Dövlətin yüksəlişi
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı(Almaqulağı) deyilən yerdə Almabulağı döyüşü baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi. İsgəndər bəy Münşi Türkman yazır:
Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd və Kirmanı, 1506-cı ildə, Diyarbəkiri və Maraş ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-ci ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507–1508-ci illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi.
Şah İsmayıl Məhəmməd xan Şeybaninin yanına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Məhəmməd xan Şeybani Şah İsmayıla cavab məktubunda tələb edirdi ki, o, xanın adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Məhəmməd xan Şeybani yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci imam İmam Rza məqbərəsini bir "dərviş" kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcək.
I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi. 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi. Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı, qeyri-nizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki, qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları əmirlərinin süvari dəstələrindən ibarət olurdu. Həmin yığma qoşunların döyüşçüləri (mülaziman, nukəran) tayfa başçıları tərəfindən saxlanır və təchiz olunurdular. Hər tayfanın döyüşçüləri sədaqətli qohumluq əlaqələri əsasında birləşdiklərinə görə, rəhbər şəxs kimi özlərinin əmirinə tabe olurdular. Buna görə də hətta döyüşlər zamanı da əmirlər xeyli dərəcədə müstəqil hərəkət edir, öz fəaliyyətlərini hər hansı bir ümumi taktiki planla uyğunlaşdırmırdılar. Şah ordunun komandanı hesab olunurdu. Şah yürüşdə iştirak etmədiyi hallarda, orduya Azərbaycan tayfalarının adlı-sanlı əmirlərindən biri başçılıq edirdi.
I Şah İsmayılın hərbi qüvvələri Ağqoyunlu qoşunlarında mövcud olmuş tayfa prinsipləri üzrə qurulmuşdu. Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Bu barədə ən qiymətli məlumatları Minadoi verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir:
İsfahan və onun əyaləti – 8 min nəfər,
Kaşan – 4 min,
Savə – 1 min,
Sultaniyyə – 1 min,
Qəzvin – 12 min,
Ərdəbil – 1 min,
Şiraz – 8 min,
Təbriz – 4 min,
Qum – 2 min,
Gəncə və Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi. Minadoi yazır: "Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər." O, həmdə yazır ki, əgər bütün əyalətlərin hakimləri birlikdə çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130–140 min nəfərə çatan qoşun çıxara bilərdilər.
Ümumiyyətlə, həmin məlumatlar Səfəvi mənbələrinin o dövrə aid sənədləri ilə səsləşir. Bu mənada, Xorasana düşmənin növbəti basqınını dəf etmək üçün I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq hicri 936 (1530)-cı ildə orduya baxışda iştirak etmiş Qazi Əhmədin qoşun hissələrinin tərkibi, növləri və sayı haqqında müfəssəl məlumatı mühüm əhəmiyyətə malikdir. Salnaməçinin məlumatına görə, həmin rəsmi keçiddə iştirak etmiş qoşunların sayı 120 min nəfər olmuşdu.Qazi Əhməd yazır: "Qızılbaş tayfalarından və nəsillərindən 200 min adam var idi". Beləliklə, ehtimal etmək olar ki, hərbi əməliyyatlar dövründə Azərbaycan qoşun hissələrinin sayı həqiqətən 120–150 min nəfər arasında olmuşdur.
Feodal yığma qoşunlarından (çərik, qoşun) əlavə, sayı 4500 nəfərə çatan qorçuların qvardiya dəstəsi şahın yanında əlahiddə xidmətdə olurdu.
Qorçuların sayı 6 min nəfər idi. Şahın yanında həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən 700 nəfərlik yasavul dəstəsi də xidmət edirdi.
Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçular(qorçilər) tayfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiq etdiyi qızılbaş tacı həmin cəsur döyüşçülərin özünəməxsus baş geyimini təşkil edirdi. Yürüşlər zamanı onlar yanaqları boyunca zirehdən qoruyucuları olan dəbilqələr taxırdılar. Uzun bığ saxlamaları qorçiləri fərqləndirən xüsusiyyət idi.
Dostları ilə paylaş: |