Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1.52 Mb.
səhifə8/12
tarix30.11.2016
ölçüsü1.52 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

“Qaradaş” dağların arasındadı,


Müqəddəs adıyla yayılan kəndim.

“Koroğlu”, “Qurd dağı” sırasındadı,

Tanrı ocağı tək sayılan kəndim.
Bir adın Seyidlər deyilir sənə,

Möcüzkar babalar bağlıdı dinə.

Tarixin bilinmir doxsana, minə,

Aqillər məskəni deyilən kəndim.


Doyammadım “Saatlı”da havandan,

Daş bulaqda zümzüməli nəvandan.

Şəfa buldum məlhəmindən, dəvandan,

Başımdı səcdənə əyilən, kəndim.


Turş su, Qara su, o Noylu bulaq,

Başında kef çəkir hər gələn qonaq.

Dahi ozanlarla keçirib yığnaq,

Şənliyi, şöhrəti duyulan, kəndim.


Adım da, sanım da, gözüm də sənsən,

Səsim də, sazım da, sözüm də sənsən.

Dədəm də, babam da, özüm də sənsən,

Yolunda canımız qıyılan kəndim.


Mən səndən almışam hərarətimi,

Məhərrəm adımı, cəsarətimi.

Eşqinlə bildirdim məharətimi,

Övladı günəştək yayılan kəndim

Şeir Qoşqar müəllimin çox xoşuna gəldi. Qayıtdı ki, sən əməlli başlı şairsənmiş, böyük gələcəyin var.

Qoşqar müəllim səhər yeməyindən sonra bizimlə halal­laşıb ata yurdu Söyüdlüyə yola düşəndə atam ondan xahiş etdi ki, hər il gələndə bizə də baş çəkin. Onlar xudahafizləşib çox razı halda ayrıldılar.

Qoşqar müəllim 1976-çı ildə yenə də qonağımız oldu. Bu dəfə onunla doğmalarımız kimi davranırdım. Mənə bir dəst kostyum almışdı. Orta məktəbi qurtaran kimi gəlib onu tapmağımı tapşırmışdı. O, istəyirdi ki, mənim ali məktəbə daxil olmağımda köməklik göstərsin. Amma aradan az müddət keçmiş amansız ölüm Qoşqar müəllimi ömrünün 50-ci baharında ağuşina aldı. Yadımdadır, Qoşqar Əhmədlinin ölüm xəbərini radiodan eşitdik. Çox pərişan olduq. Atam Bakıya gəlib Qoşqar müəllimin hüznündə iştirak etdi. Qayıdanda onun dəfnində minlərlə insanın ona olan sevgisindən danışırdı. Hətta deyirdi ki, mən bir Səməd Vurğunun, bir də Qoşqar Əh­mədlinin dəfnində iştirak edən insanların izdihamı kimi böyük izdiham görməmişəm. Əlbəttə, bu hörməti onların özləri qazanmışdı. Şərəfli ömür və ölümsüzlük qazanmaq belə olur.

Atam Qoşqar müəllimin elmdə qazandığı nailiyyətləri, insanlığı, xeyirxahlığı haqqında az eşitməmişdi. Xalq arasında, ali məclislərdə onun xüsusi yeri olduğunu bizə deyərdi, “belə insanlar hər əsrdə bir dəfə olar” deyə onu hamıya misal çə­kəirdi

Mən orta məktəbi qurtardıqdan sonra bir neçə dəfə im­tahan versəm də “bal tələsi”ndən keçə bilmədim. Hərbi xid­mətdən sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti – BDU) tələbəsi oldum. Qoşqar Əhmədlinin ailəsinin, qardaş və bacısının, oğlu Nizaminin ən yaxınlarından biri idim. Bir gün ondan soruşdum ki, ay Nizami müəllim, oğlun varmı? Qayıtdı ki, qızlarım var, amma onlar da min oğula dəyər. Dedim mənimlə erkək zarafat eləmə, ürəyimə damıb ki, oğlun olacaq, adını da Qoşqar qoyaçağıq.

Doğrudan da arası bir il keçmədi ki, dalımca kafedraya gəldi. Dedi ki, aşıq, (efirdə və konsert salonlarında çox çıxışlar etdiyimdən ADU-da çox zaman hamı mənə “aşıq” deyə müraciət edirdi) de görüm seyidlikdən sənə pay düşürmü? Mən gülüb gülüb cavab verdim:

- Anam müqəddəs seyidin qızıdır. Həftədə iki gün mənim günümdür. Ağzımdan çıxan sözü, etdiyim niyyəti Allah düzəldir. Birdə ki, bəlkə şübhən var?

O da qayıtdı ki:

- Yox, yox nə danışırsan, sənə inanmamaqmı olar? Sənə professor Dəmir Qəmbərovdan icazə almışam. Onun mühazi­rəsinin vaxtında bir yedə olmalıyıq. Yığış gedək, arzuların çin çıxdı. Adı Qoşqar olacağını dediyin körpə bu gün anadan oldu.

Bu xəbərə çox sevindim. O gün bizim xəyallarımız səma­da uçan quşa dönmüşdü. Bir az sonra, yəni balaca Qoşqarın anadan olduğunun qırxıncı günü şərəfinə restoranda ustadım Mikayıl Azaflı ilə birgə çalıb-çağırdıq. Respublikada ən dəyərli alimlər bu münasibətlə sevincini bölüşməyə toplaşmışdılar. Sonradan Professor Qoşqar Əhmədli haqqında nəşr olunan kitaba mənim ona həsr erdiyim şeir də salındı.

Hər dəfə Qoşqar Əhmədlinin doğum və ölüm gününü Qoşqar Əhmədlinin ailəsi ilə bir yerdə qeyd edirdim. Şamil müəllim mənə əsl ağsaqqallıq edirdi. O, sazı çox sevdiyinə görə mən bu tədbirlərdə Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov, İlyas Tapdıq, Dəmir Gədəbəyli, Pola­doğlu və digərlərinin Qoşqar müəllimə həsr etdiyi şeirləri oxuyurdum.

Qoşqar Əhmədlinin vaxtsız vəfatı ilə bu möhtəşəm şəx­siy­yətdən təkcə riyaziyyat elminin deyil, həm də insani və şəxsi keyfiyyətlərin öyrənilməsi yarımçıq qaldı. Onun elmi də, helmi də vəhdət təşkil edirdi. Qoşqar müəllim ürəklərdə, yaddaş­larda heykəlləşərək, ölümsüzlük qazandı. Hər dəfə BDU-nin riyaziy­yat fakulitəsinə gedəndə, Azərbaycan alimlərindən söz düşəndə Qoşqar müəllim gözlərim önündə canlanır.

Allah onun ruhunu şad eləsin!

Sənətdə öz ifa yolumu tapdım
1981-ci ildə – hərbi xidmətdən qayıtdıqdan sonra əksər saz-söz adamları ilə bir daha tanışlğım və dostluğum başlandı. Şair Məşədi İsmayıl məni Günyaz muəllimlə tanış edəndə dedi ki, aşıqların ən yaxşı bilicisiylə tanış olun. Olduqca savadlı, nəzakətli və ciddi dövlət adamı olan Günyaz müəllimin isə ilk soruşduğu bu oldu:

- Aşıq Kamandar Əfəndiyevin oxuduğu bu şeiri bilirsən­mi?

- Hansı şeiri deyirsiz – deyə cavabını gözlədim.

O isə şeirdən başlığı belə söylədi:


Yaz olanda bir yaylaqda olasan,

Narın-narın yağış yağa, çən gələ.


Mən şeirin ardını əzbərdən dedım. Elə o gündən də Günyaz müəllimlə görüşəndə sanki, uzun illərin dostu kimi öz aramızda sazdan-sözdən söhbət edirdik.

Bir gün dostumuz şair Məşədi İsmayıl dedi ki, gedək saza qulaq asaq. Bu təşəbbüsə dostumuz Cümşüd Turkelli, Günyaz Müəllim, Ağamalı Sadiq Əfəndi də qoşuldu. Taksiyə əyləşib Keşlə qəsəbəsindəki yaşadığım mənzilə gəldik. Birotaqlı yaşayış yerimdə aşıqların portretləri, səs yazıları, kitabları muzeyi xatırladırdı.

Tovuzdan gətirdiyim 10 litr kon­yak və 3 litrlik bankadakı zoğal arağı Tovuz xəngəli və təzə beçə qızartmasıyla ovqa­tımızı qaldırdı. Saz sinəmdə dil açmışdı. Dostlarım haldan-hala düşürdülər. Mən aşıqlardan İmranı, Əkbəri, Azaflını, Əmrahı, Kamandarı, Huseyn Cavanı və digərlərini elə təlqin edirdim ki, üzümü görməyincə tanımazdılar ki, bu mənəm. Artıq axşam saat 12-yə iləmişdi. Dostlarımı yola salan vaxt Gunyaz müəllim qayıtdı ki:

- Allah hoyuna yetsin, ay Məşədi İsmayıl. Nə yaxşı elədin bizi saflaşdırdın. Bu gün aşıqların hamısını dinlədik, bircə Mə­hərrəm Huseynlidən başqa. Allahın altında o da öz yolunu, izini tapanda onu da dinləyə biləydik.

Bir balaca hallı olduğumuzdan mən dərinə varmadım. Onları mehribanlıqla taksiyə oturdub yola saldım.

Aradan bir necə gün keçsə də deyilən sözün təsiri məni rahat buraxmırdı. Şair Məşədi İsmayıl qonşum olduğu üçün hər gün görüşürdük. Bir gün o mənə dedi ki, Günyaz müəllim deyir ki, sabah Məhərrəmlə dəniz kənarında görüşüb həm çay içək, həm də söhbət edək. Sabahı biz bulvarda oturub xoruz pipiyi təki dəmlənmiş cay içə-içə söhbət edən zaman Günyaz müəllim cibindən kiçik bir diktofon çıxarıb mənim səsimi oxutdu. Qayıtdı ki:

- Ay Məhərrəm, sənin o gün oxuduğunu yazdırmışam. Bu ifan aşıq İmran ifasına, başqa bir ifan isə aşıq Əkbər ifasına oxşayır. Bilirəm, deyəcəksən ki, o gecə dediyin sözdən incimi­şəm. Amma nahaqq yerə inciyirsən. Mən o gecə bildim ki, sən öz yolunu, izini tapmalısan. Sənətdə klassikləri mənimsəməklə özünü yaratmalısan. Tam əmin oldum ki, sənə bu barədə kimsə heç nə deməyib. Sən ifa mədəniyyətini bildiyin ücün özünü tez tapa bilərsən. Təqlid etdiyin aşıqlar ona görə sevilir ki, onların öz yolu, öz izi var.

Qeyd edim ki, Günyaz müəllim “Qlavvit” adlanan bir sahəyə rəhbərlik edirdi. Sözün kimə, necə, nəyə əsasən deyildiyini gözəl bilirdi. Bütün deyilənləri qəbul etdiyimdən cox ça­lış­dım.

Günyaz müəllim növbəti dəfə ifamı dinləyəndə xeyli dəyişikliyin və yeniliyin olduğunu hiss edib “buna yeni nəfəs deyərlər” deyərək xəfifcə gülümsədi. Elə oradaca Azərbaycan Televiziyasının sədri Elşad Quliyevə zəng edib mənim haq­qımda müsbət fikir söylədi, ifamda bir neçə aşıq havasını televiziyada yazılmasını xahiş etdi. Elşad muəllim isə sabah saat 11-də məni televiziyada gözləyəcəyini dedi.

Səhəri günü televiziyaya getdin. Məni musiqi proqramları baş redaktoru Elbrus Qasımov qarşıladı. O, ifamda 8 aşıq havasını lentə alıb növbəti həftə efirə gedəcəyini bildirdi. Düz 30 dəqiqəlik ifam olduğu kimi efirdə bir neçə dəfə səslən­di.

Bundan sonra Günyaz müəllim məni görəndə xüsusi bir vurğu ilə zarafatyana demişdi:

- Görunur üzərində bir balaca təmizlik aparsan teleuldu­za çevriləcəksən...

Allah belə yaxşı insanlara rəhmət eləsin!

Azaflıdır şah ustadım
Türk dünyasının böyuk ozanlarından biri, sazında, sözün­də, istəyin­də, amalında, müdrikli­yin­də, səsində, danışı­ğında, xarici fizionomiya­sında daim seçilən usta­dım aşıq-şair Mikayıl Azaflı ilə yaşımın cox erkən çağlarından tanı­ş idim. Evdə atam Hüseyn Məmmədhasan oğlu onunla dostluğundan, qudrətli şair olmasından, qaibanə və şahanə səsindən, misilsiz danışıq mə­də­niyyətindən və qoçaqlığından çox danışmışdı. Dəfələrlə gö­rüş­ləri barəsində xatirələr söyləyərdi. Əksər şeirləri­ni bilirdim.

Mikayıl Azaflı ilə məktəb illərində yaxınlıq etsəm də əsl ustad-şagird münasibətlərim 1981-ci ildən başladı. Onun dostu Adil Həsənov, Məmməd Quliyev, böyük qızı Dilarə Azaflı (ədəbiyyat muəlliməsi və şairə idi) və mən təkid edirdik ki, Bakiyla əlaqəsini kəsməsin. Mikayıl əmi doğrudan da ilin yarıdan çoxunu Bakıda yaşayırdı. 1981-cı ildə görüşlərimizin birində ona dedim ki, ustad, istəyirəm aşıq sənətini dərindən öyrənmək üçün mənə ustadlıq edəsən.

Qayıtdı ki:

- Sən oxuyanda heç adlı-sanlı aşıqlardan seçilmirsən. İndən belə sən nə öyrənmək istəyirsən?

- Yox, ustadsız aşıq olmaz axı.

- Onda nəyi öyrənməlisənsə, onu bir tapşırıq kimi qeyd elə.

Mən onun dediyi kimi sazın dəqiq köklənməsindən baş­lamış aşıq sənətində nə vacibdirsə onu qeyd etdim. Bütün saz çalma və oxunuş taktikası haqqında məlumatlandım. Sonra 75-dən çox aşıq havasını, ifaçılıqda olan qanunauyğunluğu geniş izahla audio lentə aldım. Mənə tapşırdı ki, bunları çoxlu dinləməklə, hər bir havanı dəqiqləşdirənə qədər məşq etmə­lisən. Xallar, güllər, zəngulələr, oxşamalar etməyi bir daha özündə vərdiş elətdir. Kiminsə ağzını yamsılamaq yox, onların sənətindən bəhrələnmək vacıbdir. Sənin üstünlyün ondadır ki, kimin necə oxuduğunu və əksər aşıq havalarını bilirsən.


Sağdan: Tofiq müəllim, Mikayıl Azaflı, Məhərrəm Hüseynli və Tofiq müəllimin dostu 1982-ci il.
M.Maqamayev adına Azərbaycan Dövlət Filormoniya-sında konsertdə mənim Azaflı ilə birgə çıxışım olacaqdı. O, çıxışdan öncə məndən soruşdu ki, hansı sözləri oxuyacaqsan? Dedim ki, Yunis İmrəylə, Koroğlunun sözlərini. O, mənə belə məsləhət verdi:

- Yaxşı, onda utanıb, qorxub, qısılıb, çəkinmə. Zaldan fikrini yanıldan olsa da yanılma. Elə bil ki, təksən, məşq edirsən.

Elə ki, aparıcı məni təqdim etdi və mən səhnədəki mik­rofona yaxınlaşdım, gurultulu alqışlar zalı bürüdü. Zalda geniş tamaşaçıları görcək sanki, sıxıldım. Yadıma ustadın dediyi sözlər düşdü. Özümü düzəldib zildən “Cəngi Koroğlu” hava­sını oxudum. Tamaşacılar hər zəngulədən sonra məni sürəkli al­qış­­lamağa başladı.

Məhərrəm Hüseynli ustadı Mikayıl Azaflı ilə. 20.02.1990.
Təkrarən Koroğludan oxumağımı təkid etsələr də proqramda olduğu kimi Yunis İmrədən oxudum. Mənim sü­rəkli alqışlandığımı görən ustadım:

- A qağa (o, hər adam üçün bu ifadəni işlətməzdi), rəh­mətlik Əsəd Rzayev kimi tufan elədin haaa. – deyə gülümsədi.

Sonra səhnəyə cıxdı və gülərək üzünü zala tutdu:

- Bu aşıq Məhərrəm məni yamanca coşdurdu. Onun üçün də sizə “Dunya himni” adlı əzəmətli bir hava oxuyacam.

Bu havanın və onun üstündə oxuduğu sözlərinin müəllifi özü idi və həmin havanı bu günün özündə oxuyan aşıq yox dərəcəsindədir. O gecə Mikayıl Azaflı sanki yeri-göyu silkə­lədi. Başqa bir neçə mahnı da oxudu.

M.Azaflıyla ilk konsertimiz haqqında qəzetlərdə yazılar dərc edildi, gecənin iştirakçıları məni coxlu təriflədilər. Sonralar dəfələrlə digər konsertlərdə, şənliklərdə ustadla qoşa calıb-cağırdıq.

Böyük oğlu Məzahimin vaxtsız vəfatından sonra M.Azaf­lı səhhətində problemlərlə üzləşdi. 1990-cı ildə xalqımızın ba­şına gətirilən 20 yanvar müsibəti onu daha da sarsıltdı. O za­man hər ikimiz 40 gun yas saxladıq. Bu hadisələrdən sonra ağır sarsıntılar keçirərək cox təəssuflə deyirdi ki, kaş cavan olaydım. Bir də ki, canım ağrımayaydı. Yoxsa bu alçaq dığa­lara kimliyimi gostərərdim. Elə həmin hadisələrdən sonra dun­yasını dəyişib əbədiyyətə qovuşdu.

Allah şah ustadıma qəni-qəni rəhmət eləsin!



Aşıqlar Birliyinin ilk qurucularından

biri də mənəm
1981-ci ilin ilk ayları idi. Huseyn Arifin “Aşıq sənətinin tərəqqisinə doğru” adlı bir məqaləsi diqqətimi cəlb etdi. Bu yazıda aşıqların saya gəlməz problemlərinin həlli və onların vahid bir təşkilat kimi fəaliyyətindən yazılmışdı. Yeni-yeni ruşeymi formalaşan bu təşkilata Bakı şəhərinin indiki Səbail rayonunda Xəqani küəsi-23 ünvanında yerləşən, indiki Bəstə­karlar İttifaqının binasının üçüncü mərtəbəsində üç otaq ayrıl­mışdı. Hüseyn Arifin tapşırığı ilə Aydın Musayev (Çobanoğlu) məni ora dəvət etdi və bir ansambl düzəldib, Bakıda keçirilən tədbirlərdə iştirak etməyi tapşırdı.

Biz Bakı və Sumqayıtda olan aşıqları buraya toplayaraq həftədə iki gün məşqlər etməyə başladıq. Aşıq Aydın bədii rəhbər kimi bir neçə ay ərzində bizı bir ansambl kimi hazırladı. Ansamblda mən, Aşıq Rza Qobustanlı, Aşıq Cuma, Aşıq Əjdər İbrahimov, Hüseyn Hüseynov, Sərdar Məmmədli və b. ilk novruz şənliklərində iştirak edirdik.

İlk dəfə də Mikayıl Azaflı bizim yanımıza gəlib öz tövsiyyələrini bildirdi. O vaxt M.Azaflı Bakı, Qobustan, Qara­dağ və Sumqayıtda yaşayan gənc aşıqları ətrafına toplayıb bir neçə dəfə Filormoniyada konsertlər vermişdi. Mən də onlarla birgə çıxışlar edirdim. Ən populyar aşığımız Aydın Cobanoğlu idi. Düzü hamımızı orda ipə-sapa düzən də o idi. Eyni zamanda ilk dəfə “Aşıq Pəri”, sonra isə “İncə gülü” adlandırdığı qızlar ansamblını da o, yaratmışdı və onlarla məşqlər aparırdı. Bu ansanbl az bir zamanda respublikaya səs saldı. Bütün bunlardan sonra əslən Neftçala rayonundan olan fədakər şairə Narınc Xatun Göyçə, Borcalı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Bakı və Azərbaycanın hər guşəsindən istedadlı qız və qadınları toplayaraq “Aşıq Pəri” ansamblını yaratdı. Bu işdə ona arxa, həyan duran şəxslər kimi Dilarə Azaflı, Gularə Azaflı, Gul­nigar Rəhimli, Ulduz Sönməz, Solmaz Qorçuqızı və b. adını cəkmək olar.

1990-cı ildə isə mən “Qoca qartal” ansamblını yaratdım. Dəfələrlə novruz şənliklərində, ədəbi-bədii gecələrdə, televi­ziya və radıo verilişlərində, xeyriyyə tədbirlərində iştirakımız rəğbətlə qarşılandı. Burada tanınmış gənc aşıqlardan Rakif İsmayılov, Sərdar Məmmədli, Nuru Məhəmmədoğlu, Ədalət Qiyasoğlu, Adil Həsənov və b. daha çox sevilərək qarşılanırdı. Bu barədə respublika mətbuatında yazılar da dərc edilib.



Təhsil illərim
Orta məktəbi qurtardıqdan sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinə (İndiki Bakı Dövlət Universiteti – BDU) verdim. Lakin konkurs tələsindən keçə bilmədims Sonra isə qardaşım sənədlərimi Bayılda yerləşən 14 saylı texniki peşə məktəbinə verdi. 6 ay bu məktəbdə oxuyub elektirik qaynaqçısı peşəsinə yiyələndim. Sonra bir neçə nəfərlə məni Bakı şəhə­rinin Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 4 saylı Dəmir Beton Məmulatı Zavodunda əvvəlcə təcrübəçi, sonra isə 4-cu dərəcəli elektrik qaynaqçısı işinə qəbul etdilər. Hərbi xidmətə gedənə qədər qardaş və bacımla Kirov qəsəbəsində (indiki M.Ə.Rə­sulzadə adına qəsəbədə) kirayənşin qaldığı­mızdan iş yerinə qədər yolum uzaq idi. Bəsdi adında bacım isə Keşlə qəsəbə­sində yaşayırdı.

Nəhayət ki, hərbi xidmətə yollandım və 1977-ci ilin 3 noyabrından, 1980-ci ilə qədər Voloqda və Murmanski şəhər­lərində xidmət etdim. Bu 2 il ərzində və ondan sonra da ali təhsil almaq istəyi məni daim narahat edirdi. Düzdür, müxtəlif an­sambllarda, sayı bilinməz şadlıqlarda çalıb çağırırdım, tanınmış aşıqlarla konsert və el məclislərində birgə çıxışlarım olurdu, amma nə qədər sazla, sənətlə sıx bağlı olsam da oxumaq istəyim böyük idi.

Hərbi xidmətdən qayıtdıqdan sonra daha iki dəfə ali məktəbə daxil olmaq cəhdim konkurs səbəbindən uğürsuz oldu. Növbəti dəfə – 1983-cü ildə ADU-ya imtahan verəndə isə daxil olmaq şansım çox idi. İmtahanlardan da yaxşı keçmişdim. Əmin idim ki, qəbul olunmuşam. Dəqiqləşdirmək üçün univer­sitetə get­dim. Amma adımı qəbul olunanların siyahısında gör­mə­dim. Qayğılı-qayğılı Səməd Vürğunun heykəlinin yanından keçər­kən “jiquli” markalı maşın məni vurub top kimi 2 metir kənara tulladı. Sürücü düşüb mənə yardım etmək istəsə də imtina edib, hec nə olmayibmış kimi yoluma davam etdim. 2-3 saatdan sonra qabırğamın çatlamış yerindən ağrılar məni xeyli incitsə də bu konkurs tələsinin üzüntüsü o ağrını üstələyirdi. Başıma gələnləri kimsəyə söyləmirdim. İşdə də hiss etdir­mədən bir qaydada işləyirdim.

Məni maşın vuran günü evə gəlib gördüm ki, ustadım Mikayıl Azaflı bizdə oturub məni gözləyir. Görüşəndən sonra üzünü mənə tutub, “niyə qap-qara qaralmısan” deyə sual verdi. Mən 2 balım çatmadığına görə konkursdan kecmədiyimi bil­dirib, ovqatımın buna görə xarablaşdığını dedim. Mıkayıl əmi mənə xeyli təsginlik verərək, səbrli olmağımı nəsihət etdi.

Elə həmin ilin noyabr ayında işlədiyim təşkilatdan bir qabaqçıl işçi kimi ADU-nun hazırlıq kursuna göndərildim. Kiçicik sor­ğudan sonra qəbul olundum. Ora qəbul olunanlar yüz faiz universitetin tələbəsi sayılırdı. Mən də hazırlıq kursun­dan imtahan verərək tələbə adını daşıımağa nail oldum.

Oxuduğum illər ərzində sanki, tələbə yox, universitetə görüşə gedirdim. Alimlərlə, tələbələrlə münasibətim çox yaxşı idi. Ayda bir dəfə televiziyada müxtəlif verilişlərdə çıxışlarıma görə hamı məni tanıyır və bir qayda olaraq mənə “aşıq” deyə müraciət edirdilər. Elə olurdu ki, digər fakültələrdə oxuyan dostlarımı da yüksək qiymət almaları üçun müəllimlərə mən tapşırırdım.

Hələ birinci kursda oxuduğum zaman tələbə və gənclərin umumittifaq festifalı kecirilirdi. ADU-dan da 15 nəfər bu musabiqədə iştirak edirdi. ADU-dan yeganə tələbə mən oldum ki, münsiflər heyəti məni diplom və fəxri fərmanla mukafat­landırdı. O vaxt tələbə kimi bu yarış­malarda yüksək yer tutduğuma və digər ali məktəblər arasında universitetin adını yüksəklərə qaldırmağıma görə universitetin partiya və komso­mol təşkilatları həmişə məni tərifləyirdilər.

Hər zaman ali məktə­­bi­mizin muəllim və professorlarının alim­lik müdafiəsi­nin, ad günlərinin təmənnasız aşığı mən olurdum. Mənimlə birgə Aydın Çobanoğlu, Mikayıl Azaflı, İmran Həsənov, Əkbər Cəfərov da bu məclislərdə iştirak edirdilər. Bu aşıqları məclislərə mən dəvət edirdim. Hətta alim­lərin xahişi ilə Aşıq Ədalətin, Aşıq İmranın, Aşıq Mikayıl Azaflının, xalq şairi Hüseyn Arifin və onlarla aşıq və şairin universitetdə konsert­lərini və görüşlərini təşkil etmiş və aparıcısı olmuşam.




Soldan: Məhərrəm Hüseynli, polis kapitanı Elbrus, Ədalət Nəsibov, Aydın Çobanoğlu. 1985.
Ustadım M.Azaflıyla universitetdəki görüş maraqlı xati­rə­lərlə yadda qaldı. Bu görüşü universitrtin kımya fakulitəsinin ən böyük mühazirə otağına salmışdım. Tədbirdə onunla bəra­bər Adil Həsə­nov, mən və məşhur balabancı Abbas İsmayılov da çalıb-oxuyurduq. Məclisin aparıcısı da mən idim. Onu da qeyd edim ki, biz bu görüşü xəlvət təşkil etmişdik ki, çox da sıxlıq olmsın, kimya fakulitəsinin alim və tələbələri doyunca bu gecədən zövq ala bilsinlərt. Amma sən demə başqa ali məktəblərdən, akademi­yadan, televi­ziyadan çoxlu Azaflıse­vərlər bu görüşdən xəbər tutaraq bura toplaşıblarmış.

Yerdən verilən yazılı və açıq suallara Mikayıl Azaflı cavab verirdi. Bir nəfər xahiş etdi ki, ustad, elə hava oxu ki, Ələsgər babamız oxumamış olsun. Ustadın yaratdığı bir neçə aşıq havasını mən oxuyan­dan sonra növbə ustada yetdi. O, insanı valeh edən və düşün­dürən xeyli şeir söyləyəndən sonra qayıtdı ki, bu gün sizə qar­daşım Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirinə bəstələdiyim mahnını oxuyacam. Elə oradaca bu musiqini Niyaməddin Musayevin dostu (adını bilərəkdən yazmıram) diktafona yazmışdı. Arası bir ay çəkmədi ki, Niyaməddin Musayev bu mahnını bir balaca aranjiman edərək efirdə oxudu. Bu ifanı Mikayıl Azaflının özü də eşitmişdi. Mən ona dedim ki, ustad, icazə ver ona mətbuatda layiqli bir cavab verim. O isə dedi:

- Lazım deyil. Qüdrətli dədə ozanımız Qurbanidən böyük bəstəkar-aşıq olmayıb. O, coxsaylı aşıq havalarını 72 rəqəminə qədər təkmilləşdirib. Dədə-baba adətidir ki, ustad yaradıcı aşığın 1, 3, 7 havası olar. Mənim yaratdığım mahnılar isə yeddini keçib. Əgər bunlar gələcəkdə oxunsa bəsimdir. Amma sən də düz deyirsən, halallıq yaxşı şeydir. Bir də ki, Niya­məddin bunu yaxşı oxuduğuna görə öz əməyimi ona halal edirəm.

Doğrudan da, bu mahnıya görə hətta prezident Heydər Əliyev Niyaməddin Musayevi qiymətləndirdi, sözlə musiqinin birgə vəhdətindən təsirləndiyini gizlətmədi.

Mərhum akademikimiz və ADU-nun rektoru Faiq Bağır­za­dəylə çox yaxın olmağımıza səbəb mənım sazım və səsim idi. O, deyirdi ki, kaş səni bir neçə il bundan əvvəl, universitetə imtahan verdiyin vaxtdan tanıyaydım. Səni çoxdan qəbul etdirərdim. Qoymazdım bu qədər əziyyət çəkəsən.

Müəllim­lərin çoxu mənim Faiq müəllimlə yaxınlığımı bildiyi üçün xatirimə dəymirdilər. O vaxt Faiq Bağırzadənin bir neçə şeirinə musiqılər bəstələnmişdi. Bunların ifaçısı Məm­məd­bağır Bağırzadə idi. O, bir dəfə məni Faiq muəllimə möh­kəm təriflədi. Faiq muəllim isə qayıtdı ki, Məhərrəm bütün insan­ların doğması qədər özünü sevdirib.

Akademik Faiq Bağırzadədən sonra BDU-nin rektoru Mirabbas mıəllim təyin olunmuşdu. Çox cavan vaxtlarından “fizika-riyaziyyat elmləri doktoru” elmi dərəcəsini qazanan Mirabbas müəllim böyük alim, böyük içtimaiyyətçi və böyük şəxsiyyət kimi tanınmışdı.

Bir gün Mikayıl Azaflı mənə dedi ki, kiçik qızım Maral imta­hanları müvəffəqiyyətlə verib. Gəl bir rektorla göruşək. O vaxt Mikayıl əmi xəstəxanada mualicə alırdı. Mən onunla birgə BDU-ya getdim. Rektor yerindəydi. Katibə qız isə rektora məlumat verdi ki, professor Hüseyn Çəndirli qəbulunuza gəlib, deyirəm içəri girin, elə bil utanır. M.Azaflıyla professor Hü­seyn Çəndirli bir-birinə çox oxşamaqla yanaşı həm də dost idilər.

Mikayıl əmi qapını döyüb içəriyə bir addım atmışdı ki, Mirabbas müəllim özü oturduğu yerdən düz qapının ağzına gələrək ona “xoş gəldin” dedi və əl tutub qucaqlaşdılar. Əyləşib bir stəkan çay içdik. Elə bu dəm zəng çalındı. Mirabbas müəllimin üzündə bir nur yarandı. “Allah sizi şad xəbər eləsin” deyib M.Azaflını qucaqladı və dedi:

- A sənin qədəmlərin mübarək olsun, çoxdan gəlsənə. Spi­takın zəlzələyə düşmə xəbərini eşidək. Qoy mənfur erməni­lər bilsin ki, bizə qarşı haqsızlıq edənləri Tanrının özü də bağışlamır. Ustad, nə əcəb biz tərəflərə qədəm basmısız?

Gördüm Mikayıl əmi utanır. Mən dedim ki, ustad, icazə­nizlə mən deyim. “Buyur” deyə icazə verdi. Mən gəldiyimizin səbəbini deyəndə Mirabbas muəllim dedi:

- Hər nə lazımdırsa qaydasına düşəcək, xoşbəxtlik onda­dır ki, sənin qızın imtahan verərək universitetimizin tələ­bəsi olub. Amma 5-6 gun səbr edin.

Biz onunla xudahafizləşib evə qayıdarkən yolda Mikayıl əmi mənə dedi:

- O, bizə 5-6 deməklə hörmət mənasında az məbləğ dedi, ya da 5-lə 6-nı toplayıb 11 demək istədi? Bunun da yarısı 5,5-dir.

Biz evə catanda artıq işin təmənnasız düzəldiyini tele­fonla zəng edib bildirmişdilər. Şad xəbər eşitməyimiz bizi də sevindirdi.

1984-cü ildə BDU-nun “üzvi kimya” kafedrasının müdiri, kimya elmləri doktoru, professor Şamil Əhmədovun Moskva mehmanxanasının restoranında qeyd olunan 60 illik yubile­yində mən də meydan açmışdım. Bu məclisdə Şamil Musta­fayev adında tələbə və çox populyar müğənni kimi tanınan dostum da iştirak edirdi. Tədbirdə iştirak edən qeyri-üzvi kimyadan məşğələ müəllimimiz, qocaman və xeyirxah insan olan Məlahət xanım əliylə məni yanına çağırıb dedi:

- Mənə bir “Qarabağ şikəstəsi” oxuya bilərsənmi?

- Oxuyaram. – deyə cavab verdim.

- Onda gözlə, mənim təbrikimdən sonra oxuyarsan.

Onun təbrikindən sonra dediyi sifarişi yerinə yetirdim. Sabahı məşğələ qurtarandan sonra məni iş otağına apardı. Bir siqaret çıxarıb yandıraraq bir-neçə qullab vurduqdan sonra Azərrbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) rektoru akademik Aslan Aslanova zəng etdi. Əhval-pürsanlıqdan sonra dedi:

- Ay Aslan muəllim, istəyirəm sənə bir şir verim.

- Nə şiridir, Məlahət xanım? Bəyəm bura haradır? –deyə telefonda güldü.

- Aşıqdır, bizim kimya fakulitəsinin tələbəsi və ilahi səsin sahibidir. İstəyirəm onu incəsənətə dəyişdirəsiniz. Belələri hər əsrdə bir dəfə gəlir. Qoy məhv olmasın.

- Adı nədir o şirin, ay Məlahət xanım?

- Məhərrəm Huseynlidir.

- Onu mən də tanıyıram. Osman Sarıvəllinin evində onu doyunca dinləmişəm. Bir də ki, Faiq Bağırzadə imkan verməz ki, onu incəcənətə dəyişdirək. Hər halda icazə versə mutləq mənim də ürəyimcə olar.

Aradan beş-altı gun keçmişdi ki, universitetdə rektor­luğun qabağında Faiq Bağırzadə ilə təsadüfən üz-üzə gəldik. Salamlaşdıq. Məni otağına aparıb dedi:

- Sənə nə pisliyimiz dəyib?

- Heç bir pisliyiniz dəyməyib, Faiq muəllim.

- Bəs onda niyə incəsənətə dəyişilmək üçün müraciət etmisən?

- Mən heç yerə müraciət etməmişəm. Yəqin kimlərsə belə istəyir.

- O gun Aslan Aslanov bu barədə mənə deyəndə həm əsəbiləşdim, həm də hər ikinizdən də incidim. Get, təhsilini davam etdir. Xatirinə dəyən olsa mənə və mənim ətrafıma deyərsən.

Mən onunla bu barədə bir də söhbət etmədim. Artıq yuxarı kursda oxuyurdum. Evdə məsləhət olundu ki, gündüzlər işləyim, gecələr isə oxuyum. Qayınatama dedim ki, bu işlərə rektorun şəxsən özü baxır. Mən isə onun yanına gedə bil­mərəm. Səbəbini də anlatdım. O, “nə olar ki, burada nə çətin iş var ki?” dedi. Amma sonra Faiq muəllimə müraciət etsə də o, etiraz etmişdi.

Bir müddət sonra Faiq muəllim məni televiziyada görcək köməkçisinə tapşırıq verir ki, aşığı sabah yanıma gətirərsən. Sabahı günü onunla öz kabinetində göruşdum. Qayıtdı ki, deyəsən maddi cəhətdən çətinlik çəkirsən. Dedim ki, tələbə­çiliyin gözəlliyi və ləzzəti odur də, Faiq müəllim.

Əlini cibinə salıb bir çəngə pul çıxartdı:

- Al, bunu yaxşı xərcləsən 6 aylıq bəsindi – dedi.

İstəməsəm də məcburi cibimə qoyaraq “aşığı el saxlar” deyib qımışdı və əlavə etdi:

- Sən də mənim kimisənmi ki, çöldə dövlətin, evdə arvadın əlinə baxasan? Verilənə də bərəkətli olsun de.

Mən ona razılıq edib ayrıldım. Pulu sayanda gordum ki, 2250 manatdır. Allah ona rəhmət eləsin. Duz bir il ala-babat bu pulu xərclədim.

Mən BDU-nu indi də doğma bilirəm. Düzdür ağsaqqal alim­lərimiz rəhmətə gediblər. Lakin yetirmələri onların ləyaqətli yolunu davam etdirirlər. BDU o təhsil ocaqlarındandır ki, elmə, təhsilə, insanlığa, alim və tələbələrə hörmət ənənəsini davam etdirir.


1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə