Mühazirə 14.
13.Sığorta sahəsində informasiya texnologiyaları
Sığorta şirkətlərinin fəaliyyətinin planlaşdırılması və idarə olunması prosesinə informasiya texnologiyalarının tətbiqi yalnız böyük və qarşılıqlı əlaqədə olan verilənlər massivinin işlənməsini nəzərdə tutmur, eyni zamanda idarəetmə zamanı qəbul edilən qərarların variantlarının analizi və əsaslandırılması üçün istifadə oluna bilər. Bu zaman iqtisadi sektor, region, firmalar və digər təsərrüfat obyektləri, həmçinin, maliyyə, əmək və maddi resurslar haqqında məlumatların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Sığorta biznesinin avtomatlaşdırılmasını zəruri edən şərtlər informasiyanın həcmi, dəqiqliyə və etibarlılığa olan yüksək tələbat, sığorta şirkətinin və müştərilərinin maliyyə vəziyyətinin səmərəli analizinin vacibliyidir.
Sığorta işinin informasiya sistemlərinin avtomatlaşdırılmasının işlənib hazırlanması və tətbiqi sığorta şirkətlərinin rəhbər və mütəxəssislərinin lazımi həcmdə və keyfiyyətdə informasiya ilə təmin edilməsi hesabına sığorta fəaliyyətinin idarə olunmasının səmərəliliyinin artırılması, həmçinin aşağıdakılar əsasında informasiya texnologiyalarının standartlarının həyata keçirilməsi üçün yerinə yetirilir:
- idarəetmə üzrə qərarların qəbuluna dəstək;
- sığorta fəaliyyətinin idarəedilməsi xərclərinin azaldılması;
- inteqrəedilmiş verilənlər bazasının yaradılması;
- informasiya resurslarının (ehtiyatlarının) qorunmasının təmini;
- elektron sənəd dövriyəsinin dəstəklənməsi;
- xarici informasiya sistemləri ilə inteqrasiya;
- idarəetmə fəaliyyətinin informasiya mədəniyyətinin yüksəldilməsi.
İnformasiyanın həcmi, informasiyanın tamlığına, dəqiqliyinə və alınmasının operativliyinə tələbat, sığorta fəaliyyətinin idarəedilməsinin miqyas və funksiyalarının genişlənməsi sığorta biznesinin idarə edilməsinin avtomatlaşdırılmasını zəruri edir.
Sığorta fəaliyyətinin informasiya sistemlərinin müxtəlif növləri var:
1.Avtonom avtomatlaşdırılmış iş yerləri. Hər bir avtonom avtomatlaşdırılmış iş yeri sığorta fəaliyyətinin idarə edilməsinın müəyyən funksiyaları qrupunu yerinə yetirir və müəyyən sığorta agentlərinə yönəldilmişdir.
2.Vahid informasiya bazasında fəaliyyət göstərən qarşılıqlı avtomatlaşdırılmış iş yerləri kompleksi. Sığorta fəaliyyətinin informasiya sisteminin zəruri komponenti kompüter şəbəkəsidir. Bu şəbəkə və informasiya texnologiyaları informasiyanın və informasiya proseslərinin xarakteristikasını yaxşılaşdırmağa, idarəetmə qərarları üçün verilənlərin tamlığını təmin etməyə, verilənlərin qəbul edilməsi və işlənməsinin operativliyinə, informasiyanın etibarlılığının və aktuallığının səviyyəsinin yüksəkliyinə imkan verir.
3.Sığorta fəaliyyətinin korporativ informasiya sistemi. Bu sistemin yaradılmasının səbəbi sığorta biznesi təşkilatlarının idarəsinin səmərəliliyinə qoyulan tələblərin artması və fəaliyyət miqyasının böyüməsidir. Korporativ idarəetmə sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır:
- verilənlərin paylanmış şəkildə işlənməsinə keçid (kompüter şəbəkələrindən, İntranetdən istifadə, İnternetə çıxış);
- müxtəlif cinsli hesablama maşınlarından istifadə (serverlər, işçi stansiyalar, noutbuklar);
- verilənlərin işlənməsinin proqram vasitələrinin inteqrasiyası;
- idarəetmənin avtomatlaşdırılması funksiyalarının genişləndirilməsi;
- inteqrə edilmiş verilənlər bazasının yaranması və tətbiqi;
- məsəlləllərin həlli üçün intellektual üsulların istifadə olunması (statistik proqramlaşdırma, riyazi modelləşdirmə, analitik informasiyanın operativ işlənməsi).
Sığorta fəaliyyətinin informasiya sistemi özündə aşağıdakı tipik məsələlər kompleksini (funksional strukturu) birləşdirir:
1.Sığorta müqavilələrinin normativ-məlumat bazasının yaradılması (sorğu kitabçaları, texniki-iqtisadi informasiya klassifikatoru, sığorta tarifləri).
2.Sığorta şirkətinin fəaliyyətinin strateji planlaşdırılması.
3.Sığorta (təkrar sığorta) müqavilələrinin formalaşdırılması və daxil edilməsi.
4.Komisyon haqların hesablanması.
5.Sığorta fondunun formalaşdırılmasının hesabı.
6.Sığortaçı ilə hesabatların qeydi (sığorta ödənişlərinin verilməsi, sığorta müqaviləsinin etibarsız sayılması).
7.Sığorta şirkətlərinin fəaliyyətinin mühasibat uçotu.
8.Sığorta şirkətlərinin maliyyə vəziyyətinin analizi.
9.Sığorta fəaliyyətinin vergi uçotu.
10.Servis funksiyaları (verilənlərin ixracı və idxalı, verilənlər bazasının bərpa edilməsi) və s.
Sığorta şırkətinin müqyasından, eyni zamanda işləyən sığorta agentlərinin sayından, verilənlər bazasının həcmindən asılı olaraq sığorta şirkətlərinin verilənlər bazasının təşkilinin aşağıdakı variantları mümkündür:
- lokal verilənlər bazası;
- sığorta agentinin avtomatlaşdırılmış iş yerinin quraşdırıldığı ayrıca kompüterdə olan mərkəzləşdirilmiş qorunan verilənlər bazası;
- serverdə mərkəzləşdirilmiş şəkildə qorunan şəbəkə verilənlər bazası;
- şəbəkənin bir neçə düyünündə (verilənlər serverində) qounan paylanmış verilənlər bazası.
Sığorta fəaliyyətinin informasiya sistemi sığorta fəaliyyətində istifadə olunan göstəricilərin hazırlanması, ötürülməsi, saxlanması və işlənməsi üçün informasiya texnologiyalarını təmin etməlidir.
Dostları ilə paylaş: |