Kağız və kartonların məsaməliliyi və kapilyarlılığı - Onlara keçiricilik, islanma və qurumadan sonra ölçülərinin dəyişməsinə, qurudulmadan sonra xassələrinin dəyişməsi və s kimi xassələrinə təsir göstərir.
Liflər arasındakı əlaqə qüvvəsi onların mexaniki xassələrinin təyin edilməsinə imkan verir. Kağız və kartonun nöqsan cəhətləri ondadır ki, onların hər iki üzlərində yapışdırıcı və doldurucu materiallar eyni səviyyədə paylana bilmir. Bunlar əsasən kalandrların köməyilə aradan qaldırılsa da , tamamilə yox edilə bilmir. Kağız və kartonların quruluşunun bu cür qeyri-bərabərliyi onların bəzi xassələrinin hiss olunan dərəcədə fərqlənməsinə səbəb olur.
Kağızların qalınlığı, həcmi və 1m²-nin çəkisi – onların keyfiyyət göstəriciləri ilə sıx surətdə bağlıdır. Bu xassələr kağızların sıxlığını, tərkibindəki lifin miqdarını, məsaməliliyini və s. təyin etməyə kömək edir.
Kağızın 1 m²-nin çəkisi ən vacib istehlak xassələrindən birisi sayılır ki, bu göstərici artıq standartlara daxil edilmişdir. Bu xassə kağızın tərkibindəki lif materiallarının növündən, xırdalanma dərəcəsindən, doldurucu materialların növündən və s. çox asılıdır. Belə ki, tərkibində ağac kütləsi olan kağızlar tərkibində ağac sellülozası və pambıq lifləri olan kağızlara nisbətən daha ağır olacaqdır. Odur ki, kağızların keyfiyyətinin yaxşılaşdırılmasında onların çəkisinin azaldılmasına daha çox fikir verilir.
Sınmaya qarşı davamlılıq – xassəsi əsasən çap, sənəd, foto ləvazimatı və texniki təyinatlı kağızlara xas olan əsas əlamətdir. Bu xassəni götürülmüş nümunəni hər iki tərəfə qatlama vasitəsi ilə təyin edirlər. Sınmaya qarşı davamlılıq göstəricisi müxtəlif təyinatlı kağız və kartonlar üçün eyni deyildir. Məsələn, rəsmxət kağızları 35,40 və 200 dəfə təkrar qatlanmalara davam gətirir.
Yapışma dərəcəsi – məktub, rəsmxət, şəkil, tipoqrafiya və s. təyinatlı kağızlar üçün əsas əlamətdir. Bu göstəricini kağızın üzərinə çəkilmiş xətlərin bir üzündən digər üzünə nə dərəcədə keçməsi yolu ilə təyin edirlər. Kağızın tərkibində olan kanifolun miqdarına görə yapışma dərəcəsini müxtılif qruplara, yəni yapışmayan, az yapışan və yüksək yapışma dərəcəsinə malik olan kağızlara bölürlər.
Kartonların da yapışma dərəcəsini onun tərkibindəki yapışdırıcı maddələrin faizlə hesabına görə təyin edirlər.
Kağızların hopdurulma qabiliyyəti – onların yapışqanlılığı, sıxlığı və s. kimi xassələri ilə sıx surətdə bağlıdır. Kağızın hopdurma qabiliyyəti nə qədər çox olarsa, belə kağızlar daha çox məsaməliliyə malik olur. Kağızın tərkibində kanifolun çox olması onların hopdurma qabiliyyətini azaldır. Bu xassə çap kağızları, su çəkən, süzgəc və s. kimi kağızlar üçün ən vacib göstəricilər sayılır.
Bu qabiliyyəti 10 dəqiqə ərzində 100 mm-dən az olmamalı, cildlik kağızları üçün isə 10 dəqiqə ərzində isə 23-40 mm və s. olmalıdır.
Kağız və kartonların cırılmaya qarşı davamlılığı – və digər bəzi xassələri birinci növbədə onların istehsalında istifadə edilən liflərin davamlılığından, ölçüsü və elastiki xassələrindən , xırdalanma dərəcəsindən, liflərin vərəqlərdə yerləşmə xüsusiyyətlərindən, onların bir-birlərilə əlaqələnməsi səviyyəsindən çox asılıdır. Belə ki, ağac kütləsindən hazırlanan kağızlar sellülozadan və kətan liflərindən hazırlanan kağızlara nisbətən daha az davamlıdırlar. Standart üzrə hər bir növ kağızlar üçün cırılma uzunluğu təyin edilmişdir.
Kağızların zibillənmə dərəcəsi - bir neçə amillərdən asılıdır, buraya lifli materialların dəqiq təmizlənməməsi, boyağın, mineral maddələrin və s. kənar qarışıqların düşməsi kimi amillər daxildir. Zibillənmiş kağızlar yaxşı görünüşə malik olmur, yazı və çap üçün yaramır. Xüsusilə, çertyoj, rəsmxət, kartoqrafiya, diaqramma üçün olan kağızların zibillənməsinə daha dəqiq fikir verilir. Kağızın zibillənməsi dərəcəsi 1 m² sahədə olan kənar qarışıqların sayılması yolu ilə hesablanır.
Dostları ilə paylaş: |