Tarixi-genetik metod tarixi tədqiqatlarda ən geniş istifadə olunan metoddur. Bu metod tədqiq olunan obyektiv tarixi reallığın xüsusiyyətlərinin, funksiyalarının və dəyişikliklərinin tarixi dinamikada araşdırılmasını nəzərdə tutur. Elmi təfəkkürün ən geniş yayılmış tətbiqi metodlarından biri tarixi-müqayisəli metoddur. Bu metoddan demək olar ki, bütün tarixi tədqiqatlarda istifadə olunur. İctimai-tarixi inkişafın təkrarlanması və daxilən müəyyənləşmiş qanunauyğun proses olması tarixi-müqayisəli metodun əsasını təşkil edir. Tədqiq edilən tarixi obyekt haqqında bütün məlumatların toplanması və bu məlumatların sistemləşdirilməsi tarixi-müqayisəli metodun tətbiqinə şərait yaradır. Tarixi-tipoloji metodun obyektiv əsasını ictimai-tarixi inkişafda bir-biri ilə qarşılıqlı əlaqədə olan tək, xüsusi və ümumi cəhətlərin mövcudluğu təşkil edir. Çox zaman tədqiqatçılar bütün tarixi proses və hadisələrin daxili mahiyyətini şərtləndirən ümumi xüsusiyyətlərin aşkarlanmasına daha çox üstünlük verirlər. Tarixi-sistemli metod tədqiq edilən ob-yektiv tarixi reallığın nisbətən tam əhatə olunmasına, onun daxili fəaliyyət mexanizminin araşdırılmasına imkan verir və onun əsasını tarixi inkişafda vahid, xüsusi və ümuminin birliyi prinsipi təşkil edir.
“Azərbaycan tarixi” fənninin öyrənilməsi zamanı həmçinin, riyazi metodlardan, ekstrapolyasiya, ümumiləşdirmə və sair metodlardan da istifadə edilir.
§ 2. Azərbaycan adının mənşəyi haqqında
Hansısa bir ölkənin ona ən qədim zamanlardan verilən adı bugünümüzədək qoruyub saxlaya bilməsi nadir hadisələrindəndir. Azərbaycan ərazilərində mövcud olan dövlətlərin adları müxtəlif amillər əsasında yaranırdı. Bu amillər sırasında etnosun və ya şəxsin adı, ərazinin coğrafi xüsusiyyəti kimi amillər daha çox rol oynamışdır. Məsələn, Azərbaycan ərazisində - Urmiya gölünün cənub və cənubşərqində e.ə.III minilliyin birinci yarısında Aratta dövləti mövcud olmuşdur. “Aratta” ölkəsinin adı sadəcə “dağ”, “dağlıq ölkə” mənasını verirdi və göründüyü kimi, ölkənin adı ərazisinin coğrafi xüsusiyyəti – dağlıq olması ilə bağlı idi.
E.ə.III minilliyin ikinci yarısına aid Şumer–Akkad mənbələrində Urmiya gölünün cənubunda Lullubinin və gölün qərb ətrafında Kutium dövlətlərinin adı çəkilmişdir. Heç şübhəsiz Cənubi Azərbaycan ərazilərində mövcud olan bu dövlətlərin adı etnik amillə, yəni bu dövlətləri yaradan tayfaların adı ilə bağlı olmuşdur. E.ə.II minillikdə də Azərbaycan ərazilərində mövcud olan ölkələrin adları tayfa adları ilə əlaqəli olmuşdur. Belə ki, Urmiyadan cənub və cənub-şərq torpaqlar (keçmiş – Aratta) turukki tayfalarının adından Turukkum adlanırdı.
E.ə.I minillikdə Azərbaycan torpaqları haqqında ən qiymətli məlumatlara Assuriya mixi yazılarında rast gəlinir. Assuriya mənbələrində Urmiya gölündən şimal və şimal-şərq ərazilər “mannalıların ölkəsi” və yaxud “Manna” adlandırılır. Urmiyadan cənub və cənub-şərq ərazilər – Alateye ölkəsi kimi verilir. Manna Midiyanın əsarətinə düşdükdən sonra “Manna” adına tarixi mənbələrdə rast gəlinmir və keçmiş Manna əraziləri “Şimali Midiya” və yaxud “Kiçik Midiya” kimi göstərilir ki, bu da əvvəlcə Midiya, daha sonra Əhəməni çarlarının apardığı işğalçılıq siyasətinin nəticəsi idi.
E.ə.II əsrdən Polibi Azərbaycanın cənub hissəsini “Artabazanın vilayəti” adlandırmışdır ki, bu da şübhəsiz hökmdarın adı ilə bağlı idi. Lakin bu ad geniş yayılmadı, tarixdən silindi. Nəhayət, e.ə.I əsrdə yunan coğrafiyaçısı Strabon Plininin
“Artabazan ölkəsi” adlandırdığı əraziləri Atropatena kimi adlandırmışdır. Erkən orta əsrlərdə indiki Cənubi Azərbaycan əraziləri Suriya və Bizans mənbələrində - Adorbiqan, Adarbaqan, fars mənbələrində - Aturpatakan, Adurbadaqan, Azərbayqan; ərəb mənbələrində - Adirbican, Azərbican və nəhayət Azərbaycan kimi formalarda göstərilmişdir.
Beləliklə, bu gün “Azərbaycan” adının mənşəyi barədə əsas iki baxış mövcuddur. Bəzi müəlliflər “Azərbaycan” adının mənşəyini sərkərdə Atropatın adı ilə, yəni şəxsi amillə bağlayır; bəziləri isə “Azərbaycan” adının coğrafi amillə, yəni yerin xüsusiyyətləri ilə bağlılığını təsbit etməyə çalışırlar.
Strabonun xalq rəvayətinə əsaslanan məlumatına görə Əhəmənilər dövründə
Atropat adlı canişin “Kiçik Midiya” vilayətini (keçmiş Manna ərazisini) idarə etmiş, e.ə. 331-ci ilin Qavqamel döyüşündə III Daranın qoşunlarında Makedoniyalı İskəndərə qarşı vuruşmuş, əsir düşmüş və İskəndər tərəfindən bağışlanaraq Şimali Midiya satraplığının canişini təyin olunmuşdur. E.ə. 323-cü ildə İskəndərin ölümündən sonra idarə etdiyi ərazilərdə müstəqil dövlət qurmuş və bu dövlət Atropatın adı ilə Atropatena adlanmışdır. Atropatena adından isə Azərbaycan adı yaranmışdır.
Başqa bir yanaşmaya görə isə “Azərbaycan” adının etimologiyası türk toponimikasında “yüksəklik”, “təpəlik, təpəli dağ ətəyi, dağ silsiləsi” mənasını verən “adır” sözü ilə bağlıdır. Məlumdur ki, Cənubi Azərbaycanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Təsadüfi deyil ki, hələ qədim dövlətlərin – Arattanın, Alateyenın adları “dağ”, “dağlıq ölkə” məfhumu ilə bağlı olmuşdur. E.ə. XIII-VII əsrlərə aid mixi yazılarda, Manna ilə Midiyanın sərhəd hissəsində, Qızıl Üzən çayının cənub-qərb mənbəyində Andarpatian adlı vilayət mövcud olmuşdur ki, o da Mannanın tərkibinə daxil idi. Andarpatian adını Azərbaycan adının sonrakı Adərbadqan, Azərbayqan, Adirbican, Azirbican və Azərbaycan formalarının başlanğıcı hesab etmək olar.
Beləliklə, mixi mənbələrdəki Andarpatian və yaxud Adərpayqan vilayət adını “Azərbaycan” adının ən qədim və ilkin forması kimi qəbul etmək olar. Mannanın bir vilayətinə şamil edilən bu ad tədricən eyni coğrafi mənzərəni əks etdirən şimal ərazilərə də şamil edilmiş böyük bir ərazini bildirən ölkə adına çevrilmişdir. Sonralar, Atropatın dövründə ölkənin adı onun adına uyğunlaşdırılaraq antik yazılı mənbələrə Atropatena kimi düşmüşdür.
Məlumdur ki, coğrafi adın tətbiqi zamanı onun arealının genişlənməsi baş
verə bilər. Belə ki, bugünkü İranın mərkəzi ərazilərində yaranan Midiya dövlətinin adı sonralar onun tərkibinə qatılmış başqa ərazilərə də şamil olunmuşdur və yaxud Albaniyanın kiçik bir vilayəti olan Girdimanın adı sonralar bütöv bir dövlətə aid edilmişdir.
Zaman keçdikcə “Azərbaycan” məfhumunun da həm coğrafi, həm də siyasi tətbiq dairəsi genişlənmiş və artıq erkən orta əsrlərdə (V əsrdən başlayaraq) Azərbaycan deyəndə yalnız Arazdan cənuba deyil, həmçinin Arazdan şimala Dərbəndə qədər ərazilər nəzərdə tutulurdu. Belə ki, ərəb müəllifi Əbu Cəfər Məhəmməd ibnCərir ət-Təbəri “Tarix ər-Rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərində yazır ki, Sasani hökmdarı I Xosrov Ən-Nuşirəvanın (531-579-cu illər) zamanında Sasanilər imperiyası dörd canişinliyə bölünmüşdü və onların dördüncüsü Azərbaycan (Adurbadağan) canişinliyi “Xəzərlərin ölkəsinə” qədər uzanırdı. Xəzər xaqanlığı Dərbənddən şimalda yerləşirdi və Təbərinin yazdığından görünür ki, Dərbəndə qədər ərazilər VI əsrin əvvəllərindən artıq Azərbaycan adlanırdı. Dərbəndin qala divarlarına sasanilərin Azərbaycandakı mərzbanı tərəfindən 553-cü ildə pəhləvi dialektində həkk etdirilmiş “Adurbadağanın vergi toplayanı Bərzinş” yazısından da məlum olur ki, o vaxt Azərbaycanın şimal sərhəddi Dərbəndə çatırdı. Eləcə də X əsr fars tarixçisi Əbu-Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd əl-Bələmi özünün “Tərcümeyi tarix-i Təbəri” əsərində aydın surətdə yazır: “Azərbaycannın hüdudunun başlanğıcını Əbhər və Zəncan daxil olmaqla Həmədan, axırını isə xəzərlərin Dərbəndindən götürürlər və bu aralıqda olan bütün on-on iki şəhəri Azərbaycan adlandırırlar”. Beləliklə, erkən orta əsrlərdə Azərbaycan şimalda Dərbəndə, cənubda Qəzvin, Zəncana və Həmədana kimi, qərbdə İrəvan, Göycə mahalı və Tiflisə qədərki ərazilər daxil olmaqla geniş bir ərazini əhatə edirdi.