17
Böyük şəxsiyyətlər dünyaya məxsusdur
Antonin kimi mənim üçün şəhər və vətən Romadır, bir insan kimi isə -
dünyadır.
Mark Avreli
Böyük Karl
Bütün insanlar daim mübarizədə olur, həm şəxsi və ictimai həyatda, həm də
özü ilə.
Platon
Aldaces fortuna juvat (lat.) – Cəsarətlilərə tale də kömək edir.
Latın zərb-məsəli
Avropa tarixində yeni imperiya yaratmaqla yanaşı, bir sıra nəcib
xüsusiyyətlər sapları ilə öz dövrünün təkrarolunmaz mənəvi parçasını toxuyan
Böyük Karl (Şarleman) diqqəti xüsusilə cəlb edir. Frankların 768-814-cü illərdə
kralı olan Şarleman İtaliyada Lombardiya krallığını işğal etmiş, saksonları özünə
tabe etmiş, Bavariyanı öz səltənətinə daxil etmiş, İspaniyada və Macarıstanda hərbi
kampaniyalar aparmış, İspaniyada Asturiya krallığı, Şimali İtaliya və Britaniya
adaları istisna olmaqla Qərbi Avropadakı bütün xristian torpaqlarını bir
fövqəldövlətdə birləşdirmişdi. 800-cü ildə o, imperator tituluna yiyələnmişdi. O,
imperiyanın siyasi gücünü genişləndirməklə yanaşı, həmçinin onun ərazisində
mədəni dirçəliş həyata keçirmişdi. İmperiya öz mövcudluğunu onun varisindən
yalnız vur-tut bir nəsil sonra saxlaya bilsə də, Orta əsrlərin Fransa və Almaniya
kralları bütün konstitusional ənənələri məhz Karl monarxiyasından əxz etmişdilər.
Orta əsrlər Avropasında Karlın şəxsiyyəti xristian kralının və imperatorunun
prototipi hesab olunurdu.
Karl güman ki, 1742-ci ildə anadan olmuşdu, Gödək Pipin adlanan III
Pipinin böyük oğlu idi. Pipin qardaşı Karlomanla birlikdə bütün Frank krallığına
nəzarət edirdi. Şarlemanın babası Karl Martell isə vaxtilə Puatye yaxınlığında ərəb
ordularına qalib gəlməklə, onların İspaniya kimi Fransaya da soxulmalarının və
orada yayılmalarının qarşısını almışdı.
Krallıq edən monarxın böyük oğlu kimi Karl 12 yaşında olanda Papanı
salamlamağa getmişdi. Yeniyetməlikdəki təcrübəsi Karlın xarakterinin
formalaşmasına və məqsədlərinin kristallaşmasına kömək göstərmişdi.
Pipin öləndən sonra frank adətinə görə krallıq 768-ci ildə onun iki oğlu
arasında bölünmüşdü, lakin bu vəziyyət uzun sürmədi, çünki iki qardaş arasında
güclü rəqabət başladı. Karl anasının köməyi ilə Lombardiya kralı və Bavariya
hersoqu ilə, qardaşı Karlomana qarşı ittifaq müqaviləsi bağladı. Üç il sonra qardaşı
qəflətən öldükdə Karl krallığın yeganə hökmdarı olmağa artıq qadir idi.
Lombardiya paytaxtı Paviyaya hücum etdikdən sonra, onu məğlub etməsi ilə özünü
18
həm də Lombardiya kralı etdi. Karl bütpərəst saksonlarla döyüşdü, lakin Saksoniya
kübarları ilə ittifaqını bəyan etməli oldu.
778-ci ildə o, İspaniyaya girdi, lakin məqsədinə nail ola bilmədi. Bu
məğlubiyyəti onun hökmranlığının birinci mərhələsinin sonu rolunu oynadı. Bu
dövrdə o, cəsarətli ekspansiya siyasəti aparmışdı. On il ərzində frankların yeganə
hökmdarına çevrilmiş, Lombardiya krallığını işğal etmiş, saksonları özünə tabe
etmiş və İspaniyaya müdaxilə etmişdi.
772-ci illə 804-cü il arasında Karl 18 dəfə saksonlara qarşı vuruşmuşdu.
Axırda öz məqsədinə nail olmuş, bu ərazini bütövlükdə imperiyasına
birləşdirmişdi. Yerli əhalini o, xristianlığa keçirmişdi. 788-ci ildə Reyn çayının
arxasındakı german tayfalarından axırıncısını müstəqillikdən məhrum etmişdi.
Bavariyalılar da birbaşa imperiyaya birləşdirilmişdi.
Frank dövlətinin nəhəng qaydada genişlənməsi, onu Orta əsrlərin tayfa
dövlətlərindən çox yuxarı qaldırmışdı, kəmiyyət dəyişiklikləri həm də keyfiyyət
dəyişikliklərinə səbəb olmuşdu. Şərqi Roma və ya Bizans imperiyası özünün dünya
dövləti kimi tanınması barədə iddia irəli sürdükdə, Papalar hələ də konstitusional
qaydada Bizansın təbəələri olsalar da, Şərq imperatorlarının ikonapərəst siyasətinə
qarşı çıxdılar. Papa Romada öz şəxsi düşmənləri tərəfindən sıxışdırıldıqda, Karlın
sarayında sığınacaq tapdı və kral onu öz şəhərinə geri qaytardı. 800-cü ilin
noyabrında isə Karl özü Romaya gəlib imperator şərəflərini qəbul etdi. Həmin
vaxtdan etibarən Papa imperatora tac qoyurdu. 1804-cü ildə referendumun
nəticəsinə müvafiq olaraq imperator adını alan Napoleonun da tac qoyma
mərasimində Romadan Parisə gəlmiş Papa iştirak etmişdi. İmperial titul roman
ləyaqətinin təbiətindən irəli gəlirdi.
Karlın imperial rütbəsi, onun köhnə Roma imperiyasının qərb hissəsində
ağalıq etməsini qanuni olaraq təsdiq edən əlamət idi. Beləliklə, Karl imperial
idarəetməni özünün möhkəm əlinə keçirdi. Paytaxtı Axenə (Eks-la-Şapelə)
qayıtdıqdan sonra imperator tituluna tam uyğun olaraq öz qanunlarını elan etdi.
Bizans imperatoru I Mixail də onu on iki illik müddətdən sonra da olsa tanıdı.
Lakin imperial adı ona əlavə heç bir hakimiyyət vermirdi, bu vaxt yalnız Roma
üzərində onun nəzarəti legitimlik qazanmışdı.
Onun üzərinə böyük siyasi işlər düşdü. Karl öz dövlətinin onun
sərhədlərindən kənarda da tanınmasını hərbi və diplomatik vasitələrlə yoluna
qoyurdu. Qədim Roma imperiyasının qanuni varisi olan Bizans imperiyası ilə
rəqabət aparırdı.
Xristianlıq üçün onun ən böyük xidməti imperiyanın şimalında və şərqində
olan bütpərəst tayfaları bu dinə keçirməsi idi. Sakson tayfaları zorla
xristianlaşdırıldı.
Böyük Karl həm də incəsənətin və elmlərin himayəçisi idi. Bu “Karolinq
inqilabı” adlanır. Məşhur frankon akademiyası meydana gəldi. Bu, ilahiyyatçıların,
tarixçilərin, şairlərin dərnəyi olmaqla, qədim latın kanonlarını həyata qaytarırdı.
Karl xalq arasında savadlılığın yayılmasına böyük əhəmiyyət verirdi. Hər
yerdə latın dilini, ədəbiyyatını, qrammatikanı, ilahiyyatı öyrədən məktəblər
meydana çıxdı. O, vahid xristian roman-german mədəniyyət məkanı yaratmağa,
19
frank mühitində savadlılığı tətbiq etməyə can atırdı. O, xüsusilə göstəriş vermişdi
ki, latın dili kimi, yazısı da unifikasiya edilsin. Heç də təsadüfi deyildir ki, Karlı
Avropanın yaradıcısı adlandırırlar. Min il sonra imperator titulunu qəbul edən
Napoleon da Böyük Karlın universal imperiyasının ənənəsini davam etdirmək
istəyirdi.
Frank cəmiyyətində ailə məsələlərinə də ciddi diqqət verilirdi. Burada nikah
ailəni genişləndirmək üçün cavanların adından ata və ya əmi tərəfindən bağlanırdı.
Arvadlar ərlərinə sədaqətli olmalı idilər. Qızın 15 yaşı olanda öz mühafizəçisinə
ona ər seçməyə icazə verirdi. Stabil kəbin monoqamiya xarakterli olmaqla daimi
idi. Bir sıra xüsusiyyətlərinə görə Karlın imperiyası əslində “Avropa krallığı” idi.
İmperiyanın yaranması həm də başlıca olaraq onun daxilində əhalinin
mədəni
səviyyəsinin
yüksəldilməsi
sahəsində
Karlın
cəhdlərinin
legitimləşdirilməsinə şərait yaradırdı. Karl hakimiyyətə gələndə Frank krallığının
mədəni, inqilabi və qanun institutları müqayisəli qaydada götürdükdə, hələ də
inkişaf etməmiş şəkildə qalırdı. Frank kralı, misal üçün, heç bir daimi iqamətgaha
malik deyildi. Yayda bir tərəfə gedilirdi, axı həm də yay ayları hərbi kampaniyalar
mövsümü hesab olunurdu. Qışda isə kral özünün imperial saraylarının birində
məhkəmə prosesləri aparırdı. Axen isti bulaqlarına görə yaşlı monarxlara xoş
gəlirdi. Karl isə orada indiyədək qalan saray kilsəsi tikdirdi.
Karlın sarayı onun ailəsindən, şəxsi xidmətində olan keşişlərdən, bu, kral
kapellası adlanırdı və müvəqqəti qulluqçulardan ibarət idi. Karl çalışırdı ki, onun
sarayı səltənətin siyasətinin və inzibatçılığının intellektual mərkəzi olsun. Bu
məqsədlə imperiyanın bütün guşələrindən, hətta xaricdən çox sayda görkəmli
alimlər dəvət olunurdu. Onların daha məşhurları Eynhard və Alkuin idi.
Axırıncıların və digər savadlı adamların köməyi ilə Karl saray kitabxanasını
yaratmışdı, həmçinin gənc frank rıtsarlarının təhsil alması üçün saray
akademiyasının əsasını qoymuşdu.
Karlın ana dili köhnə yüksək german dili olsa da, frankların çoxunun
danışdığı dil olan köhnə fransız dialektini də başa düşürdü. Yaşlı adam kimi o, özü
də latın dilini və bir qədər yunan dilini öyrənmişdi. Ona ucadan kitablar
oxuyurdular və həm də matematika və astronomiya biliklərinə yiyələnmişdi.
Öz sarayı vasitəsilə Karl imperiyasını idarə edir və inzibatçılığı həyata
keçirirdi. İldə ən azı bir və ya iki dəfə imperiyanın hər tərəfindən magistratlar və
kübarlar baş məclisə toplaşırdılar. Karolinq imperiyasının unikal quruluşu ondan
ibarət idi ki, heç kəs silahlı qüvvələr məclisi ilə, kübarlığın konstitusiya məclisi
kimi kilsə sinodu arasında aydın xətt çəkə bilməzdi. Ədalət məsələləri, hərbi işlər
və köməyə aid olan problemlər kübarlığın və ruhanilərin nümayəndələri tərəfindən
eyni bir vaxtda müzakirə edilirdi. Onların hamısının üstündə isə Şarlemanın
şəxsiyyəti dayanırdı.
Karl müxtəlif xalqların və tayfaların ənənəvi hüquqlarına hörmətlə
yanaşırdı. Kapitulyarilər (frank krallarının imzaladığı qanunlar və sərəncamlar)
müəyyən dərəcədə tayfa hüquqlarına əlavə kimi xidmət edirdi, həm də ictimai və
özəl həyatın ayrı-ayrı aspektlərini nizamlamaq üçün tətbiq olunurdu.
20
Karlın imperiyasının təşkili heç də nöqsanlardan və məhdudiyyətlərdən xali
deyildi. Ancaq müxalifət hərəkatları barədə olduqca az məlumatlar vardır. Karlın
varisi Luinin başçılığı altında hazırlanmış imperiyanın tarixi göstərir ki, ən
görkəmli qabiliyyətlərə malik olan şəxsdən belə, siyasi sistem asılı olduqda, onun
yoxa çıxması ilə hökmən bu sistem üçün iflas təhlükəsi yaranır. Artıq kralın
sağlığında sahil regionları normanların hədələrinə məruz qaldı. Ölümündən xeyli
əvvəl, 806-cı ildə Karl imperiyanı öz oğlanları arasında bölməyi planlaşdırırdı. İki
böyük oğlu öldükdən sonra o, Lui Akvitaniyalını həmimperator və yeganə vəliəhd
kimi taclandırdı. Bir neçə ay sonra, 814-cü ilin yanvarında Karl vəfat etdi.
Germanların ya fransızların Şarlemanın həqiqi varisi olması barədəki
mübahisə Orta əsrlərdən başlayaraq müasir dövrə qədər davam edir. Napoleon
özünü Şarlemanın varisi adlandırırdı. İkinci Dünya müharibəsindən sonra “Qərbi”
Avropanın birləşməsi barədəki müzakirələr onun modelini dirçəldirdi. Karl
haqqında populyar əfsanələr və şeirlər meydana gəldi, onların zirvəsini “Roland
haqqında nəğmə” epik poeması təşkil edir. Qay Yuli Sezarın adından kayzer, çar,
qeysər titulları yarandığı kimi, Karlın adından slavyan dillərində - çex dilində
“kral”, polyak dilində “krol”, rus dilində “korolğ” və sairə sözlər meydana
gəlmişdir.
Karlın sarayında yaşayan Eynhard Şarlemanın xarakterik cəhətlərini belə
təsvir edir: “O, qeyri-adi hündürlükdə olan geniş və möhkəm bədənə, lakin yaxşı
proporsiyaya malik idi. Onun sifəti dəyirmi idi, gözləri canlı, saçları gümüşü və sıx
idi, üzü xoş və şən idi. Oturanda və ya duranda o, yaxşı təəssürat bağışlayırdı,
baxmayaraq ki, o, yoğun bədənə malik idi, boynu gödək idi, qarnı bir qədər qabağa
çıxırdı, lakin bədənin yaxşı proporsiyası bunu gizlədirdi. O, möhkəm addımlarla
addımlayırdı. Özünü adi adam kimi aparırdı. Ucadan danışırdı. O, yaxşı sağlamlığa
malik idi, ölümündən dörd il əvvəl qızdırmadan dəfələrlə əziyyət çəkmişdi. O,
ölümünə yaxın bir ayağını çəkirdi”.
Onun sarayındakı şairlərdən biri onu “rex pater Europae” – “Avropanın kral
atası” adlandırmışdı. Həqiqətən də, heç kəs Avropa tarixinə Orta əsrlər ərzində
onun kimi bir damğa vura bilməmişdi.
Böyük fransız mütəfəkkiri Şarl Monteskye isə özünün “Qanunların ruhu
haqqında” dahiyanə əsərində Böyük Karla xüsusilə yüksək qiymət verir, tərifli
sözlər bir növ panegirika xarakteri daşısa da, həqiqətin heç də təhrif olunması kimi
qəbul edilmir. Tomas Moru düşündüklərindən daha çox oxuduqları haqqında
danışmağına görə tənqid edən Monteskye, bu nəhəng sima haqqında daha çox
düşündüklərini danışsa da, obyektivlikdən azacıq da olsa uzaq qaçmır, axı onun
qiyməti də başlıca olaraq oxuduqlarına, tədqiqatına əsaslanır. O, Böyük Karlı erkən
orta əsrlərin qəhrəmanı və əfsanəvi şəxsiyyəti, həm də Qərbi Avropada ilk xristian
dövlətinin yaradıcı hesab edir. Çünki Karl həqiqətən də xristian dəyərlərinə
əsaslanan dövlət qurmağa səmimi qaydada cəhd etmişdi. İcma adətləri əsasında
deyil, həqiqət ruhunda qanunlar təsis etmişdi. O, hesab edirdi ki, dövlətin
möhkəmliyi, tabeliyə əsaslanan hakimiyyətin gücündən asılı olduğu kimi, həm də
təbəələrin sədaqətindən, onların etimadından və məhəbbətindən asılıdır. Əgər
21
gələcək hökmdarlar da Böyük Karldan nümunə götürsəydilər, onda xalqların
həyatı, heç şübhəsiz, xoşbəxtlik naxışları ilə bəzənərdi.
Böyük Karl savadsız olmasına baxmayaraq, bütün ömrü boyu maarifi inkişaf
etdirdi, bunun üçün monastırlar yanında çox sayda məktəblər açmışdı, Akademiya
yaratmışdı. Akademiyaya isə bütün dünyadan alimləri cəlb etmişdi və özü onun
iclaslarına sədrlik edirdi.
Karlın təşəbbüsü ilə Bibliyanın səhih mətni tərtib edilmişdi. Monarx qədim
german rəvayətlərini və nəğmələrini yığırdı, alimlərə tapşırıq vermişdi ki, özünün
doğma frank dilinin qrammatikasını işləyib hazırlasınlar. Bu sübut edir ki, Karl
özünü german kimi hiss edirdi, nə öz xalqını, nə də şəxsən özünü latınlaşdırmağa
cəhd etmirdi. Onun sarayı german üslubunda qurulmuşdu, boş vaxtını ova və ya
kitab oxunmasını dinləməyə sərf edirdi. Sarayın ağasının fərdi sadəliyi və
mötədilliyi şəraitində onun ətrafında bir qədər kobud dəbdəbə mövcud idi.
Onun hökmranlıq dövrünü bəzən “Karolinq dirçəlişi” adlandırırlar, bu xaosa
deyil, qaydalara, parçalanmağa deyil, birliyə xidmət nümunəsi idi. Məhz bu
xüsusiyyətlər krala hakimiyyət verir. Böyük bir imperiyanı vahid bir dövlət kimi
birləşdirən Şarlemandan fərqli olaraq, sonrakı bəzi dövlət başçıları öz
hakimiyyətlərini qoruyub saxlamaq üçün idarə etdikləri xalqı parçalamaqdan, onun
bütövlüyünü qorxulu təhlükə altına salmaqdan da çəkinməyərək, əslində
dövlətçiliyə zərbə vururdular. Tayfalara, klanlara arxalanan hakimiyyətin
dayaqlarının puçluğunu XXI əsrin əvvəllərində baş verən “ərəb baharı” prosesi
açıq şəkildə göstərdi.
Böyük Karl öz hakimiyyətini dövlətin bütün ərazilərinə yaymışdı, axı bu
feodalizm dövründə görünməmiş iş, inqilabi xarakter daşıyan bir hadisə idi. Çünki
feodalizm əslində mərkəzi hakimiyyətin iflasından xəbər verirdi, feodallar krallarla
hesablaşmır, onları ələ salırdılar. Orta əsrlər Fransasında bir qraf guya krala təzim
edirmiş kimi əyiləndə, onu qılçalarından tutub yıxmış, monarxı istehza obyektinə
çevirmişdi. Karl isə Avropada sonralar da davam edən prosesin əksinə nəhəng
dövlətinin parçalanmasına yol verməmiş, idarəçiliyi təkmilləşdirmək üçün
hakimiyyətin pilləli qaydada bölünməsini tətbiq etmişdi.
Bütün əməllərinə görə Böyük Karl tarixdə ən görkəmli hökmdarlardan biri
hesab olunur. Təkcə Qərbdə Roma imperiyasını yenidən qurması ona tarixin ən
böyük şəxsiyyətlərindən ibarət, o qədər də böyük olmayan qalereyaya tam əsasla
daxil olmaq hüququ verir. Taxt-tacda olmasının sonunda Böyük Karlın
hakimiyyəti bütün Mərkəzi və Qərbi Avropaya – Şimal dənizindən Aralıq dənizinə
qədər, Atlantik okeanından Adriatik dənizinin şərq tərəflərinə qədər yayıldı.
Qocalıq əsri olan Orta əsrlər termini humanistlər tərəfindən 1500-cü ilə
yaxın leksikaya daxil edilmişdi. Qədim Yunanıstanda və Qədim Romada vətəndaş
ləyaqətləri inkişaf edirdi, zəka və mədəniyyət ağalıq edirdi, sonralar isə
barbarlığın, cəhalətin və ümumi tənəzzülün uzun dövrü başlandı. Humanistlər antik
dövrün dəyərlərini bərpa etməyə çalışırdılar və ona görə də tarixçilər onların
dövrünü İntibah epoxası adlandırırlar. Elmdə humanistlərdən gələn bir adət üzrə
476-cı ildə Romanın süqutu və Qərbi Roma imperiyası ərazisində barbar
krallıqlarının yaranması Orta əsrlərin başlanğıcı kimi qəbul edilmişdir.
22
Böyük Karla isə məhz bu dövrdə, 800-cü ildə Qərbi Avropanı imperiyada
birləşdirmək müyəssər oldu, ona görə də romalılar onu “Ave, Sezar!” deyə
salamlayırdılar. Təsadüfi deyil ki, Karlı Avropanın yaradıcısı sayırlar. Məsələnin
mahiyyətinə nüfuz etdikdə bu ideya heç də həqiqətdən uzaq deyildir. Böyük Karlın
dövründə Avropa vahid məkana çevrildi, ona qədər və ondan sonra Avropa heç
vaxt belə birləşmiş olmamışdı. Bu nöqteyi-nəzərdən Karlın Avropasını müasir
Avropanın prelyudiyası saymaq olar.
Böyük Karl heç də təkcə istedadlı hərbi xadim deyildi, həm də parlaq
inzibatçı idi. O, heyran edici bir səmərəliliklə nəhəng, həm də mürəkkəb quruluşlu
krallığı bacarıqla idarə edirdi. O, çox sayda iqtisadi və aqrar islahatlar aparmışdı,
təhsilə himayəçilik edirdi. O, həyatın bütün tərəflərinə - həm dini, həm də dünyəvi
tərəfinə hakimiyyəti öz əlində cəmləşdirmişdi. Lakin bu heç də tarixdə sonralar
meydana gələn totalitar quruluş deyildi.
Plutarxın yazdığına görə, bir dəfə hansısa pers Sparta çarı Lisandrdan
soruşdu ki, hansı dövlət idarəçiliyi ona başqalarından daha xoş gəlir. O, buna elə
cavab verdi: “O quruluş ki, ləyaqətli adamlara da, əclaflara da yalnız onların layiq
olduqları payı verir”. Belə prinsip məhz Karlın idarəçiliyinə də xas idi.
Böyük Karl daim qələbələrə sahib olmurdu, onun ordusu İspaniyada özünə
dəyən zərbəni də dadmalı olmuşdu. “Roland haqqında nəğmə” adlı orta əsr frank
eposu üçün bu epizod mənbə rolunu oynamışdı, sonralar isə ondan bütöv əhvalatlar
sikli meydana gəlmişdi. Yalnız uğurlu müharibələri ilə öyünə bilməyən bu
hökmdar başqa sahədəki nailiyyətləri ilə fəxr edə bilərdi. O, dövlət quruluşunun
yaxşılaşdırılması üçün ən kiçik detallara da nüfuz edir, səltənətinin maddi və
mənəvi inkişafına fasilə, yorulmaq bilməyən bir qayğı ilə yanaşırdı.
Karl kənd təsərrüfatına xüsusi diqqət verirdi. Onun göstərişi ilə bataqlıqlar
qurudulur, əlavə əkin sahələri əldə etmək üçün meşələr qırılırdı. O, həm də çox
sayda şəhərlər və monastırlar salmışdı. Lakin bütün bu nəhəng işlər heç də uzun
müddət yaşamadı. Onun ölümündən heç üç onillik keçməmiş imperiya Verden
müqaviləsi əsasında parçalandı. Nəhəng dövlətin yaradılması federalizasiya
prosesinə rəvac vermişdi, bu isə gələcək labüd parçalanmaya aparıb çıxarmalı idi.
Karl tarixin aləti və ya onun yaradıcısı idimi? Müasirləri onu lazımınca
anlamırdılar, yaxın varisləri barədə isə onun bəxti gətirmədi. Hər şey onun
dühasının gücü ilə birləşmişdi. İmperiya öz başçısının böyüklüyü üzərində
dayanırdı. Karl böyük hökmdar idi, ancaq daha böyük insan idi. Öz uşaqları –
birinci təbəələri onun hakimiyyət aləti, krala tabe olmaq nümunəsi idilər. O, gözəl
qərarlar verirdi, daha vacib olanı isə onların icra edilməsinə adamları məcbur
edirdi. Onun dühası imperiyanın bütün hissələrinə nüfuz edirdi. Hökmdarın bu
qanunlarında onun ehtiyatlılıq ruhu hiss olunur. O, cəzalandırmağı bacarsa da,
daha çox bağışlamağa üstünlük verirdi. Geniş niyyətlər insanı kimi o, bunları
böyük sadəliklə həyata keçirirdi. Heç kəs böyük işləri onun kimi belə asan, çətin
işləri belə tezliklə görmək qabiliyyətinə malik ola bilməzdi. O, daim öz geniş
imperiyasını gəzirdi, nə ilə qarşılaşırdısa, onların hamısına xüsusi diqqət göstərirdi.
Hər tərəfdə işlər meydana çıxırdı və onları o, başa çatdırırdı.
23
Heç bir hökmdar onun kimi təhlükələrə məhəl qoymamağı bacarmazdı və
heç kəs onlardan belə asanlıqla qaça bilməzdi. Bu, birinci növbədə sui-qəsdlərə aid
idi. Bu təəccüblü hökmdar həddən artıq mülayim idi, yumşaq xarakteri ilə seçilirdi.
Ünsiyyətdə olduqca sadə idi və öz saray adamlarının məclisini sevirdi.
O, öz məsariflərində, vəsait xərcləməkdə qəribə bir qaydaya riayət edirdi və
öz əmlakını ağılla, diqqətli və haqq-hesab aparmaqla idarə edirdi. Hər bir ailə
başçısı onun qanunlarından öyrənə bilərdi. O, dövləti idarə etdiyi kimi öz evini,
təsərrüfatını yaxşı qaydada idarə edə bilirdi. Kapitulyarilərində onun öz sərvətini
necə qazanmasının təmiz və halal mənbələri görünürdü. Bircə nümunəni
göstərmək kifayətdir ki, o, nə qədər qənaətcil və yalnız halal gəlirə can atan imiş.
O, göstəriş vermişdi ki, öz malikanələrindəki quş həyətlərindən yığılan yumurtaları
və öz bağlarından çalınan artıq otu satsınlar. Bundan əlavə o, müharibə vaxtı
götürdüyü bütün saysız-hesabsız qənimətləri öz xalqları arasında bölürdü. Yəqin
ki, mübaliğəsiz demək olar ki, müasir dünyanın inkişaf etmiş xalqı da özünün belə
bir dövlət başçısının olmasını arzu edərdi. Mənəviyyat və əxlaq qəbiristanlığına
çevrilən ölkələrdə isə bu arzu, heç şübhəsiz, daha güclü olmaqla, daha gur
səslənərdi.
Unutmaq olmaz ki, Böyük Karl Avropa tarixini şərəfləndirən simvollardan
birinə çevrilmişdir. İkonanın gücünü qiymətləndirməmək heç vaxt məqbul
sayılmamalıdır.
Səlahəddin
Həyada bir şey çox qiymətlidir – həqiqəti qoruyub saxlamaq və ədalətli
hərəkət etmək.
Mark Avreli
Sparta çarı Agesilay öləndə öz silahdaşlarına tapşırdı ki, onun şərəfinə
abidələr ucaltmasınlar. O dedi: “Əgər mən nəsə yaxşı iş görmüşəmsə, bu mənə
abidə olacaqdır, əgər görməmişəmsə, yazıq peşə ustalarının heç nəyə yaramayan
məmulatları olan dünyanın bütün heykəlləri mənə kömək etməyəcəkdir.
Plutarx
Misirin, Suriyanın, Yəmənin və Fələstinin orta əsr sultanı, Əyyubi
sülaləsinin banisi olan Səlahəddin bütün dövrlərin ən məşhur müsəlman qəhrəmanı
hesab olunur. Şərqdə o, müdrik hökmdar rəmzinə çevrilməklə yanaşı, Qərbdə
Üçüncü Səlib yürüşü ərzində rıtsarların düşməni olan əfsanəvi şəxsiyyət
səviyyəsinə yüksəlmişdi. Səlahəddinin şöhrəti həqiqi idi, baxmayaraq ki, bəzən
dramatik olmaqdan da uzaq deyildi.
O, 1137-ci ildə Mesopotamiyadakı Tikritdə, tanınmış kürd ailəsində anadan
olmuşdu. O, anadan olan gecə atası ailəsini yığıb Aleppoya köçdü, burada Şimali
Suriyanın qüdrətli türk valiliyində xidmət etməyə başladı. Baalbekdə və Dəməşqdə
böyüyən Səlahəddin, adına əlavə olunan Yusif ibn-Əyyub kimi tanınmaqla, başqa
gənclərdən o qədər də fərqlənmirdi, hərbi məşqlərdən daha çox dini biliklərə
böyük maraq göstərirdi.
Onun rəsmi karyerası əmisi Əsədəddin Şirkünün qərargahına daxil olmaqla
başladı, o, əmir Nurəddinin yanında mühüm hərbi xadim idi. Şirkünün ölümündən
sonra Səlahəddin 31 yaşında Suriya qoşunlarının komandanı və Misirin vəziri təyin
24
edildi. Onun hakimiyyətə nisbətən sürətlə qalxmasında kürd nəslinə məxsus olan
klan nepotizminin rolu ilə yanaşı, onun meydana çıxan istedadları da az rol
oynamamışdı. Misirin vəziri kimi o, məlik (kral) tituluna yiyələnmişdi,
baxmayaraq ki, o, əsasən sultan kimi tanınırdı.
Onun mövqeyi Fatimilər sülaləsinin şiə xəlifətini ləğv edib Misiri yenidən
sünni təriqətinə dönməsini elan etməsi ilə daha da möhkəmləndi və nəticədə
onların vahid hökmdarı oldu. O, bir müddət nəzəri olaraq Nurəddinin vassalı
olmasına baxmayaraq, bu tabelik 1174-cü ildə Suriya əmirinin vəfatı ilə başa çatdı.
Misirdəki varlı kənd təsərrüfatı mülkiyyətindən istifadə etməklə, kiçik, lakin sərt
qaydadakı nizamlı ordu ilə Suriyaya daxil olub, keçmiş süzereninin gənc oğlunun
xeyrinə regentliyi tələb etdi. Lakin tezliklə o, bu iddiadan əl çəkdi və iki il ərzində
Suriyanın, Şimali Mesopotamiyanın, Fələstinin və Misirin bütün torpaqlarını
birləşdirməyə çalışdı. Hərbi gücdən sürətlə və qəti şəkildə istifadə etmək zərurəti
yarandıqda, o, bunu ağıllı diplomatiyaya arxalanmaqla başa çatdırdı. Alicənab və
ləyaqətli adam kimi onun nüfuzu tədricən böyüdü, həm də qüdrətli hökmdar kimi,
o, heç də iddialardan, volyuntarizmdən və qəddarlıqdan xali deyildi.
Səlahəddinin hər bir hərəkəti özünü cihad ideyasına həsr etməkdən
ilhamlanırdı, bu, xristian səlibinin müsəlman ekvivalenti idi. Müsəlman dini
institutlarının böyüməsini, genişlənməsini alqışlamaq onun siyasətinin mühüm
hissəsi idi. O, müsəlman alimlərinə və moizəçilərinə himayəçilik göstərirdi,
onlardan istifadə etmək üçün mədrəsələr və məscidlər yaradırdı. Mənəvi inkişaf
yolu ilə, bu, onun həyat tərzinin həqiqi bir hissəsi idi, o, çalışırdı ki, öz səltənətində
eyni çalışqanlıq və entuziazm yaratsın. Axı belə yararlılığı müsəlmanların ilk nəsli
beş əsr əvvəl, məlum dünyanın yarısını işğal edəndə sübuta yetirmişdi.
Səlahəddin həmçinin hərbi tarazlığı öz xeyrinə dəyişdi – çox saydakı idarə
olunmayan qüvvələri birləşdirməklə və nizama salmaqla ordunu gücləndirdi. Lakin
bu vaxt yeni və yaxşılaşdırılmış üsullardan istifadə etməyə lüzum duymadı.
Nəhayət, 1187-ci ildə o, latın səlib kralları ilə mübarizəyə öz tam gücünü sərf etdi.
Bu vaxt onun orduları rəqiblərininki ilə bərabər vəziyyətdə idi. 4 iyun 1187-ci ildə
öz hərbi düşüncəsinin köməyi ilə, düşmənlərinin bəzilərində isə belə bir fenomenal
qabiliyyətin olmaması üzündən Səlahəddin Şimali Fələstində Tiberiya
yaxınlığındakı Xittində səlibçilərin taqətdən düşmüş və susuzluqdan yanan
ordusunu tələyə salıb, bir zərbə ilə onu darmadağın etdi.
Nazaretdən bir az aralıda yerləşən Xittin təpəsi yaxınlığındakı döyüşdə
götürülən əsirlərin sayı o qədər çox idi ki, onların əl-qolunu sarımaq üçün bütün
çadırların kəndirləri də kifayət etmirdi. Əsirlərin çoxluğuna görə qul bazarında bir
səlibçini bir cüt ayaqqabıya almaq olurdu. Əlamətdar hal odur ki, Səlahəddin,
demək olar ki, bütün əsirlərə aman verdi. Yalnız 200 nəfər tampliyer və hospitalyer
rıtsarı islamın qəddar düşmənləri olduqlarına görə edam edildi.
Yerusəlim kralı da əsir düşmüşdü və Səlahəddinin qarşısında dayanmalı
oldu. O, kralı xoş qaydada qarşıladı, ona soyuq şərbət içirtdi. Lakin kral qədəhi
Arnauta vermək istəyəndə Səlahəddin onun hərəkətini bu sözlərlə dayandırdı:
“Ona göstərilən xeyirxahlığı unudan riyakara və xainə mənim alacığımda su və
qida yoxdur”. Sonra o, Arnauta islama keçməyi təklif etdi, təklif rədd olunduqda o,
25
xain saydığı adama aman vermədi və Səlahəddinin döyüşçüləri onun boynunu
vurdular.
Təkcə bu döyüşdə səlibçilərin itkisi o qədər ağır idi ki, müsəlmanlar tezliklə
bütün Yerusəlim krallığını və digər əraziləri viran qoymağa qadir oldular. Üç ayın
ərzində Askelon (İsraildəki indiki Aşkelon) işğal edildi. Lakin onun nailiyyətinin
tacı – daha dağıdıcı zərbə bütün səlib hərəkatının 2 noyabr 1187-ci ildə
müsəlmanların və xristianların hər ikisi üçün müqəddəs sayılan Yerusəlimin 88 il
ərzində frankların əlində qaldıqdan sonra Səlahəddin ordusuna təslim olması idi.
Səlahəddin sultan taxtında oturub Yerusəlimin dərdə qərq olmuş xristian
sakinlərinin onun yanından necə keçib getdiklərini seyr edirdi. Onlar hər şeylərini
atıb özləri ilə ağır xəstə olanları və yaralıları götürmüşdülər. Səlahəddin bir
alicənablıq coşğunluğu ilə hospitalyer rıtsarlara şəhərdə qalmağa icazə verdi ki,
xəstə olduqlarına görə şəhərdən çıxa bilməyənlərə onlar qulluq etsinlər.
Xristianların əksəriyyəti müəyyən məbləğdə pul vermək yolu ilə köləlikdən azad
olundu. Beləliklə, Birinci Yerusəlim krallığı bu qaydada məhv edildi.
Onu da qeyd etmək lazımdır ki, səlibçilər buna qədər Yerusəlimi tutanda,
onlar şəhərdə qəddarcasına bir “qəssabxana” düzəltmişdilər: heç nəyə məhəl
qoymadan bütün dinc müsəlmanları qılıncdan keçirmişdilər.
Səlahəddin cəngavər vicdanının, igidliyin, öz sözünə sədaqətliliyin,
həmçinin ədalətin, alicənablığın və əliaçıqlığın nümunəsinə çevrilmişdi. Qərb
dünyası üçün böyük əhəmiyyət kəsb edən o idi ki, Səlahəddin Yerusəlim kralı
Qvido de Luzinyanı azadlığa buraxmışdı.
Səlahəddin şəxsi cəsarəti ilə də fərqlənirdi, ən ağır döyüşlərdən də qorxmur,
çəkinmirdi. Bu vaxt isə o, məqsədinə çatmışdı, Yerusəlimi xristianların əlindən
almışdı. Şəhər xristianlar tərəfindən işğal ediləndə, onun sakinlərinin barbarcasına
qırğını nəticəsində qan su yerinə axırdısa, müsəlmanların şəhəri yenidən özlərinə
qaytarmaları sivilizasiyalanmış yaxşı bir inamla və Səlahəddinin, onun
qoşunlarının ədəb-ərkanlı davranışı ilə əlamətdar olmaqla, şəhərin iki dəfə
tutulması arasındakı kontrastı açıq şəkildə göstərdi.
Onun gözlənilməz uğuru, 1189-cu ildə səlibçilərin işğallarının üç şəhərlə
məhdudlaşmasına gətirib çıxardı. Çox güman ki, Səlahəddin onun Yerusəlimi işğal
etməsinə Avropanın reaksiyasını qiymətləndirməmişdi, ona görə də xristianlar yeni
səlib yürüşü çağırışı ilə çıxış etdilər. Üstəlik çox sayda böyük kübarlar və məşhur
rıtsarların iştirak etdiyi bu səlib yürüşü həmçinin üç ölkənin krallarını mübarizəyə
qoşdu. Bunlar Almaniya imperatoru Fridrix Barbarossa, İngiltərə kralı I Riçard
Şirürəkli və Fransa kralı II Filip Avqust idi. Fridrix Barbarossa kiçik bir çayda
çiməndə batdı və onun ordusu tezliklə parçalandı. Digərləri quruda ərazinin
içərilərinə girəndə bədbəxtliklə üzləşdilər və nəticədə Filip vətənə döndü, Riçard
isə ümidini itirib axırda Səlahəddinlə danışıb xristian zəvvarların üç il ərzində
Yerusəlimə Sahibin qəbrinə sərbəst ziyarət etmək razılığını aldı.
Yerusəlimə gəlməyə can atan bütün xristian zəvvarlara o, imtiyazlar və
toxunulmazlıq qarantiyası verdi. Çünki Səlahəddinin düşüncəsinə görə Yerusəlim
həqiqətən də Müqəddəs şəhər olduğundan, orada zorakılığa və qəddarlığa yer
olmamalı idi.
26
Xristian cəhdlərinin ölçüsü və Səlahəddin barədə müasirlərinin aldığı
təəssürat, nəcib və cəngavər bir düşmən kimi onun şöhrətinin üstünə əlavə olundu.
Bu, hətta onun hərbi qələbələri ilə də heç vaxt müqayisə oluna bilməzdi. Axı onun
qələbələri ilə yanaşı məğlubiyyətləri də olurdu. Lakin Səlahəddinin igidliyi, gücü
və qəddarlığı barədə əfsanələr dolaşırdı.
1191-ci ildə səlib ordusu Akranın divarları qarşısında sahilə çıxdı. Bu
Yerusəlimə gedən yolda ən vacib qala idi. 1191-ci ilin iyununda Riçard Şirürəkli
Yerusəlimə gedən yolda ən vacib qala olan Akra şəhərinin yaxınlığına gəlib çıxdı.
Şəhər səlibçilərin mühasirəsində idi. O, mühasirədə olanlara kömək göstərməyə
tələsən Səlahəddinin ordusunu qovdu, bundan sonra mühasirəni elə gücləndirdi ki,
Akranın müsəlman qarnizonu iyunun 12-də Səlahəddinin razılığı olmadan təslim
oldu.
Akranın işğalı Suriyada müharibəni dayandıra bilərdi, lakin Səlahəddinin
sülh şərtlərini vaxtında yerinə yetirməməsi Riçardı qəzəbləndirdi. O, 200 əsir
müsəlmanın boynunun vurulmasını əmr etdi. Sonra Riçard sahildəki digər qalaları
da aldı və Askelona və Yaffaya sahib oldu.
Riçardın Askelona yürüşü vaxtı Arsufdakı böyük qələbədə Səlahəddin
qoşunları 7 min adam itirdi, qalanları isə qaçmağa üz tutdu. Həmin hadisədən
sonra Səlahəddin Riçardla açıq döyüşə girməkdən çəkinirdi.
Riçard taktikada çox güclü idi, strateq kimi isə Səlahəddin ondan üstün idi.
Səlahəddin geri çəkiləndə yanmış torpaq taktikasını tətbiq edirdi - əkinləri,
otlaqları məhv edir, su quyularını zəhərləyirdi. Suyun qıtlığı, atlar üçün yemin
olmaması və səlibçilərin çox millətli ordusunun sıralarında narazılığın artması
Riçardı belə bir nəticəyə gəlməyə məcbur etdi ki, bütün qoşunlarının praktiki
olaraq məhvinə risq etmək istəmirsə, Yerusəlimi mühasirəyə almaq iqtidarında
olmayacaqdır. Ona görə də o, 1192-ci ildə Yerusəlimi tutmaqdan imtina etdi və
Askelonu idarə etməyə başladı.
Sülh müharibəsi barədə danışıqlar göstərdi ki, Səlahəddin artıq vəziyyətin
ağasıdır.
Askelon da dağıdıldı. Yerusəlim krallığının məhvinin səbəbi isə, heç
şübhəsiz, islam Şərqinin birliyi oldu.
Səlib yürüşü uzun çəkdi və taqətdən salan oldu, yürüş əslində əsasən I
Riçard Şirürəklinin impulsiv hərbi dühasına əsaslanmışdı. Lakin o, demək olar ki,
heç nəyə nail ola bilmədi. Feodalların topladığı hazırlıqsız və yorulmuş
döyüşçülər hər il yalnız məhdud mövsümdə vuruşurdular. Səlibçilər Levant
sahilində azacıq əraziləri tuta bildilər, 1192-ci ildə kral Riçard üzüb Şərqi tərk
etdikdə döyüş başa çatmışdı. Səlahəddin öz paytaxtı Dəməşqə qayıtdı və fasiləsiz
olaraq vaxtını yəhər üstündə keçirməsi onu xəstələndirmişdi və 4 mart 1193-cü ildə
o, vəfat etdi.
Qohumları artıq imperiyanı hissələrə parçalamağa hazır olanda, onun
dostlarına məlum oldu ki, müsəlman dünyasında ən qüdrətli və ən alicənab
hökmdar olan bu adam öz qəbrinin haqqını ödəmək üçün kifayət qədər pul
qoymadan dünyadan köçmüşdür. Böyük filosof Mark Avreli demişdi: “Ölüm
bizim hamımıza gülümsənirsə, yalnız ən igidlər ona cavabında gülümsənə bilirlər”.
27
Səlahəddini məhz belə igidlər sırasına daxil etmək olardı, çünki o, həmişə
qarşıdakı ölümün üzünə dik baxırdı.
Qəhrəman olmaq, həm də hər şeydən güclü olan taleyə qarşı vuruşmaq
deməkdir. Məhz belə dövrlərdə yüksək şəxsiyyətlər yaranır və onlar dünyanın ən
azı müəyyən hissəsinin taleyini həll etməyə qadir olurlar. Onlar əbədi ulduzlar
kimi unutqanlıq gecələrində də daim işıq saçırlar.
Səlahəddin gözəl xarakterə malik idi, xristianlar və müsəlmanlar arasında əsl
cəngavər kimi şöhrət tapmışdı. Onun alicənablığı Riçarda etdiyi güzəştlərdə və
əsirlərə münasibətində öz əksini tapırdı. Səlahəddin qeyri-adi dərəcədə xoş
xasiyyətli insan idi, billur təmizliyə malik idi. O, heç vaxt ruhdan düşmürdü,
qadınlara, bütün zəif insanlara münasibətində əsl xeyirxahlıq nümunəsi göstərirdi,
uşaqları çox sevirdi.
Onun uğurlarının mənbəyi hər şeydən əvvəl onun şəxsiyyətində qərar
tutmuşdu. O, islam ölkələrini işğalçı səlibçilərə qarşı mübarizə üçün birləşdirmişdi.
Lakin onun da zəif cəhətləri var idi, taktikada güclü deyildi, həm də onun ordusu
muzdlulardan ibarət idi. Özü deyirdi ki, “mən onu öz ardımca aparmasam və hər an
ona nəzarət etməsəm, mənim ordum heç nəyə yaramır”.
Səlahəddin Şərqin tarixində fateh kimi qaldı, o, Qərbin müdaxiləsini
dayandırdı və islamın gücünü Qərbə qarşı yönəltdi. O, ram olmayan bu qüvvələri
bir andaca birləşdirməyi bacaran qəhrəman idi. Nəhayət, o, islamın yüksək
ideallarını və ləyaqətlərini öz şəxsiyyətində təcəssüm etdirən bir müqəddəs idi.
Döyüşdə ilk “güc sınaqları”, həm də məğlubiyyətlər Səlahəddinə göstərdi ki,
səlibçilərlə bacarmaq o qədər də asan məsələ deyildir. Hərbi əməliyyatlarla qələbə
çalmaq mümkün olmayacaqdır. Bu vaxt Sultana Səlahəddinin iqtisadi dühası
köməyə gəldi. O, səlibçilərə qarşı iqtisadi müharibə aparmağı qət etdi. Həmin
vaxtlarda Avropa rıtsarları ədviyyat ticarətindən böyük fayda götürürdülər.
Ədviyyatın daşındığı yolun baş mərhələsi olan Aralıq dənizi ilə aparılan ticarətə
bütünlüklə italyan şəhər-dövlətləri nəzarət edirdi. Qırmızı dəniz və karvanların
getdiyi quru yollar isə Səlahəddinin əlinə keçmişdi. Bundan sonra Avropa feodal
qəsrləri ədviyyat ticarətində demək olar ki, bütün gəlirlərini itirdilər. İqtisadi
müharibə hərbi və diplomatik zəfərə də yol açdı və Səlahəddinin müdrikliyini
göstərdi.
Dostları ilə paylaş: |