1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir. 1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Naxçıvan barədə 1922-ci ilin yazındatəsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adıilə Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR kimi daxil oldu.