Rəqabəti labüd edən əsas qanunlar bunlardır: mülkiyyət haqqında qanun; antiinhisar fəaliyyəti haqqında qanun; müflisləşmə və iflas haqqında qanun; sahibkarlıq fəaliyyəti haqqında qanun; tender haqqında qanun və s.
Rəqabət təbiətdə, iqtisadiyyatda və insan cəmiyyətində flora və faunalar, mülkiyyət formaları və milli iqtisadiyyat sahələri, ölkələr, millətlər, xalqlar arasında və daxilində həyat üçün ümdə olan resurslar və imkanlar uğrunda gedən açıq və gizli yarışdır - mübarizədir.
Bazar iqtisadiyyatının bərqərar olması və fəaliyyətinin alıcılara və perspekivə marketinq prinsipləri və tələblərinə uyğun istiqamətləndirilməsində rəqabətin rolu böyükdür. İnkişaf etmiş ölkələrin coxillik təcrübələri göstərir ki, rəqabət bazar mühitini labüd edən əsas şərtlərdən və elementlərdən birincisidir, sahibkarlığın inkişafının başlıca zəruri şərtidir. Yaxın keçmişdə – cəmi 20-24 il bundan əvvəl Azərbaycanın bazar münasibətləri və təsərrüfatçılığı sisteminə keçməsi ilə əlaqədar ictimai həyatda rəqabətin rolu dönə – dönə artmağa başladı. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqabət mühitinin qorunub saxlanılması, müdafiə edilməsi, saflaşdırılması və sivill səviyyəyə qaldırılması dövlət qurumlarının iqtisadiyyatı tənzimlənməsi istiqamətində mühüm vəzifələrindən biri oldu. Bütün bunlar ölkəmizdə rəqabəti firmanın marketinq mühitinin vacib elementi və amili kimi qəbul etməyə şərait yaratdı. Hal – hazırda, yəni Azərbaycanın iqtisadi reallığında, rəqabətin tədqiqinə və təhlilinə tələbatın artması bazarda fəaliyyət göstərən müəssisələrin, firmaların, şirkətlərin, kompaniyanın və s. gündəlik həyatlarında rəqabət mübarizəsinin kəskinləşməsi və mənfəətin aşağa düşməsi meyilləri ilə izah olunur. Bununla əlaqədar olaraq rəqabətin tədqiqinin aparılması ölkəmizdə fəaliyyət göstərən və göstərmək istəyən hər-hansı bir firmanın marketinq xidmətinin əsas vəzifələrinin birinə çevrilir. Bu gün bazarda rəqabətin tədqiq edilməsinin vəziyyəti, zəruriliyi və vacibliyi yalnız bazarda fəaliyyət göstərən müəssisələrin marketinq şöbələri rəhbərləri tərəfindən yox, həmçinin elmi əsərlərdə və müasir tədqiqatçıların marketinq üzrə nəzəri işlərində qeyd olunur.
Rəqabət - iqtisadi inkişafın, məhsulun keyfiyyətinin yüksəlməsinin, elmi texniki tərəqqinin sürətlənməsinin, istehsal xərclərinin və qiymətin aşağı enməsinin güclü stimuludur. Cəmiyyət üçün səmərəsiz, çox məsrəfli və mənfəətsiz istehsalın ləğvini tələb edən rəqabət, ictimai istehsalın səmərəliliyinin intensiv artmasına şərait yaradır.
Təcrübədə rəqabət, məhsul istehsalçılarını bazar tələblərinə istiqamətləndirərək, əmtəə və xidmətlərin alıcılar tərəfindən geniş seçiminə, istehsal ehtiyaclarının daha tam ödənilməsinə şərait yaradır.
Əmtəə istehsalçılarının arasında rəqabətin yaradılması hamı üçün sərfəli olan bazar iqtisadiyyatına keçidin vacib şərtidir. Hər bir sahibkarın başlıca məqsədi mənfəətin maksimallaşdırılmasına gətirib çıxaran təsərrüfat fəaliyyətinin genişləndirilməsidir. Rəqabət bazar mexanizminin zəruri elementi olaraq cəmi bazar iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.
İqtisadiyyatda yüksək rəqabət fəallığının saxlanılmasının vacib aləti antiinhisar siyasətinin aparılmasıdır. Tədqiqatlardan aydın olur ki, iqtisadiyyatı bazar prinsipləri əsasında (inzibati və iqtisadi tədbirlərdən başqa) qurulan bütün dövlətlərdə müəyyən səviyyəli antiinhisar tənzimlənməsi sistemi də formalaşır. Bu, o məqsədlə həyata keçirilir ki, istehsalçıların bazarının inhisarlaşdırma imkanları məhdudlaşdırılsın. Həmin sistem özündə hüquqi tədbirlərin həyata keçirilməsini də birləşdirir.
Dövlətin antiinhisar tənzimlənmə tədbirləri rəqabət səviyyəsinin tənzimlənməsini, istehsalın inhisarlaşdırılmasını və müəssisələrin bu sahədə taktikalarını, xarici iqtisadi fəaliyyətlərini, qiymət siyasətlərini, eləcədə verginin tənzimlənməsini özündə birləşdirir.
İqtisadiyyatın səmərəliliyinin artırılması məqsədini güdən antiinhisar qanunvericilik sənədlərinin yaradılması və istifadəsi üzrə Qərb ölkələrinin təcrübəsi bazar münasibətlərinin rəqabətin səviyyəsinin və miqyasının dövlət tənzimlənməsinin bu cür formada olması zəruriliyini sübut edir. Belə ki, inhisar razılaşmalarını qadağan edən və bu gün «iqtisadi azadlıq xartiyası» kimi tanınan, ilk qanun 1889-cu ildə Kanadada, sonra isə ABŞ-da qəbul edilmiş Şerman-qanunu olmuşdur.
Dövlətin antiinhisar tənzimlənmə tədbirləri müvafiq qiymət siyasətinin aparılmasını, o cümlədən əksər əmtəə qruplarına (infrastrukturu çıxmaqla) qiymətin liberallaşdırılmasını nəzərdə tutur. Bu siyasətin əsasını rəqabətin genişləndirilməsi, onun bütün istehsal – satış və bütün müxtəlif fəaliyyət sahələrinə yayılması amalı təşkil edir. Burada bütün milli bazarlarlarda xarici istehsalçıların nəzarət altında saxlanılması və lazımı süzgəcdən keçirərək daxili bazarlara buraxılması, mövcud inhisarçılara əks olan başqa rəqib istehsalçıların cəlb edilməsi ilə əlaqədar tədbirlərinin işlənməsi və qəbul edilməsi, istehsalın diversifikasiyasının stimullaşdırılması nəzərdə tutulur.
İstehsalçıların ən çox rəqabət apardıqları sahə - satış və istehlak bazarlarıdır. Müasir şəraitdə rəqabət rejimi, təşkil edilmiş bazarlarda alıcı və mənfəət uğrunda mübarizə ilə yanaşı, əsasən istehsalçılar və satıcılar arasında xammal bazarları, əmək ehtiyatları, kapital, elmi-texniki kəşvlərin istifadəsi hüququ uğrunda rəqabət də artır. Belə ki, son illərdə bazarların aparıcı subyektləri arasında xüsusilə əmək ehtiyatları, elmi-texniki yeniliklərin tətbiqi uğrunda rəqabət daha da kəskinləşmişdir. Bu elm tutumlu sahələrin inkişaf etməsi və innovasiya tələb edən istehsalların artması ilə əlaqədardır. Hal–hazırda vəziyyət o yerə çatıbdır ki, inkişaf etmiş ölkələrin təhsil sistemləri firmaların yüksək ixtisaslı kadrlara olan tələblərinin artmasını tam ödəyə bilmir. Bu yeni yaranan problemin həlli üçün firmalar, kampaniyalar və bu kimi qurumlar müxtəlif üsullarla öz-özlərində təhsil müəssisəsi yaratmağa, digər xüsusi elmi- tədqiqat və istehsal sferalarından kadrları cəlb etməyə, hətta başqa ölkələrdən onları dəvət etməyə qədər üsullara əl atmalı olurlar.
Son illərdə informasiya və rabitə texnologiyaları, eləcədə digər sahələrdə müşahidə edilən elmi-texniki inqilab cəmi elm və texnika sahələrində rəqabət mübarizəsini son həddə qədər kəskinləşdirilir. Bu yeni şərait daim mütərəqqiləşdirilməkdə olan firmaların durmadan çiçəklənməsinin ayrılmaz şərtinə çevrildi. Bu günün reallığı göstərir ki, elmi kəşvlər və ya prinsipcə yeni əmtəələrin yaradılması istənilən kampaniyanı bazar iqtisadiyyatında qiymətləndirilən nailiyyətlər yüksəkliklərinə qaldıra bilər.
Müasir şəraitdə hər bir ölkədə rəqabət daha çox beynəlxalq xarakter almaqla yanaşı, meydana yeni firmalar və rəqabət mübarizəsi formaları çıxır. Məsələn, yeni, daha mütərəqqi əmtəə, daha müxtəlif xidmət təklifi, daha geniş və yaraşıqlı reklama əsaslanan qeyri qiymət rəqabəti inkişaf edir. İnkişafın indiki mərhələsində bütün bunlar rəqabətə xüsusi kəskinlik gətirir.
Müasir şəraitdə rəqabətin rolu həmçinin investisiya fəaliyyətində də artır. Burada iri investisiya lahiyyələrinin antiinhisar ekspertizası vacib rol oynayacaqdır. Tədqiqatlardan aydın olur ki, bazar mövqeyinin möhkəmləndirilməsinə və üstəlik götürülən mənfəətin saxlanmasına və artırılmasına yönəldilmiş rəqabət perspektivdə daha çox müəssisə və birliklərin hər şeydən əvvəl nailiyyətlərini birləşdirən yeniliklərin tətbiqi, yeni bazar sığınacaqlarının axtarışı, dəyişən iqtisadi mühitə uyğunlaşma bacarığı ilə sıxışdırılacağı gözlənilir.
Bazar iqtisadiyyatında, rəqabət və rəqabət mübarizəsinin dahada kəsginləşdiyi bir şəraitdə, mülkiyyət formasından asılı olmayaraq, istehsal edilən məhsulun yüksək keyfıyyətdə olması, onun çeşidinin tez-tez dəyişməsi müəssisələrin və onların məhsullarının rəqabət qabiyyətliliklərinin təmin edilməsinin vacib şərtidir.
Dostları ilə paylaş: |