4. Ayaqqabı detalları və onlara verilən tələblər
Ayaqqabı konstruksiyasında yerindən asılı olaraq detallar üz və alt detallarına ayrılırlar. Üz detalları alt detallarına nisbətən nazik, yumşaq və elastik materiallardan olmaqla pəncəni üst tərəfdən əhatə edir. Alt detallar isə qalın və nisbətən daha bərk xassəli materiallardan hazırlanmaqla pəncəni alt tərəfdən örtür. Hər bir qrup detallar öz növbəsində xarici detallara, bilavasitə ayağa söykənən daxili detallara, xarici və daxili detallar arasında yerləşən aralıq detallar yarımqrupuna ayrılır.
Ayaqqabının üzü üçün istifadə olunan xarici detallara, çəkmələrdə - ön hissə, çəkmə quncu, dabandalı, xarici daban dalı qayışı və bütöv çəkmə boğazı daxildir; Daxili detallara bəzən astarlıq detalları da deyildir. Belə detallara çəkmələrdə astar, rant, ikitərəfli çəkmə quncu astarı, dabandalı, daxili qayış, qulaqcıq detalları; Aralıq detallarına - astararası, yan tərəflər blokarası detallar daxildir.
İstehlak zamanı ayaqqabılar müxtəlif amillərin təsirinə məruz qalır, dağılmağa başlayır. Bu amillərin bəziləri, məsələn, fiziki, mexaniki, kimyəvi və fiziki-kimyəvi amillər ayaqqabılara xaricdən təsir edir. Digər amillərə isə ayaqqabının genişlənməsinə, sürtünməsinə təsir edən qüvvə, habelə pəncədən ayrılan rütubət və istilik kimi təsiredici amillər daxildir.
Ayaqqabıların üz və alt detalları istehlak zamanı təkrar qatlanmaların, dartılmanın, zərbənin, sürtünmənin, islanma və qurumanın, tərin, çirkin, işığın, dəyişən temperaturun və s. Təsirinə məruz qalır. Bütün bu təsirlər nəticəsində ayaqqabının əsas xassələri dəyişir və onun üz və alt detalları dağılmağa başlıyır. Ayaqqabının aralıq detalları bu cəhətdən zərif və dartıla bilən üz detallarına davamlılıq xassəsi verməklə onun möhkəmliyini çoxaldır.
Nisbətən bərk xassəli aralıq detalları ayaqqabının burun və daban hissəsində formanın uzun müddət saxlanılmasına şərait yaratmaqla barmaqları və dabanı müxtəlif zədələnmələrdə qoruya bilir.
Ayaqqabıların təyinatından və istifadə şəraitindən asılı olaraq onların istehsalı üçün müxtəlif materiallar tətbiq olunur. Ona görə də hər növ ayaqqabı materialına eyni tələblər vermək olmaz.
Məsələn məişət təyinatlı ayaqqabıları ilə gəzinti üçün nəzərdə tutulan ayaqqabı materiallarına eyni tələb vermək olmaz. Çünki məişət təyinatlı ayaqqabılardan fərqli olaraq gəzinti üçün olan ayaqqabı materiallarına verilən tələblərdə estetik xassələrin payı çox olmalıdır. Bu cəhət standart və texniki şərtlərdə də nəzərə alınır. Ona görə də ayaqqabı sənayesində tətbiq edilən təbii, süni və sintetik (əsas və köməkçi) materialların ayrı-ayrı növlərinin çeşid xarakteristikasını vermək lazım gəlir.
Dostları ilə paylaş: |