Fikrət Yusifov:
Davamlı inkişaf üçün
öncə maliyyə sabitliyi yaratmaq lazımdır
Hər bir iqtisadi böhrandan çıxış yolu
ölkədəki iqtisadi aktivliyi artırmaqdan keçir.
İqtisadi aktivlik isə ilk növbədə ölkə iqtisadiyyatına
kapital axını ilə təmin edilməklə əldə oluna bilər.
Bu, hər hansı bir yenilik deyil, dünyanın müxtəlif
ölkələrinin dəfələrlə keçdiyi yoldur və bu yolun
alternativi olmur.
Ölkə iqtisadiyyatına
investisiya axınını mümkün
edən ən mühüm şərt isə ölkədə
mövcud olan ictimai-siyasi
sabitlik və yatırımlar üçün
bundan heç də az əhəmiyyət
kəsb etməyən maliyyə sabit-
liyidir. Bu gün Azərbaycanda
ictimai-siyasi sabitlik yüksək
səviyyədədir. Lakin təəssüf ki,
bunu ölkədəki maliyyə sabitliyi
haqqında demək mümkün deyil.
Ölkənin maliyyə sabitliyinin
əsas göstəricisi milli valyutanın
durumudur. Milli valyuta sabit
deyilsə, deməli ölkənin maliyyə
vəziyyəti sabit deyil. Bu sabitlik
olmayan yerdə isə nəinki xarici
investorlar, hətta yerli inves-
torlar da ölkə iqtisadiyyatına
yatırım etməkdən ehtiyatlanırlar.
Keçən il manatın
məzənnəsində baş vermiş iki
kəskin devalvasiya, son deval-
vasiyadan ötən bir il ərzində
onun rəsmi məzənnəsinin daha
13,1 faiz ucuzlaşması (qeyri-
rəsmi məzənnənin isə 20%-dən
çox ucuzlaşması) və hökumətin
gələn ildən manatı tam sərbəst
buraxmaqla bağlı müəyyən et-
diyi kurs, hər bir investoru ciddi
düşündürən məsələdir. Milli val-
yutanın məzənnəsi ətrafındakı
bu çətinlikləri yaradan başlıca
səbəblər neftin qiymətlərində
baş verən kəskin azalmalar oldu.
İxracın azalması səbəbindən
xarici valyuta axını da kəskin
şəkildə azaldı və bu səbəbdən
ölkənin maliyyə vəziyyətində
gərginlik yaşanmağa başlandı.
Milli valyutanın qeyri-sabit-
liyi nə qədər davam edə bilər?
Bu vəziyyətdən çıxış yolları
hansı tədbirlərin görülməsindən
keçə bilər? Neftin qiymətlərinin
qalxmasına nə kimi ümidlər
var? Və ümumiyyətlə gələn il
dünyanın iqtisadi müstəvisində
və maliyyə bazarlarında hansı
proseslər gözlənilir? Bütün bu
suallara dəqiq cavab tapmaq
çətindir. Lakin hadisələrin bu
günə qədərki inkişafı aşağıdakı-
ları deməyə əsas verir.
Bütün pozitiv proqnoz-
ların əksinə olaraq gələn il
neftin qiymətlərində artımlar
deyil, ciddi azalmalar daha çox
gözləniləndir. Ucuz neft siyasəti
ABŞ-ın əlində Rusiya iqtisadiy-
yatını çökdürmək üçün ən təsirli
silahdır və yaxın gələcəkdə
onun bu silahı yerə qoyacağı
heç gözlənilən deyil. Bəs gələn
il dünyanın bir nömrəli valyuta-
sı – dollar özünü necə aparacaq?
Federal Ehtiyat Sisteminin
uçot dərəcəsini qaldırmaq
qərarı çoxdan gözlənilirdi.
Amerika Birləşmiş Ştatlarının
bahalı dollar siyasəti dünya
maliyyə sisteminə və ABŞ-ın
iqtisadiyyatına nə vəd edir?
Uçot dərəcəsi qaldırıldıqdan
sonra dollar canlanır, baha
dollar Amerika aktivlərinin
gəlirliliyini daha da artırır və bu
səbəbdən ölkəyə xarici kapital
axını güclənir. Təbii ki, FES-in
bu qərarından sonra dolların
başqa valyutalara nisbətən
müəyyən qədər bahalaşması
baş verdi. Ancaq bu hələ son
deyil. Əsas məsələ bundan
ibarətdir ki, bu dəfə FES 2017-
ci ildə uçot dərəcəsini gələn
il üçün əvvəlcədən nəzərdə
tutulduğu kimi iki dəfə deyil,
üç dəfə qaldırmaq qərarına
gəldi. Beləliklə, gələn il baza
faiz dərəcəsinin orta hesabla
1,375 faizə qədər yüksələcəyi
mümkündür. Bu isə olduqca
ciddi bir məsələdir. Belə olduğu
halda dünya maliyyə sistemində
hansı proseslər baş verəcək, ba-
halı dollar neftin qiymətlərinin
hansı səviyyəyə qədər enməsinə
gətirib çıxaracaq və digər
ölkələrin valyutaları, xüsusilə də
inkişaf etməkdə olan ölkələrin
valyutaları özlərini necə apa-
racaqlar? Bütün bu suallara
indidən dolğun cavab vermək
mümkün deyil. FES-in bu qərarı
təbii ki, Azərbaycan manatı-
nın da məzənnəsinə müəyyən
təsir göstərdi və gələn il uçot
dərəcəsində baş verəcək artımlar
bütün valyutalar kimi manata da
öz təsirini göstərəcək.
Bəs yaranmış vəziyyətdən
çıxış yolları nədir? Bu sual indi
hər kəsi düşündürür. Hökumət
son bir ildən artıq dövrdə ölkə
iqtisadiyyatının qeyri-neft
sektorunun sürətli inkişafı-
nı təmin edə biləcək kifayət
qədər qərarlar qəbul edib, ölkə
iqtisadiyyatının yaxın, orta və
uzaq perspektivdə inkişafını
hədəfləyən yol xəritəsi işlənib
hazırlanıb. Bu çox müsbət bir
haldır. Lakin unutmaq olmaz ki,
bu proqramların hər birinin real-
laşdırılması həm daxili və həm
də xarici investisiyaların normal
axınının təmin ediləcəyi halda
mümkündür. Ölkədə maliyyə
sabitliyi olmadığı halda isə
bütün səviyyədən olan investor-
lar tərəddüd edəcəklər. Bəs bu
sabitliyi yaratmağın hansı yol-
ları var? Yaranmış vəziyyətdən
çıxışın başlıca yolları hansı
addımlardan ibarət ola bilər?
İlk öncə milli valyuta - manat
tam sərbəst buraxılmalı və
bundan dərhal sonra aşağıdakı
tədbirlərin görülməsi vacibdir:
– manatın tam sərbəst
buraxılmasına qədər əhalinin
banklardan xarici valyutada gö-
türdüyü kreditlərdən aztəminatlı
ailələrə aid olan 2000 ABŞ
dollarına qədər hissəsi bağışla-
nılmalı, yerdə qalan hissəsi isə
güzəştli məzənnə ilə manata
çevrilməlidir. Bu addım təbii ki,
xarici kredit təşkilatları qarşı-
sında öhdəliyi olan bankların
vəziyyətini ağırlaşdıracaq.
Lakin bundan qorxmaq lazım
deyil. Bundan sonra ölkədə daha
20 bankın bağlanması və onların
aktivlərinin satılması yolu ilə
xarici borcların ödənilməsi
mümkündür;
– xarici valyutada olan
əmanətlərin manatla olan
əmanətlərə çevrilməsinin və
əhalinin manata olan inamının
tam bərpa olunmasını təmin
etmək məqsədilə manatla
olan əmanətlərə görə illik faiz
ödənişini 20%-ə qaldırmaq və
manatla olan əmanətləri 10 il
müddətinə 100 % sığortalamaq
lazımdır. Banklar onsuz da
kreditləri 25-30 və bundan daha
çox faizlə verirlər. Ona görə də
əmanətlərə görə faiz ödənişini
çəkinmədən 20%-ə qədər artır-
maq olar;
– valyuta bazarına tam
nəzarəti təmin etmək məqsədilə
bankların valyuta birjasından
aldıqları valyutanın hərəkətinə
xüsusi nəzarət sistemi qurul-
malıdır. Eyni zamanda valyuta
bazarına edilən qeyri-rəsmi
basqıların qarşısının alınması
üçün ən sərt tədbirlər nəzərdə
tutulmalıdır;
– bütün səviyyələrdən olan
dövlət xərclərində real qənaət
rejimləri tətbiq edilməlidir.
Bu gün dövlət büdcəsindən
ölkənin müdafiəsi və beynəlxalq
müqavilələrlə bağlı xərclər,
əmək haqqı və ona bərabər
tutulan xərclər istisna olun-
maqla bütün digər xərclərin
maliyyələşməsi dayandırılma-
lıdır;
– dövlət müəssisələrində
xərclərə tam qənaət rejimi
tətbiq edilməli, onların isteh-
sal etdikləri məhsulların və
göstərdikləri xidmətlərin maya
dəyəri müstəqil şəkildə təftiş
edilməlidir. Heç şübhəsiz burada
ciddi ehtiyatlar mövcuddur;
– Beynəlxalq Bank başda
olmaqla, nəzarət zərfi dövlətə
məxsus olan bütün banklar
dərhal özəlləşdirilməlidir.
Beynəlxalq Bankdakı son
olaylar bir daha göstərdi ki,
bu məsələdə ləngimək nə
deməkdir;
– əhaliyə xidmət göstərən
elektrik enerjisi, su, qaz, rabitə
xidməti müəssisələri ən qısa
zaman kəsiyində elə bir şəkildə
özəlləşdirilməlidir ki, ölkədə bu
xidmətləri göstərən çoxsaylı özəl
müəssisələr yaradılsın və bu-
nunla da sağlam rəqabət mühiti
formalaşsın. Təkcə taksi xidməti
sahəsindəki sadələşmələrin bu
xidmətin həm keyfiyyətində və
həm də qiymətlərində nə kimi
müsbət dəyişikliklərə gətirib
çıxardığını hər kəs təsdiq edə
bilər. Digər tərəfdən bu sahələrin
özəlləşməsi indiki maliyyə
çətinlikləri şəraitində dövlət
büdcəsinə də kifayət qədər
vəsaitlərin daxil olmasını təmin
edər;
– sahibkarların normal
fəaliyyətini təmin etmək
məqsədilə bütün səviyyələrdən
olan məmur müdaxiləsinin
aradan qaldırılması və bu
sahədə məmur-sahibkar
münasibətlərinin ASAN xidmət
sistemi vasitəsilə idarə olunma-
sına keçidi təmin etmək lazım-
dır. Bu xidmətlərin tam olaraq
ASAN xidmət mərkəzlərinə
ötürülməsi, digər tərəfdən büdcə
xərclərinə kifayət qədər qənaət
etmək demək olacaqdır.
Bu tədbirlərin görülməsi
maliyyə sabitliyinin yaranmasını
təmin edə bilər, sabitlik yaran-
dığı halda isə iqtisadi aktivliyin
yüksəlişi mütləq baş verəcəkdir.
Dostları ilə paylaş: