Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1.52 Mb.
səhifə4/12
tarix30.11.2016
ölçüsü1.52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

İnsanlar bir-birinə mehriban davranırdı. Qocaların tövsiy­yəsi gənc­lərin öyüdü sayılırdı. Gən­clər oxumaqla, yazmaqla, gələcəyin nümunəvi insanı ol­maqla gecə-gündüz yorulmadan oxuyub, öyrənirdilər. Onların əksəriyyəti uzaq kəndlərində olmayan kitabları məcbur olub rayon mərkəzindən alırdılar. Elə bil ki, oxumaq üstündə yarış­ma keçirilirdi. Bu gənclərdən biri Bozalqanlı kəndindən olan Əkbər Cəfərov, ikincisi isə Aşağı Ayıblıdan olan İsa Çava­doğlu idi. Hər ikisi söz adamı idi. Hər ikisi nadir və fərqli istedad sahibi idi. Hər ikisi Təranə adında doqquzuncu sinifdə oxuyan qızın gözəlliyinə heyran qalmışdı.

Əslində bir gün əvvəl Əkbər və İsa lazım olan kitablarını kitabxanadan almış­dılar. Kitabxanaçı Təranənin istədiyi kitabı sabah saat 12-də ona verəcəyini bildirdiyindən qız da, oğlanlar da sabahı bura gəlmişdi. İsa Çavadoğlu qıza yaxınlaşıb onunla tanış olmaq istərkən, Əkbər irəli yeriyib ona dedi:




İsa dayanıb diqqətlə Əkbərin üzünə baxdı və dedi:

- Əəə, sən aşiq yox, aşıq olmalısan. Əvvəlcə balabanı boşla, sonra aşiqlikdən söhbət aç.

Bu sözlər Əkbərə möhkəm təsir etdiyindən onunla az qal­dı ki, əlbəyaxa olsun. Bu qarışıqlıqda Təranə kitabını alıb çıxıb evlərinə getdi.

Aradan bir qədər vaxt keçmişdi. Amma, Təranənin eşqi Əkbəri az qala Məcnundan betər etmişdi. Onu da deyim ki, Ək­bər Təranənin kimliyini və harada yaşadığını öyrənmişdi. Ək­bər ara-sıra şeirlər yazırdı, yaxşı balaban və zurna çalırdı, onun səsinin gözəlliyinə, zilliyinə söz ola bilməzdi. Di gəl ki, Təra­nənin eşqi az qalırdı onu dəli eləsin. Odur ki, qələm dəftər gö­tü­rüb Təranəyə belə bir şeir yazdı:

İstədim seyr edəm bütün aləmi,

Könlümün nurlanan dünyası sənsən.

Sevgidə tapmışam, səcdə, qibləmi,

Xoş günün ləzzəti, mənası sənsən.
Ümmanlar çoşğunu, durğunuyam mən,

O qara gözlərin vurğunuyam mən.

Eşqin, məhəbbətin yorğunuyam mən,

Bu dəli könlümün sevdası sənsən.


Əkbərəm qəlbimə saldın talanı,

İnan gətirmərəm dilə yalanı.

İncitmə eşq adlı sazı çalanı,

Sənsiz gecələrin röyası sənsən.


Təranəyə bu məktubu rəfiqəsi çatdırmışdı. Onların biri-biri­lə­rindən gizlin heç bir sirləri yox idi. Odur ki, üzünü Təra­nəyə çevirib dedi ki, ay qız, bu Əkbəri uşaq olmağuna baxma­yaraq hər yan tanıyır. Gözəl oğlandı. O, gündə nə qədər qız gö­rür. Yazsa, onlara da şeri yazar. Götür, onun cavabını yaz göndər. Bu sözdən sonra görək Təranə nə yazır:

Bildim ağlın çaşdı, gözün qamaşdı,

Ağ üzdə görəndə xalları sən, sən!

Bilmirəm əhvalın niyə qarışdı,

Geninə açmadın qolları sən, sən!
Uymaram fitnəyə, böhtan yalana,

Mən ürək istərəm oda qalana.

Can qurbandı telli sazı çalana,

Nahqq yerə kəsmə yolları sən, sən!


Təranə ay kimi gecə şox salar,

Şamama vaxtında tağda saralar.

İstəyən yüz olar, alan bir olar,

İstərəm dadasan balları sən, sən.


İndi sizə kimdən deyim, İsa Cavadoğlundan. Elə ki, To­vu­zun mərkəzi kitabxanasından ayrılıb evlərinə döndü. Yaman­ca bir hala düşmüşdü. Anası ondan soruşdu ki, nə olub ay İsa? Bəs sənə demədimmi ki, ac qalma. Cibində yüz manat ola-ola boğazına çörək də yemirsən.

İsa anasına və kimsəyə heç nə demədi. Özünü narahat hiss edirdi. Odur ki, götürüb o da Təranəyə bir şeir yazdı:


Mən onun eşqinə alışıb yandım,

Nədəndir, bilmirəm, o yanmır hələ!

Bəlkə də eşqimin alovlarını,

Uzaqdan seyr edib, duyammır hələ!


O, sərin çeşmədir, mən suya həsrət,

Onda insaf yoxdur, məndə cəsarət.

Bu tale yollarım qaranlıq, zülmət,

Günəşim üfüqdən boylanmır hələ!


O bahar nəfəsli, bahar havalı,

İsanın varlığı hicran nəvalı.

Onu görən gündən oldum davalı,

Bəlkə bəxt yatıbdır, oyanmır hələ?!
İsanın məktubunu da Təra­nəyə həmin rəfiqəsi verdi. Tə­ra­nə məktubu oxudu. Bir neçə gündən sonra Tovuzun mərkə­zində Təranə ilə rəfiqəsi Əkbərlə qarşılaşdı. Əkbər qayıtdı ki, Təranə, sabah dayımgil sizə elçiliyə gələcək. Bax haaa, “yox” deməyəsən. Elə bu dəm İsa da gəlib çıxdı. İstədi ki, Təranəyə nəsə desin. Əkbər ona tərəf çevrilib dedi ki, İsa, get, özünə qız tap. Bu mənim qismətimdi. Əgər sənin şeirinə çavab verilmə­yib­sə, deməli qız məni sevir. İnanmırsansa gəl, sabah gözlə­rin­lə gör ki, elçilərimizi gözləyirlər. Əgər bu meydanda qalib kimi qalmaq istəyirsənsə gəl deyişək.

Görək Əkbərlə İsa necə deyişirlər:

Aşıq Əkbər:
Yolumu kəsəmməz nə qaya, nə dağ,

Mən ilk məhəbbətin yollarındayam.

Qolumda şir gücü, canım da ki sağ,

Hünərin, qeyrətin yollarındayam.


İsa Cavadoğlu:
Mənəmlik nə lazım, mülayim danış,

Mən də o hikmətin yollarındayam.

Məqsədiz bir ömür sayılır yanlış,

Həyatın lap çətin yollarındayam.


Aşıq Əkbər:

Dəyişməz fikirim, dönməz xəyalım,

Bircədir məqsədim, eşqim amalım.

Hələ harasıdır çoxdur sualım,

Təbin. təravətin yollarındayam.
İsa Cavadoğlu:

Çatmaz məqsədinə dörd yana baxan,

Su təki yan alıb hər yana axan.

Meydana çıxarmı meydandan qorxan,

Polad dəyanətin yollarındayam.
Aşıq Əkbər:
Qorqud, Qurbaninin molla Cumanın,

Alı, Ələsgərin, Valeh, İmanın,

Hüseyn Bozalqanlı, kamil ustanın,

Söhbətin, sənətin yollarındayam.


İsa Cavadoğlu:

Dədə ozanları sevirəm mən də,

Nizami, Füzuli əsərlərində.

Deməyə sözüm var yeri gələndə,

Ən ali qiymətin yollarındayam.
Aşıq Əkbər::
Telli saz həmdəmdir ca

Sədam tez yayılıb bizim ellərə.

Əl uzat əlləri verək əllərə,

Xoş arzu, niyyətin yollarındayam.


İsa Cavadoğlu:
Hərcayı danışıb, dinməzdi İsa

Kiminsə qəlbini döndərməz yasa.

Düz yola səsləyər, yol azan olsa,

Haqqın, həqiqətin yollarındayam.


Elə ki, söz cavabını tamam elədi hər iki gənc əl verib qu­caq­laşıb, öpüşdülər. Söz verdilər ki, qız kimin olacaqsa onu təb­rik edəcəklər.

Bir gündən sonra Əkbərin elçilərinə qız evi, İsaya isə Tə­ranə “yox” çavabı verdi. Üstəlik də onlara bir məktub göndər­di. Məktubda belə yazılmışdı.


Gedin deyin aşiqlərə,

Mənə görə dalaşmasın.

Mənim başqa sevənim var,

Nahaqq yerə yarışmasın.


Qınamasın ellər məni,

Vəsf etməsin dillər məni.

Qoy aparsın sellər məni,

Heç kefiniz qarışmasın.


Təranə çıxdı dağlara,

Gül-çiçəyi yara-yara.

Elan olsun oğlanlara,

Daha məni soruşmasın.


Bu şeiri hər ikisi birlikdə oxudular. Çox pis oldular. İsa əlaçı tələbə olduğu üçün ali məktəbə qəbul olub təhsilini davam etdirməyə getdi. Əkbər də balabanı, zurnanı, sazı, mu­ğa­mı yaxşı öyrənməyə başladı. Sonra aşıqlıq sənətini kamil sənətkarlardan Aşıq Yusif Yusifovdan, Aşıq Qədir İsmayılov­dan və digər orta nəsil aşıqlarından öyrəməyə başladı. Əsil us­ta­dı kimi özünə ustad Aşıq Qədiri seçdi. Göyçədə, Naxçıvanda, Borçalıda, Şirvanda, Bakıda və bütün respublikamızda arzulu toylarda çalıb-çağıran bu gəncə sadəcə Əkbər yox, Aşıq Əkbər deyə hörmətlə yanaşdılar. Moskvada, Bakıda çavan yaşlarında yüksək lauriat adına, fəx­ri fərmanlara, qızıl medallara layiq görüldü. Əkbərin səsi yer üzünə səda salmışdı.

Bir gün onu Təranəgilin qonşulu­ğun­da bir məclisə dəvət etmişdilər. Aşıq Qədirin məzhəkəsi, Əkbərin ürəkləri riqqətə və ehtizaza gətirən səsi, Müseyibin şahanə mey ifaçılığı məclisi sanki, ovsunlamışdı. Nə qədər böyük sənətkar olsa da onun göz­ləri Təranəni axtarırdı. O, isə artıq burada yaşamırdı. Elə bu fikir xəyalda idi ki, köhnə dostu şair İsa Cavadoğlu bir dəstə dostları ilə mağara daxil oldular. Bir anlıq hər iki dost keçmişə qayıtdılar. Xatirələr çözələndi. Axırda Əkbər qayıtdı ki, a şair mən oxuduğum şeirin cavabını yaz. Görüm bu ali məktəbin sənə təsiri olubmu?

Odur ki, görək Aşıq Əkbər nə deyir, şair İsa Cavadoğlu ona nə cavab verir:
Aşıq Əkbər
Bülbül ötər bahar çağı,

Budaqların arasında.

Gözüm gəzir künc-bucağı,

Qonaqların arasında.


İsa Cavadoğlu
Səhər-səhər hey dolanar,

Duman dağın arasında.

Pərvanələr oda yanar,

Çil-çırağın arasında.


Aşıq Əkbər


Gözlərində gözüm qaldı,

Baxışları canım aldı.

O günləri yada saldı,

Hər sınağın arasında.

İsa Cavadoğlu
Görən hanı o mahcamal,

Qəlbimizə qoyuldu xal.

Aşıq mənə bir “kərəm” çal,

Bu yığnağın arasında.


Aşıq Əkbər
Hər kəsin öz qisməti var,

Abırı var isməti var.

Əkbərin öz hörməti var.

Bu sınağın arasında.


İsa Cavadoğlu
İsa qaldı yana-yana,

Hayıf bizdən gedən cana.

Çəkdin məni imtahana,

Bu qınağın arasında.


Kənardan Aşıq Əkbərlə şair İsa Cavadoğlunu dinləyən məclis əhli onları alqışlamağa başladılar. Ustad Aşıq Qədir hər iki dostun alnından öpüb xeyir duasını verdi. Məclis öz axa­rında davam edirdi. Aşıq Qədir qayıtdı ki, İsa Cavadoğlu, indi də sən qabağa düş görüm. Amma dediyiniz sözlərdə məna, öyüd-nəsihət, haqq-ədalətə çağırış da olsun. Görək nə deyir­lər:

İsa Cavadoğlu:


Həyata düzgün bax, insan övladı,

Dünyanı bərk tutub ona güvənmə.

Qoyma ləkələnə, qoruynan adı,

Hiylədən geydiyin dona güvənmə.


Aşıq Əkbər
Eşit sözlərimi yadında saxla,

Tələsik danışıb sözdə yanılma!

Hər şeyi düz ölç, biç bir daha yoxla,

Əyriyə düz deyib, düzdə yanılma.


İsa Cavadoğlu
Əgər el içində hörmətin olsa,

Çox malın, çox pulun, sərvətin olsa,

Dillərdə söylənən şöhrətin olsa,

Qətiyyən şöhrətə, şana güvənmə.


Aşıq Əkbər
Sənin hakimindir ürəyin., başın.

Onlara qulaq as. pis yoldan daşın.

İlqarı çox olmaz hər qələmqaşın.

Yanağa vurulub, gözdə yanılma.


İsa Cavadoğlu
Qəlbinin alovu, gözünün fəri,

Qovsun yer üzündən fitnəni, şəri.

Dostluq dünyasına çağır bəşəri,

Günahsız tökülən qana güvənmə.

Aşıq Əkbər

Dünya əşrəfidir, aqil insanlar,

Yaddan çıxan deyil müdrik xaqanlar.

Güvənc yerimizdir gözəl cavanlar,

Öyrən dərinliyi, üzdə yanılma.
İsa Cavadoğlu
İsa xoş günləri silinməz gün san,

Dərk eylə özünü, su təki safsan.

Desinlər halalsan, kişisən, paksan,

Daxili iblis tək cana güvənmə.


Aşıq Əkbər
Əkbər sənətində doğru yol seçib,

Haqqın badəsini doldurub içib.

Şükür imtahanı zəfərlə keçib,

Yolunu azdırıb yüzdə yanılma.


Elə ki, söz qurtardı, Aşıq Qədir hər iki dostun söylədiyi şeirlərdən məmnunluğunu bildirdi. Eyni zamanda onları qu­caqlayıb öpmüşdü.

Məclis qurtarmaq ərəfəsindəydi. Birdən söz yayıldı ki bəs Təranəni sel aparıb. Arada pıçıltılar, eyhamlar, qınaqlar xısın-xısın gəzməyə başladı. Təranə ölümündən sonra bu iki dostu göy­nətməyə başladı. Onun cəsədi yox bir cüt ayaqqabısı ta­pıldı.

Görək Aşıq Əkbər nə dedi:
O, bir ulduz idi, səhər ulduzu,

Üfüqün qoynunda çıxdı, yox oldu. !

O, bir şimşək idi, alovlu şimşək,

Dağların köksündə çıxdı, yox oldu!

O gül budağıydı, incə bir budaq,

O bir sevinc idi, kədərdən qabaq.

O bir bulaq idi, həzin bir bulaq,

Sonsuz dərələrə axdı, yox oldu!


Əkbər, tək ağlama o dilbəri sən,

Silinməz bu kədər od sinəsindən.

Vəfasız dünyanın pəncərəsindən,

O da xəyal imiş baxdı, yox oldu!


İsa Cavadoğlu bu məclisə gələndə elə bil ki, hiss etmişdi ki, Təranəylə bağlı nəsə olacaq. Təranənin bu məclisdə olma­mağı onu rahat buraxmırdı. Kimsədən də onu soruşmaq eybinə gəlirdi. Tez qələm-kağız götürüb bu faciəyə belə bir şeir yazdı:
Niyə mənim bəxtim gətirdi qara,

Qəmlə silələnib dolan ürəyim.

Ah çəksəm sədası yetişər hara,

Məkanı hicranlı olan ürəyim.


Qarışdı sellərə eynimin yaşı,

İtirdim sel, suda o qələm qaşı.

Ağlayır gözlərim durub yanaşı,

Dərdini sinəmə salan ürəyim.


İlahi bu necə acı xəbərdi?

Sığarmı göylərə İsanın dərdi.

Mərdi qova-qova tutdun namərdi,

Möhnətdən saralıb, solan ürəyim.


1961-ci ilin payızında Aşıq Əkbərə də, İsa Cavadoğluna da Bakı şəhərindən Teleqram gəldi. Hər ikisi eyni vaxtda çağırılan ünvana yollandılar. Qapını açan vaxtı ilə dərdindən dəli-divanə olduqları, özünü sel apardığına onları inandırmış Təra­nə idi. Əkbərlə, İsanı heyrət götürdü. Təranə onların əlini sıxıb evə dəvət etdi. Sonra evdə həyat yoldaşı Abdullanı səslədi ki, gəl, gör kimlər bizə gəlib. Oğlan irəli yeriyib hər ikisinə xoş gəldin deyib, görüşüb evə dəvət etdi. Sən demə burada qohum-əqrəba Təranənin doğum gününə yığışıb bir ziyafət təşkil edib­lərmiş.

Təranə hər kəsdən üzr istəyib Əkbərlə İsanın ona vurul­ma­sındakı maraqlı əhvalatı danışdı. Sonra dedi ki, bunların hər ikisi məni sevdiyi üçün birini xöşbəxt, o birini bədbəxt görmə­məyim üçün üçüncü məni sevən Abdullaya qoşulub qaçdım. Artıq mən özümü xöşbəxt hiss edirəm. Aşıq Əkbəri misilsiz bir aşıq kimi, İsa Cavadoğlunu Tanrı diqtəli bir şair kimi çox istəyirəm. Hər iki tanınmış ali şəxsiyyətin məni bağışlamasını xahiş edirəm.

Aşıq Əkbər ayağa durub dedi ki, düzdür, sən bağışlan­maz­san, amma mən səni bağışladım. Bu gün səni sağ-salamat gördüyümə görə sevindiyimdən gözlərim də doldu. Bu gündən sonra nəinki səni, eləcə də ailəni bir dost kimi sevməyimə söz verirəm.

Bu tərəfdən İsa Cavadoğlu dilləndi ki, Əkbər düz deyir, bu gündən bizi doğma qardaş bilməlisən. Birdə ki, atalar doğru deyib “qisməti tanrı verir”.

Aşıq Əkbər ayağa durdu. Sazı iki pərdə zilə kökləyib görək nə dedi. Onu da deyim ki, bu bədahətən deyilən şeiri İsa Cavadoğlu başladı, Aşıq Əkbər cavablandırdı:
İsa Cavadoğlu
Hər bir insan el-obasız,

Sular sonasız olmasın.

Uca dağlar başı qarsız,

Bəyaz cunasız olmasın.

Aşıq Əkbər
Çiçəklənsin xoş arzular,

Bağçalar barsız olmasın.

Gecə-gündüz axan sular,

Axar-baxarsız olmasın.


İsa Cavadoğlu
Günəş kimi yansın ürək,

Yol azana yol göstərək.

Hər nemətdən sevinc görək,

Ömür mənasız olmasın.


Aşıq Əkbər
Yaşamasın könül həsrət,

Şaxələnsin saf məhəbbət.

Dilə gəlsin şeir, sənət,

Toysuz-mağarsız olmasın.


İsa Cavadoğlu
İnsanlarda məhəbbət də,

Məhəbbətdə dəyanət də,

Etibar da, sədaqət də,

Köksüz, binasız olmasın.


Aşıq Əkbər
Uzandıqca ömür yolu,

Sevinc olsun ürək dolu.

Bir-birinə insan oğlu,

Əhdsiz, ilqarsız olmasın.


İsa Cavadoğlu
Vicdan ömrün mayasıdır,

Dünyadan kim doyasıdır.

Nəğməm haqqın qayasıdır,

Sevənlər yarsız olmasın.


Aşıq Əkbər
Hər kəs xoş gün, saat qursun,

Sevdiyiylə ömür vursun.

Ürəyincə büsat qursun,

Dünyada arsız olmasın.


İsa Cavadoğlu
Şair Isa çəkmə qəmi,

Sözünü de, gəldi dəmi.

Amma vaxtsız heç bir kimi,

Ata anasız olmasın.


Aşıq Əkbər
Nəğmə desin Aşıq Əkbər,

O yaranıb sinədəftər.

Hər bir sözü həm təzə-tər,

Könül xanasız olmasın.


Elə ki, söz çavabını tamam elədi, hər kəs onları alqışladı. Aşıq Əkbər ilhama gəldi. Bir azdan bütün qonşular da bu ilahi səsin sehrinə yığışdılar. Aşıq Əkbər sazın zil pərdəsində, “he­yratı”, ”Mənsuriyyə”, “Qarabağ Şikəstəsi”, “Arazbarı”, “Hey­dəri”, ”Cəngi” havaları ilə bərabər, könülləri riqqətə gətirən mə­həb­bət şeirləri və mahnıları oxudu. Məclisin xahişi ilə “Ya­nıq Kərəmi”ni də çalıb, oxudu. Bu ifa zamanı Təranəni bir yanda, İsanı isə o biri yanda ağlamaq tutdu. Aşıq Əkbərin isə özü bulud təki dolmuşdu.

Artıq məclisin sonu çatmışdı. Görək Aşıq Əkbər müxəmməslə məclisi necə tamamlayır:


Ala gözlüm, şirin sözlüm,

Mən səni pünhan gəzirəm.

Bir dolanaq, ilham alaq,

Gözəldir dövran, gəzirəm.

Gəl bir gəzək, çiçək üzək,

Olmuşam Sənan gəzirəm.

Ağır yeriş, şirin gülüş,

Qaşları kaman gəzirəm.

Can xəstədir, sən kəsdədir,

Dərdimə dərman gəzirəm.


Ey al yanaq, buxağı ağ,

Üzün çıraqban kimidir.

Şəhla gözlüm, qəmər üzlüm,

Gözlərin ümman kimidir.

Ləbin şirin, tez-tez görün,

Gəlişin ceyran kimidir.

Mənə yanaş, dağları aş,

Yerimiz aran kimidir.

Sevmişəm, can demişəm,

Eşqimə meydan gəzirəm


Sığallandı, tumarlandı,

Sevdiyim canan yeridi.

Ovçusayaq durdu oyaq,

Hər şeyi qanan yeridi.

Özü nübar, boyu çinar,

Gözəl bir insan yeridi.

Üz göstərdi, yenə verdi,

Əkbərə fərman yeridi.

Eşq oduna yana-yana,

Dərdimi qanan gəzirəm.


Hər köhlənə minməginən,

Dindirməsəm dinməginən.

Qapaz altda sinməginən,

Cavab yoxsa soruşmaynan.


Mərd ol düşmən olanda da,

Qəlbən ağla, dolanda da.

İbrahim tək çalanda da,

Dayazlarla yarışmaynan.




KİŞİ DASTANI
Ey kişi oxucum, ey qız qardaşım,

Ey mənlə yaxınım, könül sirdaşım.

Ey ürək sevincim, axan göz yaşım,

Söhbət kişilikdən, kişidən gedir.


Səxada, süfrədə əli olanlar,

Mərdliyin Məcnunu, dəli olanlar,

Kişinin kəltəsi-kəli olanlar,

Söhbət kişilikdən, kişidən gedir.


Tanı ünvanına atılan daşı,

Varaqla, əzizim, ulu yaddaşı.

Kişi ol, kişi tək təmiz ad daşı,

Söhbət kişilikdən, kişidən gedir.


Vətən, torpaq satanları demirəm,

Əğyarlarla yatanları demirəm.

Çirkablarda batanları demirəm,

Söhbət kişilikdən, kişidən gedir.


Gündə min yol ölənləri saymıram,

Bölünməzi, bölənləri saymıram.

İlqarından dönənləri saymıram,

Söhbət kişilikdən, kişidən gedir.


Adam var ki, peşə seçib yalanı,

Qardaş bilir zəhəri çox ilanı.

Salıb yenə ürəklərdə talanı,

Söhbət kişilikdən, kişidən gedir.

Qatmayın, qatmayın bığı saqqala,

Boz qurdu ulayan tülkü, çaqqala.

Şairi bənzətmə qoca baqqala,

Söhbət kişilikdən, kişidən gedir.


Çalışıb yalanı etmə əyləncə,

Nə etsən, eyləynən sən ürəyincə.

Kişi xilqətindən dönmə iyrəncə,

Söhbət kişilikdən, kişidən gedir.


Dəryada balığın sövdasına bax,

Naşı düdükçünün qaydasına bax.

Kişi olmayanın hoydusuna bax,

Söhbət kişilikdən, kişidən gedir.


Ağıllı işini səfilə verməz,

Tədbirli taleyi təhvilə verməz.

Qəmlilər qəmini dəf ilə verməz,

Söhbət kişilikdən, kişidən gedir.


Adi bir iş bildim kefi, damağı,

Əyyaş məclisini, fərsiz dayağı.

Olmadım, olmaram şalvar yamağı,

Söhbət kişilikdən, kişidən gedir.


Kişi duruluqda qoy olsun bulaq,

Tula tək gəzməsin yal ilə, yalaq.

Yadlara mərd olan kişilər salaq,

Söhbət kişilikdən, kişidən gedir.


Göstər nəcabətlə, qanacağını,

Andırıb, anladıb, anacağını.

Dərk eylə kimlərdən sınacağını,

Söhbət kişilikdən, kişidən gedir.


Uludan uludur, bu ulu dünya,

Kimi istəyirsə salır bəlaya.

Dərgahına şükür, sənin, xudaya,

Söhbət kişilikdən, kişidən gedir


***

Çevril keçmişini xatırla aşıq,

Yada sal nə qədər ər kişilər var.

Sən ki, ürəklərdə yaratdın işıq,

Söyləynən dəyərli nər kişilər var.

Tarixdə kişilər yaşayıb ad-ad,

Kişinin qol-qanad, arxa dağı var.

Çox müdrik, xeyirxah, azad könlü şad,

Kişinin hikmətli dil-dodağı var.
Kişi Oğuz, Buman, Bilgə xaqandı,

Kişi Alp Arslandı, o, Çingiz xandı.

Kişi Batı, Teymur, Səlim Soltandı,

Kişinin ruh adlı bir oylağı var.


Kişi Qorqud Dədə-ulu dədədir.

Kişi Koroğludu, yaşar əbədir.

Kişi Xətaiylə, Babək Nəbidir,

Kişinin dolaşan söz-sorağı var.


Kişi on iki imam əzbərim,

Kişi r təfəkkürdə gövhərim, zərim.

Kişi ürəyiylə ürək bəzərim,

Kişinin ürəkdə dayandığı var.


Kişi Nizami tək duyulanıdı,

Kişi Nəsimi tək suyulanırdı.

Kişi Səttarxan tək uyulanırdı,

Kişinin başında kişi tacı var.


Kişi Atatürkdü, Məmməd Əmindi,

Kişi əməliylə haqqa zamindi,

Kişi kişilikdə, milyardda mindi,

Kişinin açılan qol, qucağı var.


Kişi Yunis İmrə dilində nəva,

Kişi Sədi baba, Fizuli baba.

Kişi saxasıyla batıb savaba,

Kişinin andığı, anacağı var.


Kişi Cəlil, Sabir, Səməd Vurğundu,

Kişi qələmiylə haqqa vurğundu.

Kişi haqq ütündə hər an yorğundu,

Kişinin tanrıdan şam çırağı var.


Kişi Sultan bəydir, xalq qəhrəmanı,

Kişi xilas etdi Azərbaycanı.

Kişi vətən üçün axıtdı qanı,

Kişinin Laçın tək öz oylağı var.


Kişi Cavadxanla, İsrafil ağa,

Kişi Dəli Alıdı, çəkildi dağa,

Kişi Nəbi oldu döndü bayrağa,

Kişinin kərəm tək mərd sayağı var.


Kişi kəhər atlı, qılınc qalxandı,

Kişi Cavanşirdi, yaşayır canlı.

Kişi Tanrıverdi, Şövkətli şanlı,

Kişinin Kalvayı Əsəd tək öz oylağı var.


Kişi Zenəlabidin Tağıyev idi,

Kişi o milyonçu Nağıyev idi.

Kişi yadigarı övlad, ev idi,

Kişinin üzülməz əl-ayağı var.


Kişi Qurbanidi, Abbas, Xəstə Qasımdı,

Kişi söz-söhbətə xoş təmasımdı.

Kişi alnıaçıq çox qisasımdı,

Kişinin keçilən min sınağı var.


Kişi Alı, Ələsgər Bozalqanlıdı,

Kişi Valeh kimi istiqanlıdı.

Kişi qeyrətilə dəliqanlıdı,

Kişinin əlçatmaz zirvə dağı var..


Kişi Cavan Hüseyn, Mikayıl Azaflı,

Kişi tarixlərdən keçib sınaqlı.

Kişi süfrəsində gəzib yığnaqlı,

Kişinin dolanan söz-sorağı var.


Kişi sazımızda Əsədlə Mirzə,

Kişi İmran, Əkbər veriblər məzə.

Kişi Əmrah ilə Kamandar təzə,

Kişinin ölməyən diri sağı var.


Kişi könüllərin mərdlik bazarı,

Kişi İsmayıl Şıxlı “Kişi”yazarı.

Kişi istəyimin mərdlik bazarı,

Kişinin tanrı tək arxa dağı var.


Kişi özü boyda mənadı, sirdi,

Kişi müqəddəsdi, ocaqdı, pirdi.

Kişi ürəklərdə tutulan yerdi,

Kişinin nur saçan bir mayağı var.


Kişi vətən, millət, torpaq sevəndi,

Kişi vüqarıyla yeri çəməndi.

Kişi min il keçsə həmin-həmindi,

Kişinin kişi tək iz, ayağı var.


Kişi dostluğunda, əzizdir dosta,

Kişi ürəklərlə davranar asta.

Kişi çox səmimi dinər ahəstə,

Kişinin gədadan çox qınağı var.


Kişi qüruruna xələl gətirməz,

Kişi bir tikəni yeyib, itirməz.

Kişi millətindən minnət götürməz,

Kişinin səhmanı, həm salığı var.


Kişi mənliyiylə seçilənidi,

Kişi şərəfinə içilənidi.

Kişi başdan, candan keçilənidi,

Kişinin özü tək mərd qonağı var.


Kişi sərkərdədi, qabaqda gedir,

Kişi vətən üçün can fəda edir.

Kişi öz-özünü tam təsdiq edir,

Kişinin tərbiyə, qanacağı var.


Kişi görməyimə öyrənib gözüm,

Kişi məzarına əyilib dizim.

“Kişi”kəlməsin tükənmir sözüm,

Kişinin ürəkdən yanacağı var.


Kişi çörək verib, yedirdənlərdi,

“Kişi “kəlməsini dedirdənlərdi.

Kişi basılmazdı, ər oğlu, ərdi,

Kişinin gədadan sınacağı var.


Kişi haqq işiylə basılmazlardı,

Kişi künc-bucaqda qısılmazlardı.

Kişi ağılıyla asılmazlardı,

Kişinin öz sözü, öz qılığı var.


Kişi alınıban satılmayandı,

Kişi gədalara qatılmayandı.

Kişi günahlara batılmayandı,

Kişinin oxşarı, oxşadığı var.


Kişi vəfalıdı yara, yoldaşa,

Kişi öz evindən çəkilər başa.

Kişi kişi olsa, baxılmaz yaşa,

Kişinin gülşənli, gülü bağı var.


Kişi imkansızı qoymayıb naçar,

Kişi zülmətlərə şəfəqlər saçar.

Kişi qapısını taybatay açar,

Kişinin özü tək arxa, dağı var.


Kişi insanlığın qiymətlisidi,

Kişi zəhmətkeşin zəhmətlisidi.

Kişi həyalının hörmətlisidi,

Kişinin ürəkdə odlu çağı var.


Kişi səxasıyla ad alıb gedir,

Kişi damaqlarda dad olub gedir.

Kişi alov olub, od olub gedir,

Kişinin daxilən şam-çırağı var.


Kişi haqq kəlamlı, doğru sözlüdü,

Kişi zəhmlidi, nurlu üzlüdü.

Kişi baxışıyla tərlan gözlüdü,

Kişinin döyüşən solu-sağı var.


Kişi təməllidi, ulu nəsilli,

Kişi dörd fəsildən, bahar fəsilli.

Kişi vətənini şair təmsilli,

Kişinin güllənən könül bağı var.


Kişi ölkəsində sevib, sevilir,

Kişio lanının qədrini bilir.

Kişi təpəsindən ruzi ələnir,

Kişinin dərd əli, dərd ayağı var.


Kişi ədalətli, mürvətlilərdi,

Kişi cəsarətdə sürətlilərdi.

Kişi mərd olandı, cürətlilərdi,

Kişinin məhvinə namərd, yağı var.


Kişi təbiətən tox olan kəsdi,

Kişi haqsızlıqla yox olan kəsdi.

Kişi vətənimdə çox olan kəsdi,

Kişinin qal günü öz sınağı var.


Kişi birliyini sanandı birlik,

Kişi sirliyini anandı sirlik.

Kişi ərliyini qanandı ərlik,

Kişinin anlayıb anlatdığı var.


Kişi vəfatına baiskar zaman,

Kişi vəfatına çəkmişəm aman.

Kişi uman yerə gətirər güman,

Kişinin olumla, olacağı var.


Kişi aqil dədə, müdrik ağsaqqal,

Kişi zəkasıyla etməz qeyli-qal.

Kişi xoş işlərdə olur əhli-hal,

Kişinin geyimi, yaraşığı var.


Kişi dar məqamda irəli durar,

Kişi kef soruşar, əhvallar sorar.

Kişi hər işini ağılla qurar,

Kişinin atılan düz ayağı var.


Kişi ürəklərdə gülüş, qəh-qəhə,

Kişi şərəfinə gəldim səh-səhə.

Kişi heyranı tək düşdüm bəh-bəhə,

Kişinin sinəmdə gül saçağı var.


Kişi şəhid olur “ Vətən” deyərək,

Kişi qalib gəlir sinə gərərək.

Kişi xoflu olmaz, qəlbə dəyərək,

Kişinin çıxılmaz öz cızığı var.


Kişi ölən zaman bir dəfə ölər,

Kişi sönən zaman bir dəfə sönər.

Kişi dönən zaman bir dəfə dönər,

Kişinin sönməyən nur çırağı var.


Kişi yeri, göyü yaradanımdı,

Kişi təbiəti oyadanımdı.

Kişi öz-özünü sınadanımdı.

Kişinin sansızı canlatdığı var.


Kişi Allah, Məhəmməd, Əli,

Kişi dediyinə baş əydim, bəli.

Kişi bu bəşərin danışan dili,

Kişinin yatmayan bir oyağı var.


Kişi Məhərrəmin ziyarətgahı,

Kişi həsrətimin yoxdu günahı.

Kişi deyə-deyə açdım sabahı,

Kişinin alnımda bir yazdığı var.



1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə