§ 1. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri. Azərbaycanın Cənub xanlıqları.
§ 2. Azərbaycanın Şimal xanlıqları 2.1.Şəki xanlığı. 2.2.Quba xanlığı. 2.3.Qarabağ xanlığı. § 3. XVIII Əsr Azərbaycan-Rusiya Münasibətləri 1.Xanlıqların Rusiya ilə münasibətləri. Ağa Məhəmməd Qacarın Azərbaycana yürüşləri.
XVIII əsrin 90-cı illərində Azərbaycan Rusiya münasibətləri. § 4. Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı
§ 1. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri
Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri Səfəvi dövlətinin süqutu və dövlətin iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi. Bu isə natural təsərrüfatın hökm sürdüyü feodalizm cəmiyyətinin təbiətindən doğurdu. Böyük coğrafı kəşflərdən sonra dünya ticarət yolları öz istiqamətini dəyişdi, vaxtı ilə ticarət yollarının düyün nöqtəsi olan İran və Zaqafqaziya indi kənarda qalmışdır. Şəhərlərdə xarici ticarətin tənəzzülə uğraması feodalları və şah xəzinəsinin gəlirinin azalmasına səbəb olmuşdur. Xanlıqların meydana çıxmasının iqtisadi amillərindən danışarkən Azərbaycan şəhərləri ilə Rusiya arasında ticarət əlaqələrinin genişləndiyini qeyd etməliyik. Bunun nəticəsində Azərbaycan şəhərləri - Bakı, Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla əlaqələri zəifləmişdir. Şəhərlərin iqtisadi cəhətdən zəif olmalarına baxmayaraq ayrı-ayrı xanlıqların mərkəzlərinə çevrilirlər.
Xanlıqların meydana çıxmasında və bu prosesin sürətlənməsində xalq kütlələrinin azadlıq mübarizəsi mühüm rol oynamışdır. XVIII əsrin əvvəllərində Səfəvi dövlətinə zorla birləşdirilmiş xalqların azadlıq mübarizəsi şiddətlənir. A.Volınski yazır ki, Səfəvi dövlətindən çox az yer tapmaq olar ki, orada hökumətə qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir zülmünə qarşı üsyanlar daha kəskin xarakter almışdır. Xoy, Şəki və Şirvanda baş verən üsyanlar xüsusi ilə qeyd edilməlidir.
Xanlıqların meydana gəlməsində beynəlxalq şərait də müəyyən rol oynamışdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində İran və ona daxil olan ölkələrdə iqtisadi və siyasi böhran dərinləşdiyi halda, Qərbi Avropa dövlətləri, həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya digər dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və onlar arasında kəskin mübarizə gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək üçün ayrı-ayrı Azərbaycan xanlarına müstəqillik verməyi vəd edirdi. Ona görə də bir sıra xanlar rus çarına məktublarla müraciət edirdilər. Belə bir vəziyyət xanlıqların müstəqil yaşamalarına şərait yaradırdı.
Azərbaycanda feodal dağınıqlığı - xanlıqların yaranması ümumiyyətlə mənfı hal olub, ölkənin birliyini parçalayır, xarici düşmənlərə qarşı mübarizəni zəiflədirdi. Lakin ayrı-ayrı xanlıqların yeritdiyi siyasət nəticəsində müəyyən ərazidə iqtisadi inkişaf baş verirdi. Xanlıqların mərkəzi olan şəhərlər iqtisadi və mədəni mərkəzlərə çevrilirdi.
XVIII əsrin ortalarında Azərbaycan Əfşar əsarətindən azad olduqdan sonra onun ərazisində 19 xanlıq yarandı. Onların 11-i Azərbaycanın şimalında; -Şəki, Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə, Dərbənd, Naxçıvan, Salyan, Lənkəran, Cavad; 8-i isə Azərbaycanın cənubunda - Təbriz, Urmiyə, Xoy, Qaradağ, Marağa, Ərdəbil, Sərab,
Maku yaranmışdır. Qarabağ xanlığına tabe olan 5 malik: Vərəndə, Gülüstan, Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən Camaatı, 5 sultanlıq; - Şəki xanlığına tabe olan İlisu, Qəbələ, Ərəş və müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe olan Qazax, Şəmsəddil əmələ gəldi.