Trombositləri fəallaşdıran amil (PAF) – fosfolipaza A2 fermentinin təsiri altında membran fosfolipidlərindən əmələ gəlir. Əsas təsir effektlərinə aiddir
Trombositləri fəallaşdıran amil (PAF) – fosfolipaza A2 fermentinin təsiri altında membran fosfolipidlərindən əmələ gəlir. Əsas təsir effektlərinə aiddir:
damarların və bronxların spazmı (vazokonstriksiya, bronxokonstriksiya);
venulaların keçiriciliyinin artması (histamindən 10000 dəfə güclü);
trombositləri aktivləşdirməsi, onların aqreqasiyasını sürətləndirməsi;
leykositlərin endotelə adheziyasını və xemotaksisini gücləndirməsi;
digər mediatorların, məsələn, leykotrienlərin və prostaqlandinlərin sintezini stimulə etməsi və s.
Sitokinlər
Əsasən fəallaşmış monositlər və makrofaqlar, eləcə də neytrofillər, limfositlər, endotel və digər hüceyrələr tərəfindən sintez olunan zülal təbiətli bioloji fəal maddələrdir. Sitokinlər iltihablehinə və əleyhinə olmaqla iki qrupa bölünür.
İltihablehinə təsir göstərən sitokinlərə interleykinlər (IL-1, 6, 8, 12, 17, 18), interferon-qamma (IFN-γ), şiş nekrozu amili-alfa (TNF-α – ilk sintezlənən sitokin),qranulositar-makrofaqalkoloniyastimuləedici amil (granulocyte-macrophage colony-stimulating factor – GM-CSF), xemokinlər aiddir. IL-12, IFN-γ xronik iltihab zamanı xüsusi əhəmiyyət kəsb edir. Sitokinlərin iltihablehinə təsiri onların immun sistem hüceyrələrini fəallaşdırmaq, immunoqlobulin sintezini, faqositlərin adheziyasını və xemotaksisini stimulə etmək kimi xassələri ilə əlaqədardır.
IL-1ra, İL-4, IL-10, İL-13 ,TGF-β ( transformasiyaedici böyümə amili-beta transforming growth factor ), IFN-α,β,Δ isə iltihabəleyhinə təsirə malikdir. Belə ki, IL-1ra IL-1-in təsirini inhibə edir, TGF-β təbii killerlərin aktivliyini zəiflədir, B- və T-limfositlərin proliferasiyasını azaldır, hüceyrədaxili parazitlərin makrofaqal faqositozunu blokada edir, IFN-α,β,Δ isə IFN-γ-nın əksinə, iltihabəleyhinə təsir göstərir.