Qədim Yunan müəllifləri qonşuluqda yerləşən Şərq aləmi ilə dərindən maraqlanmış və bu regionda mövcud olan dövlətlər, tayfalar haqqında müxtəlif məlumatlar toplamış və kitablarında əks etdirmişlər. Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi, siyasi vəziyyəti haqqında ən geniş məlumatlar e.ə.V əsrdə yaşamış qədim yunan tarixçisi Heradotun "Tarix" əsərində verilmişdir. Şübhəsiz, Heradotun dövründə Şərqdə yerləşən dövlətlərin, tayfa birliklərinin tarixinə maraq əsrlərlə davam edən yunan - İran qarşıdurmasından irəli gəlmişdir: müharibələr yunan cəmiyyətində öz rəqibləri haqqında daha ətraflı məlumata malik olmaq zərurəti yaratmışdır.
E.ə.IV əsrin 30-cu illərində Makedoniyalı İskəndərin Şərqə uğurlu yürüşlərindən sonra bu regionun dərindən öyrənilməsinə maraq daha da artdı və bu proses sonrakı əsrlərdə də davam etmişdir. Antik dövrdə qədim yunan, Roma tarixçiləri, coğrafiyaçıları Strabon, Ptolemey, Pekini, Arrian, Kursi Ruf, Ammian Marselin, Tassit, Yuli Solin, Ksenofont və başqaları Şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azərbaycanın coğrafiyası, əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr və s. barədə məlumatlar vermişlər.
Orta əsr yazılı qaynaqları (IV-XVIII əsrlər). Erkən orta əsrlərdə (IV-X
əsrlər) Azərbaycan tarixinin yazılı mənbələri daha da genişlənmişdir. Bu dövrdə Azərbaycan tarixinə aid müfəssəl məlumatlar Bizans, qədim Alban, erməni və ərəb mənbələrində verilir.
Bizanslı müəlliflərin əsərlərində (Menandr, Prokopiy, Aqafi, Simokatta, İordan və başqaları) erkən orta əsrlərdə baş verən ictimai-siyasi hadisələr haqqında məlumatlar verilir. Xüsusən, hunların və sair türk mənşəli tayfaların Cənubi Qafqazda məskunlaşması, onların məşğuliyyəti, dini, inancları, dili və etnik adları haqqında məlumatlar bu mənbələrdə geniş yer almışdır.
Qədim Alban mənbələrindən ən qiymətlisi alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsəridir. Musa Kalankatlı VII əsrin sonu – VIII əsrin əvvəllərində yaşamış, “Alban tarixi”nin I və II kitablarını yazmışdır. Əsərin III və IV kitabları isə onun tələbələri tərəfindən kitaba əlavə edilmişdir. “Alban tarixi”ndə Azərbaycan ərazilərində İncil tarixindən X əsrin sonuna qədərki dövrdə baş verən hadisələr haqqında məlumatlar verilir.
Dostları ilə paylaş: |