QABİLİYYƏT VƏ İSTEDAD
Müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi-nəzəri məsələ deyildir. Onun böyük praktik əhəmiyyət vardır.
İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə tutulur.
Əgər müşahidəçilik, poetik, görmə, surət, hiss və hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır. Eyni sözlər istedadın başqa növlərinə də aiddir.
Psixologiyada vaxtilə “istedad” termini daha çox təbii imkanların məcmuyunu ifadə edən anlayış kimi də işlədirdilər.Lakin psixoloji tədqiqatlar göstərir ki, istedad anlayışını bioloji kateqoriya kimi nəzərdən keçirdikdə, o, öz mənasını itirir. Qabiliyyətlər və istedad da insan fəaliyyətinin özü kimi ictimai-tarixi xarakter daşıyır.
Bu və ya digər fəaliyyət sahəsinə qabiliyyət və istedadın inkişafı, hər şeydən əvvəl, insanın ictimai-tarixi inkişaf şəraitindən, cəmiyyətin maddi həyat şəraitindən asılıdır.
Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret, tarixən inkişaf edən formalarından təcrid olunmuş şəkildə izah edilə bilməz. Onlar konkret tarixi dövrdə fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və “fəaliyyətin müvəffəqiyyətli icrası” dedikdə hansı meyarın başa düşülməsindən tamamilə asılıdır. Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istedadın bu və ya digər xüsusi növü haqqındakı anlayışın da məzmunu əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, “musiqi qabiliyyətləri” və ya “musiqi istedadı” anlayışı bir səsli mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün başqa məzmuna malikdir.
Dostları ilə paylaş: |