AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Dərman bitkilərinin quşçuluqda tətbiqi perspektivləri



Yüklə 4,12 Mb.
səhifə3/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   2   3   4   5   6   7   8   9   ...   34

1.3. Dərman bitkilərinin quşçuluqda tətbiqi perspektivləri
Hazırda quşların yetişdirilməsində koksidiozdan qorunmanın ən səmərəli yolu müəyyən proqram çərçivəsində yemdə koksidiostatiklərin istifadə edilməsidir [238]. Lakin, ətlik istiqamətində böyüdülən quşların yeminə əlavə kimi koksidioza qarşı kimyəvi maddələrdən istifadə artıq mübahisə doğuran məsələlərdən biridir. Kəsimdən əvvəl antikoksidioz preparatlardan istifadə edilməsi, kimyəvi maddələrin quşların ətində toplanması nəticəsində quş əti və quş məhsullarından istifadəni mümkünsüz edir. Eyni zamanda kimyəvi preparatlardan koksidioz əleyhinə necə gəldi istifadə tətbiq edilən preparatları təsirsiz hala gətirmişdir.

XX əsrin sonu XXI əsrin əvvəllərindən başlayaraq heyvanların infeksion və parazitar xəstəliklərinə qarşı dolayısı ilə onların yemlərinə əlavə edilən antibiotiklərin istifadəsindən imtina edilməsinə başlanmış, Avropa birliyinə daxil olan ölkələrdə heyvan yemlərinə əksər antibiotiklərin və hormonların əlavə edilməsi qadağan olunmuşdur [348]. Qadağaya səbəb quşçuluqda böyümə faktoru kimi istifadə olunan antibiotiklərdən də insanların xəstəliklərinin müalicəsində istifadə edilməsi, istifadə edilən bu preparatların dozasının vaxtaşırı artırılması ilə əlaqədar olaraq bu antibiotiklərə qarşı dözümlü ştamların yaranması, quşların məhsulların istifadə edən insanlarda allergik və kanserogen halların baş verməsinə səbəb olur [346]. Eyni zamanda kimyəvi preparatların tətbiqi də belə maddələrə qarşı dözümlü ştamların yaranmasına [139], ətraf mühitin çirklənməsinə səbəb olmaqla ekoloji problemlərin yaranmasına yol açır.

Eymeriozların müalicəsində tətbiq edilən preparatlar orqanizmdə baş verən mübadilə proseslərini tamamilə balanslaşdırmaq xüsusiyyətinə malik deyildir. Onun üçün dərman preparatları ilə birlikdə amin turşuların, zülalların, bioloji aktiv maddələrin, mikroelementlərin birlikdə verilməsi böyük əhəmiyyət kəsb edir [4, 22, s.38-42, 62]. Məlumdur ki, qeyd edilən maddələr orqanizmin biokimyəvi mühitinin tərkib hissəsinə daxildir.

Son zamanlarda əhali arasında böyüdülməsində sintetik kimyəvi preparatlar və antibiotiklər istifadə edilməyən, ekoloji təmiz qida məhsullarına tələbat gündən-günə artır [190].

Quşların böyüdülməsində istifadə edilən yemə əlavələrin əvəzinə və eyni zamanda parazitar xəstəliklərin müalicə və profilaktikasında bitki ekstraktlarından istifadə, qeyd edilən məqsədlə tətbiq edilən kimyəvi dərman preparatlarına qarşı alternativ vasitə kimi bitkilərdən istifadə edilməsinə başlanmış heyvanların yeminə alternativ yem qatqılarının istifadəsini gündəmə gətirmişdir [348, 192, 86, 92, 205, 206, 249, 232, 212, 91, 161, 167, 285].

Kənd təsərrüfatı heyvanlarının və quşlarının müxtəlif parazitar xəstəliklərinin profilaktikasında əsas və effektiv vasitələrdən biri, demək olar ki, ən əsası heyvanların yüksək keyfiyyətli və balanslaşdırılmış yemlə qidalandırılması və optimal şəraitdə saxlanılmasıdır. Quşların və heyvanların müxtəlif xəstəliklərinin profilaktikası məqsədi ilə sintez olunan kimyəvi maddələrin baha başa gəldiyi, onların fizioloji proseslərə və maddələr mübadiləsinə müəyyən konkret təsiri olduğundan, yəni universal təsirə malik olmadıqlarından, ətdə və yumurtada toplandığından istifadəsinə üstünlük verilmir. Buna görə də son zamanlar təbii mənbələr əsasında əldə edilən maddələrin tətbiqinə üstünlük verilir.

Yaxın perspektivdə heyvanların və quşların orqanizmində fizioloji prosesləri stimulyasiya və ya korreksiya edən bioloji aktiv maddələrin tətbiqidir. Parazitar xəstəliklərin profilaktikasında heyvanların və quşların yemə təbii mənşəli bioloji aktiv maddələr əlavə etməklə xəstəliklərdən təsərrüfatlara dəyən iqtisadi zərərlərin qarşısını almaq olar.

Hazırda müasir təbabətdə, çox sayda bitki mənşəli preparatlardan istifadə olunur. Bitki mənşəli preparatların bəziləri çox qiymətli və əhəmiyyətli olub, onların tətbiqi olmadan bəzi xəstəliklərin müalicəsi mümkün deyil. Əksər hallarda dərman bitkilərin təsiri onun tərkibində olan konkret aktiv maddənin iştirakı ilə yox, bitkinin tərkibində olan digər aktiv birləşmələrin kompleks təsiri nəticəsində mümkün olur. Eyni zamanda bitkinin tərkibində olan maddələr təbii olduğu üçün insan və heyvan orqanizminə mənfi təsir göstərmir. Məhz bu əsas xüsusiyyətlərinə görə dərman bitkilərinin təsiri sintetik kimyəvi dərman preparatlarının təsirindən effektli olur.

Müasir elmi təsəvvürlərə görə orqanizmin normal fəaliyyət göstərməsi üçün çox sayda bioloji aktiv maddələrin olması zəruridir. Bu mənada fitoterapiya müxtəlif xəstəliklərin müalicəsində unikal və yüksək effektli metoddur. Orqanizmdə bu və ya digər xəstəliklər zamanı baş verən biokimyəvi dəyişkənlikləri və tətbiq edilən bitkinin kimyəvi tərkibini bilməklə orqanizmə bioloji aktiv maddələri daxil edib və digərlərinin qarşısını almaqla mübadilə proseslərini tənzimləyərək xəstəliyi müalicə etmək olar.

Bitkilərdə bir neçə qrup aktiv maddələrin, alkaloidlər, qlikozidlər, taninlər, sapnoninlər, flavonidlər, vitaminlər, yağ və efir turşuları, müxtəlif üzvü turşular, mikroelementlər və s. olduğu məlumdur. Qeyd edilənlər ilə yanaşı tətbiq edilən dərman bitkilərinin tərkibində elə aktiv komponentlər ola bilər ki, onların tərkibi və təsir mexanizmi hələ indiyə qədər öyrənilməsin.

Dərman bitkiləri xalq təbabətində zərərsiz kimi qəbul edilir. Həqiqətən də bəzi bitkilər yüksək dozalarda belə zərərli təsir göstərmir. Bununla belə, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkilər həmişə zərərsiz olmur. Elə dərman bitkiləri mövcuddur ki, onlardan düzgün istifadə edilməməsi orqanizmdə ağır fəsadların baş verməsinə yol açır.

Müalicə məqsədilə istifadə edilən bitkilərin sayı kifayət qədər çoxdur. Ümumdünya səhiyyə təşkilatı 91 ölkədə dərman bitkilərinin öyrənilməsi istiqamətində apardıqları tədqiqat işlərini təhlil edərək belə bir nəticəyə gəlib ki, müalicə məqsədilə istifadə edilən dərman bitkilərinin sayı 20000 növdən çoxdur. Eyni zamanda göstərilir ki, inkişaf etməkdə olan ölkələrin əhalisinin 80% -i, 3,3 milyard insan dərman bitkilərindən istifadə edir. Bu bitkilərin siyahısında tez – tez dəyişikliklər edilir. Bu bitkilərin bəziləri müasir farmakopeyada istifadə edilən bitkilərin siyahısından çıxarılır, bəziləri isə istifadəsinə icazə verilərək bu siyahıya daxil edilir. Elə bitkilər də vardır ki, qədim zamanlarda geniş istifadə edilməsinə bax-

mayaraq az effektli olduğu üçün müasir dövrdə az istifadə olunur.

Dərman bitkilərinin praktikaya tətbiqi onların tərkibində olan bioloji aktiv maddələrin olması ilə əlaqədardır ki, onların orqanizmə hətta cüzi bir miqdarda daxil edilməsi müəyyən bir fizioloji dəyişkənliyə səbəb olur.

Bu baxımdan quşçuluq təsərrüfatlarında insan sağlamlığına zərər verməyən, parazitlərin təsiri nəticəsində yaranan bir çox problemləri həll edən, heyvanların və quşların çəki artımına səbəb olan yemdən istifadəni artıran bitkilərdən əldə edilən üzvü turşuların [234, 324, 88, 265, 98], bioloji aktiv maddələrin [76, 121, 298, 205], bitki ekstraktlarının [268, 259, 312, 278, 195, 204, 87], efir yağlarının və mikroorqanizmlərdən alınan probiotiklərin, prebiotiklərin [209, 89, 193, 272, 117, 210, 172, 292] və s. quş və heyvanların yetişdirilməsində alternativ yem əlavəsi kimi istifadəsi təklif edilir.

Respublikamızda da dərman bitkilərinin baytarlıqda müxtəlif parazitar (helmintoz, protozoy və s.) xəstəliklərin müalicəsində tətbiqi istiqamətində tədqiqatlar aparılması haqqında məlumatlar verilir [1, 14, 19, 20, 21, 18, 12].

Bitkilərin antikoksidioz təsirə malik xüsusiyyətlərinin aşkara çıxarılması istiqamətində aparılan tədqiqatlar nəticəsində çox sayda bitkilərin, iltihab əleyhinə, antibakerial və antikoksidi koksidiostatik təsirə malik olması sübut edilmişdir [245, 350, 132, 351, 118, 347, 183, 328, 313, 145, 135,136, 101, 202, 214, 259, 345, 219].

Onların bioloji aktivliyi tərkibində antioksidant və antimikrob təsirə malik olan birləşmələrin (komponentlərin) olması ilə izah edilir [135, 133, 181]. Məsələn, Origanum vulgare-dən alınan efir yağlarının tərkibində olan 30-a yaxın fenol oksidantların olduğu sübut edilmişdir [321].

Bitkilərin orqanizmə effektiv təsiri onun bağırsaq mikroflorasına [311, 194, 294] və bağırsağın selikli qişasının hüceyrələrinə təsiri ilə əlaqədar olduğu fikri irəli sürülür [181].

Rebecca Nalubega və b. Mərkəzi Uqandada bitkilərin quşların müxtəlif xəstəliklərinin müalicə və profilaktikasında tətbiqini müəyyənləşdirmək məqsədilə 59 növ bitki sınaqdan keçirmişdir. Müəyyən edilmişdir ki, 33 növ bitkidən quşların müxtəlif parazitar xəstəliklərinin müalicəsində istifadə edilə bilər. Bu bitkilər içərisində də Asteraceae fəsiləsinə aid olan bitkilər üstünlük (30%) təşkil edir. Ümumiyyətlə, əksər bitkilərdən (68%) profilaktika məqsədilə istifadə edilə bilər [285].

Araşdırdığımız elmi ədəbiyyatlarda probiotiklərin, perebiotiklərin, enzimlərin, üzvü turşuların, dərman bitkilərinin heyvanların və quşların xəstəliklərə qarşı rezistentliyinin artırılmasında müvəffəqiyyətlə tətbiqi haqqında məlumatlar var [176, 29, 45, 52, 38, 65, 329, 126, 146, 178, 124, 296, 330, 174, 173, 221, 222, 186, 116, 257, 293, 267].

Qeyd edilənlər ilə yanaşı, koksidilərə qarşı istifadə edilən kimyəvi preparatlara qarşı alternativ ola biləcək antimikrob xüsusiyyətinə malik bitkilərdən əldə edilən ekstraktlarının təmiz və qarışıq halında koksidi əleyhinə istifadə edilə bilməsi istiqamətində geniş tədqiqatlar aparılmasına baxmayaraq hələ də gözlənilən nəticələr əldə edilməmişdir [92, 106, 336, 207, 227, 339, 269, 94, 246, 86, 118, 188, 328, 237, 114, 163, 282, 120, 305, 200, 125, 315, 87, 89, 159, 112, 208, 212, 98, 206, 225, 341, 342, 271, 248, 184].

Son zamanlar quşçuluqda profilaktik effektə malik nuklein turşuları və probiotiklər əsasında hazırlanan preparatların (narin, baktisubtil, maksilin, laktobifadol, enterobifidin, bifitrilakt və s.) və bioloji aktiv maddələrin tətbiqinə xüsusi diqqət yetirilir. Onlar quşların orqanizminə müsbət təsir göstərir, bağırsağın mikroorqanizm balansını tənzimləyir, qeyri əlverişli şəraitə qarşı orqanizmin dözümlülüyü artır, məhsuldarlığını yüksəldir [75, 48, 63, 64, 66, 85, 67, 37].

Tamasaukas müəyyən etmişdir ki, limon turşusu ekstraktı və üzvü turşular quşların müxtəlif növ eymeriyalara Eimeria spp. (E.acervulina, E.maxima, E.tenella, E.brunetti E.mivati) yoluxmasının qarşısını almaq kimi yüksək effektli təsirə malikdir. Onun digər bir tədqiqat işində isə sitrus bitkilərinin toxumlarından alınan ekstraktın antikoksidioz təsirə malik olduğunu göstərməklə yanaşı E.tenella-ya qarşı effektiv olmaması göstərilir [307, 308].

Bu təcrübədə üzvü turşuların və yemə bitki əlavələrinin tərkibindəki aktiv birləşmələrin antibiotiklərlə müqayisəli analizi aparılmışdır. Cücələrin yeminə üzvü turşu qarışığı (2-ci qrup), Allium ascalonicum (3-cü qrup), Achillea (4-cü qrup), Allium ascalonicumAchillea qarışığı (5-ci qrup) və antibiotik (6-cı qrup) əlavə edilmişdir. Bütün qrupdan olan cücələrdə yemin mənimsənilməsi sürətlənmişdir. Allium ascalonicum, Allium ascalonicum ilə Achillea qarışığı və yeminə antibiotik əlavə olunan cücələrdə çəki artımı, yemin konversiyası digər qruplara nisbətən yüksək olmuşdur. Üzvü turşularla müalicə olunan qrupda müalicənin 21-ci günü döş əzələləri digər qrupların cücələrinə nisbətən əhəmiyyətli dərəcədə artmışdır. Yeminə Allium ascalonicum əlavə edilən cücələrin bağırsağında epiteli hüceyrələrinin eni və hündürlüyü, kriptlərin hündürlüyü 21-ci gün digər qruplara nisbətən çox olmuşdur. 21-ci gün çənbər və korbağırsaqda süd turşusu bakteriyalarının (Enterobacteriaceae) miqdarı bütün qruplarda kontrola nisbətən az olmuşdur [98].

Göbələk və göbələk ekstraktları immun sistemini yüksəltmək, şiş əleyhinə xüsusiyyətə malik olduğu üçün onlardan tibdə istifadə edilməsi böyük maraq doğurur. Lentinus edodes, Tremella fuciformes həmçinin Astragalus membranaceus-dan alınan polisaxarid ekstraktlarının E.tenella ilə yoluxdurulmuş cücələrdə hüceyrə və humoral immunitetə müsbət təsir edir [186].

Digər bir tədqiqat işində həmən ekstraktların cücələrdə yüksək çəki artımına malik olduğu göstərilir. E.tenella ilə yoluxdurulmuş cücələrin yeminə göbələk ekstraktlarının əlavə edilməsi, vaksinasiya olunan cücələrin göstəricilərinə oxşar nəticələrin əldə edilməsinə səbəb olmuşdur [187].

Dərman və aromatik bitkilərdən əldə edilən efir yağlarının aktiv komponentlərinin XIX əsrin əvvəllərindən hal-hazıradək antimikrob xüsusiyyətləri bilinməklə dezinfeksiyaedici maddə kimi istifadə olunmaqdadır. Aromatik bitkilərin antimikrob və antikoksidi təsiri onun tərkibində olan timol, karvalol, terpin, fenol kimi birləşmələrin olması ilə izah edilir [196, 220, 313, 145].

Bitkilərin yetişdiyi bölgənin coğrafi xüsusiyyətləri onun tərkibində olan bioloji

aktiv maddələrin miqdarına da təsir edir. Kofidis və b. Yunanıstanda dəniz səviyyəsindən 200, 950, 1760 m yüksəkliklərdə təsadüf edilən Origanum vulgare L. yarpağında mövsüm və yüksəkliklərin bitkinin tərkibində olan aktiv maddələrə təsirini öyrənmişlər. Avqust ayında 1760 m yüksəklikdə O.vulgare L. yarpağında fenolların miqdarı daha çox olmuşdur. Aprel ayında isə bitkinin yarpaqlarında fenola

təsadüf edilməmişdir [211].

Tərkibində aromatik birləşmələr olan Origanumun–nin 40 dan artıq növü müəyyən edilmişdir. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bitkilərin tərkibində olan fenollar qram mənfi və qram müsbət mikroorqanizmlərə qarşı təsirlidir və antibakterial, antikoksidi, antigöbələk, antioksidant və antiseptik kimi xüsusiyyətlərə malik olub, təsir effekti onun tərkibində olan fenolların miqdarından asılıdır. Fenollar bağırsağın peristaltikasına müsbət təsir edir və həzm sisteminin fəaliyyətini yüksəltməklə böyüməni sürətləndirir [185, 346]. Fenolların eyni zamanda antibakterial xüsusiyyətə malik olması sayəsində Eimeria oosistaların sporlaşmasının qarşısını da aldığı müəyyən edilmişdir [196, 273, 133].



Origanum-un tərkibinə daxil olan komponentlərindən karvalol və timolun antimikrob təsir mexanizmini Ultee və b. belə izah edir. Karvalol və timolun təsirindən bakteriya hüceyrə divarında ion sıxğlığı ilə bağlı osmotik təzyiqin dəyişməsi hüceyrənin sitoplazmatik quruluşunun pozulması və ATF sintezini dayandıraraq onun ölümünə səbəb olur [116].

Antibiotiklərə və koksidiostatik preparatlara alternativ ola bilən bitkilərin aşkar edilməsi üçün bitki ekstraktlarının tədqiqi istiqamətində aparılan tədqiqat işləri hələ yetərli deyil [351].



E.bovisE.zuernii ilə yoluxmuş buzovlara təbii bitki ekstraktlarının təsirini öyrənmək məqsədilə 5 buzova per oral bitki ekstraktları 7 həftə müddətində vermişdir. Xəstəliyin klinik əlamətləri, ifraz olunan oosistaların sayı öyrənilərək müəyyən edilmişdir ki, bitki ekstraktı verilən 5 xəstə buzovun hamısında qanlı ishal halları müşahidə edilməmiş, ifraz olunan oosistaların sayı azalmışdır. Müəlliflər buzovlarda koksidiozun qarşısını almaq üçün effektiv vasitə kimi heyvanlara bitki ekstraktları verilməsini məsləhət bilir [305] .

Hal hazırda birillik acı yovşan və artemizin ekstraktlarından heyvandarlığın inkişafına mane olan protozoy və bakterial xəstəliklərin müalicəsində istifadəsi onun tərkində olan efir yağları ilə əlaqədardır. Məsələn, bu ekstraktlardan babezia [215], koksidioz [106, 114, 134], trematodoz [336, 337], bakteriya [203] əleyhinə istifadə

olunur.

Rao Zahid Abbas sarıkökün (Curcuma Longa L.) cücələrin koksidiozuna təsirini öyrənmək üçün Eimeria tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulmuş 90 baş 20 sutkalıq cücələrə yemlə sarıkökün 1, 2 və 3% tozu, digər qrupun cücələrinə isə 12 q natrium salinomitsin vermişdir. Alınan nəticələr natrium salinomitsin ilə müalicə olunan cücələrin göstəriciləri ilə müqayisə edilərək müəyyən edilmişdir ki, Curcuma Longa L.-un ən yüksək antikoksidioz effektə 3% -li tozu malikdir [283]



Məlumdur ki, bitki ekstraktları antibakterial, antioksidant, xərçəng əleyhinə [304], göbələk əleyhinə, ağrıkəsici, insektitsid, antikoksidi və böyümə stimulyatoru və s. kimi, xüsusiyyətlərə malikdir. Məsələn, Azadiracht indica, Zizyphus vulgaris, Ocimum gratissimum Atlanta monophylla güvvətli antibakterial təsirə malikdir. O.gratissimum eyni zamanda antioksidant, antixərçəng, antifunqi, ağrıkəsici, temperatur aşağı salma kimi xüsusiyyətlərə malikdir. A.indica-nın meyvələri ev quşlarının koksidilərinə qarşı koksidiostatik xüsusiyyətə malikdir [343]. Belə bitki ekstraktları sintetik preparatlardan fərqli olaraq, orqanizmə əlavə mənfi təsir etmir.

İ.S.Serin ətlik cücələrin koksidiozunun müalicəsində bitki ekstraktlarının tətbiqinin mümkünlüyünü öyrənmək məqsədilə tərkibi 32% E.tenella, 32% E.acervulina, 18% E.burunetti və 18% E.maxima olan qarışıq kulturanın 47.000 sporlaşmış oosistası ilə yoluxdurulan cücələrim müalicəsində Y.schidigera, O.vulgare, T.vulgaris, Z.officinale S.aromaticum bitkilərin ekstraktından istifadə etmişdir. Bitki ekstraktlarının qarışığının koksidioza qarşı daha təsirli olduğu müəyyən edilmişdir. Eyni zamanda tərkibi 400 ppm O.vulgare və 120 ppm Y.schidigera-dan ibarət olan qarışığın koksidiostatik preparatların təsirinə bənzər təsir göstərdiyi bildirilir [352].

Nigeriyada 7 həftə müddətində Chromolaena odorata-nın ördəklərin koksidiozuna qarşı istifadə edilə bilmə imkanları Otoikhian və Oyefia tərəfindən araşdırılmışdır. Onlar ördəklərin koksidiozuna qarşı Chromolaena odorata-nın effektini yoxlamaq üçün aldıqları nəticələri ördəklərin 2,5%-li baykoksla (ml/litir) müalicəsi zamanı aldıqları nəticələr ilə müqayisə edərək belə nəticəyə gəliblər ki, sintetik preparat baykoksla müalicədən 5 gün sonra orqanizmin koksidiozdan sağalması baş verirsə, Chromolaena odorata ilə müalicə zamanı bu proses 2 gün tez baş verir. Onlar göstərir ki, Chromolaena odorata ilə müalicə zamanı dəqiq doza müəyyən edilməlidir. Bitkinin həddindən artıq yüksək dozada tətbiqi quşların zəhərlənməsinə səbəb ola bilər [270].

Pakistanda aloenin (Aloe vera) sulu ekstraktının broyler cücələrinin koksidiozuna təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, aloenin 5, 10 və 15ml/litir dozalarda tətbiqi cücələrin yem və su mənimsəməsi, qarında piy toplanması, döş əzələlərinin, ürək və qaraciyərin çəkisində fərq olmamışdır. Aloenin 10 ml/litir dozada tətbiqi zamanı yemin konversiya əmsalı, 15 ml/litir dozada tətbiqi zamanı isə ifraz olunan oosistaların sayı digər dozalarla müalicəyə nisbətən çox az olmuşdur [170].



Solanum nigram (35%), Aloe vera (15%), Moringa indica (35%) və Mentha arvensis (15%) bitki qarışıqlarının kompleks şəkildə antikoksidioz təsiri Eimeria tenella ilə yoluxdurulmuş cücələr üzərində sınaqdan keçirilmişdir. E.tenella parazitinin 30000 sporlaşmış oosistası ilə yoluxdurulmuş 28 günlük toyuq cücələrinə yoluxdurmadan 3 gün sonra 7 gün müddətində qeyd edilən bitki qarışıqları yemlə fasiləsiz verilmişdir. Yemə əlavə edilən bitki qarışığı 5-10% arasında olmuşdur. Müalicə olunan cücələr arasında ən yaxşı nəticə 10% bitki qarışığı ilə müalicə olunan cücələrdə olmuşdur. Belə ki, qeyd edilən doza ilə müalicə olunan cücələrdə arasında ölüm halları olmamış, çəki artımı, yem konversiya əmsalı yüksək olmuşdur. Lakin, 5-10% bitki qarışığının Eimeria tenella-nın reproduktivliyinə təsirində isə fərq olmamışdır [278].

Hazırda quşların parazitar və infeksion xəstəliklərə qarşı ən effektli mübarizə kimi orqanizmin immun sisteminin yüksəldilməsi üçün bitkilərdən istifadə perspek-

tivlərinin araşdırılması istiqamətində tədqiqat işlərinə başlanılmışdır.

Navid Hosseini Mansoub Cichoriumintybus L.-in W36 xəttindən olan toyuqların yumurta vermə xüsusiyyətinə, qanın parametrlərinə və immun sisteminə təsirini öyrənmək üçün onun 0,75%, 1%, 1,5%, 2% tozundan yemə əlavə kimi istifadə etmişdir. Müəyyən edilmişdir ki, bu dərman bitkisi, toyuqların yumurta vermə qabiliyyətini yüksəldir, qanın parametrlərinə və immun sisteminə müsbət təsir göstərir, həmçinin qanda ümumi xolesterinin, triqliseridlərin miqdarını əhəmiyyətli dərəcədə azaldır (P<0,05). Müəllif qeyd edir ki, ən yaxşı nəticə bitkinin 2%-li unundan istifadə etdikdə alınır [262, 191].

Bəzi dərman bitkilərinin və mikroelementlərin cücələrin (Ross-308) məhsuldarlığına və immun sisteminə təsirini öyrənmək üçün Ducu Sandu Stef və b. 210 baş broyler cücələrini 7 qrupa bölmüş və yemlərinə 6 həftəliyinə qədər dərman bitkiləri və mikroelementlər daxil etmişdir. Təcrübə qrupu cücələrinin yeminə (2q/100q yemə) ayrı-ayrılıqda Satureja hortenis, Hippophae Rhamnoides və Epilobium montanum və mikroelementlər daxil edilmişdir. Kontrol qrupun cücələrinə isə normal əlavəsiz yem verilmişdir. Qeyd edilən bitkilərin immunomodulyator təsirini müəyyən etmək üçün qanda properdin (17,10-20,67 mg/100 ml qan zərdabında), lizosim (9,65-13,60 μg/cm3 qan zərdabında), faqositar indeks (20.90-26.10) öyrənilmişdir. Müəyyən edilmişdir ki, mikroelementlərlə birlikdə bu dərman bitkiləri broyler cücələrinin immun sistemini yüksəldir [166].

Rohatash və b. Withania somnifera kökü ununun yapon bildirçinlərinin qanın hematoloji-biokimyəvi və immun göstəricilərinə təsirini öyrənmişlər. Təcrübədə bitkinin 0,5%, 1,0% və 1,5% (q/kq yem) dozalarından istifadə edilmişdir. Bütün qruplarda quşların çəkisində artım müşahidə olunsa da qruplar arasında çəki artımında və yemin konversiyasında əhəmiyyətli fərq (Р<0,05) olmamışdır. Hematoloji tədqiqatların nəticələri hematokritin və hemoqlobinin miqdarının kontrol qrupun göstəricilərinə nisbətən artdığını göstərir. İmmunoloji tədqiqatların nəticələri isə immunoqlobulinlərin miqdarının artdığını (Р<0,05) göstərmişdir. Müəyyən edilmişdir ki, W.somnifera kökünün ununun 1%-nin (kq/yem) əlavə edilməsi quşların çəkisinin, immun statusunun və yemdən istifadənin əhəmiyyətli dərəcədə artmasına səbəb olur [286].

Pakistanda Habek mint-in müxtəlif dozalarının (5, 10 və 15 q/kq yem) broyler cücələrinin umumi məhsuldarlığına, hematoloji göstəricilərinə və immunitetə təsiri Durrani F.R. və b. tərəfindən öyrənilmişdir. Müəyyən edilmişdir ki, Habek mint-in 15q/kq dozası, cücələrin çəki artımına və immunitetə müsbət təsir göstərir. hematokrit, leykositlərin ümumi sayına, hemoqlobin, ümumi zülal və albuminlərin miqdarına təsir göstərmir. Müəlliflər göstərir ki, Habek mint-in bu göstəricilərini nəzərə alaraq onun cücələrin müxtəlif infeksion xəstəliklərinin müalicəsində istifadəsi üçün tədqiqatlar davam etdirilməlidir [170]

İranda isə bitki yağlarının broyler cücələrinin məhsuldarlığına, qanın biokimyəvi parametrlərinə və quşların immun sisteminə təsiri Saber Khodaei Ashan tərəfindən öyrənilmişdir. O müəyyən etmişdir ki, Anise oilmedicinal bitkisinin 200 ppm dozasının yemə əlavə edilməsi cücələrin məhsuldarlığının yüksəlməsinə, immun sisteminə və qanın biokimyəvi göstəricilərinə müsbət təsir göstərmir (P>0,05) [290].

Eksperimental olaraq Teucrium Poliumoi –un broyler cücələrinin qanının biokimyəvi göstəricilərinə təsiri öyrənilmişdir. Teucrium Poliumoi 100 və 200 ppm miqdarında quşların yeminə əlavə edilmişdir. Quşların yeminə əlavə edilən dərman bitkisinin hər iki dozasının broyler cücələrinin qanının biokimyəvi göstəricilərinə təsir etmədiyi aşkar edilmişdir (P>0,05) [128].

Ali Nobakht və b. Melissa officinalis L., Tanacetum balsamita L. və Ziziphora clinopodioides L.-nin yumurtalıq toyuqların qanının biokimyəvi parametrlərinə təsirini öyrənmişlər. Müəyyən edilmişdir ki, bu bitkilər toyuqların immun sistemini yüksəltməklə, qanın biokimyəvi göstəricilərinə müsbət təsir göstərir [99, 100].

Yüksək gəlir əldə etmək üçün ətin keyfiyyəti mühüm əhəmiyyət kəsb edir. Quşçuluqda ətin keyfiyyətini yüksəltmək üçün yemə müxtəlif dərman bitkiləri əlavə olunur [231]. Bitkilərin belə geniş müsbət təsir effektinə malik olması onların tətbiqinə geniş imkanlar yaradır.

Thymyus valgaris, Oreganum valgareMentha piperita yemə əlavələrinin ROSS 240 broyler cücələrinin çəki artımına, yemdən istifadəyə və quşların ətinin keyfiyyətinə təsirinin öyrənilməsi məqsədilə aparılan təcrübədə cücələrin yeminə 1% M.piperita+0,5% T.valgaris+0,5% O.valgare qarışığı əlavə edilmişdir. Müəyyən edilmişdir ki, bitki qarışıqları ətin keyfiyyətinin yüksəlməsinə, cücələrin çəkisinin artmasına, yemin mənimsənilməsinin sürətlənməsinə səbəb olur. Qarın boşluğunda piyin toplanmasının qarşısını alır [249].

Məlumdur ki, istənilən parazitar xəstəliyin əlamətlərindən biri çəkinin azalma-sıdır. Çəkinin azalması isə quşçuluq sənayesində məhsuldarlığın inkişafına mane olan

əsas amildir.

Alfalfa Rosemary bitkilərinin ekstraktının cücələrin çəki artımına və qan zərdabına təsiri öyrənilmişdir. 300 baş broyler cücələri 3 qrupa ayrılmış, 1-ci qrupun cücələrinin yeminə bitki ekstraktı əlavə edilməmişdir. 2-ci qrup cücələrin yeminə Alfalfa, 3-cü qrupun cücələrinin yeminə isə Rosemary 200 pmm dozada əlavə edilmişdir. Təcrübələrin nəticələri göstərmişdir ki, yemə əlavə edilən bitki ekstraktları cücələrin çəki artımına və qanının biokimyəvi göstəricilərinə önəmli təsir göstərir (P<0,05). Həmçinin dərman bitkiləri qan zərdabında ümumi xolesterinin, triqliseridlərin, aşağı sıxlıqlı lipoproteinlərin miqdarının kontrol qrupun göstəricilərinə nisbətən azalmasına səbəb olur (P<0,05) [290].

Sarımcaq, kəklikotu və gicitikənin broyler cücələrinin qanının biokimyəvi göstəricilərinə təsirini öyrənmək üçün 360 baş broyler cücəsi hər birində 15 cücə olmaqla 8 qrupa bölünmüşdür. 1-ci qrupun cücələri kontrol kimi saxlanılmışdır, 2 qrup cücələrin yeminə 1,5% gicitikən, 3-cü qrupun yeminə 1,5% kəklikotu, 4-cü qrupun yeminə 1,5% sarımsaq, 5-ci qrupun yeminə 1,5% gicitikan+kəklikotu, 6-cı qrupun yeminə 1,5% gicitikən+sarımsaq, 7-ci qrupun yeminə 1,5% kəklikotu +sarım-saq, 8-ci qrupun yeminə isə 1,5% gicitikən+kəklikotu+sarımsaq əlavə edilmişdir. Tədqiqatın nəticələri göstərir ki, bu dərman bitkiləri cücələrin qanının biokimyəvi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərir (P<0,05). Cücələrin hər gün yeminə bitkilərin əlavə edilməsi nəticəsində 5-ci qrupdan olan cücələr tərəfindən yemin qəbul edilməsi kontrol qrupun göstəricilərindən yüksək, eyni zamanda qarın boşluğunda piyin toplanması ən az olmuşdur. Döş əzələlərinin ən yüksək inkişafı 8-ci qrupda olmuşdur. Bütün bunlar kəklikotu, gicitikən və sarımsağın broyler cücələrinin məh-suldarlığına və qanın biokimyəvi göstəricilərinə müsbət təsir etmədiyini göstərir [261].

Sintetik və təbii xolinin broyler cücələrinin çəki artımına təsirinin müqayisəli öyrənmək məqsədilə 35 gün müddətində cücələrə sintetik və təbii xolin verilmişdir. Müəyyən edilmişdir ki, təbii xolin sintetik xolinə nisbətən cücələrin çəki artımına müsbət təsir göstərir. Eyni zamanda təbii xolin qanda qlükozanın miqdarının artma-sına, xolesterinin miqdarının isə əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. [199].

Efir yağlarının cücələrin yeminə əlavəsi zamanı nazik və 12 barmaq bağırsağın mikroflorasına təsirini öyrənərək müəyyən etmişlər ki, yağların təsirindən nazik bağırsaqda E.coli Clostridium perfringens-ın miqdarı azalır, 12 barmaq bağırsağının fəaliyyəti güclənir, cücələrin çəki artımı sürətlənir [303, 299].



Efir yağlarının böyüməni sürətləndirən, antimikrob, antioksidant xüsusiyyət-lərinin olduğunu nəzərə alaraq Lee ətlik cücələrin yetişdirilməsində onların antibiotiklərə alternativ ola biləcəyinin müəyyənləşdirilməsi istiqamətində tədqiqat-ların aparılmasının zəruri olmasını göstərir [220].

Mandal və b., Williams və Losa ətlik toyuqların efir yağı əlavə edilən yemlə yemləndirilməsi zamanı müəyyən etmişlər ki, həzm sistemində Clostridium perfringensin kolonizasiyasının azalması yemdən istifadəni və çəki artımını yüksəldir [230, 332]



Eimeria tenella ilə yoluxdurulmuş cücələrin yeminə Origanum-dan alınan efir yağının 300 ppm dozada əlavə edilməsi zamanı müəyyən edilmişdir ki, Origanum eymeriozun əsas kiliniki əlaməti olan qanlı ishalın qarşısını almaqla antikoksidioz təsirə malikdir və cücələrin böyümə və inkişafına müsbət təsir göstərir [183].

Waldenstedt Origanum vulgare ssp. hirtum bitkisindən aldığı unun koksidiostatik preparatlara alternativ ola biləcəyi fikrini irəli sürərək göstərir ki, cücələrin yeminə Origanum tozunun 48 gün müddətində əlavə edilməsi quşların çəki artımına və onların yemdən istifadəsinə müsbət təsir göstərir. Yeminə Origanum vulgare ssp. tozu əlavə edilən cücələrin bağırsağında baş verən patoloji-anatomik dəyişkənlikləri müəyyənləşdirmək məqsədilə xəstə cücələrin bağırsağının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, bu qrupdan olan cücələrin bağırsaq divarında yaraların sayı azalır [328].

2004-cü ildə aparılan bir tədqiqat işin nəticəsi olaraq ətlik cücələrin yemlərinə əlavə kimi istifadə edilən Rosemarinus officinalis, Nigella sativa, Origanum vulgare, Foeniculum vulgare, Zingiber officinale, Tymus vulgaris bitkilərinin ekstraktlarının 50 pmm dozasının təsiri araşdırılaraq müəyyən edilmişdir ki, yemə əlavə edilən bitki ekstraktları yem itkisinin qarşısını alır, cücələrin çəkisinin artmasına səbəb olur [347].

Denli və b. yapon bildirçinlərinın (Coturnix coturnix japonica) yeminə kəklikotu (Tyhmus vulgaris L.), çörək otu (Nigella sativa L.) yağlarının və flavomitsin əlavəsinin cücələrin böyüməsinə, bağırsağa təsirini öyrənmək məqsədilə apardığı təcrübədə 160 ədəd 1 günlük cücələri 4 qrupa ayırmışdır. 1-ci qrup kontrol kimi saxlanılmış, 2-ci qrupun cücələrinin yeminə 10 ppm flavomitsin, 3-cü qrupun yeminə 60 ppm kəklikotu yağı, 4-cü qrupun yeminə 60 ppm çörəkotu yağı əlavə edilmişdir. Təcrübələr 38 gün müddətində aparılmışdır. Təcrübə müddətində yemə kəklikotu və flavomitsin əlavə edilən cücələrin çəki artımının və yemdən yararlanmanın kontrol qrupuna nisbətən çox olduğu müəyyən edilmişdir. Bağırsağın çəkisi və uzunluğu yeminə kəklikotu və çörəkotu yağı əlavə edilən qrupda artmışdır (P<0.05). Flavomitsin əlavə edilən qrupda qaraciyərin çəkisi kontrol qrupun göstəricisindən yüksək olmuşdur (P<0.05). Yeminə kəklik otu və çörəkotu yağı əlavə edilən qrupun cücələrinin bağırsağının pH-ı yeminə flavomitsin əlavə edilən qrupun göstəricilərindən daha aşağı olmuşdur. Tədqiqatçılar kəklikotu yağının bildirçinlərdə böyümənin sürətləndirdiyi qənaətinə gəlirlər [160].

Bu tədqiqat işi (Urtica dioica) gicitikanın fərələrin (Ross-308) böyüməsinə, qanının biokimyəvi göstəricilərinə və quşların immunitetinə təsiri öyrənilməsinə həsr edilmişdir. Bu məqsədlə toyuqlar iki qrupa ayrılmış, 42 günlük birinci qrupda olan fərələrin yeminə gicitikanın 1%, ikinci qrupdan olan fərələrin yeminə isə 2% əlavə edilmişdir. Hər iki halda cücələrin çəki artımı arasında fərq olmadığı müəyyən edilmişdir. Gicitikanın fərələrin qanının biokimyəvi göstəricilərinə və immun sistemi ilə əlaqəli göstəricilərinə isə təsir etmədiyi göstərilir (P>0,05). Quşların yeminə 1% gicitikan əlavə edildikdə çəki arımı ilə paralel qanda xolesterinin və triqliseridlərin miqdarı azalır (P<0,05) [104].

Dəniz ekosisteminin əsas hissəsini təşkil edən dəniz orqanizmlərinin bioloji aktiv potensiallarının aşkar edilməsi istiqamətində son illər geniş tədqiqat işləri aparılır. Cymodocea serrulata L. ekstraktının antibakterial aktivliyi cücələrdə 4 patogen bakteriya üzərində öyrənilmişdir. Xromatoqrafiya metodu ilə C.serrulata L. ekstraktı 6 fraksiyaya ayrılmışdır. Müəyyən edilmişdir ki, C.serrulata L. kökünün ekstraktından ayrılan 1-ci və 6-cı fraksiya patogen mikroorqanizmlərə qarşı antibio-

tiklərə alternativ vasitə kimi istifadə edilə bilər [284].

Antibiotiklərə alternativ bitki mənşəli əvəzedicilərin tapılması üçün Allium sativum və Thymus vulgaris qarışığı 1:1 nisbətində Lohman toyuqlarının yeminə əlavə edilmişdir. Müəyyən edilmişdir ki, dietik müalicə yumurta veriminə, yumurtaların çəkisinə, yem konversiya əmsalına əhəmiyyətli dərəcədə təsir göstərmir (p>0.05). Yemə bitki qarışığının 0,1% əlavə edilməsi yumurtaların çəkisinin, 0,2% əlavə edilməsi isə yumurta sarısının rənginin artmasına səbəb olur. Beləliklə, toyuqların yeminə sarımsaq və kəklikotu qarışığının əlavə edilməsi toyuqların yumurta vermə qabiliyyətinin yüksəlməsinə, yumurtaların çəkisinin və yumurta sarısı rənginin artmasına səbəb olur (P<0.05) [182].

Azərbaycanda heyvanların helmintlədən azad olunmasında dərman bitkilərinin dərman preparatları ilə birlikdə tətbiqinin perspektivliyinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb və yaxşı nəticələr əldə edilib [1, 2, 16].

E.N.Məmmədov qoyunların monieziozuna qarşı boymadərən, baldırğan, acı yovşan və dazıotu bitkilərini sınaqdan keçirərək ən yüksək antisestod təsirə boymə-dərən bitkisinin malik olduğunu müəyyənləşdirmişdir. Bibər (Piper narginatum) toxumu və yarpaqlarından alınan ekstraktın trematod serkarilərinə təsiri olduğu aşkarlanıb. Müəllif müəyyən etmişdir ki, bu bitkidən alınmış yağ 15 dəqiqə ərzində trematod serkarilərinin 90-95% -ni məhv edir [15].

Rzayev F. G.disparA.anseris nematodlarına qarşı ilk dəfə olaraq in vivoin vitro şəraitində bəzi dərman bitkilərin təsirini öyrənmişdir. O müəyyən etmişdir ki,

baldırğan bitkisinin ekstraktı 5, acı yovşan və boymadərən 2, A.anseris nematoduna isə baldırğan 4, acı yovşan 2, dazıotu və boymadərən 3 dəfə nəzarət qrupuna nisbətən

daha tez təsir edərək parazitləri məhv edir [19, 20, 21].



Beləliklə, ev quşlarının koksidiozu üzrə ədəbiyyat məlumatlarının təhlili göstərir ki, protozoy xəstəliklər quşçuluq təsərrüfatlarına iqtisadi zərər vurmaqda davam edir və bu mühüm əhəmiyyət kəsb edən problemin həlli hərtərəfli aparılan tədqiqatların nəticələri əsasında mümkündür.

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin