4. Azərbaycan Respublikası dünya birliyində. Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabərhüquqlu dövləti kimi beynəlxalq və regional təşkilat və qurumlarda təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi. O, 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə (1994-cü ildən ATƏT), fevralında İran, Türkiyə və Pakistanın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına, martında BMT-yə, NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avropa-Atlantika Tərəfdaşlıq Şurası-(AATŞ)), noyabrında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında MDB-yə (Müstəqil Dövlətlər Birliyi), 1995-ci ilin iyununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, 1997-ci ilin noyabrında özunun təşəbüsü ilə təsis olunmuş QUAM-a qəbul olunmuşdu. Mühüm əhəmiyyətli bir hadisə-Avropa Şurasının Nazirlər Komitəsinin 2001-ci ilin yanvar ayının 17-də keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının iqamətgahı qarşısında ölkəmizin dövlət bayrağı qaldırıldı. Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyəti AŞ Parlament Assambleyasının (AŞPA) sessiyalarında, müxtəlif səviyyəli məclislərində böyük siyasi və diplomatik fəaliyyət göstərir. AŞ PA-nın 2001-ci il sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu sənədin əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan azad olunmaq üçün hər bir vasitəyə əl atmasına haqq verən beynəlxalq hüquqi sənəddir. Azərbaycan parlamentarilərinin Avropa Şurasında əldə olunmuş ən böyük nailiyyətlərdən biri də, 2003-cü ilin yanvar sessiyasında İ.Əliyevin yekdilliklə AŞPA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İ.Əliyev Azərbaycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər orqanlarına seçilən ilk siyasətçidir. İ.Əliyev AŞ PA-nın sessiyalarında dəfələrlə Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə də, digər Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini ifşa etmişdir, Ermənistanın işğalçı olduğunu faktlarla əsaslan-dırmışdır.
Azərbaycan dövlətinin xarici siyasət sahəsində fəaliyyətin əsas istiqamətlərindən birini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə təşkil edir. Təəssüf ki, işğalçı Ermənistana qarşı beynəlxalq birliyin bitərəf mövqe tutması, BMT və ATƏT kimi qurumların öz təklif və qətnamələrini (822, 853, 874, 884) həyata keçirmək üçün təsirli tədbirlər görməməsi səbəbindən əməli nəticə vermir. H.Əliyev dəfələrlə bildirmişdir ki, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin sülh imkanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya bilər. Güclü orduya malik olan Azərbaycan dövləti buna qadirdir. ABŞ Ki-Uest şəhərindəki danışıqlarda H.Əliyev təcrübəli diplomat kimi Azərbaycanın milli mənafelərini ləyaqətlə təmsil və müdafiə etmişdir. Məhz onun qətiyyətli mövqeyi sayəsində Ki-Üest danışıqları zamanı ABŞ Dövlət Departamenti gec də olsa, Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır. H.Əliyevin Ki-Uest bəyanatı mühüm tarixi sənəddir. Azərbaycan diplomatiyasının səyləri nəticəsində Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya olunur. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açılmışdır. Qonşu İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaşmışdır. NATO ilə fərdi tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur. ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir. 2 ildir ki, ABŞ Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırmağa müvəffəq olunmuşdur. Bu ölkəmizə maliyyə yardımı ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək deməkdir. 2002-ci ilin martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə qoyduğu qadağan da ləğv olunmuşdur.
Azərbaycanın NATO ilə tərəfdaşlıq proqramının genişlənməsinin nəticəsidir ki, onun 2002-ci ilin noyabrında keçirilmiş Praqa sammitində ölkəmiz NATO Parlament Assambleyasının Assosiativ Üzvlüyünə qəbul olunmuşdur. Azərbaycan dövləti Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna ilə fəal siyasi, iqtisadi əlaqələr saxlayır, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında, bir çox beynəlxalq və regional problemlərin həllində strateji tərəfdaş kimi çıxış edir. Memarı Ulu öndərimiz H.Əliyevin olduğu yeni neft strategiyası daha da inkişaf etdirilmiş, Xəzər neft və qazının Avropaya öturulməsinin yeni: Türkiyə-Yunanıstan-İtaliya, Odessa-Brodi-Platsk-Qdansk, Nabukko “Cənub axını” və digər boru kəmərlərinin reallaçdırılması üçün marağı olan dövlətlər arasında danışıqların aparılmasına başlanılmışdır. “Qərb-Şərq” proqramının həyata keçirilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi gerçəkliyə çevrilməkdədir. Prezident İlham Əliyev Ermənistanın işğalçı olması faktının BMT Təhlukəsizlik Şurasının və Avropa Şurasının sənədlərində ilk dəfə əks etdirilməsinə nail olmuş, 2008-ci il noyabrın 2-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı RF, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva Bəyənnaməsinə imza atmışdır. 2009-cu ildə Ermənistan prezidenti ilə 9 görüşdə, 2010-cu il yanvarın 25-də Soçidə, 2011-ci ildə Praqada, 2013-cü il noyabrın 19-da Vyanada, 2014-cü il avqustun 11-də Soçidə, 2014-cü il 27 oktyabrda Parisdə keçirilən və başqa görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə uyğun olaraq dövlətin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olunması tələbi Azərbaycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir.
Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin 2002-ci il aprelin 30-da keçirilmiş Trabzon zirvə görüşündə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş imzalanmışdır. Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair 2001-ci ilin yanvarında Azərbaycan Respublikası ilə RF arasında, noyabrında isə Qazaxıstan arasında bağlanmış sazişlər buna sübutdur. 2002-ci ilin aprelin 23-də Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair keçirilmiş zirvə toplantısında da müəyyən irəliləyişlər olsa da, İranın və Türkmənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutması səbəbindən konkret nəticə əldə edilməmişdir. Hazırda Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət münasibətləri qurmuşdur. Ticarət əlaqələrinin 80%-dən çoxu İtaliya, Rusiya, İngiltərə, Türkiyə, ABŞ, Türkmənistan, Almaniya, Yu-nanıstan, Qazaxıstan, İsrail, Fransa, Yaponiya, Malayziya və İran dövlətlərinin payına düşür.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci ilin yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının ona verilmiş səlahiyyətləri layiqincə yerinə yetirmişdir. 2014-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda dövlətimizin layiqli təmsilçisi kimi iştirak etmişdir.
Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində öz mövqelərini daha da möhkəmləndirmiş, yeni müttəfiq ölkələr qazanmış, beynəlxalq və regional təşkilatlarda iştirakını, onlarla əməkdaşlığını daha da intensivləşdirmiş, inkişaf sürətinə, iqtisadi potensialına görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. O, dünya birliyinin sayılan dövlətlərindən biri olmuşdur.
Dostları ilə paylaş: |