4.6. Böyük Qafqazın faydalı qazıntıları Qafqaz qırışıqlıq sistemində filiz yataqlarının formalaşmasında Hersin tektonik-maqmatik mərhələsi mühum rol oynamışdır. Böyük Qafqazın şimal yamacı boyunca split-keratofir formasiyası ilə əlaqədar olan mis kolçedanı yataqlarının (Laba-Malka zonasında Devonla, Tırnauz zonasında Karbonla əlaqədardır) olması da bunu təsdiq edir. Laba-Malka zonasında Hersin qranitoidləri ilə əlaqədar olan yarımmetallik (Pb, Zn), Baş silsilə zonasında az tapılan metallik yataqlar aşkar olunmuşdur.
Gürcüstan qaymasında üst Yura (Batdan başlayaraq) və alt Təbaşir yaşlı barit-yarımmetallik yataqlar qeyd olunur.
Alt və ust Təbaşirin sərhəddində və Paleocendə (üst Eosen) Mərkəzi Qafqazda əsas tektonik qırılma boyunca folfram, molibden, civə, mərgümüş və s. yataqları formalaşmışdır. Burada üç filizli kompleks ayrılır (antimonit-ferberitvari, civə və realqar-auripiqmatit). Antimonit- ferberit yataqları qurşağı İnquri çayının üst hissələrindən Mamisson aşrımına kimi izlənilir (Zoixito yatağı). Bu qurşaq təxminən Tiberdin-Diqor antiklinoriumunun kristallik süxurlarının cənub yamacı geosinklinalının alt Yura cöküntüləri üzərinə itələndiyi «Baş üstəgəlmə» boyunca keçir. Bu qırılma üzərində bir sıra molibden və arsen-pirit yataqları və eləcədə xırda filizlə əlaqədar olan qranodiorit, dasit intruziyaları da yerləşir.
Filiş zonsının daha cənub qırılmalar sistemi zonasında (alt Yuranın orta və üst Yuranın üstünə gəldiyi) 700 km uzunluqda alt Yuranın parçalanmış qumdaşı və şistləri ilə əlaqədar olan sinnobarit yataqları qurşağı yerləşir. Bu yataqların əksəriyyəti sənaye əhəmiyyətli deyildir. Şimali-Qərbi Qafqazın Təbaşir filişi zolağında şimal qırılmalar boyunca da sinnobarit təzahürləri müəyyən olunmuşdur. Böyük Qafqazın şimal yamacında, Pşekiş-Tırnauz tikiş zonasında folfram-molibden yatağı (Tırnauz) yerləşir. Bu yataq alt Karbonun əhəngdaşlarına daxil olmuş üst Mezazoy və Paleocen yaşlı qranit ştokları ilə əlaqədardır.
Qafqaz zəngin neft-qaz ehtiyyatına malikdir. Azov-Kuban, Terek-Orta Xəzər, Kür-Cənubi-Xəzər hövzələrində Mezokaynozoy çöküntüləri ilə əlaqədar olan zəngin neft-qaz üataqları vardır.
Qafqazda çöküntü qatı ilə əlaqədar olan marqans (Albandin) və dəmir yataqları vardır. Dünya üzrə ən böyük marqans yataqlarından biri Gürcüstanda (Çiatur) yerləşir. Malka çayının hövzəsində kifayət qədər dəmir filizi yatağı vardır.
Qafqaz zəngin tikinti materiallarına (tuflar, tufolavalar, əhəng daşları, gillər və s) malikdir.
Qafqaz ərazisi olduğca zəngin və müxtəlif mineral sularla malikdir. Qafqazda olan mineral su bulaqlarının hasilatı 250000 m3/gün- ə çatır. A.M.Ovçinikov Qafqazda 7 hidrokimyavi zona ayırır:
Mərkəzi Qafqazın karbonlu su zonası.
Şimali-Qərbi Qafqazın Təbaşir filişi ilə əlaqədar olan azot-hidrokarbonat su zonası.
Şərqi Qafqazın Yura şistləri ilə əlaqədar olan azot-hidrokarbonat su zonası.
Şimali Qafqazın Mezozoy əhəngdaşı ilə əlaqədar olan kükürdlü-sulfatlı su zonası.
Abxaz fasiyası əhəngdaşı massivi ilə əlaqədar olan kükürdlü natrum-xloridli su zonası.
Kiçik Qafqazın əksər hissəsini əhatə edən Termal və karbonqazlı su zonası.