MÖVZU 10. NİTQ HAQQINDA ANLAYIŞ
Nitq ünsiyyəti müəyyən dilin qanunlarına uyğun olaraq həyata keçirilir. Nitq-insanların dil vasitəsilə həyata keçirilən ünsiyyət vasitəsidir. Ünsiyyətin bu forması tarixən əmələ gəlmiş, təşəkkül etmişdir.
Dil isə nitqdən fərqli olaraq insanlar arasında ünsiyyət vasitəsidir. Hər iki anlayışı müxtəlif istiqamətlərdə tutuşdurmaq olar. Məsələyə kəmiyyət tərəfdən yanaşsaq dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümumi xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən qismini fərdin nitq ünsiyyəti prosesində istifadə edilir. Dil ümumixalqa məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir. Deməli dil ümumixalqa məxsusdur., nitq isə ayrı-ayrı fərdlərə aiddir. Dil ünsiyyətin vasitəsidir, nitq ünsiyyətin prosesidir.
Dil ünsiyyət prosesi olduğu üçün başqa bir elmin-dilçiliyin mövzusudur, nitq isə proses olduğu üçün psixologiya elminin tədqiqat obyektidir. Lakin bunları bir-birindən ayırmaq olmaz, çünki onlar arasında mürəkkəb dialektik vəhdət vardır, hər ikisi ictimai-tarixi mahiyyət daşıyır.
Dil əsasən üç funksiyanı yerinə yetirir:
1)dil ictimai-tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir.
2)dil kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir. Çünki hər bir kmmunikasiya və ya ünsiyyət, hər şeydən əvvəl, müsahibə təsir etmək vasitəsidir. Bu təsir bilavasitə və bilvasitə həyata keçirilə bilər.
3)dil intellektual fəaliyyətin silahıdır. Qavrayış, hafizə, təfəkkür, təxəyyül kimi idrak prosesləri insanda dil materialları ilə əldə edilən informasiyalara istinad edir. Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Nitq insanlar arasında ünsiyyətə xidmət edir.
Nitqin funksiyaları müxtəlifdir. Onun birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti və s. adlandırmaqdır. Bu nitqin siqnifikativ və ya semantik (məna) funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs cismi deyil, onun öz vəziyyətini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır.
Nitqin ikinci funksiyası ümumiləşdirmədir. Məlumdur ki, hər bir söz ümumiləşdirilir. Müəyyən cisimlər kateqoriyasına aid əlamət və xassələri əks etdirir. Məsələn, ağac, meşə, tələbə, insan və s.
Nitqin üçüncü funksiyası kommunikativ funksiyadır. Bu nitq davranışı kimi təzahür edir. Həmin funksiya da öz növbəsində: 1)məlumat vermək; 2)fəaliyyətə, işə təhrik etmək vəzifələrini yerinə yetirir. Deməli, nitqin köməyi ilə başqaları ilə ünsiyyət saxlayırıq, fikir mübadiləsi edirik, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.
Nitq vasitəsilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibət bildiririk.
NİTQİN NÖVLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
Ünsiyyət şəraitindən asılı olaraq nitqin iki növü ayırd edilir: Buraya xarici və daxili nitq daxildir. Xarici nitq şifahi və yazılı, şifahi nitq isə monoloji və dioloji olmaqla iki yerə bölünür.
Dostları ilə paylaş: |