İstanbul müqaviləsi.Cənubi Qafqaz Rusiya, Səfəvi, Osmanlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi. İngiltərə və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənməsindən narazı idilər. Osmanlı Rusiyanın Cənubi Qafqaz, xüsusilə Bakıda möhkəmlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keçdi. 1723-cü ilin oktyabrında türk qoşunu Gəncəyə həmlə etdi, 1724-cü ilin iyununda Osmanlı qoşunları İrəvana daxil oldular. İsveçlə müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya bilmədiyindən, Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı müqaviləsi imzalandı. Rusiya Peterburq müqaviləsinin şərtlərinin (Dərbənd, Bakı, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini) Osmanlı tərəfindən təsdiq edilməsinə nail oldu. Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan isə Osmanlılara keçdi. Hacı Davud osmanlıların himayəsi altında olan yarımmüstəqil Şirvan xanlığının hakimi təsdiq edildi.