AġIQ YARADICILIĞI
Aşıq sənəti xalqımızın çoxəsrlik tarixinin və mənəvi mədəniyyətinin tərkib
hissəsidir. Bu hikmətli sənəti yaradan da xalqdır, yaşadan da. Minilliklərdən üzü bəri
gələn, əsrləri əsrlərə qovuşduran bu mənəvi zənginlik xalqımızın həyatının yol
yoldaşı, sirr sirdaşıdır.
Xalqın istək və arzularının tərcümanı olan aşıq el arasında "xalq aşığı", "haqq
aşığı", "ustad" kimi qiymətləndirilir, "aşığın səsi haqqın səsidir", "aşıq elin anasıdır",
"aşıq el yaraşığıdır", "aşıq elin həm təbibi, həm məlhəmidir" deyə təriflənir.
Bu təkrarsız sənəti yaradan, yaşadan və yayan aşıqlar Qafqazda böyük hörmət
və şöhrətə malikdirlər[72]. Poeziya və musiqimizin əzəlinin təşəkkülündə bu xalq
incisinin böyük yeri və mövqeyi vardır. Üzeyir bəy Hacıbəyovun dili ilə desək "Xalq
musiqisinin ən yaxşı ifaçıları aşıqlardır. Onlar doğru olaraq ilk musiqi sənətkarları
hesab olunurlar"[73]. "Xalq aşığı əlində sazı ilə kəndləri dolaşır, toylarda, bayram və
ayinlərdə, elin qurduğu şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan
qoşur, oxuduğu lirik şeirlərdə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz,
aşığı bütün varlığı ilə xalqa bağlayır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun
sevinc və kədərinə şərik olur, onunla bir yerdə nəfəs alır"[74]. Aşıq sənəti sinkretik
sənətdir. Bir neçə sənət növünü cəmləşdirən, uzlaşdıran, çarpazlaşdıran və xalqa
çatdıran bu şaxəli, qollu-budaqlı sənətdə musiqi, ifaçılıq, rəqs və şeir bir-birini
tamamlayır. Böyük Bülbül aşıq sənətinin məzmun və mahiyyətini belə mənalandırır:
"Aşıq hər şeydən əvvəl şairdir, ifa etdiyi mahnıların yaradıcısıdır. Aşıq müğənnidir. O
öz nağılının xeyli hissəsini mahnı şəklində ifa edir. Aşıq ifaçıdır. O öz hekayəsini və
mahnısını söz ilə müşayiət edir. Aşıq artistdir. O öz çıxışını xarakterik mimika ilə
müşayiət edir, rəqs edir, çox vaxt hekayə qəhrəmanının hərəkətini təsvir edir. Aşıq
regitativ ifaçılığının ustadıdır"[75]. Bülbül başqa bir münasibətlə: "Əgər aşıqçılıq
şerin, çalmağın, oynamağın və danışmağın vəhdətidirsə, onda bu gözəl birləşmə
simfoniya deyilmi?"[76].
Aşıq sənətinin mahir bilicisi O.Sarıvəlli bu münasibətlə yazır: "Şeirləri havalar
üstə, havaları şeirlərə görə yaradan sənətkarlar, yaradıcı aşıqlar, şərti olaraq desək,
eyni zamanda el bəstəkarları olmuşlar"[77].
Etnoqrafik müşahidələrə əsaslanaraq güman etmək olar ki, aşıq sənətini daha
çox maldar tayfalar yaratmışlar. Hələ eradan əvvəl IV-III minillikdə Azərbaycanda
yaşayan tayfaların xeyli hissəsi köçmə maldarlıq təsərrüfatı ilə məşğul olmuşlar.
Deməli, həmin dövrdən bu ərazidə aşıq sənətinin yaranması üçün hər cür şərait
olmuşdur. Azərbaycanda aşıq sənəti ilk sinifli cəmiyyətdə tam formalaşmış, mənəvi
dünyamızın aparıcı qollarından birinə çevrilmişdir.
Aşığın əcdadları sayılan şamanlar, varsaqlar, ozanlar, yanşaqlar zaman-zaman
bir-birilərini əvəz etmiş, ərsəyə çatmışlar. Şübhəsiz, bu adlar içərisində ən qədimi
şaman olmuşdur. Şamanlıq qədim türk tayfalarının ilk dini görüşləri sayılır. "Onlar
158
dəf, zil, davul çalaraq rəqs edir, türkü söyləyir, ayin icra edir və beləliklə, ruhlarla
əlaqə yaradaraq xəstələrin sağalacağına inam doğururdular"[78].
Aşıq sənətilə şaman ayini arasında bir yaxınlıq, tam doğmalıq aydın sezilir.
Çox güman ki, şaman varsağa, ozana keçmək üçün körpü rolunu oynamışdır.
Aşıq sənətinin inkişaf mərhələsində varsaqların rolu az olmamışdır. M.Seyidov
"varsaq" sözünün məna çalarlarını izah edərək onları "söz sahibi, söz ustası, saz
sahibi, çalan-oxuyan, oynayan, sənətkar, aktyor" adlandırır[79]. Müəllif varsaqla bağlı
öz fikrini belə tamamlayır: "Beləliklə biz "varsaq" sözünün Azərbaycanda yer, ərazi,
qəbilə adı olduğunu iddia etməklə bərabər bir qədər də tez olsa bu nəticəni çıxarmaq
istəyirik ki, vaxtilə varsaq eyni zamanda çalıb-oxuyan, rəqs edən, tamaşalar göstərən
sənətkar mənasında da işlənmişdir. Bu mənada varsaqlar bugünkü aşıqların qədim
əcdadlarıdır"(80). Deməli, ilk orta əsrlərdə, daha dəqiq desək, VI-VII əsrlərdə varsaq
aşığın ulu sələfi olmuşdur. Ozan aşığın həm əcdadı, həm də layiqli sələfidir. Ozanları
yaşadan, qoruyub saxlayan, geniş ərazidə təmsil edənlər aşıqlardır.
Ozanlar ilk orta əsrlərdə xalqımız arasında geniş yayılan, dərin hörmət, nüfuz
və şöhrətə malik sənətkarlar olmuşlar. Ozanların tipik nümayəndəsi Dədə Qorqud
hesab edilir.
Qolça qoruz götürüb eldən-elə, bəydən-bəyə özan gəzər,
Ər cömərdin, ər nakəsin özan bilər.
Elinizdə çalıb ayıdan özan olsun[81].
Dədə el-obada ağsaqqal, müdrik, yüksək nüfuzlu şəxsiyyət, uzaqgörən insan
sayılmış və sayılmaqdadır. Dədələr ustad sənətkar, qabil insanlara deyilmişdir. Zaman
keçdikcə bu yüksək ad ustadlara da şamil edilmişdir. Dədə Qorquddan üzü bəri bir
sıra dədə sənətkarlar el içində şan-şöhrət sahibi olan aşıqlardır. Onlardan Dədə Kərəm,
Dədə Qərib, Dədə Abbas, Dədə Yediyar, Dədə Qasım, Dədə Ələsgər və başqalarını
qeyd etmək olar[82].
Aşıq sənətilə bağlı, onun tarixilə əlaqədar olan yanşaqlar o qədər də qədimlərlə
səsləşməyən və lokal səciyyə daşıyan sənətkarlardır. Şübhəsiz, yanşaqlar eldə-obada
ozanların, aşıqların əkizidir, eyni mənanın müxtəlif şəkildə deyilmə tərzidir.
"Aşıq" sözünün XI-XII əsrlərdən məlum olduğunu bəzi sənədlər təsdiq edir.
Əhməd Yasəvinin XII əsrdən yadigar qalan könül əmanətindən oxuyuruq:
On səkkiz min aləmdə,
Heyran bolqan aşiqlər.
Tapmaq məşuq sorağını,
Sərsan bolqan aşiqlər.
Dahi Nizaminin incilərində də aşıqla bağlı müəyyən mətləblərə rast gəlinir.
XIII əsrdə yaşayan Molla Qasımın və Aşıq Paşanın şeir nümunələrində də çox şey
aşkarlanır. Bizcə, bu mətləblər aşıq haqqında ilkin nişanələrdir.
Həqiqətdir ki, ulu aşıq sənətinin sonrakı inkişafı XV əsrdə özünü daha qabarıq
şəkildə büruzə verir və xüsusi mərhələ təşkil edir. Bu zaman bir sıra mahir
sinədəftərlər, söz, saz sərrafları yeni-yeni incilər yaradır, düzür-qoşur, çalır-çağırırlar.
159
Heç şübhəsiz, belələrindən biri XV əsrdə
Dərəçiçək mahalının Ozan şenliyində dünyaya
gələn Ozan Heydərdir:
Dərd əhlidi mənim pərim,
Sirrin bildirməyə gəlməz.
Gözlərindən yaşlar axar,
Nədən sildirməyə gəlməz[83].
Ozan Heydər kimi haqqında az məlumat
olan Ozan İbrahim eyni mahalın Ozanlar elində
doğulmuşdur. Onun bir sıra dərin məzmunlu
şeirləri yadigar qalmışdır:
Qəmli ozan, üzün gülməz,
Gedən - gedər, gələn - gəlməz.
Sar yuvama qona bilməz,
Ayağım torpaq istədi[84].
XV əsr aşıq sənətinin dahilik zirvəsinə
ucalan Miskin Abdal çoxşaxəli yaradıcılıq
sahibi olmuşdur. Onun dünyagörüşü, həyata
baxışı, irfanlığı sonra gələn sənətkarların təlim-
tərbiyə, gör-götür dünyasına çevrilmişdir. Bu
baxımdan görkəmli folklorşünas H.İsmayılovun fikri daha maraqlıdır: "Türkün
mənəvi-əxlaqi, dini-ruhani, elmi-irfani, ədəbi-ictimai, sosial-mədəni dəyərlərinin
mürəkkəb sintetik vəhdətinin ən optimal reallaşma faktı kimi Miskin Abdal şəxsiyyəti
nadir simalardandır. Beş əsrdən artıqdır ki, onun mənəvi dünyasından gələn tükənməz
enerji bir qaynaq olaraq özündən sonrakı dövrlərin ədəbi mühitini həyat işığı, ilahi
eşq, fəlsəfi və coşqun könül tərənnümləri ilə qidalandırıb, sufi aşıq olaraq funksional
imkanlarından da maksimum istifadə etməklə məhəbbətin eşqə, təmizliyin saflığa,
ehtizazın ekstaza, idrakın vəhyə çatmasını, kamilliyin həqiqətə çevrilməsini öz müdrik
şəxsiyyətində və zəngin yaradıcılığında mükəmməl şəkildə təqdim edə bilib. Bu
böyük şəxsiyyətin həyatı, fəaliyyəti, xüsusilə ədəbi yaradıcılığı və sənətkarlığı demək
olar ki, öyrənilməyib"[85].
El sənətkarı 1524-cü ildə Şah İsmayılın vəfatından sonra sarayı tərk edərək,
Göyçənin Sarıyaqub şenliyinə dönür.
1535-ci ildə doğma kəndində torpağa tapşırılır[86]. Şah İsmayıla böyük rəğbət
bəsləyən sənətkarın bir şerində deyilir:
İqlimin şahıydı Həzrət Süleyman,
Ədalətə pənah idi Nuşiravan,
Şıx oğlu İsmayıl, o cənnət məkan,
Düşməz ələ, bir yadigardı, getdi.
Miskin Abdalın hikmətli, təlimli, qəlbə nüfuzedici gəraylıları, qoşmaları,
divaniləri son dərəcə təsirlidir, ibrətamizdir, xalq məişəti, adət-ənənələrimizlə bağlı
160
mətləblər etnoqrafik cəhətdən daha maraqlıdır.
XVI əsr aşıq sənətinin zirvəsi Qurbani
sayılır. Hələlik onun doğulduğu və dünyadan
köçdüyü tarix dəqiq müəyyənləşdirilməmiş
qalır. Qurbaninin Cəbrayılın Dirili kəndindən
olduğunu və orada da dəfn edildiyini sübuta
yetirən dəlillər də az deyildir. Həmin yerdə
"Qurbani" dastanında təsvir edilən Dirili
kəndinin xarabaları, Mazannənə piri, qoşa
çinarlar, şahid bulaq və aşığın məzarı tarixi
abidə kimi indi də qalmaqdadır.
Dirili Qurbaninin ürəyindən ürəklərə
qonan, könülləri əzizləyən, riqqətə gətirən
şeirlərinin çoxu eşqlə, məhəbbətlə bağlıdır.
Ülvi hisslər, saf ürəklə onun qəlbə hakim
kəsilən qoşmaları könüllərə həmdəm olmuşdur.
Dədə Qurbaninin qoşması da, gəraylısı
da, təcnisi də bir-birindən qüdrətli, ibrətamiz,
nəsihətamizdir:
Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma söz dəyər sənə.
Al-yaşıl geyinib durma qarşımda,
Yayın bədnəzərdən, göz dəyər sənə...
Aşığın gözəli yaşınandı, utancaqdı, ürkəkdi, kövrəkdi. "Bənövşə"si də çiçək
kimi ətirlidi, təravətli və yaz müjdəlidi:
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdir dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altında düz bənövşəni...
Qurbaninin şeir gülüstanında vətən də var, vətənpərvərlik də, yurd da var,
elsevərlik də, ayrılıq da var, həsrət də. Vüqarlı dağlarımız da var, axar-coşar
çaylarımız da, şır-şır bulaqlarımız da, səfalı seyrangahımız da. Çəmən də var, çiçək
də. Tikanlıq da var, tər bənövşə də, ətir də var, ətirşah da. İsmətli sonalar da var,
məhbublar, xublar da. Zəmanədən küsmək də var, çərxi-fələkdən şikayət də. Hamısı
da qədərində, məqamında, vədəsində, bərəsində. Hamısı da sədəf düzümü, zərgər
naxışı kimi.
XVII əsrdə aşıq sənətinin bir-birinə fəxr və qürurla boylanan bir neçə
möhtəşəm zirvəsi, alınmaz qalası var. "Koroğlu", "Yaxşı-Yaman", "Abbas və
Gülgəz", "Aşıq Qərib" dastanları. Koroğlu
mərdlik, mübarizlik timsalıdır. Koroğlu öz
hünəri, rəşadəti və cəngavərliyi ilə xalq qəhrəmanı adını qazanmış, misilsiz şan-
161
şöhrətə çatmışdır. Xalqın içindən çıxan Koroğlu xalqa havadar olmuş, xalqa
arxalanmış, xalqla birlikdə mübarizə aparmış, qələbə çalmışdır. Onun mənəvi
zənginliyi, uzaqgörənliyi, igidliyi və sazlı-sözlü dünyasından "Koroğlu" dastanı
yaranmışdır.
"Koroğlu" bitkin dastan kimi XVII
əsrin ən fundamental mənəvi abidəsi
olmaqla yanaşı, həm də xalqımızın dünya
mədəniyyətinə bəxş etdiyi ölməz sənət
xəzinəsidir. XVII əsrdən yaranmağa
başlayan, getdikcə formalaşan bu inci
əsrdən-əsrə qovuşmuş, onun yeni qolları,
budaqları yaranmışdır. Zaman-zaman
cilalanmış,
püxtələşmiş
və
kamilləşmişdir. Xalqın bədii inikasına,
mənəvi dünyasına çevrilmişdir[87].
Koroğlu altında Qıratı, belində
Misri qılıncı, qəlbində Vətən məhəbbəti,
yar
sevgisi,
sinəsində
telli sazını
gəzdirmişdir. Qəhrəman da - özü, el
xilaskarı da - özü, el aşığı da - özü.
"Koroğlu" dastanı isə əsrlərcə aşıqların xoş avazı, könül sazı olmuşdur.
"Koroğlu" dastanı geniş ərazidə şöhrətlənən çoxşaxəli, qollu-budaqlı epik-
romantik abidədir. Xalqına baş ucalığı gətirən, qəhrəmanlıq dastanlarımızın zirvəsi
olan abidə.
Mənəvi dünyamızın yaraşığı olan Sarı Aşığın da doğulduğu, yazıb-yaratdığı və
vəfat etdiyi illər hələ də tam dəqiqləşdirilməmiş qalır. Yalnız onun XVII əsrdə kamala
yetişdiyi, aşıqlıq etdiyi məlumdur.
XX yüzillikdə yaşamış tarixçi Qaradaği öz təzkirəsində yazır: "Zahirən bu zati-
pak şifteyi-ruzigardır. Əslən Qaradağ mahalındandır. Çox qədimlərdə gəlib Qaradağın
Zəngəzur mahalında Əkərə çayı kənarında vaqe Güləbird adlı qəryədə süna edib"[88].
El sənətkarı bir sıra tədqiqatlarda Aşıq Qərib, Yetim Qurbanəli, Abdulla, Nəbi
adı ilə qələmə alınıb. Sarı isə onun təxəllüsüdür:
Aşığındı Sarı, qız,
Sarı köynək, sarı qız.
Sinən tabutum olsun,
Saçın ilə sarı, qız.
Xatirələrdə belə qalıb ki, Sarı Aşıq gözəl saz çalarmış, sehrli barmaqları zildə,
bəmdə tüğyan edərmiş. Yanğılı səsi könüllərə od salar, ocaq çatarmış. Aşığın qəmlə
yoğurulan odlu sinəsindən qopub haraylanan bayatıları, oynaq, zərif qoşmaları
könüllərə dolar, dildə-ağızda gəzərmiş. Əslə-nəslə, torpağa-kökə bağlı olan Aşıq el
içində ədəb-ərkanı, pürkamalı, güclü istedadı ilə sayılar, seçilərmiş. Toy-düyündə
162
gördüyü, gözaltı boylandığı türfə gözəllərin şəninə tərif söylər, dastan qoşarmış:
Mən aşıq neynim sənə,
Qonubdu meylim sənə,
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən, neynim sənə?
Sarı Aşıq da təbiət vurğunu olmuşdur. Doğulduğu, ömür sürdüyü yerlər onun
oylağı, səfalı yaylağı olmuşdur.
Mən aşıq yastı dağlar,
Su gəldi, basdı dağlar,
Üç ay toylu-büsatlı,
Doqquz ay yasdı dağlar.
Sarı Aşığın kamal dünyasında vətənpərvərlik motivləri güclü və son dərəcə
təsirlidir. Onun qəribliyi ürəyə həsrət dağı çəkir, hicran yarasının oxunu tuşlayır:
Aşıq, vətən yaxşıdı.
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə vətən yaxşıdı...
Sarı Aşığın həyatını, keçirdiyi iztirabları, nakam məhəbbətini, aşıq olmasını
nəql edən "Yaxşı və Sarı Aşıq" dastanı da çox şeyi yada salır, çox mətləblərdən söhbət
açır[89].
Abbas Tufarqanlı XVI-XVII əsrlərdə yazıb-yaradan sənət aşiqi, el şairidir:
...Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna, mənim kimi yan,
Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.
O, Cənubi Azərbaycanın Tufarqan elində dünyaya gəlmişdir. Onun kamal
dünyasından qalan zəngin irsindən aydın olur ki, Abbas dövrünün geniş dünyagörüşə
və dərin biliyə malik sənətkarı olmuşdur. Şeirləri qəlbə nüfuzedici, heyrətgətirici təsir
gücünə malikdir. Onun rəvan dili coşan-çağlayan, bulaq kimi qaynayandır.
Tufarqanlının məftun və valehedici qoşmaları, təsirli gəraylıları, könül oxşayan
təcnisləri, nəsihətamiz ustadnamələri xalqımıza miras qalmışdır. Üstəlik qəzəlləri,
qəsidə və rübailəri ibrətamiz hikmətlərlə doludur.
Aşıq Abbasın şeirlərindən aydın görünür ki, o özünə müxtəlif təxəllüs
götürmüşdür. Bikəs Qul Abbas, Şikəstə Abbas, Bayat Abbas. Bu adlar altında onun
dərin müşahidəsi, fitri istedadı, həssas qəlbi və mahirliyi aydın sezilir. Aşığın ilham
pərisi, şah əsəri türfə gözəllərdir. Onu aşiq edən də qənirsiz gözəllərdir, məşuq edən
də.
Abbas Tufarqanlının şeirlərində kədər də var, ayrılıq da, vətən də, vətən həsrəti
də. Aşıq özünü qəm taleli adlandırır. "Biri hicran, biri möhnət, biri qəmdi" - deyir.
Azərbaycan məhəbbət dastanları arasında "Aşıq Qərib" dastanı xüsusi yer
tutur[90]. Çox sonralar yazıya köçürülən bu dastanın XVII əsrin məhsulu olduğu
163
aydınlaşdırılmışdır.
"Aşıq Qərib" dastanında qəhrəman yar eşqilə, etibar, ilqar eşqilə məstedici
röyalar görür, eşqə mübtəla olur, bu işgəncədə əhli-hünər sahibi kimi dözüm, dəyanət
göstərir. "Öldü var, döndü yoxdu" amalı uğrunda min-min məşəqqətlərə sinə gərir.
Dastanda Qəriblə Şahsənəmin məhəbbət tarixçəsi verilir, iki gəncin ürək
çırpıntıları döyünür, iki butanın qoşa qanadı pərvazlanır. Bir tərəfdə yoxsul aşığın
əfsanəvi eşqi, ülvi məhəbbəti, digər qütbdə varlı qızı Şahsənəmin eşqinə ilqar verməsi,
ölüncə yar gözləməsi, hicranı, həyəcanı[91]. Qərib min bir əzab-əziyyətdən sonra
arzusuna yetir, kamını alır...
"Aşıq Qərib" dastanı xalqın çox sevdiyi və aşıqların el şənliklərində ən çox
müraciət etdiyi məhəbbət dastanlarımızdandır.
XVIII əsrin ikinci yarısında ölkə xanlıqlara parçalanmışdı. Azərbaycanda
onsuz da ağır olan vəziyyət daha da ağırlaşmışdı[92]. Belə bir vəziyyətdə aşıq
sənətinin də öz dərdi, öz kədəri vardı. Bu dövrdə xalqın dərdini elə-obaya car eləmiş
aşıqlardan biri Xəstə Qasım idi. Aşıq sənətinin araşdırıcıları onun Cənubi
Azərbaycanın Tikmədaş kəndindən olması haqqında yekdildirlər. Bəzi məlumatlardan
aydın olur ki, Xəstə Qasım bir müddət Qumda və Nəcəfdə dini təhsil alıb, bu mənəvi
kökdən zənginləşib, quzeyli-güneyli Azərbaycanı gəzib, saz tutub, məclis aparıb,
1779-cu ildə doğma elində dünyasını dəyişibdir[93]:
Xəstə Qasım deyər gözü yaşlıyam,
Qulaq assaz, mən dərdimi başlayam,
Atam İbrahimdir, Tikmədaşlıyam,
Orda salınıbdı Təxti-xab mənə.
Ustad sənətkarın cığalı qoşmaları, gəraylıları, təcnisləri, bayatı və qəzəlləri
nəsildən-nəslə keçərək sinələrdə, yaddaşlarda yaşamışdır[94]
El aşığının öyüd-nəsihəti insanı düşünməyə səsləyir. Hikmətli sözlərində dərin
məna, həyatilik, fəlsəfi düşüncə tərzi aşkar gorünür. Eyhamlı sadə sözlərlə, güclü
məntiqlə öz arzusunu, qəlbindən keçənləri iqrar edir. Dünyanın yaman dünya, yalan
dünya olduğunu incəliklə, dürüstlüklə bildirir:
■
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəldən gül kimi açıb,
Axırında solan dünya...
Aşıq etibarın, mərdliyin, insanlığın əvəzsiz mənəvi dəyərlər olduğunu,
böyüyün-kiçiyin öz yeri olduğunu söyləyir, ədəb-ərkan dərsi deyir:
...Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca.
Və yaxud:
...Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
Aşıq böyük sözünə baxmayanlara, insafsızlara, bədəsillərə hikmət söyləyir,
164
onları doğru yola çağırır:
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz.
Xəstə Qasımın da eşq, məhəbbət şeirləri təzə-tərdi, gözəlləri, gözəlləmələri
ülvidi:
Gəl gedək Çinə, Maçinə,
Qurbanam zülfün ucuna,
Al məni qoynun içinə,
İstəkli balalar kimi.
XVIII əsrdə geniş ərazidə yayılan "Əsli və Kərəm" məhəbbət dastanı vahid
versiyalı, çoxvariantlı, köklü-köməcli, çoxşaxəli, qollu-budaqlı dastandır. Bu abidənin
əsli-kökü, yarandığı, yaşadığı və formalaşdığı ərazi Gəncə eli - Gəncəbasardır. Bunu
dastanın məzmunu, cərəyan etdiyi coğrafi şərait və bir sıra başqa
səciyyəvi cəhətlər
təsdiq edir.
Mənası dərin, məzmunu geniş dastan milli kaloriti, bəşəri mahiyyəti və
ibrətamizliyilə səciyyələnir. İki ailənin timsalında iki məsum gəncin faciəsi
başlayır...[95].
Ustadların söyləmələrinə görə, əhvalat Gəncədə vaqe olur. Keçmişlərdə
Gəncədə
Ziyad xan adlı bir hökmdar varmış. Səxavətli xanın saysız-hesabsız varı-
dövləti, geniş ərazidə nüfuzu varmış. Zalımlara, zülmlərə qənim, yoxsullara havadar,
əl tutan, ehtiram göstərən, qəlbi geniş, sözübütöv, inamcıl, rəftarı həlim, rəhmdil.
Lakin övlad sarıdan talesiz, bəxtsiz, könlü nisgilli. Övladsızlıq xanın varlığını dara
çəkir, sağalmaz dərdə mübtəla edir. Ağlar qalıb ulu göylərə yalvarır, Tanrıdan imdad
diləyir.
Qara qüvvələrin birləşməsi, qara yellərin əsməsi qəlbləri təmiz, ruhları bakirə
gənclərə mane olsa da, onların iradəsini qıra bilmir, əbədiliyə qovuşdurur, onları
məhəbbət abidəsinin ülvi rəmzinə çevirir. Bu faciə xalqımızın mənəvi dünyasının
şam-çırağı oldu. Həm də Kərəm kimi bir eşq carçısının, haqq aşığının, el bəstəkarının,
qüdrətli sənətkarın nəyə və nələrə qadir olduğunu təsdiqlədi. Yeni-yeni Kərəmlər,
Əslilər nəsli yetişdi. Aşıqların yanıqlı havalarında yaşandı, oxşandı, "Kərəmi", "Yanıq
Kərəmi", "Kərəm gözəlləməsi", "Sallama Kərəmi" aşıq havaları yarandı, yaşadı,
qəlblərə hakim kəsildi, məclislər yaraşığına çevrildi. Qərinələr əsrlərə qovuşdu,
nəsillər saf məhəbbət, ülvi eşqdən dərs aldılar, ismət çələngi hördülər.
XVIII yüzilliyin görkəmli söz ustalarından biri də Aşıq Valehdir. Kərbəlayı
Səfi Məhəmməd oğlu 1722-ci ildə Qarabağın Abdal Gülablı şenliyində dünyaya göz
açmışdır. Əsil adı Səfi olan və yüz il ömür sürən Aşıq Valeh öz doğma kəndində
dünyasını dəyişmişdir(96).
Aşıq Valehin bizə miras qalan ədəbi irsinə əsaslanaraq onun kamil savada və
geniş dünyagörüşünə malik olmasını söyləmək olar. Bu baxımdan aşığın inciləri
əsasında yaradılan "Valeh və Zərnigar" dastanı xüsusi maraq doğurur[97].
Aşığın adı ilə bağlı dastandan aydın olur ki, Dərbənd elində Zərnigar adlı
165
gözəl, qabiliyyətli və hazırcavab bir qadın aşıq varmış. Bu qadın cəmi aşıqların dilini
susdurub, sazını alarmış. Heç bir aşıq ona tab gətirməz, cəngə girməzmiş. Özünə
böyük inamı olan Valeh ustadı Səmədin icazəsilə Dərbəndə getmək, Zərnigarla
deyişmək fikrinə düşür. Zərnigarla görüşüb qarşı-qarşıya saz tutub deyişir. Deyişmədə
Zərnigarı bağlayır, arzusu kama yetir, evlənir, yarı ilə birlikdə Qarabağa qayıdır...
Aşıq Valeh mükəmməl dini təhsili ilə
yanaşı, klassik ədəbiyyatı, tarix elmini də yaxşı
bilirmiş. Sənətkar "Cahannamə"sində Şərq
dünyası, nadir tarixi şəxsiyyətlər, cahangirlər,
xalq qəhrəmanlarının adlarını nəzmə çəkmiş,
ehtiramla yad etmişdir.
Azərbaycan aşıq sənətinin inkişafında
Göyçə aşıq məktəbinin əvəzsiz rolu olmuşdur.
Belə sənətkarlardan biri də Aşıq Musadır.
XVIII əsrin sonu, XIX yüzilliyin
əvvəllərində yaşayan Aşıq Musa Göyçə
mahalının Ağkilsə şenliyindəndir. Aşığın
dövrümüzədək çatan zəngin irsi ürəkaçan
qoşma,
gəraylı, müxəmməs, divani və
təcnisləridir[98]. Hər biri sərraf deyilmiş,
zərgər
incəliyilə
işlənmiş,
cilalanmış,
cığalanmış. Hamısı da ürəyə yatımlı, könül
oxşayan, qəlbi titrədən. Musanın da dərdi-azarı
gözəllərin şəninə mahnı qoşmaq,
qənirsizləri tərənnüm etməkdi. İncə mətləbləri
incələmək, yara yalvarmaq, yarla
görüşmək, yara qovuşmaqdı.
Onun zəmanədən şikayəti, ədalətsizliyin, özbaşınalığın artmasını göstərən
misraları da ürəkdən gəlir:
...Yazıq Musa eylər dilək,
Bu qəm qoymaz bizi gülək,
Demədimmi çərxi-fələk,
Bu dövranı pozar bir gün.
El sənətkarı az danışıb, çox mətləb qanmağı, sirr saxlamağı, böyük-kiçiyin
etibarını qazanmağı məsləhət görür.
Aşıq Musanın təbiət təsvirləri, marallar, ceyranlar oylaqları, el yaylaqları,
qürbət, hicran dərdlərilə bağlı şeirləri də son dərəcə diqqəti cəlb edir, insanı
gözəlliklərə səsləyir.
Göyçə aşıq sənətinin qüdrətli nümayəndələrindən biri də Aşıq Alıdır[99].
Aşığın "mahalım Göyçədir, kəndim Qızılvəng" deməsi onun haralı olduğunu dəqiq
sübut edir. Aşıq XIX əsrin başlanğıcında Qızılvəngdə dünyaya gəlmiş, 90-95 yaşında
gözləri tutulmuş, taleyini sözə, saza bağlamışdır. Onlarca cavan aşığın ustadı olmuş,
onlara saz-söz sənətinin sirlərini öyrətmişdir. Ondan dərs alanlar, ona şagirdlik edənlər
166
arasında böyük Aşıq Ələsgər də olmuşdur. Təxminən yüz on il ömür sürmüş, 1911-
ci ildə dünyadan köçmüş, doğma şenliyi Qızılvəngdə dəfn edilmişdir (100).
Aşıq Alının xas-xalis qoşmaları, gəraylıları, təcnisləri, ustadnamələri,
deyişmələri öz məzmunu, gözəlliyi və
könül oxşaması ilə hamını heyran qoyur.
Aşığın dillər əzbəri olan, mahnılarda oxunan ustadnaməsinin birində deyilir:
Gəşt eylədim bu dünyanı dolandım,
Əllini keçirdim, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?!
Aşığın təbiət lövhələri ilə yanaşı gözəllər yığnağının təsviri, sərrast tərənnümü
heyrət doğurur:
Axşamdan yağan qar yağdı bağladı,
Kəsildi bulaqdan yolu qızların.
Səhər tezdən çeşmə üstə varanda,
Üşüyər ayağı, əli qızların.
Aşıq Alı "məğrur aşiq hikmət söylə, hikmət aç" deyə-deyə min sirli-sehrli aləm
yaradır, bədii zəkasının gücünü, qüdrətini göstərir. Xalqı sədaqətə, səmimiliyə, birliyə
səsləyir. Yersiz çəkişmələrə, mənasız didişmələrə, dedi-qodulara uymamağa
haraylayır:
Özgələrdən bizə xətər yetişməz,
Eyləməsək özümüzə özümüz.
Yanırıqsa, bir ocaqda qalanaq,
Qoy söykənsin közümüzə közümüz.
Bəhsə düşüb, əbəs yerə döyüşdük,
167
Qəlb sındırıb, qamət əyib öyüşdük,
Heç bilmədik nə iş tutduq, əyişdik,
Düz gəlmədi sözümüzə sözümüz...[101].
Aşıq Alının sənət dünyasında pürkamal bir sənətkar kimi yetişməsində ustadı
Ağ Aşığın (Aşıq Allahverdi) xüsusi xidməti olmuşdur. Ağ Aşıq Alıya bütün aşıq şeri
şəkillərini, saz kökünü, pərdə gəzişmələrini, hər bir aşıq havalarına uyar oxuma
məqamlarını kamil öyrətmişdir. Aşıq Alı da öz növbəsində XIX əsrin aşıq sənətinin
zirvəsi olan Aşıq Ələsgəri yetişdirmişdir.
Ələsgər kamilləşdikcə tanınır, ellərdə-obalarda toy məclisi, el şənlikləri aparır.
Sorağı Göyçədən keçib İrəvandan, Borçalıdan, Gəncəbasardan, Qarabağdan,
Naxçıvandan gəlir.
Dərsini ustadı Aşıq Alıdan alan Aşıq Ələsgər özü də çoxlarına dərs demiş,
onlarca ustad aşıq: Aşıq Nəcəf, Aşıq Mustafa, Aşıq Yusif, Aşıq Mikayıl, Aşıq İsa,
Aşıq Qasım, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Qiyas, Aşıq Nağı, Aşıq Sayid, Aşıq
Qurban və başqalarını yetişdirmişdir[102]:
Adım Ələsgərdi, mərdü mərdana,
On iki şəyirdim işlər hər yana.
Aşıq Ələsgər bir əsrdən artıq ömür sürmüş, 1926-cı ildə dünyadan köçmüş,
doğma yurdu Ağkilsədə dəfn edilmişdir.
Aşıq Ələsgər son dərəcə həssas qəlbə, geniş ürəyə malik sənətkar olmuşdur.
Sənətkar müdam insanlığa bəşəri hisslər, ülvi keyfiyyətlər, humanizm və qayğıkeşlik
aşılamışdır. O, xalqlar arasında, insanlıqda səmimiyyəti, qarşılıqlı anlaşmanı, bir-
birinin qeydinə qalmağı, havadar olmağı, can deyib can eşitməyi məsləhət görmüş,
tərənnüm etmişdir:
"Can" deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
"Çor" deyənin nəfi nədi dünyada?
Abad könül yıxar, pərişan eylər.
Fitri istedad sahibi Aşıq Ələsgərin təbiət təsvirləri canlı, təkrarsız, göz oxşayan,
könül xoşlayandır. Onun vüqarlı, dərdli-qanlı dağları, ağlar buludları, zümrüd
çeşmələri, gen dərələri, ürəkaçan mənzərələri mahir rəssam fırçasının sehri kimi tablo
əvəzinə ürəklərə köçür, gözlərdə cilvələnir, gözəllənir, canlanır:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
...Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Dağların toyu-büsatı el yaylağa köçəndədi. Qəmi-kədəri el dağdan arana
qayıdandadı. Gözəllər, göyçəklər yaylaqda olanda dağ da gözəlləşir, asiman da, igidlər
cövlan edir, qurşaq tutur, yallı gedir. Aşıq da sazını sinəsinə basır, çalır-çağlayır, yar
168
eşqi, ilqar eşqilə:
Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq.
Açılsın gülün, nərgizin,
Təzə mürğuzar ol, yaylaq...
Aşığın çeşməsi də belə:
Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.
Aşıq Ələsgərin məhəbbət lirikası onun mənəvi dünyasının mayasını təşkil edir.
Bu da tamamilə təbii və qanunidir. Sənətkar erkən çağlarından eşq-məhəbbət
macəralarının təlatümlərində qəvvas olmuş, sinə gərmişdir. Ona görə də, onun bu
sahədəki inciləri dumduru, göz yaşı tək şəffafdır.
Aşığın gözəlləri mələklər səviyyəsinə qaldırılır, ilahi bir məxluq kimi təqdim,
tərənnüm edilir. Sənətkarın həyalı, isbatlı, ismətli sənəmlərinə heyran qalmaya, əhsən
deməyə bilmirsən. Hamısı ülvi, bakirə, bir-birindən qənirsiz, əvəzsiz. Sənətkarın şux
gözəlləri nazlıdı, ədalıdı, can alandı, oda salandı, həm də onlar etibarlı, düz ilqarlı,
əhdə vəfalıdır.
Aşıq Ələsgərin irsi həm də etnoqrafik xəzinədi. Əl dəyməyən, toxunulmayan
xəzinə:
Süzürsən sona kimi,
Yaylıq alıb ələ, gəlin.
Qurşayıb gümüş kəmər,
Nazik, incə belə, gəlin.
Bu misralarda toyumuz da var, rəqsimiz, geyim dəstimiz də. Aşıq Ələsgərin
təqdimə və təqdirə ehtiyacı yoxdur. Böyük şairimiz, aşıq sənətinin mahir bilicisi
Osman Sarıvəlli bu ustad sənətkara belə qiymət verir: "Qılıncların, nizələrin
yaraladığı, lakin qapısını aça bilmədiyi ürəkləri böyük aşıq sazın-sözün, əqlin-kamalın
müdrik ustadnamələrin, şirin qoşmaların, könülaçan müxəmməslərin və gəraylıların
ecazkar qüdrətilə açdı, fəth elədi"[103].
Göyçə mahalının şeir-sənət gülüstanından bəhrələnən, çeşməsindən su içən bu
ulu kökə bağlı olan ustad sənətkarlardan biri də Aşıq Hüseyn Şəmkirlidir. Əsli-kökü
Qazax mahalının Dağkəsəmən şenliyinin Sarılar tayfasındandır[104].
Aşıq Hüseyn şəxsiyyətli, sübutlu-isbatlı adam olmaqla yanaşı, həm də sadə,
səmimi və mehriban bir insanmış. Sərrast ovçu, nüfuzlu el adamıymış. Kamil savadı
varmış. Ərəb və fars dillərini mükəmməl bilirmiş. Bir müddət Şərq ölkələrində olması
onun dünyagörüşünə güclü təsir göstərmişdir:
Şəmkirli Aşıq Hüseynəm,
Mən burda yer eylədim.
169
Urmu, Salmas, İrağı,
İsfahanı zar eylədim.
Gəzdim Çeçeni, Çərkəzi,
Nə qorxdum, nə ar eylədim.
Dəmirqapı Dərbənd, Quba,
Gürcüstana var eylədim.
Aşıq Hüseynin sevgi-məhəbbət şeirləri həm ismətli, həm də ibrətlidir:
...Qara qaşlar bağrım kəsər,
Gah əzizlər, gah da küsər,
Saçlarıynan dardan asar,
Bir qız məni, bir qız məni.
Ürəyini yara pünhan söyləyən
"yaşmağın altından gülən oynasın, məni bu
dərdlərə salan oynasın" deyən aşıq mətləbə
belə başlayır:
Başına döndüyüm toy adamları,
Siz də deyin, toya gələn oynasın.
Adını demirəm, eldən ayıbdır,
Qəmzəsi bağrımı dələn oynasın.
Aşıq Hüseynin sevinci şirin, ahı-vayı
yas saxladan, qan ağladandı: "Möhnətim
sitəmim vay, qəmim vay! Qohumum vay,
qardaşım vay, elim vay! Gülşənim vay,
çəmənim vay, gülüm vay! Ayrılıq vay,
qəriblik vay, ölüm vay! Ruzigarım vay,
əhvalım vay, halım vay! Təbibim vay,
dərmanım vay, dilim vay"[105].
Aşıq Hüseyn Şəmkirli Gəncəbasarın
Alabaşlı kəndinin sakini Dəmirçi Məcnun təxəllüslü şair Kəblə Bağırdan dərs almış,
sənətin sirlərini öyrənmişdir. Sonralar özü də çoxlarına aşıqlıq sənətindən dərs demiş,
çoxlu şagirdlər yetişdirmişdir. Onların sırasında Məhəmməd Borçalı, Çardaxlı Aşıq
Mikiş, Seyfəlli Aşıq Pənah və başqalarının adlarını çəkmək olar.
Kamil sənətkar əlli ildən çox saz çalmış, söz qoşmuş, dastanlar yaratmışdır:
...Altı yüz varımdı divani-təcnis,
Yeddi yüz müəmma, qıfılbənd təxmis,
Səksən bəhri-təvil demişəm hərgiz,
Yük bağlayıb Naxçıvandan gəlirəm.
Mahir çalan, məlahətlə oxuyan aşıq həm də yaxşı sazbənd imiş. O, "Zarıncı",
"Zeynalabdin", "Sarayı", "Şəmkir gözəlləməsi", "Aşıq Hüseyni" kimi ürək oxşayan
aşıq mahnılarının müəllifidir[106].
170
Aşıq Hüseynin 1866-cı ildə Naxçıvan səfərindən qayıtdıqdan sonra qoşub
düzdüyü "Aşıq Hüseyn və Reyhan" dastanı onun yaradıcılığında xüsusi mərhələ təşkil
edir. Dastanda cərəyan edən hadisələr, səfərdə başına gələn əhvalatlar məharətlə
qələmə alınmış, nəticədə məhəbbətlə bağlı, aşıq sənətilə əlaqədar maraqlı və
məzmunlu əsər yaranmışdır.
Aşıq Hüseyn Şəmkirli səksən il mənalı ömür sürmüş, bu müddət ərzində cəfa
da çəkmiş, səfa da sürmüşdür. Deyilənlərə görə, Gədəbəyin Qalalı kəndində 1891-ci
ildə dünyadan köçmüşdür.
Aşıq Hüseynin könül əmanəti rəngarəng, şaxəli və zəngindir. Bütün bu xəzinə
onu xalqımızın klassik aşığı səviyyəsinə qaldırmışdır.
Qaynar təbi, mahir ustadlığı və dərin müşahidəsilə seçilən Aşıq Hüseyn
Bozalqanlı Tovuz elindəndir. Aşıq Hüseyn 1864-cü ildə Kürün sağ sahilində qərar
tutan Bozalqanlı kəndində anadan olub. O, ömrünün qürub çağında, daha dəqiq desək,
1941-ci ildə 77 yaşında dünyadan köçmüşdür. Göründüyü kimi, Aşıq Hüseyn üç
ictimai quruluşun şahidi olmuşdur. Heç şübhəsiz, ictimai quruluşların dəyişməsi onun
həyatı və yaradıcılığına təsir etmiş, dərin izlər buraxmışdır.
Gəncəbasarın hər guşəsinə, dağına-daşına yaxşı bələd olan sənətkar öz elindən-
obasından ilham almış, pərvazlanmışdır. Gördüyü gözəllərin, mələk misalların, huri-
qılmanların səcdəsinə durmuş, onların eşqilə coşmuş-çağlamışdır. Onun təsvir etdiyi
gözəlliklər realdır.
Ustad sənətkar adlı-sanlı aşıqlar yetirməyə çalışmış, bu müqəddəs işə can
qoymuş, Aşıq Mirzə, Aşıq Qədir və Aşıq Vəlini yetişdirmişdir.
171
Aşıq Hüseyn cəfakeşliyi, istedadı, fəhmi və həssaslığı ilə sənətin çətin sirlərini
dərindən öyrənmiş, kamala yetişmişdir. Sehrli sazı, xoş avazı, hikmətli sözü ilə çox
qonaqlar qarşılamış, çox məclislər yola salmış, könülləri şad, qəlbləri qubar eləmişdir.
Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər kimi ustadlarla meydana girmiş, səmimi qəlbdən
deyişmiş, xoş niyyətlə, saf diləklə ayrılmışdır. Bütün bunlar aşığın qüdrətini, şöhrətini
təsdiqləyir:
Aşıq Hüseyn, köklə sədəfli sazı,
Min cavablı bir sualdan danışaq.
Meydan quraq, söhbət açaq, söz tutaq,
Gül yanaqda qoşa xaldan danışaq.
Aşıq Hüseyn Bozalqanlının sinəsində xalqımızın yaratdığı dastanlar, nağıl və
əfsanələr yuvalanmış, bu mənəvi sərvətə qoşma, gəraylı, gözəlləmə, müxəmməs,
təcnis, cığalı təcnis, dodaqdəyməz, ustadnamə bəxş etmişdir.
Aşığın məhəbbət ilhamında pərvazlanan gözəlləri, göyçəkləri ədalıdır,
sığallıdır, şux yerişli, ceyran duruşlu, maral baxışlıdır. Onun etnoqrafik bəzək-
düzəkdə, tər libasda olan gözəlləri daha qənirsiz, daha əvəzsiz görünür:
Gərdəni minadı, əndamı nazik,
Nazik barmaqlarda qızıldan üzük,
Boynunda həmayil, qolda bilərzik,
Götürdü guşuna tana yeridi.
Təəccüb eylədim, bu necə candı,
Belə bəşər olmaz, Allah amandı,
Huridi, mələkdi, yoxsa qılmandı,
Sonalar səfindən sona yeridi.
Sinəsi dolu, qəlbi qaynar bulaq olan Aşıq Hüseynin bir sıra nəzirələri son
dərəcə güclü, dəqiq məzmunu ilə heyrət doğurur. Onlardan Aşıq Ələsgərin "Ay sarı
köynək", "Çərşənbə günündə", M.P.Vaqifin "Bayram oldu" şeirlərinə nəzirələri və
başqa bənzətmələri xatırlatmaq olar.
Qüdrətli sənətkar təkcə qoşmaları, gəraylıları, müxəmməsləri ilə deyil, həm də
dastan yaradıcısı kimi də tanınır. Onun bir sıra dastanları və hekayətləri öz siqləti,
dərin məzmunu və yüksək sənətkarlığı ilə səciyyələnir[107].
Yatmış idim, baxtım məni oyatdı,
Qəzanın qədəri kəməndin atdı,
Mahalım Göyçədi, sakinim Zoddu,
Sənətkar Abdulla deyilən mənəm.
Sənətkarın bu misralarından aydın olur ki, onun adı Abdulla, mahalı Göyçə,
şenliyi Zoddur. Usta Abdulla və yaxud Zodlu Abdulla 1865-ci ildə anadan
olmuşdur[108]. Atası xarrat Rəhimin peşəsinin davamçısı olmuş, yaxşı dülgər kimi
tanınmışdır. Dülgərliyi ilə yanaşı, aşıq sənətinə qəlbən vurulmuşdur. Çox məclislərdə
172
olmuş, aşıqları dinləmiş, sazın sehrinə düşmüşdür. Savadı olmasa da eşitdiklərini
sinəsinə yığmış, qəlbinə köçürmüşdür. Sonralar özü də şeir qoşmuş, yanğılı
zümzümələrilə dərdini, ələmini, eşqini, hikmətini söyləmişdir[109].
Yetmiş səkkiz il ömür sürən Zodlu Abdulla 1948-ci ildə vəfat etmişdir. Lakin
onun bizə yadigar qoyduğu, özünəməxsus, adına layiq qoşmaları, gəraylı, müxəmməs
və təcnisləri eldən-elə gəzmiş, dildə-dodaqda dolaşmışdır.
Aşıq Əsəd XIX yüzilliyin səksəninci illərinin əvvəllərində Göyçə mahalının
Böyük Qaraqoyunlu şenliyində dünyaya gəlmiş, aşıqlığın sirlərini orada öyrənmişdir.
XX əsrin əvvəllərində Göyçədən Tovuza köçmüş, 1951-ci ildə 77 yaşında burada
vəfat etmişdir (10).
Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Əsəd zəngin yaradıcılığı
ilə yanaşı, həm də mahir saz çalması və təkrarsız səsilə məşhurlaşmışdır. Oxuduğu
sözlərə uyar seçdiyi havalar tellərində ötər, pərdələrində bəmlənər, zillənərdi. Aşıq
çaldıqca çalar, min bir hikmət yaradardı.
Erkən çağlarından saza-sözə könül verən Əsəd həm də eşq-məhəbbətə düşür.
Bu aləmdə ürəyinin tellərini kökləyir, şeir qoşur, mahnı yaradır:
Oğrun-oğrun daldalardan,
Baxmağı kimnən öyrəndin?
Qəfildən könlüm evini,
Yıxmağı kimnən öyrəndin?
Zaman keçdikcə, dünyagörüşü də dəyişmiş, el şairi kimi daha da püxtələşmiş,
sözü-sazı ilə tanınmışdır. Sevgi-məhəbbət şeirlərinin sayı artmış, mənası dərinləşmiş,
könülləri fəth etmişdir:
Can alan, getmə, dayan,
Bil məni candan elədin.
Təbiət bəzək vurub,
Şövkəti şandan elədin.
Aşıq Məhəmmədin həyatı və fəaliyyəti haqqında hələlik ətraflı məlumat
yoxdur. Zaqatalanın Vayxırlı kəndində anadan olub, cəmi 60-65 il ömür sürüb,
təxminən əsrin əvvəllərində dünyadan köçüb[111]. Mahir saz ustası Aşıq Məhəmməd
ustadnaməsi, müxəmməsi, divanisi, qıfılbəndi və həcvləri ilə tanınır.
Aşıq qoşmalarının birində öz könlü, odlu qəlbilə söhbət edir. Əgər təkcə aşığın
bu münasibətlə yazdığı qoşması bizə məlum olsa belə, o aşıq sənətinin zirvəsində olan
sənətkarlar səviyyəsinə qalxa bilərdi.
Vaxt olar qalxarsan ərşə-asmana,
Vaxt olar havadan yenərsən, könül.
Vaxt olar düşərsən çiskin, dumana,
Vaxt olar hər şeyi qanarsan, könül!
Vaxt olar çıxarsan Məcnun dağına,
Vaxt olar düşərsən qəm yığnağına,
173
Vaxt olar yüz atəş kar etməz sana,
Vaxt olar alışıb-yanarsan, könül!
Mənalı ömür sürən, nikbin həyat tərzi keçirən, qəm-qüssəyə biganə qalmayan,
elin-obanın qədrini bilən Molla Cümə, sənəti çox sevilən, adı çox anılan Molla Cümə.
Molla Cümənin anadan olduğu il 1854-cü ilə təxmin edilir. 1920-ci ildə 66 yaşında
vəfat etmişdir:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim
Şəki,
Layisqı kəndinin binasıyam mən[l
12].
Bu misralardan aydın olur ki,
yurdu-yuvası Göynük mahalının Layisqı
şenliyidir.
Molla
Cümənin
təbinə uyar,
istedadına layiq kamil savadı, geniş
dünyagörüşü
varmış.
O,
klassik
poeziyamızla yanaşı, ərəb və fars
dillərinə də bələdmiş.
İsmi
pünhan,
niyə
məndən
küsübsən,
Yaxşı yaman ya bir olar, ya iki.
Bir gün ölsəm hamı deyər
yazıqdır,
Canı yanan ya bir olar, ya iki.
Sən şöləsən, dörd yanında fənaram,
Bülbülünəm, gülşənindən kənaram,
Hər məclisdə od tutuban yanaram,
Dərdim qanan ya bir olar, ya iki.
Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qırıb üzün məndən çevirmə,
Cümə deyər, hər yetənə sirr vermə,
Dost mehriban ya bir olar, ya iki![113]
Molla Cümənin gözəlləri realdır, onların geyim dəsti, yerişi, duruşu etnoqrafik
lövhədir, keçmişimizin bu günümüzdə canlanmasını təsdiqləyən mənbədir:
Oğlan, mən qurban olum
Gözləri göyçək bacına.
Başında kəlağayı,
174
Baftası ləçək bacına...
Qabağı ayna kimi,
Yanağı çiçək bacına.
Him eyləyib, qaş oynadan,
Sığallı birçək bacına.
Molla Cümə incə zövqlü, nadir təbli lirik şairdir, elinin qəlbini oxuyan, halını-
əhvalını bilən el sənətkarıdır. Sərraf kimi sözü yerində seçməyi, incələyib sədəf kimi
düzməyi bacaran aşıqdır. Aşığın şeirlərinin deyimi gözəl, mənası dərindir. Onun
"Dünyadı" şeri həqiqətən də dünyadı, etibarsız dünyanın, heçlik-puçluq dünyanın əsil
məzmunu, dəqiq tərifidir:
Çoxlarına tər bənövşə iylədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına tambur çalan dünyadı.
Altun səfalıdır, mədən səfasız,
Təbib şəfalıdır, xəstə şəfasız,
İnsan vəfalıdır, dünya vəfasız,
Əlbət, yaxşı bixəbərə dünyadı.
Aşıq Şəmşir Qurban oğlu Qocayev
1893-cü ildə Kəlbəcərin Dəmirçidam
köyündə sözlü-sazlı bir ailədə dünyaya göz
açmışdır. Öz biliyi, şairliyi və mehribanlığı
ilə sayılan atası Ağdabanlı Aşıq Qurban
kimi tanınmış, şöhrətə çatmışdır. Aşıq
Qurbanın bu üstün cəhətləri oğlu Şəmşirə
də öz müsbət təsirini göstərmiş, saza-sözə
meylini, marağını artırmışdır. Xalq şairi
Osman
Sarıvəlli
Aşıq
Şəmşirin
gəncliyindən bəhs edərək yazır: "Aşıq
Şəmşir hələ gəncliyində məşhur Aşıq Alı,
Aşıq Ələsgər, Aşıq Qurban kimi ustad
aşıqların - yaradıcı aşıqların əsərləri
ruhunda tərbiyə almış, yetişmişdir[114].
Gənclik çağlarından saz tutub, söz qoşan
Aşıq Şəmşir getdikcə püxtələşir, kamala
yetir, sirli aləmin sehrinə düşür.
Aşığın sənət dünyası səmimi, sadə və məzmunludur. Onun Azərbaycan,
xüsusilə Kiçik Qafqaz dağları ilə bağlı şeirləri sənətkarlıq baxımından təkrarsızdır.
Dağların vüqarı, axar-baxarı, cığırların, izlərin adları, bulaqların pıçıltısı, çayların
175
dəliqanlılığı, səyyah həvəsi, coğrafiyaşünas dəqiqliyilə incələnir, muncuq tək sapa
düzülür.
Aşığın gözəllikdə süzən, silkinən gözəlləri də say-seçmədir, qənirsizdir, düz
ilqarlı, eşqə vəfalıdır. Eldə-obada ismətlə gəzən, hünərlə yaşayan bu gözəllər
utancaqdı, abırlıdı, həyalıdı. Geyim dəsti, davranışı, xilqətilə seçilən türfə gözəllər
ömür-gün dostu kimi safdır, əvəzsizdir.
Aşıq Şəmşirin məhəbbət lirikası güclü olduğu kimi, adət-ənənəyə bağlılığı da
eyni dərəcədə ibrətamizdir. Elsevərlik, yurda qulluq, ataya-anaya sonsuz ehtiram,
böyüyə-kiçiyə hörmət, qonaq-qaraya məhəbbət etnoqrafik baxımdan böyük maraq
doğurur. Mərdliklə namərdliyin, xeyirlə şərin, pisliklə yaxşılığın mübarizəsinə həsr
edilmiş şeir nümunələri əsil tərbiyə məktəbidir, gör-götür dünyasıdır.
Dostları ilə paylaş: |