2. Ayaqqabıların altına və üzünə işlədilən gönlərin çeşid xarakteristikası
Ayaqqabıların üzlük gönləri daha yumşaq, zərif və zövqü oxşayan olmalıdır. Ayaqqabıların üzü üçün işlədilən gönləri iki əsas qrupa bölmək olar:
1. Müxtəlif təyinatlı ayaqqabıların üzü üçün tətbiq edilən xrom gönləri.
2. Ayaqqabı yuftaları
Xrom gönləri daha yumşaq, xarici görünüşcə, gözəl elastik, yüngül və zərifdir. Xrom gönləri bir-birindən rənginə, üst səthinin örtüyünə, ölçüsünə, qalınlığına, arayışlandırılmasına və digər əlamətlərinə görə də fərqlənir.
Bunlardan başqa ayaqqabıların üz naterialları üçün lak, zamşa, nubuk və digər növ gönlərdən də geniş istifadə olunur.
Ayaqqabı yuftları digər üzlük gönlərinə nisbətən qalındır, lakin yumşaqdır, bu da onun tərkibində yağın çox olması ilə izah edilir. Yuft gönləri xarici görünüşcə o qədər də diqqəti cəlb etmir. Yift gönlərinin əsasını qara rəngli yuftlar təşkil edir. Standartın tələbinə görə yuft gönləri əsasən 1,5-3,0 mm qalınlığında istehsal edilir.
Ayaqqabıların üz materialları içərisində astarlıq gönləri müstəqil yarımqrup təşkil edir. Astarlıq gönləri özünün daha yumşaq olması ilə xarakterizə edilir.
Astarlıq gönləri yüksək dərəcədə sürtünməyə qarşı müqavimət göstərən, tərə və rütubətə davamlı və eləcə də ayaqdan ayrılan rütubəti özünə çəkmək qabiliyyətinə malik olmalıdır. Astarlıq gönləri zərif, nazik, orta və qalın olmaqla 0,3-1,5 mm qalınlığında buraxılır.
Ayaqqabının altına sərf olunan gönlər istismar zamanı fiziki-mexaniki təsirlərə daha çox məruz qalır. Altlıq gönləri sürtülməyə müqavimət göstərən, kifayət qədər suya davamlı, bərkidicini möhkəm saxlayan, təkrar qatlanmaya davamlı olmalıdır. Standartın tələbinə uyğun olaraq ayaqqabıların bilavasitə altına işlədilən gönləri qalınlığına görə altı qrupa, yəni qalınlığı 2,6-3 mm, 3,1-3,5, 3,6-4, 4,1-5,5, 4,6-5 və 5 mm-dən yuxarı olan gönlərə bölmək olar. Ayaqqabıların altı üçün işlədilən gönlərə qarşı verilən tələbləri yalnız qaramal, at, donuz, dəvə və s. heyvan dərilərindən emal edilmiş gönlər ödəyə bilər. Bu gönlər içərisində qaramal dərilərindən alınan gönlər əhəmiyyətli yer tutur ki, bunlar da daha yüksək texnoloji və istehlak xassələrinə malikdirlər.
Dostları ilə paylaş: |