8.5. Faydalı qazıntılar Naxçıvan Muxtar Respublikası geoloqların və səyyahların diqqətini hələ 18-ci əsrin ortalarından cəlb etmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərnin tapılması Naxçıvan ərazisində hələ qədim vaxtlardan duz, mərgmüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir: orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları– “Cavahirnamə” yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi 18-ci əsrin 2-ci yarısından başlanmışdır. Ərazinin müntəzəm öyrənilməsi Naxçıvan Muxtar Respublikası yarandıqdan sonrakı dövrə aiddir. Muxtar Respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər çökmə, yerüstü vulkanların püskürmə qatlarından təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Çökmə süxurlar qatında geniş yayılmış məmulat daşları, tikinti daşları və şüşə məmulatı yerli sənaye üçün əhəmiyyət kəsb edir.