyatlar meydanına, sonra isə cəbhəyanı bölgəyə cevrilməsi bölgənin iqtisadi həyatına xeyli təsir göstərdi. Mərkəzi Rusiya ilə əlaqələri pozulan bölgənin ərzaqla təminatı xeyli mürəkkəbləşmişdi. Qara dəniz limanlarının bağlanması və neft məhsularının ixracının dayanması nəticəsində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi vəziyyəti daha da ağırlaşdırmışdı.
Cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycan sənayesi müharibənin dağıdıcı təsirini Rusiyanin digər arxa rayonlarına nisbətən daha güclü şəkildə hiss edirdi. Müharibə əmtəə dövriyyəsini, nəqliyyat işini pozmuş, sənaye xammalı və avadanlığı idxalını məhdudlaşdırmışdı. Həm Rusiyanin sənaye rayonları, həm də Zaqafqaziyanin ayrı-ayrı hissələri ilə əlaqələri kəsilmişdi.
I Dünya müharibəsi çar Rusiyasından iqtisadiyyatını yenidən qurmağı, təssərrüfatın ağırlıq mərkəzini müdafiə sənayesinə köçürməyi tələb edirdi. Lakin Rusiya ilk dəfə olaraq ölkənin iqtisadi həyatını planlaşdıraraq idarə etməyə,yəni müharibə dövründə bir çox dövlətlərin iqtisadi siyasətində tətbiq edilən iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə cəhd etsə də, burjuaziyanin müharibədən qazanc götürmək üçün öz müəssisələrini hərbi məhsul istehsalına keçirməsinin qarşısını ala bilmədi.
Təbii ki, müharibə illərində neft tələbatının ödənilməsi birinci dərəcəli vəzifə idi. 1915-ci ilin iyulunda keçirilən Müdafiə üzrə xüsusi müşavirədə neft sənayesi dövlət əhəmiyyətli bir sahə kimi qiymətləndirildi. Neftdən partlayıcı maddələr (toluol, benzol) habelə yağlar, aviasiya benzini və digər məhsullar emal etmək məsələsi xüsusi yer tuturdu. Hökumət neft emalı zavodlarının tikilməsi, avdanlıqla təchiz edilməsi üçün 1 mln. man. pul ayırdı. Neft sənayeçiləri yüksək enerjili zavodların tikilməsinə başladılar. Artıq 1916-ci ilin əvvəlində “Nobel qardaşları” şirkəti ayliq istehsal gücü 5-6 min pud olan birinci toluol zavodunu tikdirdi.
Lakin bu dövrdə neft sənayesində meharibə şəraiti ilə bağlı olaraq tələb olunan avadanlığın vaxtında çatdırılmaması, nəqliyyat işinin pozulması və s. kimi bir sıra problemlər var idi. Bunula əlaqədar olaraq neft hasilatı işləri xeyli aşağı düşmüşdü. Müharibə illərində çıxarılan neftin hamısını hökumət alırdı. Azərbaycan neft sənayeçiləri bu durumdan mənfəətlə istifadə edərək müharibə illərində neftin qiymətini artırır və qiymətlərin yüksək qalmasını təmin etmək üçün onun istehsalını məhdudlaşdırırdı.
Neft emalı sahəsinin də avadanlıqlarla təminatının pisləşməsi nəticəsində bu sahədə texniki gerilik müşahidə olunurdu. Nəticədə çıxarılan neftin hamısını emal etmək olmurdu. 1917-ci ildə çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal etmək mümkün olmuşdu.
Müharibə illərində bir çox müəssisələr dövlət tərəfindən verilən hərbi sifarişləri yerinə yetirirdi. Məsələn, 1915-ci ilin əvvəllərindən Bakı hərbi-sənaye komitəsinin çuqun mərmilər, fuqas qumbaraları və mina hazırlayan zavodu, “Nobel qardaşları” şirkətinin benzin istehsalı zavodu , habelə Z.Tağıyevin bez və parusin istehsal edən səhmdar cəmiyyəti ilk növbədə cəbhəni zəruri mallarla təmin edən müəssisələr sırasına daxil edilmişdilər. Lakin bu tədbirlərə baxmayaraq car hökumətinin iqtisadiyyatı dövlət tərəfindən tənzimləmək, möhkəm hərbi təsərrüfat yaratmaq, bahalığın qarşısını almaq səyləri baş tutmadı. Bu iqtisadiyyatın ən mühüm sahələrinin böhranına gətirib çıxardı.
Ümumi təsərrüfat dağınıqlığı Azərbaycanın digər təsərrüfat sahələrində də özünü göstərirdi. Dağ-mədən, ipəkcilik və b. sənaye sahələrində də geriləmə müşahidə olunurdu. Gədəbəydə mis filizinin çıxarilması 1913-cü ildəki 1,8 mln. puddan 1914-cü ildə 892,2 min puda, 1915-ci ildə isə 105 min puda, mis emalı isə bu dövrdə 49,7 min puddan 2.5 min puda enmişdi. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan coxu barama çatışmaması üzündən işləmirdi.
Bir çox digər sahələr də məhdudlaşmaqda davam edirdi. Pambıq parça istehsalı azalmışdı. 1917-ci ildə Azərbaycanın tütün fabriklərinin istehsal gücü cəmi 30% idi . Balıqçılıq sənayesində də göstəricilər aşağı enmişdi. 1910-1912-ci illərlə müqayisədə 11,6 min puddan 7,2 min puda enmişdi.