V – Mühazirə
Azərbaycanın böyük qafqaz meqantİklinoriumu daxilİndə ayrılan geostrukturları, onların lİtostratİqrafiyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları
4.1. Geomorfologiya
Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Böyük Qafqaz - 4 silsilədən: Baş Qafqaz Suayrıcı silsiləsi (Bazardüzü- 4466 m, Bazaryurd- 4126 m, Yarıdağ- 4116 m, Raqdağ- 4020 m, Babadağ- 3629 m), Yan silsilə (Şahdağ- 4243 m), Qovdağ və Niyaldağ silsilələrindən ibarətdir. Suayrıcı silsilədə Babadağa (3629 m) qədər buzlaq relyefi ilə səciyyələnir. Bu arada Bazardüzü, Tufandağ, Bazaryurd, Yarıdağ, Çingiz Mustafayev və s. zirvələri yerləşir.
Cənub-şərqə doğru silsilələr tədricən 1000-700 m yüksəkliyədək alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə- Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə- Qusar maili düzənliyi. Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan Yura və Təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi Dördüncü dövr yaşlı qalın çınqıl qatından təşkil olunmuşdur.
Böyük Qafqaz Azərbaycana Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) daxil olur və tədricən alçalaraq, Abşeron yarımadasında düzənliyə keçir, oradan da Xəzəri iki yerə bölərək sualtı tirə şəklində Türkmənistana qədər uzanır. Baş Qafqaz silsiləsinin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır. Babadağ zirvəsindən cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getidkcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Suayrıcı silsiləyə paralel olaraq cənubda Niyal-Qovdağ, şimalda isə Yan silsilə uzanır. Buranın ən uca zirvəsi Şahdağ- 4243 m-dir (Atatürk 3750 m). Şimali-şərqə doğru Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı alçalır. Babadağdan cənub-şərqə doğru dağlar daha çox parçalanmış, alçalmışdır. Salavat aşırımı- 2915 m, Dübrar- 2205 m, Gədi - 1222 m -dir. Bunların davamı Qobustan alçaqlığı (1000 m-ə qədər) və Abşerondakı təpəli düzənliklə əvəz olunur.
Böyük Qafqazın cənubunda Qanıx-Əyriçay çökəkliyi uzanır. Ləngəbiz və Ələt tirəsi Girdmançayla Qobustan arasında yerləşir.
Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan ərazisində yerləşən hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə- platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır.
Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.
Samur-Dəvəçi geomorfoloji vilayəti struktur cəhətdən Ön Qafqazın cənub-şərq davamı hesab edilən və yeni tektonik mərhələdə formalaşan Qusar-Dəvəçi ön dağ çökəkliyindədir; Böyük Qafqazın şimal-şərq ətəklərində yerləşir. Müasir səthi və əsas morfoloji xüsusiyyətləri Üst Pliosen və Antropogenin dəniz və kontinental akkumulyativ prosesləri nəticəsində formalaşmışdır. Böyük Qafqazın şimal-şərq yamaclarından başlanan çayların gətirmə konusları və konuslararası çökəkliklər, dəniz terrasları var. Dəniz sahili boyu, əsasən, qumluqdur. Səthi meylli (təqr. 0 m-dən 1900 m-dək), pilləli və dalğavarıdır. Hündürlük artdıqca meyllik və səthi parçalanma da artır. Dağətəyi hissədə erozion kəsilişi 850-950 m-ə çatır. Bu vilayət Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.
Dostları ilə paylaş: |