Azərbaycanın təbii şəraiti və ehtiyatları



Yüklə 390,5 Kb.
səhifə5/6
tarix09.02.2017
ölçüsü390,5 Kb.
#7862
1   2   3   4   5   6

2. Gəncə-Qazax iqtisadi rayonu. Ərazi mürəkkəb relyefə malikdir, 9 inzibati rayon (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir və Tovuz), Gəncə və Naftalan şəhərlərindən ibarətdir. Aşağı hissədə iqlim isti və qurudur.Fəal temperaturların cəmi 3500-4500o arasında tərəddüd edir.İyul ayının orta temperaturu 23-26o, mütləq maksimumları isə 37-40o-yə çatır. Qış mülayim istidir.Yanvarın orta temperaturu 0o-yə yaxındır. Mütləq minimumların orta kəmiyyəti 6-10oşaxta təşkil edir. Şaxtasız müddətin davamiyyəti 220-250 gündür. Davamlı qar örtüyü əmələ gəlmir. Nəmlənmə şəraiti qeyri-kifayətdir.İllik yağıntının miqdarı 240-390 mm-dir. Ərazinin hündürlüyündən asılı olaraq istilik ehtiyatları azalır və yüksək dağlıq zonasında iqlim soyuqdur. Fəal temperaturların cəmi 2000-3500o təşkil edir. Yay nisbətən sərindir. İyul ayının orta temperaturu 17-23o. Qış fəsili soyuq və qarlıdır. Yanvarın orta temperaturu 30, mütləq minimumların orta kəmiyyəti 14-15o şaxta təşkil edir. Şaxtasız müddətin davamiyyəti 180-220 gündür. Davamlı qar örtüyü 1300-1400 m-dən yuxarı ərazilərdə müşahidə edilir (60 gündən artıq). Bu ərazinin nəmlənmə şəraiti kifayət qədər kimi qiymətləndirilir.İllik yağıntının miqdarı 550-630 mm təşkil edir.

Gəncə-Qazax iqtisadi rayonun ərazisinin ümumi sahəsi 12,49 min kv.km olmaqla ölkə ərazisinin 14,4 faizinə bərabərdir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1133,4 min nəfər olmaqla ölkə əhalisinin 13,4 faizini təşkil edir. İqtisadi rayonda əhalinin 46 faizi şəhərlərdə, 54 faizi kəndlərdə yaşayır. Əhalinin orta sıxlığı hər kv.km-ə 91 nəfər təşkil edir ki, bu da orta ölkə səviyyəsindən (97 nəfər) bir qədər aşağıdır. Əhalinin sıxlığı düzənlik zonasında daha yüksəkdir (100-120 nəfər).

Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin regionlarından biridir. Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada yerləşir. Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsən dəmir filizi, Zəylik aluniti, Xoşbulaq əhəng daşı ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir.

Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 faizini verir. İqtisadi rayonun sənayesi mədənçıxarma, emal və elektrik enerjisi istehsalı sahələrindən ibarətdir. Gəncədə və Daşkəsəndə metal filizləri hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun toxuculuq sənayesi (Dəliməmmədlidə pambıq mahlıcı, Gəncədə pambıq parça; yun parça, trikotaj məmulatları istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalça toxuculuğu müəssisələri) yerli xammalın emalına əsaslanır. Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi - şərab, ət-süd məhsulları, qənnadı məmulatı, konserv məhsulları istehsalı əsasən yerli təlabatı ödəyir.

Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulunun 13-14 faizi, o cümlədən kartofun 80-85 faizi, üzümün 28 faizi, heyvandarlıq məhsullarının 15 faizi bu rayonun payına düşür. Gəncə Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri, kartofçuluq, uzumçülük, taxılçılıqdır. Pambıq yalnız Goranboy rayonunda əkilir. Qazax və Ağstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə, Göranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik, və heyvandarlıq sahələri inkişaf etmişdir.

Gəncə-Qazax iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa əsas nəqliyyat qovşaqlarıdır. Xəzər dənizindən hasil edilən nefti və qazı dünya bazarına çıxarmaq üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir.

Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət güşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümumdünya əhəmiyyətlidir.

Azərbaycanın şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni təlabatlarının (səhiyyə, elmi mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir. Gəncədə (Kənd Təsərrüfatı Akademiyası, Texnologiya Universiteti, Dövlət Universiteti) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial infrastruktur obyektləri mövcuddur .

3.Şəki-Zaqatala iqtisadi rayonu. Əraziyə 6 inzibati rayon (Balakən, Qax, Qəbələ, Qğuz, Za-qatala və Şəki rayonları) daxildir və onun iqlim müxtəlifliyi relyeflə bağlıdır. Ərazinin aşağı hissəsinə quru qışla mülayim-isti yarımsəhra və çöl iqlimi, dağətəyi hissəsinə yağıntıların bərabər paylanma və quru qışla olan mülayim isti iqlim, yuxarı hissəsinə isə rütubətli qışla soyuq iqlim xasdır. Fəal temperaturların cəmi 3000-4000o arasında tərəddüd edir. Şaxtasız müddət 240-270 gündür. Qış fəsili nisbətən mülayimdir: yanvarın orta aylıq temperaturu 1o şaxtadan 1.5o isti, mütləq minimumların orta kəmiyyəti 10-15o şaxta, qar örtüyünün davamiyyəti isə 30-50 gün təşkil edir. Ən isti ay iyuldur: orta aylıq temperatur 22-26o-dir. Nəmlənmə şəraitinə görə ərazi Lənkəran-Astara bölgəsindən sonra ikinci yeir tutur. Illik yağıntının miqdarı yüksəkliklərə doğru təxminən 700 mm-dən (Qanıx çayı vadisində) 1200 mm-dək (yuxarı hissəsində) tədricən artır.

Azərbaycan Respublikasının zəngin bölgələrindən olan Şəki-Zaqatala iqtisadi rayonu ölkənin şimal-qərbində-Böyük Qafqaz daglarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv. km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir.

İqtisadi rayonun əhalisinin ümumi sayı 548,5 min nəfər olmaqla ölkə əhalisinin 6,5 faizini təşkil edir. Əhali əsasən dağətəyi hissədə, o cümlədən 24 faizi şəhərlərdə, 76 faizi kəndlərdə yaşayır. Son onillikdə əhalinin orta illik artımı 1 faizə bərabər olmuşdur. Rayonda əhalinin sıxlığı aşağı olmaqla hər kv. km-ə 61 nəfər təşkil edir.

Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanının 90 faizi, qurğuşunun 97 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür. Qafqaz regionunun iri polimetal yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağətəyi yerlərdə çınqıl, qum və başqa tikinti materialları mövcuddur. Şəki - Zaqatala iqtisadi rayonu ərazisinin 27 faizini meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, üzümçülük, ət-süd və ət-yun təmayüllü qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 99 faizdən çoxu, taxılın 9 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 6 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu üzrə heyvandarlıq məhsullarının tədarükü ölkə üzrə həmin məhsulların tədarükünün 10 faizdən çoxunu təşkil edir.

Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3 faizdən bir az çoxu bu rayonun payına düşür. İqtiasdi rayon ərazisinin 27 faizinə, əhalisinin isə 30 faizinə malik olan Şəki rayonu iqtisadi rayonun ümumi sənaye məhsulunun yarısını verir. İqtisadi rayonun sənayesi əsas etibarıilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95 faizdən çoxunu verir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Şəki yeyinti kombinatı və şərab zavodları, Qəbələ, Qax, Balakən, Nic meyvə-tərəvəz konservi zavodları, Zaqatala fındıq zavodu və çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan başqa, yerli təlabatı ödəyən çörəkbişirmə, Şərq şirniyyatı, spirtsiz içkilər istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi müəssisələri fəaliyyət göstərir. Tütünçülüyün inkişafı ilə əlaqədar Şəki, Qəbələ, Balakən və Zaqatalada tütün-fermentləşmə zavodları fəaliyyəf göstərir.

Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir.

İqtisadi rayon inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Avtomobil nəqliyyatı inkişaf etmişdir. Əsas yol Yevlax - Balakən şosesi və 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmir yoludur.

İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialı, mədəni maarif və səhiyyə ocaqları, muzey və teatr daxildir.

4. Lənkəran iqtisadi rayonu. Ərazi 6 inzibati rayondan ibarətdir. Qərb hissəsində yerləşən Talış dağları və Lənkəran ovalığının Xəzər dənizinə yaxınlığı burada iqlim müxtəlifliyini təmin edir. Ərazi təxminən, 500 m hündürlüyə qədər nəm subtropik iqlim ilə səciyyələnir və Qara dəniz sahilinin nəm subtropik iqliminə oxşayır. Fəal temperaturların cəmi 3500-4500o, şaxtasız günlərin müddəti 225-290 gün arasında tərəddüd edir. Yay isti və əsasən quru keçir. Iyul ayının orta temperatruru 24-26o, mütləq maksimumları isə 33-35o təşkil edir. Qış çox mülayim keçir. Yanvar ayının orta temperaturu 2-4o isti, mütləq minimumların orta kəmiyyəti 5-11o şaxta təşkil edir. Qar örtüyü ilə günlərin sayı 10-30 arasındadır. Ən çox illik yağıntı (1200-1300 mm) Lənkəran və Astara ərazisinə düşür. 500 mm-dən yuxarı ərazilərdə subtropik iqlimin əlamətləri tədricən silinir və yuxarı qalxdıqca yağıntı 400-600 mm-dək azalır və quru yay ilə mülayim-isti iqlim hökm sürür. Burada yay nisbətən sərin keçir. Iyul ayının orta temperaturu 19-20o, şaxtasız günlərin sayı isə 210-225 gün təşkil edir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir və 30-60 gün ərzində qalır.

Lənkəran iqtisadi rayonu, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə, Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi, 6,07 min kv.km olmaqla, ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığı və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülmüşdür. Region təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcud 11 iqlim qurşağından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 790,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 faizini təşkil edir. Rayonda əhalinin orta sıxlığı hər kv.km-də 130 nəfər təşkil edir. Əhalinin ən sıx məskunlaşdığı Lənkəran ovalığında bu göstərici 170 nəfər, dağ rayonlarında isə 60-80 nəfərdir. İqtisadi rayon əhalisi yüksək təbii artıma malikdir.

Lənkəran iqtisadi rayonunda faydalı qazıntılar azdır. Qeyri-filiz yataqlarından tikinti qumu, gil, çaydaşı, gips və s. ehtiyatlar reqionun iqtisadi inkişafında mühüm rol oynayır. İqtisadi rayon termal mineral sularla zəngindir.

İqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar sənaye kompleksi təşkil edir. Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət qədər əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Azərbaycan Respublikasında istehsal olunan çayın 94 faizi, tərəvəzin 21 faizi, taxılın 10 faizi, kartofun 16 faizi, üzümün 3 faizi, meyvənin 7 faizi bu iqtisadi rayonun payına düşür. Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvan-darlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır.

Lənkəran iqtisadi rayonunun sənayesi yerli kənd təsərrüfatı xammalı əsasında inkişaf etmişdir və əsasən bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90 faizə qədəri yeyinti sənayesinin payına düşür. Yeyinti sənayesində balıq emalı (Nərimanabad balıq kombinatı, Lənkəran balıq konservi zavodu), çay, meyvə-tərəvəz konservi, şərab istehsalı və tütün emalı mühüm yer tutur. Bundan əlavə, ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun ərazisində tikinti materialları, mebel istehsalı, avtomobil təmiri, cihazqayırma, mexaniki təmir və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri mövcuddur. Lənkəran rayonunda quşçuluq sənayesi inkişaf etmişdir.

Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı – Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla Iran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı – Lənkəran hava xətti fəaliyyət göstərir.

Gözəl təbii landşaft, isti və soyuq mineral sular, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda rayonda Lənkəran turist bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir. Rayonun ərazisində ali məktəb (Lənkəran Dövlət Universiteti), orta ixtisas məktəbləri şəbəkəsi, xəstəxanalar, dram teatrı, diyarşünaslıq muzeyi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.



5. Quba-Xaçmaz iqtisadi rayonu. Əraziyə Siyəzən, Dəvəçi, Xaçmaz, Quba və Qusar inzibati rayonları daxildir. Ərazinin qərb hissəsi dağlıq relyefinə malikdir, şimal-şərq hissəsi isə soyuq şimal, şimal-şərq küləklərinin təsirinə məruz qalır və nisbətən soyuq iqlimi ilə səciyyələnir. Relyefin mürəkkəbliyi burada iqlim müxtəlifliyinin formalaşmasına səbəb olmuşdur: soyuq quru və rütubətli iqlimdən quru yay və mülayim isti yarımsəhra və çöllər iqliminədək. Fəal temperaturlarının cəmi 2500-4000o arasında tərəddüd edir. Şaxtasız günlərin sayı 185-235 gün təşkil edir. Ən soyuq ayın (yanvarın) orta aylıq temperaturu dağlıq ərazidə 2-3o şaxta, aranda isə təxminən 1o isti təşkil edir. Mütləq minimumların orta kəmiyyəti 9-20o şaxta arasındadır. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir:dağlıq ərazidə 50-80 gün, aranda isə 20 gündən artıqdır. Yay fəsili nisbətən sərindir.iyulun orta aylıq temperaturu 19-24o təşkil edir. Nəmlənmə şəraitinə görə ərazi quru və qeyri-kifayət şəraiti ilə səciyyələnir. Yağıntının orta illik miqdarı 340-520 mm arasında dəyişir.

Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,96 min kv.km olmaqla ölkə ərazisinin 8 faizini təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına – düzənliklər, dağətəyi, orta dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir.

Region əhalisinin ümumi sayı 471 min nəfər olmaqla ölkə əhalisinin 5,6 faizini təşkil edir. Rayonun relyef-iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır. Əhalinin 33 faizi şəhərlərdə, 67 faizi kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km-də 68 nəfər təşkil edir.

Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10-11 faizi meşələrlə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.

Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Dəvəçi, Siyəzən, Xaçmaz, rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində südlük-ətlik istiqamətli maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən və Dəvəçidə quşçuluq kompleksləri mövcuddur.

Rayon iqtisadiyyatının sahə strukturunda kənd təsərrüfatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin-yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar-sənaye kompleksinin əsasını meyvə tərəvəz konservi istehsalı (Xaçmaz, Quba), balıq emalı (Xudat), xalça toxuculuğu (Quba, Qusar, Xaçmaz) sahələri təşkil edir . Xaçmazda və Dəvəçidə taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyəzən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir.

Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.

Regionun sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni təlabatının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. İqtisadi rayonda kütləvi kitabxana, teatr, xəstəxana və digər sosial infrastruktur obyektləri mövcuddur.



6. Aran iqtisadi rayonu. Burada quru və yay ilə isti yarımsəhra və quru çöl subtropik iqlimi hökm sürür. Fəal temperaturların cəmi 4000-4500o-dir. Qış fəsli mülayim isti keçir. Yanvar ayının orta aylıq temperaturu 1-3o, mütləq minimumların orta kəmiyyəti 8-12o şaxta təşkil edir. Çox illərdə qar örtüyü əmələ gəlmir. Ayrı-ayrı illərdə formalaşan qar örtüyü davamsız olur və 5-15 gündən artıq qalmır. Yay fəsli isti və qurudur. Iyul ayının orta temperaturu 26-28o, mütləq maksimumları isə 40-43o-yə çatır. İl ərzində düşən yağıntıların miqdarı azdır- 230-280 mm.

Əraziyə Kür-Araz ovalığının Şirvan və Mil-Qarabağ düzənliklərində yerləşən inzibati rayonlar daxildir. Burada quru subtropik iqlim səciyyəvidir. Ərazinin şərq hissəsində fəal temperaturların cəmi 4000-4500o, qərb hissə-sində 3500-4500o arasında tərəddüd edir. Şaxta-sız günlərin sayı 235-250, yanvarın orta aylıq temperaturu 1-3o, mütləq minimumlarının orta kəmiyyəti 8-12o şaxta təşkil edir. Qar örtüyü nadir hallarda əmələ gəlir və davamsız olur. Yayı isti və qurudur. İyul ayının orta temperaturu 25-26o, mütləq maksimumları isə 40o-yə çatır. İllik yağıntıların miqdarı 240-340 mm-dir.

Aran iqtisadi rayonu Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab, Yevlax inzibati rayonlarını və Əli Bayramlı, Mingəçevir şəhərlərini əhatə edir.

Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 19,73 min kv. km olmaqla ölkə ərazisinin 22,7 faizini əhatə edir. Aran iqtisadi rayonunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi meyllidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir.

İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi- coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Iqtisadi rayonun, ümumi əhalisinin sayı 1731 min olmaqla ölkə əhalisinin 20,5 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km-ə 81 nəfər təşkil edir.

Aran iqtisadi rayonunun əsas yeraltı sərvətləri neft, təbii qaz, yodlu və bromlu mədən sularından, müxtəlif tikinti materiallarından ibarətdir. Bu ehtiyatlar əsasən rayonun mərkəz və cənub - şərq hissəsində cəmlənmişdir. Bol günəş enerjisi, Kür və Araz çaylarının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu rayonun başlıca təbii sərvətlərindəndir. Aran iqtisadi rayonu həm yeraltı, həm də yerüstü yanacaq-energetika mənbələrinə malikdir.

Aran iqtisadi rayonunda sənaye nisbətən inkişaf etmişdir. Rayonun sənayesi, əsasən, onun cənub-qərbində (Əli Bayramlı, Salyan, Neftçala) və şimal-qərbində (Mingəçevir və Yevlax şəhərlərində) cəmlənmişdir. Elektroenergetika rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələrindən biridir. Mingəçevir şəhərinin iki elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin təxminən 60 faizi həcmindədir.

Kimya, maşınqayırma, toxuculuq, yeyinti, tikinti materialları istehsal edən sənaye müəssisələri iqtisadi rayonun sənayesinin əsasını təşkil edir. Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan, Neftçala şəhərlərində fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu mövcuddur. Mingəçevir, Əli Bayramlı və Salyan iqtisadi rayonun maşınqayırmasının əsas mərkəzləridir. İqtisadi rayon ərazisindəki bütün inzibati rayonların mərkəzlərində yeyinti sənayesi müəssisələri mövcuddur. Bu sahəyə aid müəssisələr arasında pambığın ilkin emalını həyata keçirən pambıq-təmizləmə zavodları məhsul istehsalına görə yüksək xüsusi çəkiyə malikdir. Bununla yanaşı, pambıq parça toxuculuğu (Mingəçevir), yunun ilkin emalı (Yevlax), süni gön-dəri istehsalı (Əli Bayramlı), xalçaçılıq (Qazı Məmməd) yüngül sənayenin mühüm sahələridir. Regionun yeyinti sənayesi meyvə-tərəvəz (Sabirabad), balıq konservləri (Bankə), ət-süd və heyvandarlıq məhsullarının emalına əsaslanır.

İnkişaf etmiş sənayesi ilə yanaşı, Aran iqtisadi rayonu mühüm kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Azərbaycanda istehsal olunan pambığın 90 faizdən çoxu bu rayonun payına düşür. İqtisadi rayonda həmçinin kartof, şəkər çuğunduru əkilir.

Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.



Yüklə 390,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin