Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olmuşdur.
Qori seminariyasında təhsili[redaktə | əsas redaktə]
Üzeyir Hacıbəyov Qori seminariyasının tələbələri arasında (birinci cərgədə, solda), 1904, arxada Müslüm Maqomayev oturubdur
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.[10] Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.[11]