34. Məişət bayramları. 34) Məişət bayramları. İctimai-siyasi bayramlardan fərqli olaraq birinci növbədə hər ailədə milli ənənə kimi yüksək səviyyədə qeyd edirlər. Belə bayramlara “Novruz” bayramı, “Qurban” bayramı, “Ramazan” bayramı və s. aiddir. Bu bayramların hər birinin özünəməxsus qeydetmə xüsusiyyətləri var. Uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyinin məqsədi birinci növbədə uşaqlarda sevinc, fərəh, iftixar və s. nikbin hissləri formalaşdırmaq və bu bayramlar haqqında onlarda müvafiq bilik, anlayış yaratmaqla milli adət ənənələri yaşatmaq ruhunda tərbiyə etməkdir. Bu məqsədlə uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyi məzmun etibarilə maraqlı və dolğun olmalıdır.
Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri “Yeni il” bayramıdır. Uşaqlar al-əlvan oyuncaqlarla bəzədilmiş yolkanı və Şaxta babanı çox sevirlər. Yolka ağacı ətrafında dövrə vurub oynamağı və mahnı oxumağı uşaqlar çox xoşlayırlar. Bu məqsədlə uşaqlara tapşırılan hər bir mahnını, şeiri onlar böyük həvəslə öyrənməyə çalışırlar. Ona görə də tərbiyəçi uşaqların bu istəyindən səmərəli istifadə edərək, onlara çoxlu mahnı və şerlər öyrətməlidir.
“Yeni il” bayramına hazırlıq ərəfəsində uşaqlara M.Seyidzadənin “Yolkamız”, “Qış baba”, Ə.Cəmilin “Şaxta baba xoş gəlib”, T.Mütəllibovun “Şən yolka”, “Qış”, Ə.Ə.Əlibəylinin “Şaxta baba”, M.Dilbazinin “Yolka bayramı”, “Təzə il nəğməsi”, “Qış”, Zeynal Xəlilin “Yeni il” şerlərini öyrətmək çox faydalıdır. Şer və mahnıları öyrənmək, onları oxumaq uşaqların nitqini, vokal qabiliyyətini, estetik zövqünü, mədəni davranışını, bədii fəaliyyətini, həssaslığını və s. əqli keyfiyyətlərini inkişaf etdirir.
Milli məişətimizdə ən geniş qeyd olunan bayram “Novruz” bayramıdır. “Novruz” bayramı çox qədim tarixə malikdir, çünki bu bayramı bizim ulularımız öz adət ənənələri üzrə çox təntənə ilə qeyd etmişlər.
Deyilənlərə görə “Novruz” ayı “boz ay” adlanır. Boz ayın da dörd çərşənbəsi var. Bu çərşənbələrin adından məlum olduğu kimi hər birinin özünəməxsus
xüsusiyyətləri var. Su çərşənbəsi suyun insan həyatında olan yüksək faydası ilə bağlıdır. Məhz ona görə də deyirlər su aydınlıqdır. Qədim zamanlarda adamlar su çərşənbəsi günü səhər tezdən, gün çıxmamış durub axar suyun üstünə gedər əl-üzlərini yuyar, bir-birinin üstünə su atmışlar. El arasında bu adət indi də qalır. Adamın arxasınca su atmaqla uğurlu yol arzulayırlar.
Od çərşənbəsi də odla bağlıdır. Ulularımız odu günəşin bir parçası kimi müqəddəsqəbul etmişlər. Bu səbəbdən od çərşənbəsi daha təm-təraqlı qeyd olunur. Od çərşənbəsi axşamı hər həyətdə, küçədə, məhəllədə uşaqlar irili-xırdalı tonqallar qalayırlar. Uşaqlar, cavanlar xırda tonqalların üstündə tullanıb “Ağırlığm, uğurluğum tonqalda yansın” el deyimlərini söyləyirlər. Böyük tonqalların ətrafında isə uşaqlar dövrə vurub oynayır, oxuyur, şənlənirlər. Od çərşənbəsi axşamı hər kəs öz evində dadlı yeməklər bişirir, süfrədə şam yandırırlar. Deyilənə görə od çərşənbəsi axşamı adamlar daha da mehriban olurlar. “Novruz bayramında” şəkərbura, paxlava, şorqoğal, şəkər çörək, halva və s. şirniyyatlar hazırlayır, səməni cücərdirlər. “Novruz” axşamı adamlar yumurtanı qırmızıya boyayır, “Novruz xonçası” tuturlar. “Novruzbayramı” günü adamlar tez durur, səliqəli geyinir, bir-birini təbrik edir, bir-birini bayram sovqatına qonaq edirlər. Ən yaxşı “Novruz xonçası” nişanlı qızlar üçün aparılır.
Bayram günlərində hamı deyib gülür, küsülülər barışır, mahnı oxunur, məzəli “Kosa- kosa”, “Qodu-qodu” oyunları göstərilir.
Qabaqcıl uşaq bağçalarında “Novruz” bayramını daha maraqlı keçirirlər. Bayrama iki həftə qalmış, yəni su çərşənbəsi günündən başlayaraq bayrama xüsusi hazırlıq işləri görürlər. Uşaqlara bayram haqqında maraqlı söhbətlər edir, mahnılar oxuyur, şerlər öyrədir, ssenari əsasında müxtəlif bayram tamaşaları hazırlayırlar. Tamaşa zamanı mahnı oxuya-oxuya “Səməni xonçası”, “Sünbül xonçası”gəzdirir, “Kosa-kosa”, “Qodu- qodu” oyunlarını göstərir, Bahar qız haqqında şerlər oxuyur, şən rəqslər edirlər. A.Səhhətin “Yaz günləri”, “Əziz qonaqlar”, A.Şaiqin “Kəpənək”, “Bənövşə”, M.Ə.Sabirin “Yaz günləri”, S.Vurğunun “Bahar nəğməsi”, Z.Cabbarzadənin “Bahar gəlir”, X.Əlibəylinin “Qızılgül” və başqa şairlərin şerləri uşaqların dilinin əzbəri olur.