Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində (Şəmkir-Qazax bölgəsi) Mehranilər sülaləsinin hökmranlığı yaranmışdır. Dövlətin mərkəzi Partav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xosrovun qohumu Mehran (570-590) olmuşdur. II Xosrovun atasının ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vilayətinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi. Bundan ehtiyatlanan II Xosrov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini verir. Mehran Girdiman vilayətində Mehrəvan şəhərini saldırdı. Girdiman vilayətində VI əsrin 70-ci illərində türk mənşəli Sabir tayfaları məskunlaşmışdılar. Mehran sabir türklərinin nəslindən idi. 591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə əsasən Girdiman vilayəti Sasanilərin hakimiyyəti altında qalmışdı. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bütün Girdiman vilayətinə sahib çıxdı. Onun nəticəsi Vardanın (600-615) nəvəsi Varaz Qriqor (630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü. Varaz Qriqorun oğlu Cavanşir (642-681) ilk dövrdə Sasani şahı III Yezdəgerdə tabe idi və ərəblərə qarşı vuruşurdu. 651-ci ildə Sasani dövlətinə Ərəb xilafəti son qoydu. Cavanşir Bizans imperatoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına və “Hun darvazalarına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə çevrildi. Bu dövrdə Xəzər türklərinin Albaniyaya təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqanının qızı ilə evləndi. Cavanşir cənubdan gələn təhlükəni Albaniyadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün Ərəb xilafətinin asılılığına keçdi.