Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq d. -3906 m, Qazangöldağ- 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ- 2410 m, Xanağa- 1910 m, Əlincə- 1810 m və s.) səciyyəvidir.
Dərələyəz silsiləsi Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf yerləşir (Kükü d. -3210 m, Keçəldağ- 3115 m). Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz- 3581 m, Böyük İşıqlı- 3552 m, Ala Göllər- 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000-2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.
Qarabağ vulkan yaylası Ermənistan sərhəddi ilə Qarabağ silsiləsi arasında Qarabağ vulkanik yaylası yerləşir. Bu yayla Qarabağ silsiləsindən qərbdə, Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və Dördüncü dövr lavaları üzərində yerləşir. Kaynozoy erasında əmələ gəlmişdir, 2,0-3,0 km mütləq yüksəkliyə malikdir. Dördüncü dövrün vulkan püskürmələri məhsulları yaylanın səthini örtmüş, vulkanın sönmüş konusları isə yüksəkliklər əmələ gətirmişdir. Qarabağ Vulkan yaylasının üzərində çoxlu hamarlaşmış tirələr və sönmüş vulkanlar var, ən böyük vulkanlar İşıqlı və Qızılboğazdır. Böyük İşıqlı (3552 m) vulkanın iki konusu yaylanın cənub qərbində, Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ (3616 m) yerləşir. Qarabağ Vulkan yaylası qərb hissələri ekzotikliyi ilə fərqlənir. Qarabağın düzənlik hissəsinin mütləq hündürlüyü 0-400 m arasında dəyişir. Bu ərazilər ancaq 4-cü dövrdə çayların gətirdiyi daşlardan, qumlardan, gillərdən yaranmışdır.
Qarabağ ərazisindəki Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan Dəlidağ maqmatik mənşəli dağdır, alp və sub alp çəmənlikləri vardır, yamaclarında qədim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sərhədindədir. Keçəldağ isə Qarabağ yaylasında yerləşir, hündürlüyü 3171 m olan sönmüş vulkan konusudur. Pliosenin vulkan süxurlarından təşkil olunmuşdur, yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir.
Naxçıvanın relyefi mürəkkəbdir. Dərələyəz və Zəngəzur silsilələri Ermənistanla sərhəddə yerləşib, cənub-qərbə doğru alçalır. Kiçik Qafqazın ən hündür zirvəsi Qapıcıq və Biçənək aşırımı Zəngəzur silsiləsindədir. Araz çayı boyu ilə hündürlüyü 600 m-dən artıq olan maili Arazboyu (Şərur, Sədərək, Böyük düz, Ordubad, Yaycı) düzənliyi yerləşir.
Dostları ilə paylaş: |