Tomas Cefferson
Fermopil keçidindəki döyüşün qəhrəmanı, Sparta çarı Leoniddən soruşduqda
ki, niyə adamlar şərəfli ölümü şərəfsiz həyatdan üstün tuturlar, o, cavab verdi:
“Onlar hesab edirlər ki, həyat və ölüm təbiətin işidir, şərəf və şərəfsizlik isə
bizim”.
Plutarx
Azmağa minlərlə yol aparır, həqiqətə isə yalnız biri.
Jan-Jak Russo
Birləşmiş Ştatların üçüncü prezidenti, İstiqlaliyyət Deklarasiyasının əsas
müəllifi və nüfuzlu siyasi filosof Tomas Cefferson 13 aprel 1743-cü ildə
Virciniyanın Albemarl qraflığının Şadyell şəhərində anadan olmuşdu. Onun atası
qraflığın ilkin məskunlarından biri və lideri idi. Tomasın 14 yaşı olanda atası
ölmüşdü və oğluna xeyli mülkiyyət qoyub getmişdi. Bu irsin hesabına o, yaxşı
klassik təhsil almışdı. 1760-cı ildə o, Uilyam və Mariya kollecinə daxil olmuşdu.
Gənc olmasına baxmayaraq Uilyamsburqun üç aparıcı sakini ilə dostluq etmişdi.
Bu üç xeyli yaşlı adam Ceffersona şəhər cəmiyyətinin dəyərlərinə, yaxşı
cəhətlərinə zövq aşılamışdılar. Onlardan biri onu intellektual həvəsə
istiqamətləndirmiş, digəri onda təbiət elmlərinə, tədqiqatın rasional metodlarına
67
maraq oyatmışdı. Üçüncüsü isə ona tarixi, mədəniyyəti, institutları və adamların
əxlaqını başa düşməklə, qanunu öyrənməyin yolunu göstərmişdi.
Kolleci iki ilə bitirdikdən sonra axırıncının rəhbərliyi altında beş il qanunu
öyrənməklə məşğul olmuş və 1767-ci ildə vəkilliyə qəbul edilmişdi. 1769-cu ildə
isə o, koloniya qanunvericilik parlamentinin aşağı palatasına daxil olmuş və
beləliklə, gələcəkdə onun Birləşmiş Ştatların prezidentliyindən istirahətə
yollanacağı vaxta qədərki 40 il müddətində davam edən uzun siyasi karyerası
başlanmışdı.
Cefferson burgess palatasına daxil olanda Virciniya və digər koloniyalar on
il ərzində Britaniyanın müstəmləkə siyasətinə qarşı müxalifət mövqeyində
dayanmışdı, bu isə labüd olaraq inqilaba və müstəqilliyə aparacaqdı. Cefferson
Patrik Henri ilə yanaşı daim kral III Corca güclü müqavimət göstərən digər
şəxslərə qoşuldu və tezliklə bu qrupun liderlərindən birinə çevrildi. Onun siyasi
üslubu Henrininkindən çox fərqli idi. O, bir alim kimi qanunçuluq və tarix
sahəsindəki biliyini Böyük Britaniyaya qarşı olan hərəkatı daha məharətlə
dəstəkləməyə sərf edirdi. O, nadir hallarda çıxış edirdi, söz müzakirələrini
sevmirdi, səmərəli siyasi fəaliyyət üçün razılaşmanın zəruri olmasını qəbul edirdi.
Onun ilk essesi olan “Britaniya Amerikası haqlarına məcmu baxış” (1774-cü il)
onun güclü qabiliyyətini və ehtirasını nümayiş etdirirdi, intellektual radikalizmə
meylini açıb göstərirdi. Bu vaxt onun kolleqalarından heç kəs Britaniya
parlamentinin qanunvericiliyə görə koloniyalar üçün heç bir səlahiyyətə malik
olmadığı barədə gəldiyi nəticəni qəbul etməyə hazır deyildi. Ancaq Böyük
Britaniya ilə münasibətlər getdikcə daha da pisləşirdi.
Onun arqumentləri daha qəbul edilən olmaqla, dili isə həm inandırıcı, həm
də adamları hərəkətə gətirən idi. “Allah bizə həyat verməklə, eyni zamanda azadlıq
vermişdir; güc əli onları məhv edə bilər, lakin bir-birindən ayıra bilməz”.
1775-ci ilin yazında Virciniya qanunvericiliyi kral qubernatoruna açıqca
tabe olmamaqla, inqilabi qurultayını keçirdi və Ceffersonu Filadelfiyada
toplaşacaq İkinci Kontinental Konqressə yollanacaq öz nümayəndə heyətinin üzvü
təyin etdi. Burada o, Konqressdəki radikal qrupa qoşuldu və bir komitə üzvü kimi
yenə də onun bacarığı, yazı qabiliyyəti və yanaşma üslubu qiymətləndirildi və
bunlardan istifadə edildi.
1776-cı ilin iyununda Böyük Britaniya ilə əlaqəni tamam kəsmək qərarı
yaxınlaşdıqca, Cefferson bu qərarın səbəblərini göstərən rəsmi bəyanatın layihəsini
hazırlayan komitəyə təyin edildi. İstiqlaliyyət Deklarasiyasını hazırlamağa ondan
başqa Con Adams, Rocer Şerman, Robert Livinqston və Bencamin Franklin
seçilmişdi. Bencamin Franklin və Con Adams virciniyalının yüksək istedadını
etiraf edib, minnətdarlıq şəklində buna baş əydilər. Beləliklə, Cefferson
İstiqlaliyyət Deklarasiyasının başlıca müəllifinə çevrildi. Bu rəsmi dövlət sənədi
idi və sonrakı dövrdəki həyatında da o, bəyan etmişdi ki, bu sənəd o vaxtlar da
amerikan rəyini ifadə etmək məqsədini güdürdü. Bu, heç şübhəsiz, doğru idi, lakin
həm də bu da doğru idi ki, Deklarasiyanın prinsiplərinə onun şəxsi münasibətinin
özü də dərin və çox güclü idi. Bu sadəcə ədəbi müəlliflik deyildi, Cefferson
Deklarasiyada ifadə olunan idealların unikal simvolu olmaq düşüncəsini yaradırdı.
68
II Kontinental Konqress 4 iyul 1776-cı ildə Filadelfiyada İstiqlaliyyət
Deklarasiyasını qəbul etdikdən sonra, Nyu-York istisna olmaqla bütün koloniyalar
onu qəbul etdi. Tomas Cefferson İstiqlaliyyət Deklarasiyası barədəki mübahisələri
belə qiymətləndirirdi:
“İngiltərədə bizim dostlarımızın olması və onları ürkütmək barədəki
təhlükəli fikir hamının başında dolaşırdı. Ona görə də layihədən ingilis xalqını
təhqir edəcək maddələr pozuldu. Afrika sakinlərinin qul edilməsini məhkum edən
maddəni də biz pozduq. Biz Cənubi Karolina və Corciyanın maraqlarını nəzərə
almalıydıq. Onlar heç vaxt ərazilərinə qul gətirilməsinə məhdudiyyət qoyulması ilə
razılaşmazdılar”. Bencamin Franklin İstiqlaliyyət Deklarasiyasını imzalayanda
demişdi: “Biz hamımız bir yerdə olmalıyıq, əks təqdirdə bizi bir-bir asacaqlar”.
İstiqlaliyyət Deklarasiyasının müəllifinin 30 yaşı olanda, 1774-cü ildə o,
krala qarşı pamflet yazmışdı və buna görə Britaniya məhkəməsi onu qiyabi olaraq
ölüm cəzasına məhkum etmişdi. İstiqlaliyyət Deklarasiyası isə 13 koloniyanın
Böyük Britaniyadan ayrılmasına əsaslanırdı. İnsan ilk dəfə azad cəmiyyətin
məqsədi və əsası kimi təqdim olunurdu: “Biz aşağıdakı həqiqətləri şübhəsiz hesab
edirik: bütün adamlar bərabər yaradılmışlar, onların hamısına öz Yaradanları
anadangəlmə və ayrılmaz hüquqlar bəxş etmişdir, onların sırasına həyat, azadlıq və
xoşbəxtliyə can atmaq hüquqları daxildir. Bu haqların təmin edilməsi üçün insanlar
arasında hökumətlər təsis edilir, onlar idarə etdiklərinin razılığı ilə ədalətli
hakimiyyətə yiyələnirlər. Əgər hökumətin həmin forması bu məqsəd üçün
məhvediciyə çevrilirsə, onda xalq onu dəyişdirmək və ya onu məhv etmək və belə
prinsiplərə əsaslanan yeni hökumət təsis etmək hüququna malikdir. Hökumətin elə
təşkilinə ki, bu, xalqın rəyinə görə təhlükəsizliyə və xoşbəxtliyə daha çox xidmət
edəcəkdir...
...Bu koloniyaların xoşniyyətli xalqı adından və onun müvəkkilləri kimi
təntənəli surətdə elan edir və bildiririk ki, bu birləşmiş koloniyalar bu vaxtdan
etibarən azad və müstəqil ştatlardır, Britaniya taxt-tacının qul mükəlləfiyyətindən
qurtulmuşlar, Böyük Britaniya ilə onların arasındakı hər cür siyasi əlaqələr
tamamilə kəsilir və müstəqil və azad ştatlar kimi onlar tam hüquqlara malikdir və
müstəqil dövlət kimi öz işlərini idarə edirlər”.
II Kontinental Konqressin bəyəndiyi, Tomas Ceffersonun yazdığı
İstiqlaliyyət Deklarasiyası siyasi sənəd kimi maarifçiliyin “yaşamaq, azadlıq və
xoşbəxtliyə can atmaq” kimi təbii hüquqlarını təsdiq etdi və koloniyaların
Britaniya taxt-tacına bütün sədaqətdən xilas olmaqla, azad və müstəqil olacağını
bəyan etdi.
Cefferson güman edirdi ki, onun inqilabi manifesti Böyük Britaniyaya qarşı
qiyama bəlağətli qaydada haqq qazandırılmasından da yüksəkdə durmalıdır. O,
Deklarasiyanın prinsiplərinin praktiki həyatda öz əksini tapmasını və Amerikada
elə bir cəmiyyət yaranmasını istəyirdi ki, orada cəhdlə nail olmaq arasındakı
uçurum daha dar olsun. O, Virciniyanın yeni konstitusiyasının tərtibində iştirak
etməklə buna yaxınlaşmaq istəyirdi və 1776-cı ilin iyununda bu sənəd qəbul edildi.
Lakin Filadelfiyada onun vəzifələri bunu qeyri-mümkün etdi və o, oktyabr ayına
qədər Virciniya qanunvericilik parlamentinə daxil olmadı. Onun planının iki
69
hissəsi göstərirdi ki, o, təmsilçilik idarəetməsinin təbiətini və onun uğurlu
fəaliyyəti üçün lazım olan şəraitləri nəzərdə tutur. Onun üçüncü ehtiraslı vədi
intellektual azadlıqda təcəssüm olunurdu.
Cefferson Virciniyada mülkiyyətin az sayda böyük torpaq sahiblərinin
əlində cəmləşdirilməsinə imkan verən qanunları ləğv etmək yollarını arayırdı. O,
inanırdı ki, mülkiyyət insanın anadan olması ilə qazandığı təbii hüquqlar sırasına
daxildir və bu qaydalı şəkildə mövcudluq hüququ mənasını verir. Bir neçə il sonra
Fransada iqtisadi vəziyyəti müşahidə etdikdən sonra o, yazırdı:
“Hər bir ölkədə olduğu kimi burada da becərilməyən torpaqlar və işləməyən
yoxsul adamlar vardır. Bu aydındır ki, mülkiyyət qanunları təbii hüquqa təcavüz
etməyə qədər genişlənmişdir. Yer, adama onun işləməsi və onun üstündə yaşamaq
üçün dayaq məkanı kimi verilmişdir. Bu, fərasəti həvəsləndirmək üçündür, biz
onun müsadirə olunmasına icazə veririk, biz ona qayğı göstərməliyik ki, hər bir
işçi bu müsadirədən çıxarılan paylarla təmin edilsin. Əgər biz əmək üçün
fundamental hüququ tətbiq etməsək, yer istifadəsiz qalana çevriləcəkdir”.
Bu hüququ inkar edən cəmiyyət ədalətli ola bilməz, bu heç arzu olunan
respublika hakimiyyətindən istifadəyə də bənzəməz.
Virciniya üçün təklif olunan təhsil sistemi Ceffersonun respublika idarəçiliyi
ilə bağlı olan planın digər bir hissəsi idi. Aşağı (ibtidai) məktəblər bütün əhaliyə
savadlılıq verəcəkdi. Bu, azad mətbuatla birlikdə ictimai rəyi məlumatlandırmaq
üçün vacib idi. Yuxarı məktəblər təbii kübarlığı liderlik səviyyəsinə qaldıracaqdı,
bu isə təmsilçi hökumət üçün vacib idi. Bu vaxt alimlik ləyaqət əsasında
mükafatlandırılmaqla, təhsil imkanının iqtisadi imtiyazlarla eyniliyinin qarşısını
alacaqdı. Cefferson inanmırdı ki, cahil adam ictimai işlər barədə rasional və
məsuliyyətli qərarlar verə biləcəkdir. O, adamların qabiliyyət sahəsində də bərabər
olmasına inanmırdı. O, güman edirdi ki, fövqəl qabiliyyətlərə malik olan adamlar
təbii olaraq ictimai vəzifəyə yarayırlar və onun təhsil sxemi belə bir niyyəti
güdürdü ki, həmin adamlar iqtisadi şəraitlərindən asılı olmayaraq öz istedadlarını
inkişaf etdirə bilsinlər. Ceffersonun virciniyalı sirdaşları hərtərəfli azad ictimai
təhsil sisteminə hazır deyildilər. Planlaşdırdıqlarından yalnız birini o, Virciniya
universitetinin timsalında qoruyub saxlamışdı.
Virciniya qanununda üçüncü və ən mühüm islahat dini azadlıq üçün nəzərdə
tutulan tədbirlər idi. Bu islahat çox acı və qızğın müqavimətlə qarşılandı və 1786-
cı ilə kimi qüvvəyə minmədi. Bu vaxt isə Cefferson Fransada idi.
Virciniyada olduğu kimi bir sıra ştatlarda vahid kilsə qurulmuşdu, digərləri
isə protestantlara görə azaldılmışdı. Virciniya qanunu nəzərdə tuturdu ki, ştatla
kilsə arasındakı ənənəvi əlaqəni bütünlüklə yox etsin. Qanun ictimai vergi vasitəsi
ilə hansısa dini dəstəkləməyi qadağan edirdi. Cefferson bu qanunu müəyyən
dərəcədə öz andının icrası kimi qiymətləndirirdi: “Adamların şüuru üzərində
tiraniyanın istənilən formasına qarşı əbədi düşmənçiliyə mən Allahın mehrabı
qarşısında and içmişəm”.
Üç il qanunvericilikdə işlədikdən sonra Cefferson 1779-cu ildə Virciniya
ştatına qubernator seçildi və bu vəzifədə iki il işlədi. Vəzifənin məsuliyyəti çox,
səlahiyyəti isə az idi. 1780-1781-ci illərdə Virciniya Britaniya qüvvələrinin
70
hücumuna məruz qaldıqda Cefferson səmərəli müqavimət göstərməyi təşkil edə
bilmədi və özü əsir düşməkdən böyük çətinliklə qaça bildi. Fövqəladə şəraitdə
onun davranışı tənqidə layiq idi, baxmayaraq ki, qanunverici orqan ona yekdilliklə
etimad göstərmişdi. Yenidən qubernator işləməkdən o, imtina etdi və özəl vətəndaş
kimi Montiçelloda yaşamaq üçün istirahətə yollandı.
Bu qərarın qəbul olunması üçün digər böyük bir səbəb də var idi. O,
arvadının səhhətinə görə həyəcan keçirirdi. Marta Ueyms Skelton ona beş uşaq
doğmuşdu, onlardan yalnız ikisi sağ qalmışdı. 1781-ci ildə altıncı uşağını
doğandan sonra sağala bilmədi və vəfat etdi. Ceffersonun hüznü ölçüyə sığmırdı.
Lakin arvadı ilə münasibətlər barədə onunla məktublaşmalarda detallar öz əksini
tapmır. Onların nikahı qeyri-adi bir xoşbəxt ittifaq idi, lakin göründüyü kimi,
Cefferson bunu qoruyub saxlaya bilməmişdi, dağıtmışdı. Çünki o, bütünlüklə
götürüldükdə, tənha adam idi.
Qubernatorluqdan istirahətə getdikdən sonra Cefferson “Virciniya qeydləri”
adlı yeganə əsərinin əsas hissəsini yazdı. Kitabda onun üzərinə düşən
bədbəxtliklərlə əlaqədar yaranan emosiyalarını cilovlaya bilməsi aydın görünür.
“Qeydlər”də quldarlıq məsələsinə toxunulur, onun həm ağlara, həm də qaralara
təsiri göstərilir. Ardıcıl olaraq quldarlığa qarşı olmasına baxmayaraq,
abolyutsionizmin (quldarlığı qadağan etmək uğrundakı hərəkat) bir mühüm
maneəsini təsvir edir. O vaxtlar belə bir inam var idi ki, ciddi irqi fərqlərə görə
qaralar və ağlar birlikdə dinc və harmoniyada yaşaya bilməzlər. O, təsdiq edirdi ki,
fiziki gözəllikdə qaralar aşağıda dayanırlar, onlar irəlini görməkdən məhrumdurlar,
yaddaşda onlar ağ irqlə bərabər olsalar da, idrak və təxəyyüldə ağlardan
aşağıdırlar. O, hətta qulların oğurluğa meylli olması barədəki ittihamları da bir
nümunə kimi misal gətirirdi. “Bizim təəssüfümüzə rəğmən deyilə bilər ki, bir əsr
yarımdır ki, biz qara və qırmızı dərili adamları gözlərimiz qarşısında görürük,
onlara heç vaxt bizim tərəfimizdən təbii tarixin subyektləri kimi baxılmamışdır”.
O, Virciniya qanunvericilik orqanında Qədim Roma pretsedentinin arxasınca
gedib, fövqəladə vəziyyət vaxtı müvəqqəti diktatura qurmaq barədə iki dəfə təkrar
edilən təklifi tənqid edirdi: “Belə fikrin özü xalqa qarşı xəyanətdir, ümumilikdə
bəşəriyyətə qarşı xəyanətdir. Bu onların boynunu aşağı əyən zəncirin əbədi
müddətə bağlanması olmaqla, onların istismarçısına fayda verir, bununla
axırıncılar bütün kainata respublika hökumətinin kəmağıl olduğu barədə təbil
çalacaqlar, təzyiq göstərən təhlükə yarandığı vaxtlarda isə bu, onları zərbədən
qoruyacaqdır”.
1782-ci ilin dekabrında o, ictimai xidmətə qayıtdı və bir neçə ay Kontinental
Konqressdə Virciniya nümayəndə heyətinin üzvü oldu. Bu dövr ərzində Virciniya
Ohayo çayının şimali-qərbindəki zonanı milli hökumətə verdi, müstəmləkə
dövründə buna kralın qrantına görə iddia edilmişdi. Cefferson belə bir prinsipi irəli
sürdü ki, torpaqlar əvvəlki kimi müstəmləkə ərazisi olmayacaqdır. 13 ştat elə
zonalara bölünəcəkdir ki, nəzərdə tutulan əhaliyə və təşkilatlanmaya malik olsun
və 13 əvvəlki koloniyaya bərabər kimi Birliyə daxil olsun. O, həmçinin bunu da
əlavə edirdi ki, 1800-cü ildən sonra bu ərazidə və Birləşmiş Ştatların gələcəkdə
malik olacağı hansısa digərlərində quldarlıq qadağan olunacaqdır. Bu maddə bircə
71
səslə keçmədi. Buna bənzər qərar Şimali-Qərb Ordinansına əlavə olundu, lakin bu
şərt yalnız həmin ərazidə tətbiq olunacaqdı. Əgər Ceffersonun orijinal təklifi qəbul
olunsaydı, onda quldarlıq Luiziana Satınalınmasının bütün zonasında
qanundankənar olacaqdı. O, özü sonralar bunu belə izah edirdi: “Beləliklə, biz bir
nəfərin sözündən asılı olacaq milyonlarla doğulmamışların taleyini görürdük və
Göylər həmin qorxulu vaxt dinməz qalmışdı”.
1784-cü ildə Cefferson Bencamin Franklinə və Con Adamsa qoşulmaq üçün
Fransaya yollandı. Onlar birlikdə Avropa dövlətləri ilə müqavilələr bağlamaq üçün
danışıqlar aparırdılar. Bir neçə aydan sonra o, Birləşmiş Ştatların fransız hökuməti
yanında elçisi kimi Franklini əvəz etdi. Onun üstünə düşən diplomatik vəzifələr elə
ağır deyildi və Paris ona intellektual və incəsənət xadimləri cəmiyyətini təklif etdi,
axı o, hələ Uilyam və Mariya kollecinin tələbəsi olarkən bu sahələrdə öz istedadını
nümayiş etdirmişdi. Burada o, teatra və operaya qulaq asmağa gedirdi, muzeylərdə
olurdu. Burada o, özünün kitaba olan ehtirasını söndürə bilirdi. O, Fransa və
fransızları sevirdi, lakin onlara qarşı olan tənqidi münasibətini də gizlətmirdi. O, öz
qızlarını xarici ölkədə ərə vermək istəmirdi və onları 17 yaşı keçdikdən sonra geri,
Virciniyaya qaytardı.
İstiqlaliyyət Deklarasiyasının və Virciniya Dini Azadlıq Qanununun müəllifi
kimi o, markiz de Lafayet kimi mülayim liderlərə xeyli təsir göstərmişdi və Fransız
inqilabının erkən səhnələrində onların cəhdlərinin gələcəyinə nikbinliklə baxırdı.
Bu onun həyatının ən böyük intellektual səhvi idi. İnqilabı Fransa, demək olar ki,
Birləşmiş Ştatların İstiqlaliyyət müharibəsinin uğuru üçün heç nə ilə kömək edə
bilmədi. O, gərək arzu ediləni gerçəklik kimi (“wishful thinking” məşhur ifadəsi
qaydasında) qələmə verməyəydi. Cefferson yalnız inqilabın açılış səhnəsini
müşahidə etmişdi, çünki 1789-cu ilin sonunda Birləşmiş Ştatlara dönmüşdü.
1787-ci ildə Filadelfiyada layihəsi hazırlanmış Konstitusiya Konfederasiya
qanunlarını əvəz etdi. Bu Konstitusiya sonrakı ili ratifikasiya edildi. Cefferson
sənədin çox hissəsini bəyənmişdi, lakin insan haqları maddələrinin öz əksini
tapmamasına tənqidi surətdə yanaşırdı. O, həmçinin ümumi təhsil və tam din
azadlığı planının həyata keçməsi üçün Konstitusiyanın təftiş edilməsi təklifini irəli
sürdü. O, inanırdı ki, ictimai ləyaqət o vaxt yaxşı vəziyyətdə olacaqdır ki, xalq və
onun liderləri arasında uçurum olmasın. O, güman edirdi ki, “idarə edənlər
pozulacaq və öz səlahiyyətlərindən sui-istifadə edəcəklər, xalq isə yalnız pul
qazanmağı düşündüyünə görə özünü unudacaq və öz haqlarına hörmət borcunu
səmərəli etmək üçün heç vaxt birləşmək barədə düşünməyəcəkdir”.
Ceffersonun belə düşüncəsi respublika hökumətinin xalqın sadəlövh və
nəhayətsiz inamına əsaslanması variantından irəli gəlirdi. Respublika hökuməti
yalnız aşağıdakı müəyyən şəraitlərdə uğurlu fəaliyyət göstərəcəkdir: mülkiyyətin
geniş şəkildə bölünməsi və ya vicdanla qazancdan asılı olan həmin təmin olunmuş
insanların mövcudluğuna nail olunması; ictimai ləyaqətin aşağı düşməsini
kompensasiya etməyi nəzərdə tutan qanunların və institutların olması. Virciniya
üçün təklif edilən təhsil sistemi də Ceffersonun respublika idarəçiliyi ilə bağlı olan
inamının bir hissəsi idi.
72
1789-cu ilin payızında Virciniyaya qayıdanda ABŞ-ın birinci prezidenti
seçilmiş Corc Vaşinqton Ceffersondan yeni hökumətdə Dövlət katibi olmağı xahiş
etdi. O, xahişi xeyli könülsüzlüklə qəbul etdi. Vəzifəsinin icrasına başladıqdan az
sonra o, Aleksandr Hamiltonla ziddiyyətə cəlb olundu, axırıncı isə hökumətdə
Xəzinə katibi – Maliyyə naziri idi. O, Hamiltonun həyata keçirdiyi maliyyə
sisteminə qarşı çıxdı, bu sistemə görə Konstitusiyaya uyğun olaraq səlahiyyətlər
mərkəzə ötürülürdü, bu isə xalqın əksəriyyətinin mənafeyinə zidd idi və respublika
institutları üçün müəyyən təhlükəni təmsil edirdi. Cefferson və Hamilton həm də
xarici siyasət məsələlərində razılaşmırdılar, çünki əvvəlcə Cefferson Fransaya
tərəf, Hamilton isə Böyük Britaniyaya tərəf meyl edirdi.
ABŞ-ın birinci Dövlət katibi Tomas Cefferson 1793-cü ildə Maliyyə naziri
Aleksandr Hamiltonla bir sıra konfliktindən sonra vəzifəsindən istefa verdi.
Hamilton güclü mərkəzləşdirilmiş idarəetmə tərəfdarı idi, əsl demokratiya carçısı
olan Cefferson isə ştatların böyük müstəqilliyinin bərqərar olmasına can atırdı. O,
həmçinin Hamiltonu xarici siyasət sferasına müdaxilə etməkdə ittiham edirdi.
Ceffersonun istefasının digər bir səbəbi də, əlbəttə ki, Britaniya və Fransa yönlü
istiqamətlərin tərəfdarları arasındakı mübahisə idi. Cefferson Fransa yönlü xətti
müdafiə edirdi. Aleksandr Hamilton da öz vəzifəsindən istefa verdi.
İki adam arasındakı mübahisə heç də şəxsi münasibətlər məsələsi deyildi.
Bu mübahisə ölkəyə yayılırdı və milli siyasi partiyaların bir siyasət və prinsiplər
kimi, şəxsiyyətə əsaslanmaq üzərində formalaşmasına aparırdı. Beləliklə, iki milli
partiyalı sistemin pretsedenti və nümunəsi yarandı. Corc Vaşinqtonun
prezidentliyinin birinci müddəti başa çatana yaxın artıq nə Cefferson, nə də
Hamilton Kabinetin üzvü deyildilər. Lakin hər ikisi yeni partiyaların simvoluna
çevrildilər. Cefferson demokrat-respublikaçıların, Hamilton isə federalistlərin,
indiki dildə desək, sifəti idi. Hər iki tərəf elektorat, Konqress və ştatların
qanunvericilikləri arasında öz təşkilatçılıq bacarıqlarını inkişaf etdirir və
mətbuatdan səmərəli qaydada istifadə edirdilər. Gələcək, 4-cü prezident Ceyms
Medison isə Ceffersonun adətən ən bacarıqlı köməkçisi hesab olunurdu (o, həm də
Konstitusiyaya əlavə edilmiş insan haqları haqqındakı Billin əsas müəllifi idi) və
axırıncı Con Adamsın prezidentliyində vitse-prezident kimi fəaliyyət göstərən vaxt
milli siyasətin mərkəzinə qayıdana qədər partiyada fəal liderlik edirdi.
1798-ci ildə Birləşmiş Ştatlar Fransa ilə müharibəyə çox yaxın olanda (bu
XYZ işi ilə əlaqədar idi, Fransa tərəfi ilə danışıqlar aparan amerikan nümayəndə
heyətindən fransız diplomatları rüşvət istəmişdilər), federalistlərin nəzarət etdiyi
Konqress Əcnəbilər və Qiyama Çağırış Qanunlarını qəbul etdilər. Axırıncını
xüsusən federalist hakimlər tətbiq edirdi və onlar hökumətin demokrat-
respublikaçılar tərəfindən tənqidini boğurdu. Cefferson və Medison inanırdılar ki,
bu Konstitusiyaya olan birinci əlavəyə ziddir və ona görə də qeyri-konstitusiondur.
1800-cü il prezident seçkiləri federalistlərin məğlubiyyəti ilə başa çatdı. Bu
yeni millətin inkişafında həlledici bir dövr idi. Siyasətçilər kəskin surətdə
bölünmüşdü, bu, fövqəladə düşmənçiliklə bağlı idi. Cefferson Hamiltonu
respublika hökumətinə düşmən kimi qiymətləndirirdi. Hamilton da Ceffersonu
73
radikal demaqoq hesab edirdi. Hamilton elə bir böyüklük arzu edirdi ki, burada o,
fərdlərin bilavasitə maraqlarını da tabe etməyə hazır idi.
Cefferson hökumətin niyyətini, yaşamaq üçün fərdlərin haqqını, azadlığını
və xoşbəxtliyini himayə edən kimi görürdü. Ceffersonun münasibəti və davranışı
məhz bu dövrdə aşkarlandı. O, heç də Olimpiya sakitliyini nümayiş etdirmirdi,
onun məktubları bəzən öz opponentlərinə və onların bəzilərinə fərdi qaydada qəzəb
və ehtiras ifadə edirdi. Konfutsi demişkən “Hirsli adam həmişə zəhərlə dolu olur”.
Ziddiyyətlərin çox acılığı onu narahat edirdi. O, nizamlanmayan ideoloji
münaqişənin bölücü və dağıdıcı effektini hiss edir və ondan qorxurdu. Bu nəinki
Ceffersonun belə yüksək qiymətləndirdiyi sosial harmoniyanı dağıda bilərdi, həm
də bütövlükdə respublika hökumətinin quruluş parçasını cıra bilərdi.
Respublikaçılar onu 1796-cı ildə prezidentliyə namizəd irəli sürmüşdülər,
lakin o, Con Adams tərəfindən məğlub edilmişdi. O, vitse-prezident kimi fəaliyyət
göstərməyə başladı. XYZ işinin arxasınca prezidentin Fransa ilə müharibə tərəfdarı
kimi mövqeyi, nizami ordunun yaradılması və Əcnəbilər və Qiyama Çağırış
Barədə Qanunlar (1798-ci il) Adamsla onun uzunmüddətli dostluğunu pozdu.
1800-cü il prezident seçkilərini federalist namizədlər açıqca uduzsalar da, bu
vaxt respublikaçı namizədlər olan Ceffersonun və Aaron Barrın heç birinin üstün
olmadığını da üzə çıxardı. Seçki qabağı kampaniyanın özü çox sərt keçmişdi.
Ceffersona ən ədalətsiz hücumlar olurdu. Yel universitetinin prezidenti Timoti
Duayt onun haqqında deyirdi ki, “əgər bu adamı prezident seçsələr, biz
arvadlarımızın və qızlarımızın qanuniləşmiş fahişə olacaqlarını görəcəyik, onlar
soyuqqanlılıqla namussuzlaşacaqlar, onların könülü bu niyyətə müvafiq olaraq
sadəlik və ləyaqətdən məhrum olacaq, Allahın və insanın söyülməsi hesabına
qurbanlara çevriləcəklər”.
Tomas Ceffersonla Aaron Barrın hər ikisi seçkilərdə 73 elektor səsi almışdı
və bu, seçim etməyi Nümayəndələr Palatasının üzərinə qoydu. Burada isə
federalistlər Barrı müdafiə edir və ölkəni Konstitusiya böhranı ilə hədələyirdilər.
Ancaq Cefferson nəticədə otuz altı səs üstünlüyü ilə prezident seçildi. Bu qələbədə
onun ideya əleyhdarı olan Aleksandr Hamiltonun Ceffersondan xoşu
gəlməməsindən daha çox Barra inanmaması öz müsbət təsirini göstərdi. Hamilton
öz tərəfdarlarını Ceffersona səs verməyə sövq etdi. Bu hadisədən üç il sonra Aaron
Barr dueldə Aleksandr Hamiltonu öldürdü. Beləliklə, demokratların lideri olan
Cefferson birinci dəfə prezident seçildi və 21 mart 1801-ci ildə inauqurasiya andı
içdi. O, ilk prezident idi ki, onun inauqurasiyası yeni paytaxt şəhəri Vaşinqtonda
keçirilirdi.
Ceffersonun inauqurasiya müraciətinin ruhu barışdırıcı idi və beləliklə xeyli
geniş olmaqla, onun ilk administrasiyasının siyasətini ifadə edirdi. Onun sonralar
Luiziana Satınalınması və Embarqo Aktının qəbul olunması kimi addımları da
özünün dediyi kimi, federalistlərin özündən daha çox federalist münasibətin ifadəsi
idi.
Onun inauqurasiyası güclü təsir etməklə radikal dəyişikliklər meydana
gətirdi. Ceffersonun daha çox doktrinaçı və təhlükədən az hali olmasından asılı
olmayaraq, ilk partiyanın yaratdığı bu incə situasiya yeni idarəetmə tarixində
74
inzibatçılığın dəyişilməsinə səbəb oldu. Birləşmiş Ştatların gələcəyi bundan sonra
daha az sabitliklə xarakterizə olundu. Onun prezidentliyinin ən böyük nailiyyəti
Luiziananın Fransadan satın alınması oldu.
1803-cü ildə Luiziana ərazisinin əldə edilməsi ölçüyə sığmayan bir
əhəmiyyət daşıyırdı, çünki bu, Birləşmiş Ştatların ərazisini demək olar ki, ikiqat
böyüdürdü. Ceffersonun əvvəlcə planı Missisipi çayının mənsəbində olan kiçik
zonanı satın almaq idi. Napoleon isə bütöv ərazini satmağı təklif etdikdə, Cefferson
bunda öz uduş şansını gördü və təklifi qəbul etdi. Onu da özü yaxşı bilirdi ki, bu
sövdələşməni aparmağa onun heç bir konstitusiya səlahiyyəti yoxdur. Ancaq o,
inanırdı ki, bu satınalma qitəni başlıca əcnəbi dövlətlərdən uzaqlaşdırmaqla,
Birləşmiş Ştatların təhlükəsizliyinə kömək edəcək, nəsillər boyu respublika
hökumətinin stabilliyinə əminlik yaradacaqdır, çünki məskunlar üçün nəhəng
torpaqlar mənbəyinə malik olmaq imkanı verəcəkdir.
Cefferson 1804-cü ildə yenidən prezident seçildi. Corc Klintonu vitse-
prezidentlikdə Börr əvəz etdi. Ceffersonun ikinci administrasiyası Börru
inandırmaqda uğursuzluğa düçar olduğuna görə məşhurluq qazandı. Börr cənubi-
qərb ərazilərində xəyanətkar hərəkətlərə yol vermişdi. Digər bir uğursuzluq isə
Napoleon müharibələri dövründə prezidentin neytrallıq siyasətini güdmək cəhdləri
və okeanlarda neytrallıq hüququnu dəstəkləmək oldu. Müharibədən uzaqlaşmaq
sahəsindəki aşıb-daşan istəyi onun cəsarətsizlikdə və qətiyyətsizlikdə ittiham
edilməsinə gətirib çıxardı. Cefferson Napoleon müharibələri dövründə Amerikanın
neytrallığını qoruyub saxlamağa ümid edirdi, lakin neytrallıq ingilis-fransız
zorakılığını olduqca ağırlaşdırırdı. Nəticədə, yeni döyüşən tərəflər Atlantik okeanı
neytral kommersiya üçün bağladıqda o, 1807-ci ildə Konqressi Embarqo Aktını
qəbul etməyə inandırdı. Bu Akt xarici limanlara bütün ixracları qadağan edirdi.
1807-ci ildəki Embarqo Aktı şəxsi azadlıq prinsiplərinə zidd olduğuna və
güclü milli hökumət ideyasına onun keçmişdəki müxalifliyinə görə tənqid
olunurdu. Qanun xarici millətlərlə kommersiya əlaqələrini nizamladığına görə
Konqressin səlahiyyət dairəsinə daxil idi, Cefferson prezident olmamışdan əvvəl
bu qaydanı uzun müddət dəstəkləmişdi. Lakin Aktın tətbiq edilməsinin israr
edilməsi və onun Dördüncü düzəlişə zidd olduğuna görə sual doğura bilərdi.
Dördüncü düzəliş isə evlərdə səbəbsiz axtarışları və həbs edilməni qadağan edirdi.
Cefferson prezidentliyi tərk etdikdən sonra Konqress embarqonu ləğv etdi.
Cefferson ölkənin guşələrinin tədqiq edilməsinə böyük əhəmiyyət verirdi.
1804-cü ildə tədqiqatçılar Merieter Lyuis və Uilyam Klark Missuri çayının
hövzəsini öyrənməyə yollandılar və Sakit okeana tərəf 12,5 min kilometr məsafə
qət etdilər. Missuri ərazisinin öyrənilməsinin təşəbbüsçüsü hələ 1786-cı ildə
Tomas Cefferson olmuşdu, həmin vaxt o, Fransada səfir idi. Amerikanlar
qorxurdular ki, britaniyalılar Missuri çayının yuxarılarına soxula bilərlər.
Cefferson özünün gənclik dostu Lyuisi ekspedisiyaya yollanmaq üçün dilə tutdu.
Konqress səyahət planını 1803-cü ilin sonunda bəyənmişdi.
Ceffersonun prezidentliyi dövründə Baş hakim Con Marşallın rəhbərliyi
altında Ali Məhkəmənin qüdrəti və nüfuzu artdı. 1803-cü ildə baxılan Merburi
75
Medisona qarşı işdə məhkəmə özünün ədalət baxışını dəqiq müdafiə etdi. Marşall
Ceffersonun qohumu olmaqla yanaşı onun barışmaz düşməni idi.
Cefferson üçüncü dəfə də uğurla prezident seçilə bilərdi, lakin o, Vaşinqton
kimi hərəkət edib, bundan imtina etdi və Montiçellodakı malikanəsinə istirahətə
yollandı.
Cefferson azadlıq idealına ürəkdən bağlı idi və hesab edirdi ki, “Azadlıq
ağacı vaxtaşırı vətənpərvərlərin və tiranların qanı ilə suvarılmalıdır. Bu onun təbii
gübrəsidir”. O, özünə qarşı bütün hücumlara mərdliklə sinə gərirdi və güman edirdi
ki, “həqiqətdən qorxmayan adam yalandan da qətiyyən qorxmamalıdır”. O, həyata
yüksək ideallar nöqteyi-nəzərindən yanaşırdı, heç vaxt maddi fayda barədə
düşünmürdü. Ona görə də ona atasından böyük var-dövlət qalmasına baxmayaraq,
öləndə onun çoxlu borcu var idi və atasından qalmış 500 akrlıq (226 hektar) torpaq
sahəsi də satılmalı oldu.
Dövlətin maliyyə resursları barədə isə olduqca qənaətcil idi. Onun
administrasiyası dövründə (1801-1809-cu illər) bu sahədə yaxşı nailiyyətlər əldə
edilmişdi. Daxili vergilər ləğv edilmişdi, lakin milli borc 83 milyon dollardan 59
milyon dollara enmişdi.
Birinci berber müharibəsi də onun prezidentliyi dövründə baş verdi. ABŞ
müstəqilliyini elan etdikdən sonra Aralıq dənizində maneəsiz üzmək və ticarət
aparmaq üçün Əlcəzairə, Tunisə və Tripolitanaya ianə ödəməli idi. Bu ianə ölkə
gəmilərini dəniz quldurlarından mühafizə etmək naminə ödənilirdi. Cefferson
Atlantik okeanı ticarətinin əleyhdarı olduğundan Tripoli paşası Karamanlıya ianə
verməkdən imtina etdi. Bu ianə prezidentlər Vaşinqtonun və Adamsın vaxtında
daim ödənmişdi. Üçüncü prezidentin bu hərəkəti diplomatik münasibətlərin
kəsilməsinə səbəb oldu. Aralıq dənizinə kiçik hərbi donanma göndərildi və 1802-ci
ildə o xeyli gücləndirildi. 1803-cü ildə hərbi əməliyyatlar başlandı və limanlar
mühasirə edildi. 1805-ci ilin aprelində amerikanlar mühüm liman şəhərini tutduqda
Tripolinin işğal edilməsi təhlükəsi yarandı. Bu, Karamanlını sülh müqaviləsi
imzalamağa məcbur etdi. 1814-cü ildə ikinci berber müharibəsi baş verdi və Şimali
Afrikada dəniz quldurluğu qəti şəkildə ləğv edildi.
Ceffersonun şəxsi kitabxanasında 6 min kitab var idi, bu kolleksiyanın
əsasında ABŞ Konqressinin kitabxanası yaradıldı. Onun fəaliyyətinin ən nəcib
nümunələrindən biri Virciniya universitetinin əsasını qoyması idi.
Ölümündən on gün əvvəl İstiqlaliyyət Deklarasiyasının 50 illiyini bayram
etmək üçün Vaşinqton şəhəri (Kolumbiya mahalı) sakinlərinin onlara qoşulmaq
barədə təkliflərinə cavab verdi. O, xəstəliyinə görə ora gedə bilməzdi, ona görə də
ən xoş arzularını göndərdi və bayram edilən Deklarasiya barədə belə yazmışdı:
“Bəlkə də o bütün dünyaya, başını yuxarı qaldıran adamlara, rahib cəhaləti
və xurafatı ilə özlərini bağladıqları zəncirləri qırıb dağıtmaq və özünüidarənin
xoşbəxtliyini və mühafizəsini öz üzərinə götürmək barədə siqnal idi. Mən inanıram
ki, bu belə olardı (dünyanın bəzi hissələri üçün tezliklə, digərləri üçün sonra, ancaq
nəticədə bütün dünya üçün)”.
Cefferson Montiçelloda çox zəifləyəndə köhnə dostu Con Adams
Massaçusetsdə ölüm ayağında idi. Onların hər ikisi öz ömürlərinin mərkəzi cəhdini
76
və nailiyyətini rəmzləndirən günün 50 illik yubileyinə qədər yaşamaq istəyirdi.
Onların bu istəyi uğurlu oldu. Cefferson 4 iyul 1826-cı ildə, günorta saat 1-dən bir
qədər əvvəl öldü. Adams isə bir neçə saat sonra öldü, onun son sözü deyilənlərə
görə belə olmuşdu: “Cefferson hələ sağdır”. Cefferson Montiçelloda dəfn edildi.
Qəbir daşı üzərindəki epitafiya belə idi: “Burada Amerikan İstiqlaliyyəti
Deklarasiyasının, dini azadlıq barədəki Virciniya Qanununun müəllifi, Virciniya
Universitetinin atası Tomas Cefferson dəfn edilmişdir”.
Birləşmiş Ştatların bani-atalarından biri də həyatdan getdi. Bu banilər
arasında Tomas Cefferson, heç şübhəsiz, daha çox filosof idi. Platonun vaxtilə arzu
etdiyi Ceffersonun şəxsində öz əksini tapmışdı, dövləti filosof idarə etmişdi.
Dostları ilə paylaş: |