Quliyev Ələkbər Məmməd oğlu (1911-1983) Məşhur botanik, genetik və seleksiyaçı alim,
akademik, Əməkdar Elm Xadimi Ələkbər Məmməd
oğlu Quliyevin Azərbaycanda botanika, bitkilərin
genetikası,
fiziologiyası,
genefondunun
dəyişkənliyi, ümumilikdə biologiya və kənd
təsərrüfatı elmlərinin öyrənilməsi, inkişafı sahəsində
elmi-praktiki və nəzəri cəhətdən olduqca böyük
əhəmiyyət kəsb edən fundamental-tətbiqi xarakterli
tədqiqatların aparılmasında və ölkəmizdə aqrar
sahənin mütəxəssislərinin hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Alimin
rəhbərliyi ilə ölkəmizin bitki örtüyünün genefondu, bitkilərin anatomiyası,
fiziologiyası, genetikası, seleksiyasının öyrənilməsi sahəsində aparılan
təcrübələr çox uğurlu nəticələr vermiş və elmi yeniliklərə nail olunmuş, çoxlu
sayda elmlər namizədləri və doktorları hazırlanmışdır. Alim, aqronomluq,
bitkiçilik və biologiya elmləri üzrə çoxlu sayda ali məktəb dərslikləri, dərs
vəsaitləri, kitab və monoqrafiyaların müəllifi olmuşdur. Ə.M.Quliyevin
təbiətşünaslıq elmləri üzrə apardığı elmi axtarışlar sanki genetik olaraq öz
övladlarına da sirayət edərək onlara biologiya elmi sahəsində böyük uğurlar
nəsib etmişdir. Oğlu biologiya elmləri doktoru, professor Akif Quliyev Bakı
Dövlət Universitetinin «Biologiya» fakültəsinin dekanı, «Biokimya və bitki
fiziologiyası» kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Rauf
Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri, Sayad Quliyev
isə ADAU-nun «Bitkilərin genetikası və seleksiyası» kafedrasının dosenti
vəzifəsində işləyir. Ə.M.Quliyevin ölkəmizdə yüksək ixtisaslı kənd təsərrüfatı
kadrlarının– aqronom, baytarlıq təbabəti həkimi, zootexnik və bioloqların
yetişdirilməsi sahəsində çox böyük xidmətləri olmuşdur.