Ərəb qaynaqlarında Azərbaycan haqqında verilən məlumatlar xronoloji baxımdan VII əsrdən başlayır. Ərəb müəlliflərinin əsərlərini (Bəlazuri, İbn Xordadbeh, İbn Havgəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) fərqləndirən başlıca cəhət onlarda Azərbaycan haqqında daha müfəssəl məlumatların əks olunmasıdır. Bu mənbələrdə Azərbaycanın şəhərləri, əhalisi, əhalinin dili, dini, etnik mənsubiyyəti, siyasi hadisələr və sairə haqqında çox geniş bilgilər verilir. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud mülahizələr əks olunmuş, Azərbaycanın tarixən qədim zamanlardan türklər ölkəsi olduğu göstərilmişdir.
Orta əsr yazılı qaynaqları (XI-XVIII əsrlər). Bu dövrün ərəb, fars və türkdilli qaynaqlarında Azərbaycan tarixinə aid qiymətli məlumatlar əks olunmuşdur. Ərəb müəlliflərindən İbn Əl-Əsir Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatlar qeydə almışdır. Həmdullah Qəzvini orta əsr Azərbaycan şəhərləri, dağları, çayları və təbii sərvətləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti barədə məlumat verir. Fəzlullah Rəşidəddin də əsərlərində, Hülakilər dövləti dövründə
Azərbaycanın iqtisadi, siyasi, demoqrafiq məsələlərini işıqlandırmışdır. Sədrəddin Hüseyninin əsəri isə Səlcuq sülaləsinə, səlcuqların Azərbaycana yürüşləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. Əslən Bakıdan olan Rəşid Əl-Bakuvinin əsərlərində Azərbaycanın coğrafi şəraiti və əhalisi haqqında qiymətli məlumatlar verilir.
Orta əsrlərdə yazıb yaratmış Cuveyni, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Ən-Nəsəvi, Xondəmir (Qiyasəddin Hüseynli), Mir Yəhya Qəzvini, Şərəfxan Bitlisi, İskəndər Münşi, Hüseyn Bürhan, Mirzəbəy Həsən Hüseynli, Məhəmməd Tahir, Əylisli Zəkəriyyə, Mustafa Əfəndi, Övliya Çələbi və sair müəlliflərin yazdığı əsərlərdə də Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair fraqmentar məlumatlar verilmişdir.
Orta əsr yazılı mənbələrinin bir qismini avropalı müəlliflərin əsərləri təşkil edir. Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Yan Şardın, Kempfer, J.Lerx, Tomas Herbert, Jan Batist Tavernye, Rafael dü Man və başqalarının əsərlərində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına dair müxtəlif məlumatlar yer almışdır.
Dostları ilə paylaş: |