1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbaycandan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSR-in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdir.
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üsyançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın 31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyançılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin adasında güllələndi.
Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyunun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerləşən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı piyada alayları, 2 topçu diviziyası təşkil edirdi. İlk hərbi toqquşma Ehsan xan Naxçıvanskinin komandanlıq etdiyi Şəki alayı arasında olmuşdu. Bu döyüşdə Naxçıvanski və onu müşaiyət edən bir qrup hərbiçi ələ keçirilib XI Qırmızı ordu qərargahında güllələndilər. Qarabağ üsyanı amansızlıqla yatirildi.
Dostları ilə paylaş: |