Baki-2014 Redaktor: Şirvani Ədilli


AŞIQ ƏLƏSGƏRLƏ AŞIQ HÜSEYN BOZALQANLININ GÖRÜŞÜ



Yüklə 1,52 Mb.
səhifə2/12
tarix30.11.2016
ölçüsü1,52 Mb.
#530
1   2   3   4   5   6   7   8   9   ...   12

AŞIQ ƏLƏSGƏRLƏ AŞIQ HÜSEYN

BOZALQANLININ GÖRÜŞÜ

Dastan başlayanda dədə ozanlar,

Gövhərdən qiymətli söz söyləyərlər.

Eşq olsun deyərlər, duyub qananlar,

Səbrlə, təmkinlə, döz söyləyərlər.
Ustadlar ustadı olub Ələsgər,

Sözüylə dünyanı zərgər tək bəzər.

Əsil aşıqlığın düz nizamnaməsi,

Ələsgər sözündə anla bu səsi.

Ustadı dinləyək görək nə deyir,

Hər bir sənətkara nələr diləyir.


***

Aşıq olub diyar-diyar gəzənın

Əvvəl başda pürkamalı gərəkdir,

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətqən mətləb qandıra,

Şeytanı öldürə nəfsin yandıra.

El içində pak otura pak dura,

Doğru qəlbi doğru yolu gərəkdir.

Arif ola eyhamından söz qana,

Naməhrəmdən şərm eyləyə, utana.

Saat kimi könlü haqqa dolana,

Doğru qəlbi, doğru yolu gərəkdir.


Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə nəfsin yandıra.

El içində pak otura pak dura,

Doğru qəlbi doğru yolu gərəkdir.


Ələsgər xüms ilə, zəkatın verə,

Əməlin mələklər yaza dəftərə.

Ha yanı istəsə baxanda görə,

Təriqətdə bu sevdalı gərəkdir.


***

Aşıqlıq güzgüdür elin gözündə,

Gərək diqqət olsun hər bir sözündə.

Dədə ozanları dərin bilməmiş,

Arif məclisinə olmasın qəmiş.

Bilmirəm, sözündən kənar dolansın,

Hər sözün söhbətin mənasın qansın.

Ustad kürəsində, ustad közündə,

Tər təmiz bişməmiş saz götürməsin.

Elin məclisində, ustad izində,

Həya, hörmətini heç itirməsin.

Şadlıqlar diləsin kürreyi-ərzə,

Olsun hər kəlməsi hikmətdən təzə.

Hüseyn Bozalqanlı, görək nə deyir,

Nələr arzulayır, nələr dıləyir.

Ustadnaməni, ustad, iki söyləyər,

Hər kəsə sözünü bəyan eyləyər.
***

Hər cəfənglər saz götürüb, söz deyib,

Aşıqlıq adını sana çəkməsin.

Cibin, milçək, zənbur kimi sızıldar,

Qanqalın şəhdini şana çəkməsin.
Aşıqlıq elmində pürkamal gərək,

Divani, təcnisi, hər misal gərək.

Kotana qoşmağa, kəltə-kəl, gərək,

Kəldən qabaq arıq dana çəkməsin.


Eşqin kürəsində bişib, yanmayan,

Qafiyəsin, qələtini qanmayan.

Bədöy bəsləyibən, köhlən minməyən,

Ulağını bu meydana çəkməsin.


Ustadlar kəlamı bizə gələndə,

Xəstə qismim olur təzə gələndə.

Arif məclisində üzə gələndə,

Ondan yaxasını yana çəkməsin.


Lənət müxənnətə ara qatana,

İnsan gərək yalan sözdən utana.

Xəbər verin sınıq saxsı satana,

Cürdəyini hər sindana çəkməsin.


Qovğaya düşübdü bu yazıq Hüseyn,

Nə məndə can qalıb, nə də baş, beyin.

Tülkü bərələrdə aslana boyun,

Hünərini qana-qana çəkməsin.


***

Ustadnaməni ustad, üçəcən deyib,

Dastan dinləyənə ömür diləyib.

Ustaddan şagirdə varisdi saz-söz,

Qalayın ocağı, alovlansın köz.

Nazını çəkmişik illərdən bəri,

Saymasın yerində tuti dilləri.

Sənətkar sevdirər öz sənətini,

Duydurar xalqına məhəbbətini.

Məhərrəm Hüseynli görək nə deyir,

Bu xalqa ölməzlik, uğur diləyir.
Aləmi mat qoyan, səcdə qıldıran,

Ulu Qorqud nəfəsidir, aşıqlıq.

Düşündürən, xəyallara daldıran,

Haqq gəzənin öz səsidir, aşıqlıq,

Haqsızların əbəsidir, aşıqlıq.
Elmdi, aləmdi, sehrdi, sirdi,

Kök üstə köklənən məqsədi birdi.

Anlayan dostunu, düşməni, mərdi,

Sevənlərin nəfəsidir, aşıqlıq,

Sevməzlərin qəfəsidir, aşıqlıq.
Kamaldan kəm nə anlayar, nə qanar,

Keyliyini nə gizlədər, nə danar.

Məhərrəm tək , nə alışar, nə yanar,

Türk oğlunun nəfəsidir, aşıqlıq,

Yad oğlunun hər qəsiqir aşıqlıq.
***

Sizə kimdən deyim, kimdən danışım,

Ələsgərlə, Hüseyn görüşməsindən.

Olmuş həqiqətlə mən də barışım,

Üz-üzə, göz-gözə, yarışmasından.
İki kəhkəşandan, iki zirvədən,

İki səcdəgahdan, iki dədədən.

Birisi Göyçədə biri Tovuzda,

İkisi də ürəkdə, dildə, ağızda.

Biri ağsaqqaldı, doxsan yaşında,

Biri orta yaşlı, ağlı başında.

Biri ucalıbdı elin gözündə,

Biri bac alıbdı söhbət, sözündə.

Biri səxavətli, cəsarətlidi,

Biri kəramətli hərarətlidi.

Biri hünərvərdi sənəti ilə,

Biri mötəbərdi adəti ilə.

Biri haqq sevənin qulluğundadi,

Biri haqq sözünün bolluğundadi.

Ələsgər taninmiş ağsaqqal ustad,

Hüseyn söz mülkündə söylənır ad-ad.

İki oğuz türkü, söz, sənət mülkü,

İkisi də Tanrinin bəndəyə görkü.

Biri birlərini görməsələr də,

Səsi nəfəsini dərməsələr də,

Biri birlərinin söz-söhbətini,

Dərindən bilirdi öz qüdrətini.

Dədə Ələsgərin yetirmələri,

Uca bilirdilər bu zirvələri.

Hüseyn Bozalqanlı tanrı vergili,

Duyumu, deyimi həqiqət dili.

Eldə pardaqlanıb, ucalmışdılar,

Saz ilə, söz ilə tac almışdılar.

İstedad adamı pürkamal olar,

Əməldə, işində xoş amal olar.

Musa Ələsgərin yetirməsiydi,

Güvənci ustadla öz nəfəsiydi.

Onun da yanına şagirdlər gəlir,

Aşıq sənətini öyrənir, bilir.

Birindən qanışıb, söhbət açacam,

Yarımçıqdan qüzü mən də uzağam.

Heydər adındaydı bu cavan şagird,

Özünü sanırdı sənətdə igid.

Elə ki, balaca çalıb-çağırdı,

Ellərə yol aldı, çaldı, çağırdı..

Pula şirnikləşib əsib coşurmuş,

Özünə güvənib həddin aşırmış.

Bir gün gəlib çıxır Tovuz elinə,

Güc verir aşığam deyib, dilınə. .

Sizə kimdən deyim, aşıq Hüseyndən,

Dostun dəvətinə gəzməyən gendən.

Dostu Niftalıya qonaq olmuşdu,

Söhbət eləmişdi, xumar olmuşdu.

Qəlyan damağında, çay qabağında,

Heçə pür kamallı, sağı-solunda.

Bu dəm çağırışçı gırib içəri,

Niftalıya dedi bəri dur, bəri.

Toy var kəndimizdə buyurun ora,

Tez olun dəvətə verməyin ara.

Niftalı söylədi qonağı neynim,

Onsuz mənim inan açılmaz eynim.

Qonşu xahiş etdi qonağı gətir,

Gül təki nəfəsi qoxlasın ətir.

Bütün qonaqların bizə qonaqdı,

Sıznən, məclisimiz çildi, çıraqdı.

Hüseyn bu məclisə təşrif gətirdi,

Arzu diləyini bəyə yetirdi.

Yaxşı nəmər verdi aşıq Heydərə,

Tez diqqət yetirdi bu təzə-tərə.

Səsin məlahəti xoşuna gəldi,

Baş ayaq sözləri bağrını dəldi.

Hüseyn halallaşıb gedən zamanı,

Xəlvətcə söylədi qəlbə damanı.

Ay Heydər, bu sözlər kimin sözüdür?

Söz var söz əhlinin görən gözüdür.

Heydər qayıtdı ki, Musa ustadım,

Dədə Ələsgərsə qolum qanadım.

Söz isə Musanın sözləri idi,

Yaşayır sinəmdə hər an, ədəbi.

Hüseyn Bozalqanlı gizlincə dedi,

Musa belə deməz, söylə bu nədi,

Salmaynan sözləri sən bərbad hala,

Gördüm ki, naşısan şagirdsən bala.

Mənim salamımı Musaya yetir,

Onun məktəbini savadlı bitir.

Hüseyn sağollaşıb evinə gəldi

Heydər sonra onu tanıdı, bildi,

Heydər Hüseynin kim olduğunu,

Öyrəndi, karıxdı saz çaldığını.

Bir təhər məclisi verərək yola,

Düşdü çox sağalmaz pəjmürdə hala.

O gəldi birbaşa ustad yanına,

Söylədi yalanı and içdi canına.

Dedi ki, Hüseyn bizi xar etdi,

Hərcayı danışıb, nə də ar etdi.

Sənin şairliyinə ağız da büzdü,

Başını buladı məni də süzdü.

Musa öz-özünə götür-qoy etdi,

Durub Ələsgərin yanına getdi.

Heydər deyənləri ona söylədi,

Hüseynlə deyişmə bəyan eylədi.

Dedi ki, onunla eyişməliyəm,

Meydanı gen açıb deyişməliyəm.

Musanı dinlədi aşıq Ələsgər,

Sözün bazarında tanınan zərgər.

Heydəri yanına çağırıb dedi-

Bilmədin Hüseynin məqsədi nədi?

O sözü təkrar et nə söyləmişdi.

Böhtan bu dünyada çox yaman işdi.

Ələsgər Heydərdən şübhələnərək,

Ona inanmadı, ağır dinərək.

Hə.. bala səbr edib bir azca dözün,

Düzlüyünü bilin deyilən sözün.

Gedərsiz deyişdə məğlub olarsız,

Bircə bayatıda aciz qalarsız.

Əgər tanımasan qarşındakını,

Onda itirərsən adı-sanını.

Onu tanıyan var, onu görən var,

Yolunda sinəsin qarşı gərən var.

Boşuna danışmaz boşuna dinməz,

Yüz aşıq yığılsa lal durub, sinməz.

Deyirlər yamanca hərarətlidi,

Sözün meydanında cəsarətlidi.

Dastanı, qoşqusu, qıfılbəndi var,

Hesaba gəlinməz şeiri, bəndi var,

Mənim sənətimə məhəbbətlidi,

Həqiqət danışan, ədalətlidi.

Çağırın Nəcəflə aşıq Əsədi,

Görsün bu əhvalat doğrudu, nədi.

Gücünü bilməmiş yükə yanaşsaq,

Aləm qınaq edər həddini aşsaq.

Ağılla öyünər öyünən insan,

Məğlubdu boşuna deyinən insan.

Yuxulu sanmayın gözü yumlunu,

Gözləyin demişəm, haqqın yolunu.

Çox içi dolunu tökməyə nə var.

Gedin hazırlaşın, Allah olsun yar.

Bu dəm Əsəd, Nəcəf girdi içəri,

Ələsgər söylədi bax bu səfəri.

Öyrənin Hüseynin səviyyəsini,

Dərindən tanıyın tərbiyəsini.

Bəlkə, layiq deyil görüşməyimiz,

O, mənə mən ona söz deməyimiz.

Bəlkə bu cavanlar aranı qatır,

Yalanlar danışıb günaha batır.

Bəlkə yuxuludu sayıq deyildir,

Ələsgər adına layiq deyildir.

Görən gözlər üçün nə gərək eynək,

Görməzə çarə yox, biz ona neynək.

Durun hazırlaşın Tovuza gedin,

Yalanı doğrunu aşikar edin.

Ondan icazəsiz saz götürməyin,

Hörməti izzəti siz itirməyin.

Xoş olsun hər kəlmə hərəkətiniz,

Altından qaynasın bərəkətiniz.

Haqqın düz yolunu düzünə gedin,

Nəyi öyrətmişəm, onu da edin.

Asıq Ələsgərin şah şəyirdləri,

Baş üstə söylədi, tuti dilləri.

Durub sabah üçün hazırlıq gördü,

Şeirdən sənətdən bir hikmət hördü.

Ustadın sözünü iki etmədi,

Doğru düz yolları əyri getmədi,

Sabahı yol alıb düşdülər yola,

Xeyli yol gəldilər hey bala-bala.

Bəli.. yetişdilər mənzil başına,

Heç aşıq deməzdin baxsan yaşına.

Hüseyn Bozalqanlı yox idi evdə,

Toya çağrılmışdı elə o vədə.

Bir həftədən sonra qayıdacaqdı,

Qonaqlar görüşüb şad olacaqdı.

Hüseynin xanımı təklif elədi,

Qanaq bir evə yox tamam elədi.

Gəlin, xoş gəlmisiz, keçin içəri,

Qonaq dilimizin olub əzbəri.

Nəcəf qayıtdı ki, xanım, çox sağ ol,

Yaşa Hüseynlə, daim üzü ağ ol.

Adətdi kişisiz evə girmərik,

Gələndə gələrik, indi gəlmərik.

Deyib, yavaş-yavaş aralandılar,

Bu doğma torpağı əziz sandılar.

Gedib çayxanada çay içən zaman,

Çal-oxu dedilər insanlar yaman.


Əsəd ilə Nəcəf durdu ayağa,

Döndülər bir anda şama-çırağa.

Bunlar oxumaqda, çalmaqda olsun,

Ürəklər ləzzəti, almaqda olsun.

.

Sizə kimdən deyim Ağstafada,



Xoxanoğlu adlı nüfuzlu kəsdən.

Dostu Bozalqanlı düşmüşdü yada,

Doymurdu ondakı eşqdən, həvəsdən.
Bir də ki, oğlunun həftə axırı,

Toyunu Hüseyn eləməliydi.

Bir namə, bir çapar göndərdi özü,

Nə vardı naməyə yazmışdı sözü.

Çapar da öyrəndi Hüseyn toydadır,

Ellər məclisində haqqı saydadır.

O da çayxanaya tərəf yön aldı,

Əsədlə Nəcəfə məəttəl qaldı.

Cəh-cəh vururdular bülbül sayağı,

Bu yerdə oynadı əli-ayağı.

Sevincək atından düşdü aşağı,

Sorğu da eylədi aşıq qonağı.

Kimsiz, hardansınız, cavan aşıqlar,

Ay elə-obaya xoş yaraşıqlar.

Əsəd cavab verdi, göyçəliyik biz,

O eldən bu elə açmış olduq iz.

Biz aşıq Hüseynin qonaqlarıyıq,

Duyan ürəklərin dövlət varıyıq.

Çapar söylədi ki, bu da qismətdi,

Xoxanoğlu sevən, sözdü sənətdi.

Getsəniz, gedərik Ağıstafaya,

İnsanlar hörmətlə salarlar saya.

Xoxanoğlu sevinər bu tapıntıya,

Şəksiz, şükür edər qismətə paya.

Danışıb, barışıb, razılaşdılar,

Faytona minərək dağlar aşdılar.

Hər şey aydın oldu Xoxanoğluna,

Heyran qaldı Əsəd, Nəcəf ağlına.

El-oba eşidib yığışıb gəldi,

Onları oxudub dərindən bildi,

O gecə aşıqlar çal-çağır edır,

Sevən ürəkləri şad-xürrəm edir.

Aşıqlar hamının xoşuna gəlir,

Hər kəs də onları sənətkar bilir.

Yaxşı dərzi idi o Xəyyat Mirzə,

Sənətdə parlayıb çıxmışdı üzə.

Əsli Bozalqanlı, tanınmış şair,

Sözləri müəmma, sərrafına sirr.

Hamsının ustadı Bozalqanlıydı,

Ruhuyla əməli hər an canlıydı.

Xoxanoğlu dostuydu illərdən bəri,

Yaxşıca tanırdı gövhəri-zəri.

O tanış elədi Əsəd, Nəcəfi,

Mirzə bildi dostu eyləməz səfi.

Hərəsinə bir dəst libas da tikdi,

Qulluğunda durub nazinı çəkdi.

Xoxanoğlunun toyu üç gün içində

Şəmşəddin elni lərzəyə saldı.

Aşıqlar seçilmir ifa biçimdə,

Pərdələr dil açır saz üstdə, teldə.

Səliqə-sahmanı, səsi əvəzsiz,

Olmuşlar ifada tamam bənzərsiz.

Heyran eyləmişdi neçələrini,

Uyuyub yatmırdı gecələrıni.

Elə ki, məclisi verdilər yola,

Görüşüb dostlarla düşdülər yola.

Gəlib yetişdilər Bozalqanlıya,

Salam söylədilər şövkət-şanlıya.

Hüseyn çox sevindi əziz qonağa,

Fərəhdən ürəyi döndü bir dağa.

Şükr etdi taleyə, günə, saata,

Sanki yeni gəlib əziz həyata.

Qurbanlar kəsdilər, süfrə açdılar,

Ürəyə məşəl tək şəfəq saçdılar.

Qohum-qonşu, dost müsahib yığıldı,

Kədər, möhnət, ürəklərdən dağıldı.

Bir azdan dedilər saz dilə gəlsin,

Qoy sevən ürəklər cövlana gəlsin.

Aşıq Əsəd dedi ki, ustadım deyib,

İcazəsiz çalmaq eyibdir, eyib.

Hüseyn bildirdi ki, icazəlisiz,

Sərrafa görünür, hər kəlmə dəniz.

Ustadın ümidi var ki, göndərib,

Şagirdlər ustaddan incilər dərib.

Aşıqlar ehmalca durdu ayağa,

Var gəl eylədilər həm sağa, sola.

Sübhəcən ötdülər bülbül sayağı,

Lərzəyə saldılar aranı dağı.

Əsəd Koroğlu tək qaynayır coşur,

Nəcəf vəcdə gəlib qoşqular qoşur.

Sənətlə bildirir məhəbbətini,

Bu elə, obaya sədaqətini.

Bir gün aradan adlayıb keçdi,

Dincəlib çörəklə çayından içdi.

Hüseyn Bozalqanlı dillənib dedi,

İndi məqsədinizi deyin ki, nədir.

Sizin qulluğunuzda hazıram duram.

Yaxşı sənətkarla xoşhaldır aram.

Əsəd izin alıb belə söylədi,

Fikir məqsədini bəyan eylədi.

Ustadımız olan aşıq Ələsgər,

Deyib ki, aşıqlar oba-el gəzər.

Məclislər aparar, könlü xoş eylər,

Ən qatil insanı dost-qardaş eylər.

Nə desən onunla getməliyik biz,

Biz səni sanırıq dalğalı dəniz.

Hüseyn Bozalqanlı ara vermədən,

Onlarla toylarda çaldı-çağırdı.

Dədə ozanlardan söhbət açdılar,

Günəş tək hər yerə işiq saçdılar.

Ərşə bülənd oldu səslərın sehri,

Gözü açıq açdılar sazla səhəri.

Gördülər hər zaman hörmətlərini,

Etdilər həqiqət söhbətlərini.

Gəncəyə, Şəmkirə, Tovuz, Qazağa,

Dəvətlər aldılar yaxın, uzağa.

Oğlan evləndirib qız köçürdülər,

Sərraf tək hər şeyi düz seçirdilər.

Düz bir ay ərzində aşıq Hüseyndən,

Çox şey dinlədilər imandan, dindən.

Görə bilmədilər, küdurət, kindən.

Biri-birlərinə doğmalaşdılar,

Qayğı, diqqət ilə qucaqlaşdılar.

Bir ay tamamında Nəcəf söz aldı,

Hamilə arvadını yadına saldı.

Söylədi icazə versən gedərdik,

Ailənin, uşağın halın bilərdik

Biz səni tanıdıq ağsaqqal kimi,

Dərya təlatümlü pür kamal kimi.

Səxada, süfrədə əlin bol imiş,

Dəhanın kövsərli, dilin bal imiş.

Dostluğa, dostumuz əhli-hal imiş,

Sifəti taledən nur-camal imiş.

Mənimlə dostluğun olsun əbədi,

Aləmə sədd olsun, aşırsın səddi.

Bax budur deyirəm oğlum olarsa,

Ən yaxın qohum tək, kirvəsi sənsən.

Bir Allah işidir qızım olarsa,

Dostluq, qardaşlığın haqq səsi sənsən.

Hüseyn Bozalqanlı toyda, düyündə,

Bir aylıq qazancı qoydu ortaya.

Dörd yerə böldürdü düşən payları,

Dedi, Ələsgərin payıdır biri.

Məndən də çatacaq yüz qızıl diri.

Qoy ona tənbəki pulu sayılsın,

Dar gündə canımız ona qıyılsın.

Nəcəflə Əsədi heyrət götürdü,

Hüseyni hər şeydə zirvədə gördü.

Əsəd ilə Nəcəf halallaşaraq,

Göyçəyə yol aldı onu anaraq.

Ya Allah söyləyib yola düşdülər,

Heydərin işinə çox gülüşdülər.

Oradan birbaşa gəldi Göyçəyə, .

Hər ikisi ustadla gəlib görüşdü,

Edilən yaxşılıq yadlarına düşdü.

Nə vardı əvvəldən söylədi düzü,

Heydərlə baş verən söhbəti, sözü.

Nəcəf ərz eylədi bir ay məclisdə,

Görmədik Hüseyni əməli pisdə.

Elə xamdan sökür hər kəlməsini,

Dərindən dərk etdik gur nəfəsini.

Hamının o kəsə məhəbbəti var,

Onun da haqq üçün cəsarəti var.

Özündən deyəni, yalanı sevmir,

Namərdi, nakəsi, talanı sevmir.

Dədə ozanların yoluyla gedir,

Əsl sənətkara can qurban edir.

Bu kişi tanınır igid, ər kimi,

Süxənvər sayılır gövhər, zər kimi.

Bir sözlə dostluqda bizim adamdır,

Ara vuranlara ağrı qadamdır.

Kişiyə düşmən də, mərd olmalıdır,

Mərdi namərd vursa, dərd olmalıdır.

Mən onu oğluma kirvə seçmişəm,

Bu qan qohumluğa and da içmişəm.

Oğuz tayfasıdır bu el, bu oba,

Hər kəs öz işiylə batsın savaba.

Böyük ürəyi var, dolu beyni var,

Gülər üz, alnı açıq, nurlu eyni var.

Bütöv şəxsiyyətdir, eldə sayılır,

Bu yarı yaşında sözü yayılır.

Musa səbr eyləyib dözmədi, durdu,

Əsədlə Nəcəfdən sorğular sordu.

Sizi göndərdik ki, onu yoxlayın,

Barı demədik ki, tərəf saxlayın.

Atımmı sazımı o var deyərək,

Bəs onda de bizlər nəyə gərəyik.

Axı o nə bilir, mən Musa kimdir,

Hələ çalınmamış, dinməmiş simdir.

Qıfılbənd göndərib mat eyləyəcəm,

Cavan ürəyini çat eyləyəcəm.

Sizin öydüyünüz öyünməyəcək.

Fəxrlə sənətkar deyilməyəcək.

Nə fərqi pisikib mən, ya da Heydər,

Nədir ki, bir sözü etməyib əzbər.

Əsədlə Nəcəfə bel bağlamıram,

Hər çömçə tutanı aşıq sanmıram.

Şair tək, aşıq tək deyişməliyəm,

Sizin dilinizdə mən şişməliyəm.

Ələsgər qəlyanı doldurub durdu,

Qıyqacı baxaraq bir sual sordu.

Sən məndən ağıllı kamallısanmı?

Aşıq sənətində sanballısanmı?

Bəlkə tədbirlisən, bilmirəm onu,

De necə qurtarar bu işin sonu?

Şagird öyrədibsən tam- kamal, deyil,

Dolanır elləri o veyil-veyil.

Kimin, kim olduğnu mən bilən kimi,

Söylə sənmi bildin mən bilən kimi?

Asmayıb, kəsməyib, döyməyib Hüseyn,

Lovğalıq eyləyib, söyməyib Hüseyn.

Təkliflə məsləhət vermək istəyib,

Bu sənin nə yaman xətrinə dəyib.

İnşallah payızda gələcək bizə,

Onda dayanarsan onla üz-üzə.

Çürütmək nə gərək sözü, söhbəti,

O kişi şah bilir şeiri, sənəti.

Kimin ki, var mənə zərrə hörməti,

Qapatsın mənasız sözü söhbəti.

Bax budur dədəlik, budur boyüklük,

Bax budur sadəlik, budur bütövlük.

Dədəni anmayan ilhamı sönük,

Bəxtinə sıxacaq xainlə, dönük.

Hər şey ağıl ilə ölçülür bəli,

Ağılsız sayılır divanə dəli.

Aradan bir xeyli vaxt, vədə keçdi,

Nəcəf də Hüseyni bir kirvə seçdi.

Kirvə şənliyinin vədəsi yetdi,

Nəcəfin naməsi Hüseynə yetdi.

Xoş xəbər xoş gəldi aşıq Hüseynə,

Bu nur parçasına elin bəyinə.

Əvəzi yox idi bu kirvəliyin,

Sonu şadlıq idi arzu diləyin.

Hüseyn fikirləşib, fikrə daldı,

Yaxşını, yamanı yadına saldı.

Uzaq bir müqəddəs yerə getməyi,

Unuda bilmədi dosta deməyi.

Kərbalayı Əsəd ilə Qara Hüseyn,

Telli Əsəd ilə o Molla Hüseyn,

Özünü yetirdi Öysüzlü Hüseyn,

Cilovdarlı Hüseyn ilə, Draxtın Hüseyn,

Əməli, kamalı, doğrulu düzlü.

Aşkardır söhbətlər, deyildir gizli.

On yeddi nəfər olub Hüseyn adlı,

Yığışıb gediblər qollu-qanadlı.

Kalvayı Əsəd Hüseynə düşmən olsa da,

Deyib düşmənliyi bildirməm yada.

Burda hər kimiksə orda qardaşıq,

Sevinci, kədəri birgə sirdaşıq.

Birgə atlanırlar Daşkənd elinə,

Göyçə mahalına oğuz elinə.

Hər kəsin özünün yolu izi var

Qatlanmaz, əyilməz, möhkəm dizi var.

Biri tüfəng atır, qılınc oynadır,

Biri söz mülkündə şəkər bal dadır.

Biri dirə-döymə, yaxşı nərd atır,

Biri səxasıyla Hatəmə taydır,

Biri insanlıqda tanrıdan paydır.

Biri tez seçilir adı-sanıyla,

Biri tərəfkeşdir şirin canıyla.

Biri bir qoşunu dizə çökdürər,

Biri min haqsıza yaşlar tökdürər.

Biri din adamı, Allah adamı,

Biri haqq vergili, nuş edib camı.

Biri-birlərindən tamam seçilir,

Hamısının canına and da içilir.

Hüseyn haqq adamı, sənət bilgili,

Ya Allah, söyləyir hər bir an dili.

Borandan, çiskindən, qardan keçirlər,

Alovdan, atəşdən, qordan keçirlər.

Şiş qaya deyilən yerə çatırlar,

Dəyanət tapırlar, dağı aşırlar.

Günorta çağında gəlib, çatırlar,

Sevinci, sevincə bölüb qatırlar.

Üç dəst zurnaçının sədası ilə,

Tərəflər xoş gördük gətirir dilə.

Qurbanlar kəsilir ayaqlar altda,

Ürəklər sevinir bu xoş saatda.

Girdilər məclisə salam verdilər,

Dədə Ələsgəri başda gördülər.

Hüseyn tez tanıdı böyük ustadı,

Dilində səsləndi Ələsgər adı.

Durub, görüşdülər ata oğul tək,

Qoşa oturdular durub, üz-üzə.

İki söz ustadı başladı sözə,

Söhbət əsnasında qəlyan çəkdilər.

Əsəd ifasına qulaq dikdilər.

Əsəd möcüzəydi, elə coşmuşdu.

Sevincdən bu günə söz də qoşmuşdu.

Musa dözəmmirdi, dayanammırdı.

Hüseynin əlindən tamam yanırdı,

Ələsgər Musanı göydə anmışdı,

Səbirsiz olduğunu çoxdan sanmişdi.

Hüseyn də Heydəri görüb, tanıdı,

Olunan söhbəti köhnəlmiş sandı.

Ələsgər dilləndi ay aşıq Hüseyn,

Sazı al, çal, çağır açılsın eynlər.

Əsəd ilə Nəcəf səndən çox deyib,

Sənətdə, söhbətdə gözü tox deyib.

Hüseyn söylədi ki, ustad Ələsgər,

Sazımız olardı, çalsaydıq əgər.

Kirvəyik, qonağıq, bizə olarmı,

Qonaq da aşıq tək meydan alarmı?

Bu söhbətdə Musa girdi içəri,

Hüseynə tərs baxdı onun gözləri.

Dedi ustad sənə mənim sözüm var,

İzn ver əzbərdə söyləyim onu.

Şəmşəddindən bir söz göndəribdilər,

Olarmı mənasın qonaqlar desin.

Sonra əzbərindən dedi sözləri.


Kafir ayı

Açıldı, kafir ayı.

Ayın lama, düyün oldu,

Nə qandı kafir ayı.

Ələsgər gördü ki, Musa dözmədi,

Ağılla, səbrlə, dözüb gəzmədi.

Hüseyn hiss etdi ki, bu söz qurmadı,

Atmaca sözləri ona vurmadı.

Odur ki, Musaya belə söylədi,

Qəfil bu deyimlər, fikirləş nədi?

Həqiqətsə kağız zərfdən açılar,

Yaxşı söz olarsa, gül tək saçılar,

Mənasız boş sözlər nəyə gərəkdir.

Mənalı xoş sözlər nəğmə çələngdir.

Ələsgər Hüseynə dönərək dedi,

Hirsin niyə tutur, axı bu nədir?

Söylə ay Hüseyn açmasın bilək,

Əgər boş sözdürsə ürəkdən silək.

Hüseyn dedi: - Qulaq as aşıq Ələsgər,

Ay sözü-söhbəti dillərdə əzbər.

Kafir və kəffarə sözün mənası,

Haqqa bağlananın, sözün mənasın.

Kəffarə zamanı ay açıq olur,

Aya salavat çevirməyən açılır, solur,

Əliyə qailliyi olmayan adam,

Kafirdir, ayıdır, mən ona yadam.

Birdə ki, anmadım sənin fikrindən,

Otuz cüz Quranı xəbər al məndən.

Hüseyn Bozalqanlı bax indi duydu,

Heydərin ustadı o Musa buydu.

Hüseynin bu sərrast cavablarını,

Eşitcək çoxunu götürdü heyrət,

Dedilər bax budu sənətkar, sənət.

Burda Səməd ağa durdu ayağa,

Dərin nəzər etdi həm sola, sağa.

Ərz etdi qohumluq dostluq əzizdir,

Bunları qorumaq tamam qəlizdir.

Bizim hər birimiz sizi tanırıq,

Kimin kimliyini yaxşı anırıq,

Sayılan insanı biz də sanırıq.

Bu gün şad günüdür elin-obanın,

Yolu Tanrı yolu, dili zəbanın.

Saz, sözə yığılıb bu el, bu oba,

Dinsin Hüseyn ilə, Ələsgər baba.

Hər iki ustada saz gətirdilər,

Onlara diqqəti çox yetirdilər.

Görək bala-bala aşıq nə deyir:
Aldı Aşıq Ələsgər:
Dedim, könül içmə eşqin camını,

Gen dünya başına dar olacaqdı.

Hə dost olma, nə zəhmətdən incimə,

Dost yolunda boran, qar olacaqdı.


Şiş qaya yanına gələn zamanı,

Kirvələri boran təntitmiş idi.

Söhbət əsnasında Hüseyn demişdi,

Ələsgər bu sözlə ona ilişdi.


Aldı Aşıq Hüseyn:
Dedim, könül, düşmə şeytan felinə,

Fitnə, şamatası şər olacaqdı.

Bu dünya bir bağdır, bağbanı iblis,

Alması, heyvası nar olacaqdı.


Aldı Aşıq Ələsgər:
Təəccüb eylədim mən bu hesaba,

Fələk qurğusuna, əhsən, mərhəba.

Növrəstə gözəllər tapmasın hava,

Qönçənin həmdəmi xar olacaqdı.

Hüseyn tez anladı sözün mənasın,

Belə aşkar etdi məğzin, əsasın:


Aldı Aşıq Hüseyn:
Gözəllər təşbehdir bağın gülünə,

Mayıl olma şirin ləhcə, dilinə.

Həvəslənib sığal vermə telinə,

Məşhərdə hər telin mar olacaqdı.

Ələsgər Hüseyni çəkir dərinə,

Mərhəba söyləyir onun sərinə.

Aldı Aşıq Ələsgər:
Cəhd elə əməyin getməsin zaya,

Kəsb eylə özünə halaldan maya.

Haramxor, zinakar heç yetməz haya,

Dosta xain baxan kor olacaqdı.


Hüseyn xəfifcə güldü, qımışdı,

O, öz cavabıyla hekayət açdı

.

Aldı Aşıq Hüseyn:


Aldanma cifəyə, uyma fənaya,

Guvənmə dövlətə, simi-tilaya,

Bir gün apararlar dari-uqbaya,

Simu-zərdən əlin car olacaqdı.


Əməl bir parçadı, mələklər dərzi,

Dərk eylə vacibi, sünnəti, fərzi.

Nəkrail hayxırıb, çalanda ğürzü,

Rövşən ğözün tiri-tar olacaqdı.


Aşıq Ələsgərin sifəti gülür,

Hüseynin bu anda fikrini bilir.

Hər sözün şərhinə çoxlu hədsi var,

Qurandan bilgisi, bur də bəhsi var.

Bunlara cavabı hər kəs verəmməz,

Hüseyn sayılırdı dalğalı dəniz.


Aldı Aşıq Ələsgər:
Bir gün soruşsalar günah, səvabı,

Günahkarlar necə gətirər tabı.

Sirat, sual, mizan, qəbir əzabı-

Bu sual qabaqda var olacaqdı.


Aldı Aşıq Hüseyn:
Nütvədən pak olan siratdan keçər,

Nanəcib münkürü almazlar biçər,

Səxavət əhlini mələklər seçər,

Kövsəri-rizvanda yer olacaqdı.


Alma həqqinnasdı, tamı şirindi,

Heyva dəribadı, qandı, irindi,

Nar səqir malıdı, hədsi dərindi,

Dənəsi cəsəddə nar olacaqdı.


Ələsgər görür ki, vəziyyət dəyişir,

Hüseyn meydanında onla deyişır.

Geri çəkilməkdən irəli durur,

Sehrdən, hikmətdən hekayət qurur.

İkisin söyləyir birin yerinə,

Vaqifdi Tanrının çoxlu sirinə.

Aldı Aşıq Ələsgər:
Ələsgər, axtarma qüdrətin sirrin,

Zülmətə işıq var, acıya şirin,

Zikr eylə dilində mərdlərin pirin,

Qorxma, dar günündə yar olacaqdı.

Hüseyn nəsihətin götürənidi,

Özündən özgəyə yetirənidi.

Onsuz da sayılır gövhər kəlməli,

Dilində Allahu, Məhəmməd, Əli.


Aldı Aşıq Hüseyn:
Hüseyn, külli nəfsi zoğətil-motu yazanda,

Şərm eylə, sal yada fəhmin azanda,

Gün hərarət edib, yerlər qızanda,

Şahi-mərdan şəfakar olacaqdı.


Məclisdə alqışlar göyə ucalır,

Uca ozanların zirvələrinə.

Ələsgər mat qalır cavabçısına,

Anlayır mümkün döy əyilə, sına.

Yerindən tərpənməz qala kimidir,

Hələ sirli qalan könül simidir.

Ələsgər bir anda fikirləşərək,

Sözünü fırlatdı belə deyərək

Hüseyn bir cavab ver bu sualıma,

Çalış düçar olma qeyli-qalıma.

Görüm deyilənlər həqiqətdimi,

Yoxsa elə-belə cəsarətdimi.

Hüseyn söylədi ki, buyurun görək,

Sözü cavabıyla qaytaram gərək.

Ələsgər söyləyir sözün deyimini,

Nə vaxt yazılıbdır deyir, eynini.

Bir gün şagirdimlə toya gedirdim,

Yolda söz, sənətdən söhbət edirdim.

Bir yaylaq yerində üzümə baxdı,

Gözləri gözümə şimşək tək çaxdı.

Dedim nə baş verib, nə olub sənə,

Xəstə hal göründün, bax indi mənə.

Şagird qayıtdı ki, mənim nişanlım,

Burdadır görüşsəm xoş olar halım.

Qız, oğlan görüşdü danışammadı,

İki həsrət kimi sarışammadı.

Maneçilik etdi qonşular ona,

Qaldılar sevgilər bil yana-yana.

Bax orda götürüb bu mənzərəni,

Gözəl təsvir etdim bəndi, bərəni.

Ələsgər söylədi “dodaqdəyməz”i,

Sandı ki, Hüseynin saralar bənzi.


Aşıq Ələsgər:
El yeridi, yalqız qaldıq səhrada,

Çal şuturun, çal çatlasın çata-çat.

Hərcayılar saldı səni irağa,

Həsrət əlin yar əlinə çata-çat.


Hüseyn Ələsgərin fikrini andı,

Dediyi sözlərin məğzini qandı.

Gördü ki, bu sözlər dodaqdəyməzdi,

Xəyalı qəvvaz tək dərini gəzdi.


Aşıq Hüseyn:
Həllac gələr, dağlar atar yayından,

Qayalardan səngi salar çata-çat.

Ya qanginən, deyilənə ya inan.

Xeyir şərin çəkəcəklər çata-çat.

Aşıq Ələsgər:
Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstinlə ağ kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara

Daşar çaylar, daşlar gələr çata-çat.


Aşıq Hüseyn:
Dilin dəysə o narazı nara hey,

Ərəsətdə atacaqlar nara hey.

Nar içində ha çəkərsən nara hey...

Ətin ərir, eyzan yanar çata-çat.


Aşıq Ələsgər.
Ələsgərin xətti çıxdı çal indi,

Heyi yeyə, dalı reyə çal indi.

Hərcayının kəlləsindən çal indı,

Çal çəngərin çək ciyərin çata-çat.


Aşıq Hüseyn:
Yazıq Hüseyn, yaşın yetdi daha sən,

Cəhd edərsən yekin yetər daha sən.

Nə anlarsan, nə qanarsan daha sən,

Səksən il də dərs alarsan çata-çat.

***
Ələsgər anladı, Hüseyn seldi,

Dərin zəkalıdı, bir tuti dildi.

Onu mat eyləmək çətindi, çətin,

Tərpənməz qaladı, dayanıb mətin.

Onun bu sənətdə öz dünyası var,

Dediyi sözlərin çox mənası var.

Yek ha yek, hər sözə cavab söyləyir,

Özünü, sözünü təsdiq eyləyir.

Yekəlik, ədalıq satmır kimsəyə,

Mərifətlə böyüyüb gəlib əsrəyə.

Məclisdən səs gəldi, sən de, Hüseyn,

Boşuna demirlər sənə qızıl beyin.

Arif məclisində söylə sözünü,

“Ya Allah” deyibən bir yum gözünü.

Hüseyn gülümsəyib başın buladı,

Söylədi Ələsgər səngər-qaladı.

Söz böyüyün olar, su da kiçiyin,

Qiymət də ölçülər başda biliyin.

Ustad ağsaqqaldır nə bilir desin,

Mənasını deyim hər bir kəlməsin.

Ələsgər söylədi üzün ağ olsun,

Qəlbinlə o canın böyük dağ olsun.

Böyük yolu, haqq yoludur gözləyin,

Ağsaqqalı hər an siz əzizləyin.

Onda bir balaca səni yoxlayım,

Sənin kimliyini ellərə yayım.


Aşıq Ələsgər:
İbtida xəlq oldu külli kainat,

İnsan nəqa mindi, nəqa nə mindi.

Gözlərin afəti alır canımı

Müjgan kirpiyindən nə qanam indi.


Aşıq Hüseyn:
İbtida xəlq oldu cümlə məxluqat,

Onda yer nə mindi, yerə nə mindi.

Hüsnündən cismimdə qalmadı taqət,

Nə arif, nə münsif, nə aram indi.


***

Məclisdə pıçıltı, hay-küy yarandı,

Qananlar səbr edib, susub dayandı.

Bəlkə bilməyəydi, sual-sorğunu,

Qonaq çəkməzdimi böyük ağrını.

Bəlkə söz mülkündə o, naşı idi,

O ki bir nəsilin bil başı idi.

Bir tikə çörəyini nuş eyləməmiş,

Kürəkdən vurmağı, iş bilir, o iş.

Deyilən sözlərə cavab söyləmək,

Bil uğur sayılır rəqibə demək.

Doğru həqiqətə siz verin qiymət,

Yaxşı sənətkara yaraşır sənət.

Anlayıb duyana çəkilməz dərddi,

Hüseyn meydanda sarsılmaz mərddi.
Aşıq Ələsgər:
Nə artıq gül, nə əskik din, nə danlan,

Zəhər olmur hərcayıya nədən nan.

Səryaqubdan, dilbilməzdən, nadandan,

Əzəl nə qanmışam, nə qanam indi.


Ələsgər dediyi atmacaları

Musayla, Heydərə ünvanlamışdı.

Hüseyn anladı tez olanları.

Bildi ki, onların fikri yanılışdı.

Aşıq Hüseyn:
Mərd iyidin bu dünyada qala adı,

Hərcayılar cismim oda qaladı.

Tənə sözlər sinəm üstə qaladı,

Hə kəsə bilirəm, nə yaram indi.


Hüseyn bu bənddə bəyan eylədi,

Mərdliyini, fikrini əyan eylədi.

Bildirdi qohumluq olmasa idi,

Bilərdiz dağlardım sizi əbədi.

Ələsgər sözünə ara vermədən,

Bir şaqqaraq çəkdi, ürpəşdi bədən.
Aşıq Ələsgər:
Ələsgəri çəkməginən yar ala,

Layiq budu yar könlünü yar ala.

Sınmış dəndən nə yar ləbin yarala,

Əmmək də istəsən nə qan, əm indi.


Aşıq Hüseyn:
Hüseyn ölsə canan bükər özü ağa,

Şeyda bülbül sığışarmı o zağa.

Mən can dedim canan düşdü uzağa,

Nə qəlbim yaxındı, nə aram indi.


***

Hüseyn çox böyük cəsarət ilə,

Baxır dörd tərəfə, gələrək dilə.

Sinəm qızan vaxtı dursun qabaqda,

Sənəti, söhbəti olmasın saxta.

Bəli Ələsgərlə hər mənəm deyən,

Onunla sənətdə mən tənəm deyən,

Gen açıb meydanı sulamayıbdı,

Canını odlara qalamayıbdı.

Köhnə ocaq yeri qorlu qalıbdı,

Ələsgər sənətdə zorlu qalıbdı.

Hüseyndən ağlı bir şey kəsmədi,

Gördü ki, büzüşüb, qorxub, əsmədi.

Ədəbdə, zəkada, səbrdə, boldu,

Çox mənəm deyənlər yanında noldu.

Hüseyn düş qabağa, birini də sən de,

Yerdən de, göydən de, duman de, çən de.

Ələsgər bildirdi mən ağsaqqalam,

Məni duyanlara atəşli salam.

Onda başla görək nədən deyirsən,

Sözün dühalısı birsən ki, birsən.

Hafizən kəsərli, kefin çağ olsun,

Ustadlar tərpənməz böyük dağ olsun.
Aşıq Ələsgər:
Könül sən ki, düşdün eşqin bəhrinə,

Narın çalxan, harın silkin, narın üz.

Dost səni bağına mehman eyləsə

Almasın dər, gülün iylə, narın üz..

Hüseynin üzündə təbəssüm gülüş,

Əsl imtahandır maraqlı görüş.

Üz-üzə göz-gözə söz oynadırdı,

Göhvəri sərraha yaxşı satırdı.

Dedi ustad sən söylədin narın-üz,

Al cavabın olsun məndə yüzə-yüz.

Huşundan gələni eyləyərək cəm.

Məndə sənə üz narını deyəcəm.


Aşıq Hüseyn:
Ey nazənin sədrin üstə səslənir,

Badil etməz rizvanı üz narın.

Səhər durub, dost bağına varanda.

Dər almasın iylə gülün üz narın.


Bu sözün harda deyildiyini,

Kiminsə qəlbinə dəyildiyini.

Ələsgər mətləbdən yayındıraraq,

Olmuş əhvalatdan söylədi soraq.

Nə vaxtsa bir bəyə söylədiyini,

Burda bəyan etdi eylədiyini.


Aşıq Ələsgər:
Tikdiribsən, qəsr eyvan, oda sən,

O nökərin, o sevdiyin, o da sən.

Qıya baxdın məni saldın oda sən,

İnsaf eylə, gəl könlümü narın-üz.


Aşıq Hüseyn:
Seyr edirəm, mən eyvanda, sən oda,

Şagirdi o, ustadı o, dər o da.

Alovluydum, onsuz saldın sən oda,

Məxluqat yığ, dərya bağla, üz narın.


Sözü tərs deyirdi aşıq Hüseyn,

Düzgün işləyirdi ondakı beyin.


Aşıq Ələsgər:
Aşıq olan sözün deməz tərsinə,

Tər gəzən dünyada gedər tərsinə.

Tər sinəyə qismət olsun, tər sinə,

Narın üzə qoy sökənsin narın-üz.


Aşıq Hüseyn:
Mən qulunam fərman buyur, gedək dur,

Bağbanısan bəslə bağın get ək dur.

Deməyin qəribəm, dilim gödəkdir,

Yalvarmağa heç tutarmı üz-narın.

Aşıq Ələsgər:
Rüsxət ver sözümü deyim Qayım ağa,

Yuyar qəssal qəddim, bükər qayım ağa.

Ləzzət verər bal qatanda qaymağa,

Qaymaqdan da şırin olar, narın üz.


Aşıq Hüseyn.
Bahar olsa əsər etməz sənə tar,

Kamil olan eyləyərmi sənət, ar.

Saz çalansan verib dilə sənət ar,

Çanaq girdə, dəsti kobud, narın üz.


O, sazın təsvirini verərək sözlə,

İşarə eylədi baxaraq gözlə.


Aşıq Ələsgər:
Gətirdin rəngimə sarı dur gedək,

Bu sınıq könlümü sarı dur gedək.

Ələsgərəm bizə sarı dur gedək,

Bir könlümü eyləmisən narın yüz.


Aşıq Hüseyn:
Hüseyndi dostluqda ay ağa Qayım,

Qismətsə bükülər ay ağa qayım.

Əgər bal qatasan a, yağa qayım,

Meyl etməzlər gər olmasa narın üz.


Yenə də dedilər söz Hüseynindi,

Sözün sərrafının qızıl beynindi.

Hüseynin səbrinə, dözümünə bax,

Sanki qoca tanrı olmuşdu dayaq.

Vüqarlı dağ kimi məğrur durmuşdu,

Cavabı ilə Ələsgəri yormuşdu.

Söylədi ay usta qulluğundayam,

Dəryaya qarışan çağlayan çayam.

Mən kiməm söz deyəm sən olan yerdə,

Sözü əvvəl söylə mən olan yerdə.

Ələsgər dilləndi oğul ay Hüseyn,

Birini də söyləyim açılsın eyin.


Aşıq Ələsgər:
Nahaq yerə gizlin sirrin,

Gizlədin xandan, gəda?

Ah çəkib, nalə edərsən

Can gedər candan, gəda.

Sidqi-dillə çağırginən

Gəlsin şahlar-şahını,

Nahaq işdir dilək dilər

İnsan insandan gəda.


Aşıq Hüseyn:
Aşığa nə layiqdir

Deyə, hədyandan, gəda.

Danışginən həqiqətdən,

Yeddi ərkandan gəda.

Yeddi yerdən, yeddi göydən

Yeddi sirdən qan, gəda.

Yeddi dərdən dərsin alsın,

Şiri-yəzdandan gəda.


Aşıq Ələsgərə işarə verib,

Xəbər elədilər Musa küsübdü.

Əsəbdən əlləri tir-tir əsibdi

Harasa getməyə tez tələsibdi.


Aşıq Ələsgər:
Al çətirin, çıx səhraya,

Sal sərinə sayə gəz.

Qəza ki, sənlə gəzəcək

İstər gir dəryaya gəz.

Sin içində sakit əyləş,

Həqiqətdən ayə gəz.

Ağ eylə sinən aynasın

Şəri-şeytandan gəda.


Aşıq Hüseyn:
Aşıq, gəl həqiqəti

Dilində izhar elə.

Şeytanın şər işindən

Sərini kənar elə.

Səcdə qıl şahlar-şahına

Sidqini nisar elə.

Həşridə xilas eyləyər

Nari-nirandan, gəda.


Aşıq Ələsgər:
Ələsgərlə danışanda

Al əlinə saz, danış.

İncisən də istəyənlə

Eylə ərkinaz danış.

Əyləşəndə ağır əyləş,

Danışanda az danış.

Eşidənlər əhsən desin

Sənə hər yandan gəda.


Aşıq Hüseyn:
Hüseyn deyər eşq əhlilər

Atəşə yana gərək.

Şəriyyəti, şəkkiyyəti,

Təqlidi qana gərək.

Təcnisi, divanisi

Sayıla sana gərək.

Nə seçər xiridarı

Qeyri-qanandan, gəda.


Götürüb Ələsgər başlayır belə,

Barmağı toxunur o incə telə:


Aşıq Ələsgər:
Hərcayının dilbilməzin ucundan,

Dönə-dönə mən ziyana düşmüşəm.

Doymaq olmaz gözəllərin suyundan,

Pərvanə tək yana-yana düşmüşəm.


Ələsgər sözünü vurub, hədəfə,

Nəsihət etdiyini dedi yüz dəfə.

Hüseyn tez anladı tez duydu onu,

Hər şeyin xoş olsun axırı sonu.


Aşıq Hüseyn:
Qırxlar piri özü verib, dərsini,

Şair cərgəsində sanə düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.

Hüseynin sözünü dərk edir hamı,

Bir haqq aşığıdır nuş edib, camı.

Sözü haqq sözüdür kəlamı kəlam,

Basılmaz qaladı bu kişi balam.

Ələsgər sözünü fırladı yana,

Dediyini dərk edir, o qana-qana.


Aşıq Ələsgər:
Dövlətim çox oldu qıymadım pula,

Kor oldu gözlərim yanıldım dula.

Nə ölür, nə itir, canım qurtula,

Məcnun kimi biyabana düşmüşəm.


Hüseyn anlayır ki, fikir dəyişir,

Getdikcə bu deyiş böyüyür şişir.

Qərara alır ki, biri birinə,

Uyarı düz gəlsin sözü sehrinə.


Aşıq Hüseyn:
Bir zaman əlimdə zil-bəm saz oldu,

Üzüm gözəllərlə payəndaz oldu.

Suyum artıq gəldi, tozhatoz oldu,

İndidə yumşalıb, una düşmüşəm.

Aşıq Ələsgər:
Ələsgər keçibdi namus arından,

Aləm yata bilmir ahu-zarından.

Boşasam qorxuram oğlanlarımdan,

Boşaya bilmirəm qana düşmüşəm.

Aşıq Hüseyn:
Özüm aşıq olub, gəzirəm eldə,

Həsrət gözüm qalıb, əbrişim teldə.

Ələsgər dediyi təşbeh timsalda,

Hüseyn deyər həmin sana düşmüşəm.


***

Üzlərə gözlərə təbəssüm düşdü,

Məclis zarafatla xeyli gülüşdü.

İki söz soltanı iki söz xanı,

Dəyişdi məclisdə abı-havanı

.

Ələsgər anladı Hüseyn cavabı,



Ona məhəbbətlə qaynadı qanı.

Dedi bir söz söylə özüm təzə tər.

Aşıqlar qoy onu eyləsin əzbər

Hüseyn göz gəzdirdi, bir gözəl gördü,.

Görək bu gözəli necə vəsv edir:
Hazarat yaxşı baxım,

Qarşıda duran gözələ.

Naz satan püskan atan,

Qaşları kaman gözələ.

Baxışından qəmzə satır,

Ərşdəki qılman gözələ.

Bu sürətdə, bu camalda,

Kim deyər insan gözələ.


Hüseyn dediyini sökürdü xamdan,

Söhbət də açmışdı bir mah camaldan.


Gətirin arifləri,

Fəhm ilə diqqət eyləsin.

Sözümdə xilaf varsa,

Göstərin isbat eyləsin.

Qoynundakı bir cüt ləli,

Sərraflar qiymət eyləsin.

Mümkünsə cəza versin,

İşini ədalət eləsin.

Hər kimin dərdi varsa.

Durub, şikayət eyləsin,

Zülfündən dara çəkən.

Ədalət divan gözələ.


Tovuz kimi civələnib,

Çıxıb qabağa yaraşır.

Ağ libas tər əndama,

Başdan-ayağa yaraşır.

Ağızda mirvari dişi,

Qaymaq dodağa yaraşır.

Zərəfşan xalları var

Büllur buxağa yaraşır.

Afərin səd afərin

Alıcı tərlan gözələ.


Şəms olub gözəlliyi,

Qalxıb nuri təcəllaya.

Mələklər əhsən deyir.

Ərşdə durub tamaşaya.

Bu hüsnüdə və cahətdə

Bənzəri var Züleyxaya

Ol Məhəmməd ümmətidi.

Daha getməz kəlisaya.

Hüsnünə könül verib,

Gətirir iman gözələ.


Dodağı süd qaymağı,

Şəkər zülalından betər.

Dil şirin, dəhan şəkər,

Təbrizin balından betər.

Çox salıb ay qabağa

Həbəşın xalından betər.

Çəkilib qələm qaşı

Qüdrət hilalından betər.

Aşıq Hüseyn coşa gəlib

Dedi bir dastan gözələ


Söz tamama yetdi alqış başlandı,

Məclis bax bu günü möcüzə sandı.

Ələsgər söylədi əhsən, mərhəba,

Eşq olsun Hüseyndə eşq ilə, təbə.

O təsdiq eylədi meydanda təkdi.

Onunla bu görüş arzu, diləkdi,

Əməli ətir tək gözəl qoxunur.

Hər sözü xoş gəlir, bizə toxunur.

Düzgün ad eyləsin düzü görənlər

Doğrudur dərsini verib ərənlər.

Tanrı bu sərvəti ona bol verib,

Keçilməz bərə yox, açıq yol verib

Köksündən tökülən alovdu közdü.

Haqqın haqq kəlamı bir deyil yüzdü.

Nur saçan çöhrəsi xoş gəlir bizə,

Bənzəyir, dalğalı coşğun dənizə

Alovu közüylə sönən deyilmiş.

Zirvədi ayağa enən deyilmiş,

Xətrini xoş tutur Göyçə mahalı.

Qiyməti, hörməti, ləldən bahalı,

Neçə ki, Göyçəylə, Bozalqanlı var,

Sözü, söhbətiylə ölməz canlı var.

Bizim varlığımız birliyimizdir,

Mətin, dəyanətli ərliyimizdir.

Tək əldən səs çıxmaz deyib dədələr,..

Aranı vurmasın cəfəng gədələr.

Bütövlük qardaşlıq türklüyümüzdür.

Görmək istəyənə görklüyümüzdür.

Dünyada adımız sanımız böyük,

Şükür ilhamımız deyildir sönük.

Qanmazlar səfini etiraf etsin,

Alqış qazanıban, muraza yetsin.

Ələsgər Hüseynlə qol-boyun oldu,

Bu böyük məclisdə çox oyun oldu.

Qara zurnalarda cəngi çalındı,

Koroğlu Xətai yada salındı,

Günahkar işindən yaman alındı.

Bu sözlər dərs oldu, dərsi azlara,

İbrətə çevrildi çox dayazlara.

Ustaddan dərs alan hər yetən aşıq,

Olmasın nöqsanlı, sözdə də çaşıq.

Yalan söyləməsin, böhtan deməsin,

Haramı həris tək qapıb yeməsin.

Heydər üzr istədi ayağa çökdü,

Peşiman olaraq göz yaşı tökdü.

Musa olunanı eylədi ayırd,

Günahkar olmuşdu yarımçıq şagird.

Ustadlar Heydəri bağışladılar.

Məzəmmət eyləyib çox qınadılar.

Məclisdən ayağa iki ağsaqqal,

Durub söz aldılar iki pür kamal.

Biri Bozalqanlı kalvayı Əsəd,

Biri Göyçəlidir səxalı Səməd.

İkisi də söz dedi iki nəhəngə,

Alqış söylədilər şiri pələngə.

Hüseyn izn alib durdu ayağa,

Belə ərz eylədi gələn qonağa.

Bir dahi bildiyim aşıq Ələsgər,

Hamımızın qəlbini gül kimi bəzər.

Sənət dünyamızda yerin ayrıdı,

Belə pak saxlaynan Ələsgər adı.

Neçə ki, sən bizə ağsaqqal, pirsən,

Saz ilə, söz ilə qoşasan, birsən.

Qonaqlar şənlənib yeyib içdilər,

Özlərinə dost, qohum, qardaş seçdilər.

Bir həftə qonaqlar burda qaldılar,

Əsədlə Nəcəf də coşub çaldılar.

Elə doğmalaşdı biri-birinə,

Hamı heyran qaldı haqqın sirrinə.

Öpüşüb, görüşüb ayrılan zaman,

Hər kəs doluxsunub ağladı yaman.

Dədə ozanların izləri qaldı,

Sənətdə sizləri bizlərı qaldı.
***

Hər iki usdada səcda qılaraq,

Qəlbimə köçürüb, saxlamış oldum.

Ömrün yarısını fikrə dalaraq,

Hər bir kəlməsini yoxlamış oldum.

Ələsgər babamız şahdır, sultandır,

Onun öz yeri var mənim qəlbimdə.

Hər kəsə dediyim düzgün, bəyandır,

Ələsgər şöləsi yanıb təbimdə.

Bir sual verdilər kimdir Hüseyn?

Deyirəm cavabını verməsəm olmaz.

Sizə də əyandır dediyim sözlər,

Məhərrəm, ustadlar yolunu gözlər.

Ələsgər qiymətini verdiyi kişi,

Bozalqanlı Hüseyndir, Hüseyn.
***

Sözü haqdan, üzü nurdan yaranan,

Bozalqanlı Hüseyndir, Hüseyn.

Sənət meydanında məğrur dayanan

Bozalqanlı Hüseyndir, Hüseyn.

Dahiləşib səcdagaha dönənim,

Təzim olub, baş bədənə enənim,

İlqarım, imanım, dinim, məzhəbim

Bozalqanlı Hüseyndir, Hüseyn.
Şeiriyyatı telli sazla çalınan,

Ürəklərdə, könüllərdə qalınan,

Yada düşən, yadımıza salınan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Neçə aşıqlara şah ustad olan,

Atalıq eyləyib, yadında qalan.

Etməyən iftira, deməyən yalan,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Ağsaqqalı, ağbirçəyi pir bilən,

Həqiqəti tanrı kimi bir bilən,

Aşıqlığı elm bilən, sirr bilən,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Haqq yolunda yorulmadan çalışan,

Ərşdən-gürşdən, imamətdən danışan,

Ocaqlaşıb, alovlaşıb, alışan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Otuz cüz Qurandan xəbərdar olan,

Ali məclislərdə bir dildar olan,

Dar günü dostuna düz ilqar olan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Murazlı, mətləbli, atlı olanım,

Şəkərli, söhbətli, dadlı olanım,

Alimlər yanında adlı olanım

Bozalqanlı Hüseyndir, Hüseyn,


Təcnisli, təxmisli, müxəmməsliydi,

Bəhslilər yanında dərin bəhsliydi,

Qılınc kəsarətli, od nəfəsliydi,

Bozalqanlı Hüseyndir, Hüseyn,


Səxalı, süfrəli, imkanlı olan,

Rəhmdil, gülərüz, imanlı olan,

Ali düşüncəli, sağ canlı olan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Öz payını qonağına yedirdən,

Bu səbəbdən kişi sözün dedirdən,

Özünü qoxuyan güldən, ətirdən,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Neçə dastan, şeir, yazıb yaradan,

Yatmış duyğuları, hissi oyadan,

Həyatın acısın, şirinin dadan,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Döşünə döyəni aciz, mat qoyan,

Məğrur sinəsinə çarpaz çat qoyan,

Əyib qamətini ikiqat qoyan

Bozalqanlı Hüseyndir, Hüseyn

.

Neçə sualçıya cavab söyləyən,



Hörmətlə yanaşıb savab söyləyən,

Sinəsinə sirli kitab söyləyən

Bozalqanlı Hüseyndir, Hüseyn.
Nəcəfə kirvəydi, Əsədə həmkar,

Söylədi Mirzədən yaranmaz təkrar,

Haqqı, ədaləti etməyən israr

Bozalqanlı Hüseyndir, Hüseyn,


Ələsgərə cavab verdi Göyçədə,

Ağacana ar bilindi xox, hədə,

Musa, İbrahimi heç bilən dədə

Bozalqanlı Hüseyndir, Hüseyn.


Nərimanovla o Hacı Tağı,

Göylərə ucalıb şahlar sayağı.

Tanrıverdisinə batmayan yağı

Bozalqanlı Hüseyndir, Hüseyn.


Nəcəf Əlimərdanlı, Qədir, Ələkbər,

Mirzənin ləhcəsi min ətri-ənbər.

Dəmirçi Hüseyn dillərdə əzbər,

Bozalqanlı Hüseyndi, Hüseyn.


Xəyyat Mirzə, Səməd ilə Məhəmməd,

Dünyaya yayıldı, bilmədi sərhəd,

Tək bir kəlməsinə yaraşan yüz bənd

Bozalqanlı Hüseyndir, Hüseyn.


İşi əməlindən təmiz baxılan,

Ürəklərə kövsər kimi axılan,

Nə əsən, büdrəyən, nə də yıxılan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Üzeyir, Vurğunla dost, qardaş olan,

Mehdiylə, Osmanla can, sirdaş olan,

Yüz aşıq Hüseynə bir adaş olan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Ölməzliyi sağlığında qazanan,

Haqqa doğru əli göyə uzanan,

Ürəklərdə heykəlləşən hər bir an,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Şöhrəti, zəhməti, qeyrəti olan,

Sevən könüllərlə ülfəti olan,

Müqəddəs saz adlı aləti olan

Bozalqanlı Hüseyndir, Hüseyn.


Başlara çəkilib eldə, obada,

Ehtiram bəslənib müqəddəs ada,

Ustadlıq eyləyən neçə ustada

Bozalqanlı Hüseyndi, Hüseyn.


Keçilməyən çox gədiklər aşanım,

Dərya təki təlatümdən daşanım,

Deyən yoxdur deyişmədə çaşanım,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Qurbanlar kəsilib ayağı altda,

Arzu-mətləb dolu, xoş gün, saatda,

Və ruhən yaşayan bizlə həyatda

Bozalqanlı Hüseyndir, Hüseyn.


Örüşləri, ormanları var olan,

Məclis quran, dövranları var olan,

Mənim kimi heyranları var olan,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Təbli, təravətli, dadlı, məzəli,

Ürəklər məst etdi şeiri, qəzəli,

Toyunda qol açan ellər gözəli

Bozalqanlı Hüseyndir, Hüseyn.


Sədası İrana, Turana çatan,

Min dağa, təpəyə, arana çatan,

Günəşli gündüzə, torana çatan,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Sənət dünyasında dünyası olan,

Əl çatmaz, ün yetməz, bir ası olan,

Sözün dəryasının qəvvası olan,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Zindanlar üstündə döyülən babam,

Aşıqlar yanında öyülən babam,

Təkcə haqqa görə əyilən babam

Bozalqanlı Hüseyndir, Hüseyn.


Dastanları əldən-ələ gəzilən,

Söhbətləri dildən-dilə süzülən,

Heç olmayan rəqibindən əzilən

Bozalqanlı Hüseyndir, Hüseyn.


Elimin-obamın əsrəmiş nəri,

Müqəddəs ocaqdır illərdən bəri,

Şeiriyyatı aşıqların əzbəri

Bozalqanlı Hüseyndir, Hüseyn.


Günəş olub verə bildin bərqini,

Duya bildik zirvələrdən şərqini,

Görülməyən dəryalarda qərqini

Bozalqanlı Hüseyndir, Hüseyn.


Xamdan sökdü söhbətini, sözünü,

Aldatmadı ağlın, huşun özünü.

Yük eyləyən bir ulağa yüzünü

Bozalqanlı Hüseyndir, Hüseyn


Min bulaqdan bəhrələnib çay olan,

Qırxlar piri badəsindən pay alan,

Qorqud, Qurbaniyə həmkar, tay olan

Bozalqanlı Hüseyndir, Hüseyn.

Cəfəng, boşboğazla aranı kəsən,

Hər sözün üstündə nanə tək əsən.

Toy-düyünə, şadlıqlara tələsən,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Atama, babama adaş olanım,

Sirlilər yanında sirdaş olanım.

Bu gündən sabaha yaddaş olanım,

Bozalqanli Hüseyndir, Hüseyn.


Saf su təki inciləşən, süzülən,

Misra-misra hafizəyə düzülən,

Dəhşətlərə dəyanətlə dözülən,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Məhərrəm də çağırılır Hüseynli,

Zəkalı, sənətli, imanlı, dinli.

Kim sevərdi onun qədər bu eli,

Bozalqanlı Hüseyndir, Hüseyn.


Dastanı nəzm etdi Aşıq Məhərrəm,

Rəhmət dilədi azı min kərəm.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin