Ermənistan struktur fasial zonası
Göyçə sinklinoriumunun cənubi-qərb qanadı Ermənistan struktur fasial zonasının kənar şimali-şərq hissəsində yerləşir. Ermənistan struktur fasial zonası müasir struktur planında və gec Təbaşir-paleogen zamanı inkişaf etmiş bir sıra ikinci geosinklinal çökəkliklərdən və qalxımlardan təşkil olunmuşdur. Ermənistan struktur-formasiya zonası Alp inkişaf mərhələsinin 1-ci yarısında geniş Ermənistan geoantiklinalının ərazisini əhatə etmişdir.
Ermənistan struktur-fasial zonasının şimali-şərqində Misxan-Zəngəzur qalxım zonası yerləşir. Bu zonanın nisbətən böyük struktur elementi Göyçə gölündən qərbdə yerləşən Misxan qalxımı hesab olunur. Misxan antiklinoriumunun şimali-şərq sərhəddindən Hirartax qırılmasının davamı olan böyük Marmarik qırılması keçir. Bu qırılmanın paleogen intruziyalarının, filiz əmələ gətirən məhsullarının, termal suların təzahüründə rolu çox böyükdür. Misxan qalxımı cənubi-şərqdə ensizləşərək Axtin horstuna keçir.
Misxan-Zəngəzur qalxım zonasının ən sonuncu elementi alt Paleozoy və üst Devon törəmələrindən ibarət olan Zəngəzur antiklinoriumu hesab olunur. Olduqca ensiz olan Zəngəzur antiklinoriumu səciyyəvi tikiş strukturu olub, şimali-şərqdən Xüstup-Hirartax qırılması ilə, cənubi-qərbdən isə Qafqazda ən nəhəng olan, 10 km-lərlə uzanan üst paleogen Meqri-Ordubad plutonu ilə sərhədlənir. Meqri-Ordubad plutonu (batoliti) Zəngəzur antiklinoriumu ilə Ordubad sinklinoriumunun arasına girmişdir, onun mərkəzi hissəsi Pliosendə cavanlaşan nəhəng uzununa qırılma ilə parçalanmışdır.
Ermənistan struktur-fasial zonasında yerləşən bu külisvari yerləşmiş qalxımlar Göyçə sinklinoriumu vasitəsilə bu zonanın cənub-qərb hissəsini tutan Ordubad və İrəvan sinklinoriumları ilə birləşirlər.
Ordubad sinklinoriumu böyük qalınlığa malik paleosen, eosen yaşlı çökmə-vulkanogen qatdan, ibarətdir. Bu sinklinoriumun şimali-şərq sahili, Zəngəzurdan şimala Dağlıq Qarabağ və Basarkeçər cavan effuzivləri altında basdırılmışdır. Ordubad sinklinoriumu cənubi-qərbdə Daralagöz antiklinoriumu, Gilyançay qalxımı və onların arasında yerləşən Naxçıvan törəmə çökəkliyi ilə əhatə olunmuşdur.
Ordubad sinklinoriumu şimal-qərbdə Əyriçin qalxımı ilə iki qola ayrılır. Bunlardan biri Qərbi Basarkeçər (şimalda) olub, Ordubad çökəkliyini Göyçə ilə birləşdirir. Digəri isə Vedi (cənubi) olub, onu İrəvan sinklinoriumu ilə birləşdirir. Daralagöz və Əyriçin antiklinoriumları uzun müddət mövcud olan eninə meredional çıxıntı (yəhər) olmuşdur və nəinki üst Təbaşir və paleogenin, hətta üst Paleozoy çöküntülərində, strukturunda, fasiyasında və qalınlığının dəyişməsində öz əksini tapır.
Vedi yəhəri üç eninə strukturdan: şimalda yerləşən və əsasən üst Təbaşir yaşlı vulkanogen çöküntülərdən ibarət olan Üst Vedi çökəkliyi; cənubda yerləşən, orta eosendə Daralagöz antiklinoriumunun şimal qanadında Paleozoy bünövrəsi üzərində formalaşan şahab törəmə çökəkliyi; Bu çökəklikləri ayıran Paleozoy bünövrəsi (Dəhnə dağı) ibarətdir. bu strukturların hamısı şimali-qərbə genişlənir və enməyə məruz qalaraq İrəvan sinklinoriumuna keçir. İrəvan sinklinoriumu Kiçik Qafqazın digər 2-ci dərəcəli çökəkliklərindən bir sıra xüsusiyyətləri ilə seçilir:
paleogen çökmə törəmələrdən ibarətdir, yalnız tufogen materialların qarışığına rast gəlinir.
Paleogen və üst Təbaşir intruziyaları demək olar ki, tamamilə iştirak etmir.
Çökəkliyin şimal hissəsində olduqca böyük qalınlığa malik, əsasən laqun mənşəli Miosen çöküntüləri toplanmışdır.
Sinklinoriumun cənubi-şərq hissəsində orta və üst Paleozoy çöküntüləri, şimali-qərbində isə metamorfin alt Paleozoy üzərində yatan paleogen və üst Təbaşir çöküntüləri qırışmaya məruz qalmış və böyük simmetrik qırışıqlar əmələ gətirir.
Dostları ilə paylaş: |