Bakı Apellyasiya Məhkəməsinin


Birinci instansiya məhkəməsinin bu hökmü: a



Yüklə 228,5 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü228,5 Kb.
#1866
1   2   3   4   5   6
2. Birinci instansiya məhkəməsinin bu hökmü:

a. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;

b. onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;

c. iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;

d. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, onu qanunsuz, əsassız və qeyri humanist hesab edirik.

Nəzərə alınmalıdır ki, bu şikayət məhkəmə iclas protokolu və məhkəmə iclaslarının çəkiliş lentləri tanış olmaq üçün təqdim edilmədiyindən, hökumdə göstərilən müddəaların protokola uyğunluğu yoxlanmadan tərtib olunub.


3. 08 iyul 2009-cu ildə saat 19.30 radələrində Bakı şəhəri H.Z.Tağıyev küçəsi, 12 saylı ünvanda yerləşən «Lebonese» restoranının «Pub» zalında Vüsal Saleh oğlu Məmmədovun hücumu nəticəsində bədən xəsarətləri alan Emin Abdullayev və Adnan Hacızadə faktiki qurbanlar olduğu halda cinayət təqibi orqanının və onun xəttini davam etdirən birinci instansiya məhkəməsinin şübhələrinə əsasən məhkum ediliblər.

Emin Abdullayevin və Adnan Hacızadənin hadisə barədə başqa sübutlarla

təsdiq edilən versiyası («Lebonese» restoranında baş verən hadisələr)
4. «OL!» Azərbaycan Gənclər Hərəkatının təsisçisi (həmin Hərəkatın İdarə Heyətinin üzvü və xarici əlaqələr üzrə koordinatoru) Adnan Hikmət oğlu Hacızadə və «AN» şəbəkəsinin təsisçisi Emin Paşa oğlu Abdullayev 8 iyul 2009-cu ildə saat 19.00 radələrində öz tanışları cənab Orxan Qafarov, Nurəddin Babayev, Ülvi Həsənli ilə birlikdə Bakı şəhəri H.Z.Tağıyev küçəsi 12 saylı ünvanda yerləşən «Lebonese» restoranında görüşüblər. A.Hacızadədən bir qədər sonra onu müşaiyət edərək restorana Vüsal Saleh oğlu Məmmədov və Babək İslam oğlu Hüseynov daxil olublar. Onlar qonşu masalardan birinin arxasında əyləşiblər. Restoranın «Pub» zalında bu şəxslərdən başqa müştərilər olmayıb.
5. Söhbət zamanı tanışlarından biri «Bəs bunlara görə kim günahkardır?» - deyə Emin Abdullayevə müraciət edib. E.Abdullayev cavab verib ki, - «Əlbəttə, hökumət». B.Hüseynov E.Abdullayevin bu cavabından hiddətlənərək: «Ə... siz orada nə danışırsınız?» - deyib və ardınca nalayiq formada söyüş söyüb. Emin Abdullayev, Adnan Hacızadə və onlarla masa arxasında oturan digər şəxslər B.Hüseynova və onun dediklərinə heç bir reaksiya verməyiblər. V.Məmmədov bundan qəzəblənərək oturduğu masanın arxasından qalxaraq E.Abdullayevə yaxınlaşıb və «sizə sual verildi, niyə cavab vermirsiniz?» - deyib gözlənilmədən kəllə ilə E.Abdullayevin sifətinə zərbə endirib. Emin Abdullayevin yerə çökdüyünü və V.Məmmədovun onu vurmaqda davam etdiyini görən Adnan Hacızadə dərhal yerindən qalxıb Emini qorumaq üçün onların arasına keçib. Bu zaman V.Məmmədov kəllə ilə Adnanın burun-alın nahiyəsinə zərbə endirib. Adnan Hacızadə müvazinətini itirərək yerə yıxılıb. V.Məmmədov bundan sonra da həm Eminə, həm də Adnana təpik və yumruqla zərbələr endirməkdə davam edib.
6. Emin və Adnan Vüsal Məmmədovun zərbələrinin səngidiyini hiss edib, bu fürsətdən istifadə edərək restorandan çıxmağa nail olublar. Bundan sonra onlar birbaşa yaxınlıqda yerləşən 39-cu Polis Bölməsinə gediblər. Onların mobil telefon vasitəsilə əlaqə saxladaqları yaxınları da 39-cu Polis Bölməsinə gəliblər. Bölmənin növbətçi hissəsində restoranın yerləşdiyi ərazinin dislokasiya üzrə 9-cu Polis Bölməsinə aid olduğunu bildirdikdən sonra Emin və Adnan öz yaxınları ilə 9-cu Polis Bölməsinə gediblər.
7. Bölməyə çatandan sonra A.Hacızadə döyülmələri barədə şikayət ərizəsi yazıb və onu növbətçi hissəyə təqdim edib. Orada olan əməkdaşlardan biri Eminə və Adnana tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım briqadası çağırıb. Polis bölməsinə gələn həkim Adnanın burnundan axan qanı dayandırmaq üçün suda isladılmış pambığı onun burnuna tıxayıb. Bundan başqa Adnanın aldığı zədənin nəticələrini müəyyən etmək üçün heç bir başqa müayinə aparmayıb və bunun üçün heç bir tədbir görməyib.
8. Bir qədər sonra polis əməkdaşları V.Məmmədov və B.Hüseynovu «Lebonese» restoranından tutaraq 9-cu Polis Bölməsinə gətiriblər. Adnan və Emini onlarla birlikdə apararaq sərxoşluğa dair müayinədən keçiriblər.
9. Müayinəni aparan həkim-ekspert cənab Səmədovun tərtib etdiyi 8 iyul 2009-cu il tarixli 1/5911 saylı protokolda şəxsiyyəti təsdiq edən sənədi təqdim edilmədiyindən, Məmmədov Vüsal Saleh oğlunu «Sabir oğlu» kimi göstərib. Protokolda qeyd edilib ki, V.Məmmədovun bədənində heç bir xəsarət və yaxud yaralanma aşkar edilməyib, özü də zədələri olmadığını bildirib. Bundan başqa V.Məmmədovda nistaqm əlamətləri, hərəkətlərində ləngərləmələr müşahidə edilməyib, Romberq vəziyyətində sabit olub. Həkim-ekspertin rəyinə əsasən onun huşu aydın, nitqi əlaqəli olub.
10. Cənab Səmədovun eyni tarixdə tərtib etdiyi 1/5914 saylı protokolda Adnan Hacızadənin alın səthində zədələrin olması qeydə alınıb. 1/5910 saylı protokola əsasən Babək Hüseynovun bədən səthində zədələrin olmadığı qeyd edilib (cild 1, i.v. 11, 12, 14).
11. Müayinədən sonra Emin, Adnan, V.Məmmədov və B.Hüseynov 9-cu Polis Bölməsinə qaytarıılıblar. Narkoloci Dispanserdən alınan müayinə protokolları 9-cu Polis Bölməsinə gələn Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi cənab Ziya Əliyevə təqdim olunub. E.Abdullayev, A.Hacızadə, V.Məmmədov və B.Hüseynov da Ziya Əliyevə təhvil verilib.
12. Müstəntiqin həmin şəxsləri aparmaq üçün 9-cu Polis Bölməsinə təşrif buyurmasının izahı çətindir və çoxlu suallar doğururdu. Birincisi, həmin vaxt o, məzuniyyətdə idi, digər tərəfdən isə müstəntiqin həmin yerə gəlməsini zəruri edən qanunun tələb etdiyi hər hansı bir hal (hadisə yerinin müayinəsi, təxirəsalınmaz digər hərəkətlərin aparılması) mövcud deyildi.
13. Müdafiə sonradan cinayət işinin materialları ilə tanış olarkən Adnan Hacızadənin 9-cu Polis Bölməsinə təqdim etdiyi ərizənin müəmmalı şəkildə yoxa çıxdığını, ümumiyyətlə, ərizənin təqdim edilmə faktının saxtakarcasına danıldığını, A.Hacızadənin təqdim etdiyi ərizənin əvəzinə iş materiallarında Vüsal Məmmədovun adından yazılan ərizənin peyda olduğunu aşkar etdi.


Yüklə 228,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin