IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində Varsanda, Bərdədə, Mərənddə, Kür-Araz vadisində güclü çıxışlar oldu. Əbu Musanın başçılığı ilə Kür-Araz vadisindəki üsyançılar Qarabağda Ktiç qalasında mübarizə aparırdılar. Üsyan çətinliklə yatırıldı. Orta əsrlərdə istiqlaliyyət uğrunda mübarizələr Xilafəti sarsıtdı. IX əsrin 2-ci yarısından etibarən asılı ölkələrdə bir sıra müstəqil dövlətlər meydana gəldi ki, onlarda milli-azadlıq hərəkatları başlandı.
Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyişikliklər öz əksini mədəniyyətdə də tapırdı. Kargüzarlıq işlərinin ərəb dilində aparılması ərəb dilinin mükəmməl öyrənsini tələb edirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaqda və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. “Kitabi-Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azərbaycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b.
Bu dövrdə şəhərlərin hamısı qala divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şəbəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciyyəvi nümunələridir.
5. Azərbaycan xalqının və dilinin təşəkkülü. Hər bir xalqın formalaşması zəruri olan şərtlər bunlar dır: dil, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əlaqələr ümumiliyi. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri ərazi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb Şimalda əzəmətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də əhatə edirdi. Şərqdə Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər olan ərazilər, cənub-qərbdə isə Oğuz yurdu İrəvan şəhəri daxil olmaqla indiki Ermənistanın xeyli hissəsini əhatə edirdi. Qədim etnosların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil sayılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər einosların qaynayıb-qarışmasından əmələ gəlmişdir. Türk etnoslarının yaşadığı ərazinin sərhədləri qərbdə Anadoludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qədər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər, skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Türkdilli etnosları birləşdirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması (müxtəlif dövrlərdə onlar bütpərəstliyin, atəşpərəstliyin, xristianlığın və İslamın ayələrini icra etməli idilər), tabe olduqları imperiyanın milli əsarətinə qarşı birgə mübarizə aparmaları, yadelli işğalçılara qaşı birlikdə müqavimət göstərmələri. Bir-birini əvəz edən Sasani və Ərəb imperiyaları dövründə qonşu ölkələrin etnosları ilə iqtisadi və mədəni əlaqələr yaranırdı. Eyni imperiyanın tabeliyində olduğundan həmin imperiyanın qanunları ilə idarə olunurdular. Vergi verir, mükəlləfiyyətləri yerinə yetirirdilər. Bu dövrdə türklərin güclü axını olmuşdu. Yeni gələnlər yerli türklərlə birləşirdi. Farslar və ərəblər isə öz dillərini itirir və yerli əhaliyə qaynayıb-qarışırdılar.
Dostları ilə paylaş: |