Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin
işin faktiki hallarına uyğun olmaması və onun tərəfindən
müəyyən edilən halların sübuta yetiriilməməsi
29. Emin Abdullayevin və Adnan Hacızadənin təqsirliliyi barədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayıb və onlar məhkəmə iclasında tədqiq edilən sübutlara əsaslanmayıb. Cinayət təqibi orqanının tərtib etdiyi ittiham aktının xırda dəyişikliklə köçürüldüyü məhkəmə hökmündə deyilir:
«Abdullayev Emin Paşa oğlu və Hacızadə Adnan Hikmət oğlu bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşlar. Belə ki, Abdullayev Emin Paşa oğlu – Hacızadə Adnan Hikmət oğlu ilə birgə 8 iyul 2009-cu il tarixdə saat təxminən 19.00 radələrində Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsi, 12 ünvanda yerləşən «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətmələrinə görə onlara irad tutduqda buna məhəl qoymadan özlərinin Məmmədov Vüsal Saleh oğlu və Hüseynov Babək İslam oğlu üzərində, habelə onların simasında digər cəmiyyət üzvlərinin qarşısında üstünlüyünü nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan orada ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qəsdən Əlizadə İlkin Rizvan oğluna məxsus ümumən 50 manat dəyərində qədəh, şüşə qabda pivə içkisi və stəkandan ibarət əmlakı məhv etmişlər, habulə Məmmədov Vüsal Saleh oğluna və Hüseynov Babək İslam oğlunun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə sonuncuya sağlamlığa zərər vurma dərəcəsi təyin olunmayan – döş qəfəsinin sol yarısının qançırı, sol mil-bilək nahiyyəsinin sıyrığı ilə nəticələnən fiziki zor tətbiq etmiş və bu cür fiziki zorakılığın tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişlər, habelə xuliqanlıq niyyəti ilə qədsən V.S.Məmmədova baş-alın-təpə nahiyyələrinin hematoması, baş-beyin silkələnməsi, astionevrotik vəziyyət, travmatik servikakraniyalgiya (baş və boyun ağrıları), sağ qulaq pərdəsinə qansızma, kürək nahiyyəsinin qançırları, sağ saidin sıyrılmış səthi yarası ilə nəticələnən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişlər».
30. Emin Abdullayevin və Adnan Hacızadənin «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətməsi, Əlizadə İlkin Rizvan oğluna məxsus 50 manat dəyərində əmlakı məhv etməsi zərərçəkən kimi tanınan şəxslərin qərəzli ifadələri istisna olmaqla digər hər hansı fakta və sübuta, onların Vüsal Məmmədovu və Babək Hüseynovu döymələri isə qanunun tələblərinə uyğun qaydada alınan mötəbər sübutlara əsaslanmır.
31. Məhkəmədə ittiham tərəfinin şahidləri kimi çıxış edən xanım Gülşən Əliyeva və Rizvan Əlizadə Emin və Adnanın söyüş söyməsi və nalayiq ifadələr işlətməsini təsdiq etməyiblər. Zahiri xuliqanlıq görüntüsünün başlanğıcı kimi bu epitetlərdən gen-bol istifadə edən məhkəmə biri digərinə uyğun gələn və bir-birini tamamlayan sübutlara deyil, faktiki olaraq cinayət məsuliyyətinə cəlb edilməli olan Vüsal Məmmədovun və Babək Hüseynovun başqa şəxslərin ifadələri ilə təkzib olunan versiyasına istinad edib.
32. Birinci instansiya məhkəməsi Vüsal Məmmədovun eləcə də polisdən tam asılı olan restoran əməkdaşlarının, Emin və Adnanı güya «Lebonese» restoranından tutub aparmalarını göstərən polis əməkdaşlarının və qeyri-rəsmi gözətçi işləyən Daşqın Abbasovun ifadələrinə tənqidi yanaşmayıb və ifadələr arasındakı ziddiyyətlərin aradan qaldırılmasına nəinki səy göstərməyib, əksinə mane olub. Birinci instansiya məhkəməsi xüsusən Babək Hüseynovun restoranda güya iki nəfər kənar qadın olmasına və guya onların Adnan və Eminin söyüşlərindən narahatlıq keçirmələrinə dair həqiqətə uyğun olmayan ifadəsinin ittiham və müdafiə tərəfinin şahidləri ilə yanaşı Vüsal Məmmədov tərəfindən təkzib olunmasını belə nəzərə almayıb.
33. 2009-cu il oktyabrın 9-da müdafiə tərəfi Vüsal Məmmədov barəsində verilmiş məhkəmə-tibb ekspertizasının 432 saylı rəyinin qanunsuz və əsassız olduğu, bu rəydən sübut kimi istifadə olunmasının qeyri-mümkünlüyünə dair vəsatət təqdim etdi. Vəsatətdə Narkoloci Dispanserin ekspertinin tərtib etdiyi protokolda göstərilən məlumatlara istinadən Vüsal Məmmədovda baş beyin silkələnməsinin olmadığı sübuta yetirilirdi. Eyni zamanda hətta bu diaqnoz qəbul edildiyi təqdirdə, məhkəmə tibbi ekspertizaların keçirilməsinə dair qüvvədə olan «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın (2001-ci il yanvarın 10-da Azərbaycan Respubliksının Prokurorluğu, Ali Məhkəmə və Daxili İşlər Nazirliyilə razılaşdırılaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub) III fəslinin 20-ci bəndinin 5-ci altbəndinə əsasən «baş beyin silkələnməsinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmayva aid olduğu bildirilirdi.
34. Buna baxmayaraq hakim məhkəmə-tibb eksperti Məcid Məmmədovun qanunların tələbinə uyğun gəlməyən rəyini, eləcə də məhkəmə iclasında verdiyi qərəzli və ziddiyyətli ifadəsini mötəbər sübut kimi qəbul edib. Halbuki məhkəmə iclasında dindirilən Məcid Məmmədov Vüsal Məmmədovun restorandan kənarda bədən zədəsi ala bilmə və zədələrin onun başqa şəxsləri kəllə ilə vurması vaxtı yarana bilmə ehtimallarını inkar etməmişdir.
35. Birinci instansiya məhkəməsi «Lebonese» restoranının sahibi kimi təqdim olunan (iş materiallarında bu faktı təsdiq edən hər hansı mötəbər sənəd yoxdur) İlkin Əlizadənin atası cənab Rizvan Əlizadənin və onunla işgüzar münasibətdə olması iddia edilən xanım Şahzeynəb Rüstəmovanın hadisədən sonra polis əməkdaşları tərəfindən zorla Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılmasının səbəblərini araşdırmayıb və bu faktla onların cinayət təqibi orqanının istəyinə uyğun ifadə verməsi arasında səbəbli əlaqə olduğuna diqqət yetirməyib.
36. Məhkəmə qərəzli və ədalətsiz mövqe nümayiş etdirərək hökmdə məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları təhrif etməkdən də çəkinməyib. Hökmdə deyilir ki,
«məhkəmə baxışında şahid Allahverdiyev Araz Kərim oğlu ifadəsində şahidlər G.Əliyevanın və R.Əlizadənin göstərdiyi xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə verdi».
37. Halbuki cənab Araz Allahverdiyev nə ibtidai araşdırma dövründə, nə də məhkəmə istintaqında restoranda baş verən hadisəni görmədiyini, hadisənin baş verdiyi zala daxil olandan sonra müşahidcə etdiklərinin bir dəqiqəyədək davam etdiyini bildirmişdir.
38. Restoran əməkdaşlarının məhkəmədə verdikləri ifadələr son dərəcə ziddiyyətli idi. Məsələn, onlar Adnan və Eminin zalda söyüş söyməsini və orada iki nəfər kənar qadının olmasını inkar etdilər.
40. Müdafiənin təqdim etdiyi sübutlarla –fotoşəkillər, şahid ifadələri ilə Adnan və Eminin özlərinin 39-cu polis bölməsinə getməsi birmənalı olaraq təsdiq edildi. Fotoşəkillər obyektiv sübutlar idi və onların hər hansı şəkildə başqa cür şərhi mümkün deyildi. Bununla belə restoran əməkdaşları Gülşən Əliyeva, Rizvan Əlizadə, polis əməkdaşları Qasımov Emin Əcdər oğlu, Daşdəmirov Zahid Eyyub oğlu, Bəşirov Bəşir Firuddin oğlu Emin və Adnanın bilavasitə restoranda tutulmalarına dair istintaqın qondarma versiyasını təsdiq etdilər. Məhkəmə faktlara uyğun gəlməyən bu subyektiv xarakterli ifadələri əsas götürdü. Qeyd etmək lazımdır ki, məhkəmə hökmündə istinad edilməsə də, polis əməkdaşları tərəfindən zorakılıqla polis bölməsinə aparılan Şahzeynəb Rüstəmovanın istintaqda dindirilməsinə dair protokolda da bu versiya yazılıb.
41. Bundan başqa, müdafiənin şahidlərinin göstərdiyi kimi, Gülşən Əliyeva və Rizvan Əlizadə isə restorana yetirilən ziyana görə Adnan və Emindən pul alınmasından imtina edərək onların zərərçəkən olmasını bildiriblər.
42. Məhkəmə açıq-aşkar tərəfkeşlik göstərdiyi ittiham tərəfinin ziddiyyətli sübutlarını müzakirəsiz qəbul etdiyi halda müdafiə tərəfinin sübutlarının rədd edilməsinin qanunların tələbindən irəli gələn səbəblərini göstərməyib və belə halda əsasən qanun normalarına yanlış istinad edib.
43. Vüsal Məmmədovun Emin Abdullayevə və Adnan Hacızadəyə hücum edərək onlara kəllə, təpik və yumruqla zərbələr endirməsi nəticəsində bədən zədələri almalarına dair ifadələri müvafiq tibbi sənədlərlə, təqdim edilən fotoşəkillərlə, şahid ifadələri və hətta məhkəmə-tibb ekspertizasının rəyləri ilə təsdiq edilir. Bu zədələr Eminin və Adnanın bədənlərinin müxtəlif nahiyələrində aşkar edilib. Lakin məhkəmə hökmündə onlara xəsarətlərin kim tərəfindən yetirilməsi barədə heç nə deyilmir. Təbiidir ki, öz xarakterinə və lokalizasiya əlamətlərinə görə bu xəsarətlərin Vüsal Məmmədov tərəfindən özünümüdafiə şəraitində yetirilməsi mümkün deyildi. Bu sırf döymə əlamətləri idi. Məhkəmə nəinki bu xüsusatlara qiymət verməkdən, hətta onları şərh etməkdən belə yayınıb.
44. Müdafiənin təqdim etdiyi fotoşəkillərin sübut kimi qəbul edilməməsinin səbəbi məhkəmə hökmündə belə göstərilib:
«Məhkəmə baxışında müdafiə tərəfi məhkəməyə təqsirləndirilən şəxslərin fotoşəkillərini təqdim edərək, hadisə günü təqsirləndirilən şəxslər və dostları tərəfindən Səbail RPİ-nin 39-cu PB-də çəkildiklərini bildirmiş və sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin vəsatətlə bağlı fikrini dinləyərək belə qərara gəlir ki, təqdim edilmiş fotoşəkillərin Azərbaycan Respublikası CPM-nin 125.2.5. və 125.2.8-ci maddəsinə əsasən prosessual hərəkəti aparmaq hüququ olmayan şəxs tərəfindən əldə olunması və onların həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındığı əsası ilə sübut kimi qəbul edilməsinə yol verilmədiyindən həmin fotoşəkillər sübut kimi rədd edilməlidir».
45. Hakimin bu müddəası nonsensdir. Hüquq normaları ilə bu cür manipulyasiyalar yolverilməzdir və ədalətli mühakimə icraatının məqsədlərilə uzlaşmır. 39-cu Polis Bölməsinin inzibati binası ətrafında və onun daxilində fotoşəkil cinayət təqibi üzrə icraat həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq məqsədilə çəkilməyib və qanunun müəyyənləşdirdiyi istintaq hərəkətlərinə aidiyyəti olmayıb. Bununla belə bu fotoşəkillər mövcuddur və iş üzrə əhəmiyyətli halların təsdiq edilməsi üçün istifadə oluna bilər.
46. Adnan Hacızadə həmin fotoşəkillərin onun mobil telefonunun rəqəmsal kamerası ilə özü və dostu Nurəddin Babayev tərəfindən çəkildiyini göstərib və bu faktı N.Babayev təsdiq edib. Fotoşəkillərin həqiqiliyi, yaranma mənbəyi və əldə edilməsi halları heç bir şübhə doğurmur. İttiham tərəfi də onların həqiqiliyini təkzib etmək üçün heç bir arqumentə malik deyil. Bu şəkillərin çəkilmə vaxtı bəllidir. Onlarda Adnan Hacızadənin və Emin Abdullayev in bədənlərindəki xəsarətlər də əks etdirilir. Şəkillər çəkiləndən sonra hal-hazıra kimi onlar həbsdə olublar. Belə olan halda, hakimin CPM-nin 125.2.5. və 125.2.8. maddələrinə istinad etməsi yersiz və məntiqsizdir.
47. Məhkəmənin düşüncəsinə görə gərək müstəntiq Ziya Əliyev Emin və Adnanı 39-cu Polis Bölməsinə etap edib orada şəkillərini çəkəydi ki, onları sübut kimi qəbul etmək mümkün olsun.
48. Məhkəmə hökmündə daha sonra deyilir:
«Məhkəmə təqsirləndirilən şəxslər A.Hacızadə və E.Abdullayev ifadə verərkən, ölkədə mövcud ictimai-siyasi vəziyyətlə bağlı söhbət edən zaman Babək Hüseynovun buna sərt reaksiya göstərərək, onları təhqir etməsi və sonradan V.Məmmədovun yaxınlaşaraq əl və ayaqla vurmasına dair göstərdikləri xüsusatları özünümüdafiə xarakteri kimi qiymətləndirir».
49. Əvvəla, məhkəmə hökmünün iqtibas gətirilən hissəsində qeyd edildiyi kimi, A.Hacızadə və E.Abdullayev ibtidai araşdırma və məhkəmə baxışı vaxtı Vüsal Məmmədovun tək əl və ayaqla deyil, həm də əvvəlcə kəllə ilə vurduğunu göstəriblər. İkincisi, A.Hacızadə və E.Abdullayevin bu ifadəsi digər şahidlərin (Qafarov Orxan Nadir oğlu, Atayev Pərviz Elşad oğlu və digərlərinin) ifadələri ilə də təsdiq edilir və işin faktiki hallarına tam uyğun gəlir.
50. Əksinə, Vüsal Məmmədovun Emin Abdullayev və yaxud Adnan Hacızadə tərəfindən vurulduğunu onun özündən, dostu Babək Hüseynovdan və müstəntiq Ziya Əliyevdən başqa heç kim təsdiq etmir.
51. Hakim öz qənaətlərini möhkəmləndirməkdən ötrü hadisəni bilavasitə müşahidə etmiş şahidlərin ifadələrinə belə münasibət bildirir:
«Məhkəmə şahid qismində dindirilmiş Qafarov Orxan Nadir oğlu, Atayev Pərviz Elşad oğlu, Əhmədli Bəhram Nazir oğlu, Babayev Nurəddin Azər oğlu və Həsənov Ülvi Fəxrəddin oğlunun təqsirləndirilən şəxslərlə münasibətlərini nəzərə alıb, onların ifadələrinə qiymət verərək hesab edir ki, 08 iyul 2009-cu il tarixdə «Lebonese» restoranında təqsirləndirilən Abdullayev Emin Paşa oğlu və Hacızadə Adnan Hikmət oğlunun V.Məmmədov və B.Hüseynov tərəfindən döyülmələrini və bu kimi göstərdikləri (?) xüsusatlar işin halları ilə, yəni digər şahid və zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə-tibb ekspertizasının rəyləri ilə inkar olunduğundan onların ifadələri qeyri-səmimi olmaqla təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşımışdır».
52. Bu fikirlə əlaqədar ilk olaraq onu qeyd etmək lazımdır ki, məhkəmə qüsurlu ənənəsinə sadiq qalaraq növbəti dəfə də işin hallarını təhrif etməkdən çəkinmir. Belə ki, nə Adnan Hacızadə və Emin Abdullayev, nə də ki digər şahidlər ifadələrində Babək Hüseynov tərəfindən döyüldüklərini göstərməyiblər. Hökmün iqtibas gətirilən hissəsində isə Babək Hüseynovun adı nədənsə Vüsal Məmmədovla eyni sırada çəkilir. Hökmdə qeyd edilən «bu kimi göstərdikləri xüsusatlar» dedikdə, məhz hansı xüsusatların nəzərdə tutulduğu aydınlaşdırılmır.
53. Bununla yanaşı hakimin ittihamları təkzib edən bütün ifadələrə Emin Abdullayevi və Adnan Hacızadəni «müdafiə xarakterli» hesab etməsi də anlaşılmazdır. Hadisəni görən və iş üzrə dindirilən hər bir şəxs yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilib. Onların hər biri bu məsuliyyəti dərk edərək məhkəmə önünə çıxıb və gördüklərini sərbəst ifadə ediblər. Bu şahidlərin ifadələrilə təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyyət və işin faktiki halları ilə uyğunsuzluq olmayıb. Bu ifadələrin yalnız istintaqın gəldiyi nəticələri təkzib etdiyinə görə «özünümüdafiə» xarakterli hesab etmək ən azı qərəzlilik kimi qiymətləndirilməlidir.
54. V.Məmmədov və B.Hüseynov da rəfiqdirlər və onların da ifadələri cüzi fərqlərlə bir-birinə uyğun gəlir. İstintaqla sübuta yetirilməyib və məhkəmədə də təsdiq edilməyib ki, bu şəxslər özünümüdafiə instinktindən məhrumdurlar. Lakin məhkəmənin onların ifadələrini ehkam kimi qəbul etməsi, əksinə heç bir əsas olmadan müdafiənin şahidlərinin ifadələrini rədd etməsi qəbuledilməzdir. Məhkəmə ifadələrə bu cür qiymət verərkən nəzərə almayıb ki, Emin və Adnan restoranda onlarla bir masa arxaında əyləşən şəxslərlə heç də yaxın dost münasibətində olmayıblar və bəzilərilə elə orada tanış olublar. Həmin şəxslərin cinayət cəzası təhdidi altında yalan ifadə verərək Emin və Adnanı müdafiə etmələri mümkün deyildi.
Dostları ilə paylaş: |