İslam dininin yayılması. Ərəblər əhali ilə mülayim rəftar etməyə və lazım gəldikdə onlara güzəştə getməyə, adamları şikəst etməməyə, qocaları, uşaqları və qadınları öldürməməyə, əhalinin adət-ənənələrinə toxunmamağa göstəriş vermişdilər. Bununla da əhalidə ərəblərə qarşı münasibət mülayimləşdi. Xilafətin topladığı vergi və töycülər Sasani imperiyasındakından qat-qat az idi. Azərbaycanda İslam dininin yayılması siyasi sabitlik və milli birlik üçün təminat verə bilər, belə ki, yeni din humanist, ümidverici, obyektiv və ədalətli idi. İslam qanunları və ehkamları adamları pis əməllərdən çəkindirir, qəlbləri paklaşdırır, onlarda yüksək hisslər və vərdişlər yaradırdı. Başqasının əməyinə və sərvətinə göz dikməməyə, kimsəsizlərə, şikəstlərə, əlacsızlara yardım əli uzatmağa, paxıllıqdan, xudpəsəndlikdən, lovğalıqdan uzaq olmağa çağırırdı. İslam dini Azərbaycanın cənub hissəsində, Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda, xüsusilə şəhərlərdə nisbətən sürətlə yayıldı. Təkcə xristianların məskunlaşdığı dağlıq və dağətəyi ərazilərdə yeni dinə müqavimət güclü idi. Digər tərəfdən xristianlar da vahid allaha inandıqlarına və “əhli-kitab” olduqlarına görə ərəblər onları təqib etmirdilər. Azərbaycanda İslam dininin yayılması xalqın mənəvi inkişafı üçün əsas oldu, mədəni yüksəlişinə təkan verdi.
Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq müharibəsi. VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı mübarizə kəskinləşdi. Əsas iştirakçılar xaricilər deyilən dini təriqətin tərəfdarları idi. Onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edirdi. Azərbaycanda ərəblərə qarşı çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. 748-ci ildə Beyləqanda başlanan üsyan Bərdəyə və Ərdəbilə yayıldı. Üsyana Müsafir adlı qəssab başçılıq edirdi. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Hakimiyyəti ələ keçirən Abbasilər bütün üsyanları amansızlıqla yatıra bildilər. Lakin VIII əsrin 2-ci yarısında Azərbaycanda Xilafətə qarşı çıxışlar yenidən gücləndi. Xəlifə Harun əl-Rəşidin hakimiyyəti dövründə 15-dən artıq üsyan baş verdi. Üsyanların əsas mərkəzi Beyləqan və Bərdə idi. Üsyan Şirvanı, Dağıstanı və Azərbaycanın bütün əyalətlərini bürüdü. Dərbəndlilər üsyanda xüsusilə fərqlənirdilər.
Azərbaycanda azadlıq mübarizəsindən biri xürrəmilər hərəkatı (qədim pəhləvi dilində əbədi od, günəş) müəyyən fasilələrlə 60 ildən artıq davam etmişdi. Onların şüarı torpağı və istehsal vasitələrini hakim təbəqənin asılılığından xilas etmək idi. Xürrəmilər sosial bərabərlik uğrunda mübarizə aparır, bütün təbəqələrdən olan gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri insanlar arasında bərabər bölüşdürülməsi kimi tələblər irəli sürürdülər. Məzdəkilər isə feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı mübarizə aparırdılar. Xürrəmilər məzdəkilərdən fərqli olaraq Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər, Vətəni yadellilərdən qurtarmağa çalışırdılar. Xürrəmilər islamın bəzi ehkamlarına qarşı çıxır, qədim dini ayinləri ona qarşı qoyurdular. Onların fikrincə, dünya əbədi mövcud olduğu kimi, insanın ruhu da əbədidir. Orta əsrlərdə bütün çıxışlar milli zəmində başlasa da, sonradan siyasi mahiyyət kəsb edərək, azadlıq müharibəsi səviyyəsinə yüksəldi. Bu, Erkən Orta əsrlərdə Şərqdə İslamın bəzi ayinlərinə, feodal zülmünə və ən başlıcası-ərəb əsarətinə qarşı çevrilmiş xalq hərəkatı idi. Xürrəmilər tarixdə ilk dəfə işğalçılara qarşı mübarizədə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmışlar və mənbələrdə “əl-müxəmmirə” – “qırmızı geymişlər” adı ilə məşhur olmuşlar.
Xürrəmilərə başçılıq edən Cavidan və Əbu İmran arasında kəskin mübarizə gedirdi. Babəkdən əvvəl 778-ci ildə qalxan üsyan yatırıldı, 2-ci üsyan isə bundan 30 il sonra xəlifə Harun əl-Rəşidin dövründə Cavidanın başçılığı ilə 808-ci ildə baş verdi. 816-cı ildə növbəti döyüşlərin birində Cavidan və Əbu İmran bir-birini öldürdülər. Xürrəmilər icmasının başına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları təhlil etdi, uğursuzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa qaldırıb silahlandırmaqla ölkəni əsarətdən xilas etmək olar. O, öz adamlarını Azərbaycanın hər yerinə göndərərək camaatı ərəblərə qarşı müharibəyə çağırdı. Piyada hesaba alınmadan, təkcə atlılar 20 min nəfər idi. Babək orduda ciddi hərbi intizam yaratdı. Xürrəmilərə Müaviyə, Abdülla (hər ikisi Babəkin qardaşları), Tarxan, Adin, Rüstəm və b. başçılıq edirdi. Xürrəmilərin mərkəzi Azərbaycan idi. Təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babəkin tərəfdarları 300 min nəfərə çatırdı. 819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Qələbədən sonra 10 ilə yaxın müddətdə xürrəmilər Xilafətin bir neçə ordusunu darmadağın etdilər. Babəkilər IX əsr 20-ci illərin əvvəllərində düşməni məğlub edərək, Süniki, Ərsak, Bərdəni, Beyləqanı, Qarabağı, Arranın bir sıra əyalət və şəhərlərini azad etdilər. 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici savaşi başladı. 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. 830-cu ildə xürrəmilər Həmədan şəhərini tutdular. Bu, ərəb orduları üzərində 5-ci qələbə idi. 833-cü ilin sonunda Həmədan şəhəri yaxınlığında şiddətli döyüş başladı. Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qədər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyətini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı yönəltdi. Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Orduya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər görüldü. Orduda intizam möhkəmləndirildi. 835-ci ildə Afşin adlı məşhur sərkərdə xürrəmilərə qarşı vuruşan orduya baş komandan təyin edildi. O, türk mənşəli idi. Öz qərargahını xürrəmilərin istehkamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi. Kəşfiyyat məlumatı toplamaq, xürrəmilər arasında təfriqə salmaq, onların ən yaxşı sərkərdələrini aradan götürmək gündəlik işə çevrildi. İsma Əl-Kürdi, Tarxan və b. aradan götürülməsi Babəkə ağır zərbə oldu. Azadlıq müharibəsinin illərlə uzanması və geniş əraziləri əhatə etməsi ona rəhbərliyi çətinləşdirirdi. İtkilər az deyildi, adamlar uzun sürən müharibədən yorulmuşdular. Düşmənə isə müntəzəm olaraq yeni qüvvələr gəlirdi. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və b. tədricən ondan uzaqlaşdılar. Afşin 2 il özünə lazım olan məlumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Lakin, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxınlığında döyüşdə qələbə çaldılar. 837-ci ildə xəlifə Afşinin köməyinə 2 böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Afşin qan tökülməsin deyə əvvəl Babəkə sülh təklif etdi, bağışlanması haqqda xəlifədən fərman alacağını dedi. Xəlifənin məqsədi Babək kimi sərkərdəni öz tərəfinə çəkib Bizansa qarşı müharibədə istifadə etmək idi. Lakin Babək əqidəsindən dönməyərək, bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837-ci il avqustun 26-da başlandı. Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu. Afşinin göstərişi ilə Bəzz qalasını 3 gün yandırdılar, 8 minə yaxın əsir götürdülər. Babək Arazdan keçib Arrana gəldi, məqsədi Bizans imperatorunun yanına getmək, yeni ordu toprayıb müharibəni davam etmək idi. Afşin Babəkin bağışlanması haqda xəlifədən məktub aldı, lakin Babək yenə də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl İbn Sumbatla qarşılaşdı. Sumbat Babəki aldadıb öz mülkünə gətirərək, onun təhlükəsizliyinə təminat verdi, sonra da xəyanət yolu ilə onu ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətirdilər. Sentyabrın 15-də onu Samirəyə apardılar. 838-ci il yanvarın 4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin əmri ilə Babək martın 14-də edam edildi. Cəllad əvvəlcə onun dirsəkdən qollarını, qıçlarını, sonra isə başını kəsdi. Babək sağ əli kəsildikdən sonra sol əli ilə bütün üzünü qana boyadı ki, bənizinin solğunluğunu ölümdən qorxmaq kimi hesab etməsinlər. Üsyançıları qorxutmaq üçün başını Xorasana göndərib, bədənini isə hündür bir ağacdan asdılar. Bu qayda ilə Babəkin qardaşı Abdullanı da Bağdad şəhərində edam etdilər. Xürrəmilər hərəkatı hər şeydən əvvəl istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Babəkin başçılığı ilə 20 ildən artıq davam edən müharibənin məğlubiyyətinin səbəbləri çox idi: qüvvələr nisbətindəki böyük fərq, azadlıq mücadiləsində imtiyazlı təbəqələrin dönüklüyü, ən başlıcası xristian dininə mənsub əyanların xəyanəti və ərəblərə kömək etməsi, xilafət tərəfindən türk mənşəli sərkərdələrin (Afşin) və döyüşçülərin xürrəmilərə qarşı müharibəyə cəlb edilməsi. Ərəblər yarımmilyon əsgər və zabit itirmişdilər, onlarla ərəb sərkərdəsi öldürüldü və ya əsir götürüldü. Uğursuzluqla nəticələnməsinə baxmayaraq, Xürrəmilər hərəkatı Xilafəti kökündən sarsıtdı, əsarətdə olan digər xalqların azadlıq mübarizəsinə təkan verdi. Azərbaycanda Xilafət əsarətinə qarşı üsyanın yeni dalğası başlandı.
Dostları ilə paylaş: |