BDU-nun Filologiya fakültəsi - 100 60
detallı şəkildə tədqiqata cəlb edir. Cəsarətlə deyə bilərik ki, bu “Şərh”lər bundan sonrakı tədqiqatlar və
Füzuli dühasının dərki yolunda atılacaq addımlar üçün bir mesaj, gələcəyə bir göndərmədir.
Açar sözlər:Füzuli, əruz, qəzəl, tədqiqat, füzulişünaslıq. QÜDSİYYƏ QƏMBƏROVA Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu
AZƏRBAYCAN-LİTVA ƏDƏBİ ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA PROFESSOR VAQİF ARZUMANLININ ELMİ XİDMƏTLƏRİ Azərbaycan-Litva ədəbi əlaqələrinin əsası Sovet quruluşunun yürütdüyü xalqlar dostluğu
ideologiyasından çox-çox əvvəllərə gedib çıxır. Araşdırmaçıların yazdığına görə, bu münasibətlərin təməli
hələ XIX əsrdən - Azərbaycan-polyak-alman ədəbi əlaqələrindən başlanmışdır.
Azərbaycan-Litva ədəbi əlaqələrinin öyrənilməsi sahəsində görkəmli tədqiqatçı, professor Vaqif
Arzumanlının böyük xidmətləri olmuşdur. V.Arzumanlı bu sahədəki elmi fəaliyyətinin təməlini hələ Vilnüs
Dövlət Universitetinin aspiranturasında təhsil aldığı zamanlardan qoymuşdur. Təsadüfi deyildir ki, alimin bu
mövzuya həsr etdiyi Azərbaycan-Litva ədəbi əlaqələri aspektində elmi-tədqiqat əsərləri müəyyən fasilələrlə
üç dəfə (1972, 1979, 1990) kitab şəklində nəşr olunmuşdur.
V.Arzumanlının tədqiqatına istinadən demək olar ki, Azərbaycan-Litva ədəbi əlaqələri barədə ilk
məlumata A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlinir. Ədibin yazdığına görə, 1833-cü ildə
(hicri 1248-ci il) bir sıra Avropa ölkələri ilə bərabər, Litvada olmuş, təcrübəli dövlət adamları, məşhur
alimlər və “bilici” sənətkarlarla görüşmüş, “çox qəribə işlər və təəccüblü əsərlər” görmüşdür.
Bu münasibətlər XX əsrin əvvəllərində görkəmli Azərbaycan yazıçısı Y.V.Çəmənzəminlinin
simasında da uğurla davam etmişdir. Yazıçı uzun zaman Litva tarixini öyrəndikdən sonra 1919-cu ildə
“Litva tatarlarının tarixi” adlı kitab nəşr etdirmişdir.
Litva ədəbiyyatşünası A.Qriskenas isə Azərbaycan-Litva əlaqələrinin intensiv və sistemli fəaliyyətini
Litva yazıçısı, pedaqoqu və ictimai xadimi V.Krevne-Mitiskeviçusun Bakıdakı elmi-pedaqoji fəaliyyəti
illərindən başlandığını qeyd etmişdir.
Ümumiyyətlə, professor V.Arzumanlı bəhs etdiyimiz bu mövzunu üç istiqamətdə araşdırmaya cəlb
etmişdir: 1) Azərbaycan-Litva ədəbi əlaqələrinin ilk mərhələsi 2) ədəbi əlaqələrin yeni (sovet-Q.Q.) dövrü 3)
ədəbi əlaqələrin perspektivləri.
Lakin acı təəssüf hissi ilə vurğulamaq lazım gəlir ki, amansız ölüm Vaqif Arzumanlının bu sahədəki
neçə-neçə arzusunu yarımçıq qoydu. Azərbaycan ədəbiyyatını Litvada və eləcə də Latviya, Estoniya və
Ukraynada qarşılıqlı təbliğ edən alimin bir tələbəsi kimi, unudulmaz müəllimimizin nurlu xatirəsinə dərin
ehtiramla bu yazını qələmə almağı özümüzə mənəvi borc bildik.
Açar sözlər: Azərbaycan-Litva, ədəbi əlaqələr, professor Vaqif Arzumanlı, V.Krevne-Mitskeviçus, Azərbaycan-rus-polyak-alman ədəbi əlaqələri.